banner banner banner
Kerri bacı
Kerri bacı
Оценить:
 Рейтинг: 0

Kerri bacı


BİZ TALEYİMİZİ SINAYIRIQ. HƏFTƏDƏ DÖRD YARIM DOLLAR

Kerri çayın o tərəfindəki toplu satış firmaları rayonuna düşdükdə hansı qapıdan girməyi qət etmək məqsədilə ətrafa göz gəzdirməyə başladı. O, böyük pəncərələri və iri lövhələri nəzərdən keçirərkən adamların ona diqqət yetirdiklərini hiss etdi. Kerri bunun səbəbini anladı: hamı onun iş axtardığını başa düşmüşdü! O bu işlə heç vaxt məşğul olmamışdı, ona görə də indi hamının onun iş axtarmaq üçün veyilləndiyini görməsi fikrindən doğan mənasız utancaqlığını boğmaq üçün cəsarəti çatmırdı. Kerri daha sürətlə addımladı, sifətinə laqeyd bir ifadə verməyə çalışdı, çünki ona elə gəlirdi ki, müəyyən bir iş dalınca gedən adamların sifətində belə ifadə olur. Bu qayda ilə o heç birinə baş çəkmədən bir çox fabrik və ticarət firmalarının yanından keçdi. Nəhayət bir neçə kvartal getdikdən sonra o anladı ki, bu cür etsə heç bir iş tapa bilməyəcək və addımlarını yavaşıtmadan yenidən münasib bir lövhə axtarmağa başladı. Çox keçmədən Kerri böyük bir qapı gördü, bu qapı nədənsə diqqətini cəlb etdi. Onun üzərində mis lövhə var idi, adama elə gəlirdi ki, bu altı və ya yeddimərtəbəli nəhəng bir arı pətəyinin giriş yoludur. “Ola bilsin ki, burada işçi qadınlar lazımdır” – deyə Kerri düşündü. O, küçəni keçib qapıya tərəf yönəldi. Qapıya yaxınlaşdıqda pəncərədən dama-dama boz parçadan kostyum geymiş cavan bir oğlan gördü. Əlbəttə, Kerri bu adamın həmin müəssisəyə nə kimi münasibəti olduğunu bilmirdi, lakin oğlan təsadüfi olaraq Kerriyə tərəf baxdığı üçün qız davam gətirməyib utana-utana, tələsik qapının yanından keçib getdi.

Küçənin o biri tərəfində “Storm və Kinq” lövhəsi olan altımərtəbəli bir bina yüksəlirdi. Bu binanı gördükdə Kerridə bir ümid doğdu. Bura, onun kimi qadınlar işləyən toplu parça satışı firması idi. Yuxarı mərtəbələrin pəncərələrində ara-sıra qadın fiqurları görünürdü. Kerri necə olursa-olsun içəri girmək qərarına gəldi. O, küçəni keçərək bir başa qapıya doğru yollandı. Lakin elə bu zaman oradan iki işçi çıxıb qapıda dayandı. Teleqraf kontorunun göy formalı teleqraf paylayanı Kerrinin yanından ötüb pilləkənlərlə yuxarı qaçdı və binanın içində gözdən itdi. Səkini doldurmuş çaxnaşan izdihamdakı adamlardan bir neçəsi qızın yanından ötüb keçdilər. O, yerində durub yazıq-yazıq ətrafına baxdı, birdən adamların ona göz yetirdiyini görüb utanaraq geri çəkildi. Məsələ çox çətin idi. O, özünə ürək verib, qapıda duranların yanından keçib gedə bilmədi.

Bu ağır məğlubiyyət Kerrinin əhvalını pozdu. Ayaqları onu ixtiyarsız qabağa aparır, lakin atdığı hər addımla o sanki könüllü olaraq geri çəkilirdi. Kvartal kvartalın ardınca geridə qalırdı. O, yol ayrıclarındakı fənərlərin üstündə küçələrin adlarını oxuyurdu: Medison, Monro, La-Sal, Klark, Dirborn, Steyt. Kerri hey irəliləyirdi, onun ayaqları səkinin iri tava daşları üstündə gəzməkdən yorulmağa başlamışdı. Bununla belə küçələrin belə işıqlı və təmiz olması onun xoşuna gəlirdi. Səhər günəşi parlaq işıq saçır və bir az da yandırırdı, lakin küçələrin kölgə tərəfində xoş bir sərinlik vardı. Qız başı üzərindəki mavi səmaya baxdı və onun gözəlliyini nədənsə yeni bir tərzdə, xüsusi olaraq dərindən dərk etdi.

Kerri öz cəsarətsizliyindən ümidsizləşməyə başladı. O geri dönərək yenidən “Storm və Kinq” firmasını tapmaq və oraya girmək qərarına gəldi. Yolda böyük toplu ayaqqabı satışı firmasına rast gəldi. Kerri böyük aynalı pəncərədən müdirin kabinetini gördü: kənar adamların görməməsi üçün kabinetin şüşələri ağ rənglə boyanmışdı. Arakəsmənin o tərəfində, küçə qapısının lap yaxınlığında çalbaş bir centlmen oturmuşdu, onun qabağında açıq, qalın bir kitab var idi. Kerri qətiyyətsizliklə bir neçə dəfə qapının yanından keçdi, nəhayət heç kəsin ona baxmadığını yəqin etdikdən sonra qapıdan içəri sivişdi və utana-utana stolun qabağında durdu.

– Nə buyurursunuz, xanım qız? – deyə qoca centlmen soruşdu və mehribanlıqla qıza baxdı:

– Mən… yəni siz… demək istəyirəm ki, sizdə iş olmazmı? – deyə Kerri dili tutula-tutula soruşdu.

– Bu saat yox, – deyə centlmen təbəssümlə cavab verdi. – Bu saat yox! Gələn həftə gəlin. Bəzən bizə adam lazım olur.

Kerri cavabı sakitcə dinlədi və karıxmış halda dalın-dalın çəkilərək çıxdı. Bu cür nəzakətlə qəbul edilməsi bir qədər onu təəccübləndirdi. O, elə hesab edirdi ki, daha pis olacaq, kobud və soyuq sözlər eşidəcək, – kim bilir daha nələr ola bilərdi? Təhqir edilməməsi, öz rəzil vəziyyətinin hiss etdirilməməsi ona qəribə görünürdü.

Kerri bir qədər ruhlanaraq başqa bir iri binaya girməyə cürət etdi. Burada hazır paltar firması yerləşirdi. Görünür, bu firmada adam daha çox idi. Yaxşı geyinmiş qırx və daha çox yaşı olan kişilər bürünc arakəsmələrin arxasında dayanıb, nə barədə isə söhbət edirdilər.

Kerri içəri girən kimi bir oğlan ona yanaşıb soruşdu:

– Sizə kim lazımdır?

– Mən müdiri görmək istəyirəm, – deyə Kerri cavab verdi.

Oğlan qaçıb Kerrinin sözlərini ondan bir qədər aralıda durub söhbət edən üç centlmenin birinə dedi. Həmin adam qıza tərəf yönəlib:

– Nə istəyirsiniz? – deyə soyuq bir tərzdə soruşdu.

Onun səsinin ahəngi o saat Kerrinin bütün qətiyyətini qırdı.

– Sizə işçi lazım deyil ki? – deyə Kerri mızıldandı.

– Yox! – deyə müdir qəti cavab verdi və dabanları üstə dönüb getdi.

Özünü tamamilə itirmiş Kerri oğlanın onun çıxması üçün nəzakətlə açdığı qapıya tərəf yönəldi. O, tezliklə küçədəki izdihama qarışmaq istəyirdi. Onun bir az əvvəlki yüksək əhval-ruhiyyəsinə ağır zərbə endirilmişdi.

O bir müddət zəngin ticarət kontorlarının yanından gah o tərəfə, gah da bu tərəfə keçərək boş-boşuna veylləndi, lakin təklifini təkrar etməyə cəsarəti çatmadı.

Günorta oldu, Kerri acmışdı. O, ucuz bir restoran tapıb içəri girdi, lakin qorxu hissi ilə anladı ki, qiymətlər onun cibinə görə deyildir. Onun ancaq bir boşqab şorba almağa imkanı var idi. Kerri şorbanı tez yeyib küçəyə çıxdı. Hər halda bu şorba onu bir qədər doyuzdurdu və ona iş axtarmağa davam etdirmək üçün qüvvət verdi.

Hara gedəcəyini bilmədən, bir neçə kvartal getdikdən sonra Kerri yenidən “Storm və Kinq” firmasının qarşısında durdu və bu dəfə özünü içəri girməyə məcbur etdi. Bir neçə centlmen ondan iki-üç addım kənarda durub nə barədə isə danışırdı. Lakin onlardan heç biri Kerriyə fikir vermədi. O, əsəbi halda gözlərini döşəməyə dikərək dayandı. O gəldiyinə tamam peşman olmuşdu ki, arakəsmənin o tərəfindəki saysız-hesabsız stollardan birinin arxasında oturmuş xidmətçi səsləndi:

– Kimi istəyirsiniz?

– Kim olur-olsun, mənim üçün fərqi yoxdur, – deyə Kerri cavab verdi, – mən iş axtarıram.

– Onda siz mister Mak-Manusu görməlisiniz, – deyə xidmətçi cavab verdi, sonra: – Buyurun əyləşin, – deyə əlavə etdi və divarın yanındakı stulu göstərdi.

O yenidən yavaş-yavaş yazmağa başladı. Küçədən qısa boylu, yoğun bir adam içəri girdi.

– Mister Mak-Manus! – deyə xidmətçi onu səslədi. – Bu gənc xanım sizi görmək istəyir.

Qısa boylu centlmen qıza tərəf döndü. Kerri ayağa qalxaraq ona yaxınlaşdı. O açıq hiss olunan maraqla qızı nəzərdən keçirtdi və soruşdu:

– Mənə aid qulluğunuz, miss?

– Sizdə bir iş tapılmazmı?

– Nə cür iş?

– Nə cür olursa-olsun, – deyə Kerri dili dolaşa-dolaşa cavab verdi.

– Toplu parça satmaq işində az-çox təcrübəniz varmı?

– Yox, ser!

– Elə isə bizdə sizin üçün heç bir iş yoxdur… Biz ancaq ixtisaslı adamları işə götürürük.

Kerri qapıya tərəf çəkilməyə başladı, lakin onun üzündəki zavallılıq ifadəsi mister Mak-Manusa təsir etdi. O:

– Siz ümumiyyətlə heç qulluq etmişsinizmi, – deyə soruşdu.

– Yox, ser!

– Onda siz bizimki kimi toplu satış firmalarında çox çətin iş tapa bilərsiniz. Siz universal mağazaya getməmişsiniz ki?

Kerri etiraf etdi ki, bunu etməmişdir.

O, mehribancasına, qıza baxaraq dedi:

– Mən sizin yerinizdə olsaydım, hər şeydən əvvəl bəxtimi universal mağazalarda sınayardım – orada çox vaxt sizin kimi qızları axtarırlar.

Xoş rəftardan canlanmış Kerri:

– Təşəkkür edirəm, – dedi.

Geri qapıya tərəf gedərkən Mak-Manus:

– Bəli, siz öz taleyinizi mütləq universal mağazalarda sınamağa cəhd edin, – deyə təkrar etdi və uzaqlaşdı.

O zaman universal mağazalar hələ yenicə yaranırdı, onların sayı çox az idi. Birinci üç universal mağaza Birləşmiş Ştatlarda Çikaqo şəhərində təqribən 1884-cü ildə açılmışdı. Kerri qəzetlərdə olan elanlardan bu mağazaların bəzilərinin adını bilirdi və indi bu mağazaları axtarmağa başladı. Mister Mak-Manusun sözləri onun sönməkdə olan qətiyyətini yenidən özünə qaytarmışdı: qız bu mağazalarda ona da bir yer tapılacağı ümidilə canlandı.

O, təsadüfi olaraq belə binaların birinə rast gəlmək ümidilə uzun müddət küçələri dolaşdı. Adam çətin, lakin zəruri olan yolla gedərkən təkcə axtarışın özündən nə qədər həzz alır!

Nəhayət, o polismenə müraciət etdi, o da “Bazar”ın bundan iki kvartal o yana olduğunu bildirdi.

Bu nəhəng pərakəndə ticarət kombinatlarının təsviri – bir vaxt onlar səhnədən çıxarsa – ölkəmizin iqtisadi inkişaf tarixində maraqlı bir fəsil təşkil edəcəkdir. Bu vaxta qədər dünyanın heç yerində və heç bir zaman bu sadə ticarət növü indiki qədər inkişaf etməmişdir. Bu cür kombinatlar pərakəndə satışdan daha səmərəli istifadə etmək məqsədilə yaradılmış və hər biri ən mühüm iqtisadi mülahizələr əsasında birləşdirilmiş yüzlərlə mağazadan ibarət idi. Bir yığın rəis tərəfindən idarə edilən böyük satıcılar ordusuna malik olan bu gözəl, gurultulu mağazalar müvəffəqiyyətlə inkişaf etməkdə idi.