banner banner banner
Gülüstan. Bustan
Gülüstan. Bustan
Оценить:
 Рейтинг: 0

Gülüstan. Bustan


Yəqin bu Pars mülkünə toxunmaz afəti-dövran,
Ki, salmış başına sayə sənin tək sayeyi-yezdan.

Tapa bilməz yəqin heç kəs gəzərsə cümlə dünyam, Sənin dərgahi-alin tək ki, versin dərinə dərman. Özünsən arxası hər bir zavallı bəndənin daim,

Görüm versin mükafatın sənin ol xaliqa-keyhan.
Bu xaki-Parsı sən saxla ilahi badi-afətdən,
Nə qədri abü xak olsa cahanda baqi, cavidan.

KİTABIN YAZILMASININ SƏBƏBİ

Bir gecə keçən günləri xatırlayıb hədər getmiş ömrümə təəssüf edir, könlümün saray daşını göz yaşımın almaz danələrilə deşir, öz halıma münasib olan bu beytləri deyirdim:

Şeir

Ömürdən gedir bu gecən hər nəfəs
Baxıram ətrafa qalmamış bir kəs
Ey yatan əlli il qəflətdə bütün,
Qoyma ki, boş gecə bu qalan beş gün
Utansın o kəs ki, ömrü puç etdi,
Dünyadan köçəndə xəcalət getdi.
Köç vaxtı səhərin şirin yuxusu.
Qoyar piyadəni yoldan, doğrusu.
Hər gələn dünyada bir bina saldı
O getdi, mənzili özgəyə qaldı.
Çoxları dünyaya göstərdi həvəs.
Tikdiyi binada qalmadı bir kəs.
Vəfasız dünyaya meyl etmə, zinhar.
Dostluğa yaramaz bu köhnə qəddar
İndi ki, öləcək pis də, yaxşı da.
Xoş ona ki çatdı yaxşı bir ada.
Bir yarpaq göndər öz qəbrinə bu gün
Ki, sonra göndərmək deyildir mümkün.
Dövran bir günəşdir, ömür isə qar
Hələ gör xacədə necə qürrə var?
Ey pulsuz bazara gedən sərsəri,
Qorxuram əliboş dönəsən geri.
Sütülkən kim yesə əkinin hər il,
Başşaq toplayacaq xirmən üstü bil.

Bu düşüncələrdən sonra belə qərara gəldim ki, xəlvət bir guşəyə çəkilib heç kəslə söhbət etməyim, sinə dəftərimi mənasız sözlərdən təmizləyib, daha hədərən-pədərən danışmayım.

Beyt

Qalıb bir guşədə sakit danışmaz olsa bir insan,
Daha xoşdur, açıb dil boş, ləyaqətsiz danışmaqdan.

Elə bu zaman vaxtilə kəcavədə həmnişinim [6 - «Kəcavədə həmnişinim və hücrədə həmdəmim» ifadəsindən aydın olur ki, Sədini «Gülüstan» əsərini yazmağa təşviq edən şəxs, onunla birlikdə səyahətə çıxıb, məhrəm söhbətlər edən özü kimi bir şair olmuşdur. Təəssüf ki, Sədi bu dostunun adını aydın söyləmir.] və hücrədə həmdəmim olan dostlarımdan biri qabaqkı adəti üzrə qapımdan içəri girdi. O, nə qədər gülüb-danışıb, zarafat etdisə, cavab vermədim və başımı ibadətdən qaldırmadım. İncik nəzərlə məni süzüb dedi:

Şeir

Bu gün mümkün ikən danışmaq sənə,
Dil aç, qardaşım, söylə, xoşluqla din!
Əcəl peyki bir gün yaxandan tutar.
Zərurət üzündən susarsan, yəqin.

Yaxın adamlarımdan biri vəziyyəti görüb, dostumu başa saldı ki, filankəs qalan ömrünü dünyada guşənişinliklə keçirib, tənhalıq və sükutla başa vurmağı qərara almışdır. Əgər bacarırsan, sən də öz başının çarəsini qıl, nə məsləhət bilirsənsə elə də et.

Dedi:

– O böyük izzətə və qədim səmimiyyətə and olsun, əgər o, mənimlə həmişəki kimi dostcasına danışmasa, əl çəkib, ayaq geri qoymayacağam. Çünki dostun gönlünə dəymək nadanlıqdır. İçdiyi andın günahını isə asanlıqla yuya bilər. Onun seçdiyi bu yol düz yol deyil, ağıllı adamlar rəva bilməzlər ki, Əlinin zülfüqarı qınında, Sədinin sözü qəlbində qalsın.

Şeir

Nədir dil ağızda, ey ağlı olan,
Hünər xəznəsinə açardır inan.
Əgər bağlı olsa, kim anlar ki, o,
Cavahir satandır, ya muncuq satan
Ədəb sayılsa da məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayılır,
Yersiz susmaq ilə yersiz söz demək.

Nəhayət onunla danışmaqdan boyun qaçırıb, üz döndərməyə insafım yol vermədi, o mənim ən yaxın dostum və sədaqətli sirdaşım idi.

Beyt

Necə vuruşasan, o adamla sən,
Ki, onun üzündən gecə bilmirsən.

Onunla söhbət etməyə məcbur oldum. Qalxıb gəzə-gəzə seyrə çıxdıq. Bahar fəsli idi, şaxtalı soyuqlar zamanı keçmiş, qızıl gül dövranı çatmışdı.

Nəzm

Ağaclar üstündə yarpaq köynəyi,
Bayram paltarıdır şadlıq bağında
Birinci günüdür Ordibehiştin,[7 - Ordibehişt – İran şəmsi təqviminin ikinci ayı olub, 21 aprel ilə 21 may arasında davam edir.]
Bülbüllər oxuyur gül budağında.
Qızılgül üzünə al şəbnəm qonmuş.
Sanki tər düzülmüş yar yanağında.

Gecəni dostlarımızdan birinin bağında keçirməli olduq. Gözəl və səfalı bir yer idi. Ağaclar baş-başa vermiş, sanki torpağına mina zərrələri səpilmiş, budaqlarına ulduz danələri asılmışdı.

Şeir

Cənnəttək bir bağdır, çağlayır sular, .
Quşların səsilə dolmuşdur hər yan.
Al-əlvan lalələr bəzəmiş yeri.
Meyvələr doldurmuş bağı firavan.