banner banner banner
Kerri bacı
Kerri bacı
Оценить:
 Рейтинг: 0

Kerri bacı


– Onu da özümüzlə aparaq, – deyə Kerri əlavə etdi.

– Yox, – deyə Minni yavaşca cavab verdi və söhbəti kəsmək üçün qabları cingildətdi, – o getməz.

Bacılar bir neçə il görüşməmişdilər, bu müddət ərzində Kerrinin xasiyyətində nə isə bir yenilik əmələ gəlmişdi. Onda elə bir təbii cəsarətsizlik, utancaqlıq var idi ki, bu hər dəfə özünün yaxşı yaşaması üçün mübarizə apardığı və xüsusən bu mübarizəyə kifayət qədər qüvvə və vəsaiti olmadığı zaman aşkara çıxardı, lakin onda hər cür əyləncələrə və zövqlərə qarşı böyük həvəs də vardı və bu onun xasiyyətinin əsas xüsusiyyətlərindən biri idi. O, hər barədə olursa olsun susa bilərdi, ancaq bu məsələdə yox.

– Sən bir ondan soruş, – deyə Kerri yalvarışla bacısına pıçıldadı.

Minni isə bacısının qazancının onlara verəcəyi əlavə vəsait haqqında düşünürdü. Bu pullar onların ev kirayəsinə gedəcək və hər dəfə əri ilə xərclər haqqında danışmaq onun üçün o qədər ağır olmayacaqdı. Lakin Kerri indidən əyləncə axtarırsa, deməli, gec-tez o, pul məsələsində iflasa uğrayacaqdır. Əgər bacısı onların daimi çalışqanlığa əsaslanan həyatlarının möhkəm qaydalarına tabe olmasa, bu əyləncələri başından çıxarıb inadla çalışmasa Kerrinin şəhərə gəlməsinin onlara nə xeyri olacaqdır? Bu fikirlər heç də onun soyuq qənaətçilik xasiyyətindən irəli gəlmirdi. Bu yorulmaz zəhmət nəticəsində bu yaranmış həyat şəraitinə həmişə şikayətsiz alışan ciddi bir adamın sadə mühakiməsi idi.

Nəhayət, Minni güzəştə getdi və Hansondan soruşmaq qərarına gəldi. Ancaq, o bunu həvəssiz etdi və bacısının fikri ilə şərik olduğunu heç bir işarə ilə bildirmədi.

Minni başını kişisinin oturduğu otağa soxaraq:

– Kerri bizi teatra dəvət edir, – dedi.

Hanson qəzetdən gözünü ayırdı. Onun Minniyə baxan gözləri “bu heç də biz gözlədiyimiz olmadı” ifadəsini sözdən də aydın bildirirdi.

– Mənim getməyə həvəsim yoxdur, – deyə o dilləndi. – Kerri nəyə baxmaq istəyir?

– O Cekobs teatrına getmək istəyir.

Hanson rədd cavabı olaraq başını bulayıb, yenidən qəzet oxumağa girişdi.

Kerri ər-Arvadın onun təklifinə necə yanaşdığını gördükdə bu adamların necə yaşadıqlarını tam aydınlığı ilə dərk etdi. Bu ona əzici təsir göstərdi, lakin qəti etiraz oyatmadı.

Kerri:

– Mən aşağı düşüb qapıda durmaq istəyirəm, – dedi.

Minni etiraz etmədi, Kerri şlyapasını geyib evdən çıxdı. Qapı səsini eşidib, yemək otağına gələn Hanson soruşdu:

– Kerri hara getdi?

– O dedi ki, aşağı düşüb qapıda duracaqdır, – deyə Minni cavab verdi. – Yəqin ki, o təmiz hava almaq istəyir.

– Mənə elə gəlir ki, o bütün teatrları-filanı yadından çıxarmalıdır. Onlara pul xərcləməyi heç ağıla gətirmək belə lazım deyil!

Minni:

– Bu, yəqin ki, sadəcə maraqdan irəli gəlir, – deməyə cəsarət etdi. – Burada hər şey ona yeni görünür.

– Hm, bilmirəm, – deyə Hanson mızıldandı və azca qaş-qabağını sallayaraq uşağın yanına keçdi.

O, gənc qızların nə qədər şöhrətpərəst və bədxərc olduqları haqqında düşünür və Kerrinin bu qədər az bir qazancla belə şeylər haqqında necə düşündüyünə belə təəccüb edirdi.

Şənbə günü Kerri yenə şəhərə getdi. Qız əvvəlcə onu maraqlandıran çaya doğru yollandı və sonra oradan hər birinin qabağında yaşıl çəmənlik olan gözəl evlər salınmış (bu çəmənlik sonralar bu yerlərin bulvara çevrilməsinə imkan vermişdi) Cekson-strit küçəsi ilə geri qayıtdı. Kerri bu zənginliyə heyran qalmışdı, halbuki bu küçədə çox guman ki, yüz min dollardan artıq pulu olan bir nəfər də yaşamırdı.

Kerri bacısının evindən çıxmasına sevinirdi. O bu ailənin nə qədər miskin və sönük bir həyat keçirdiyini başa düşmüş, sevincli və maraqlı təəssüratları başqa yerdə axtarmaq lazım olduğunu yəqin etmişdi. Onun beyni indi daha yüngül fikirlərlə məşğul idi, o bir neçə dəfə Druenin bazar ertəsi axşam gəlməyəcəyinə heç cür inanmır və onun gəlməsini fikirləşdikdə bir qədər həyəcanlansa da, qəlbinin dərinliyində bunu dumanlı halda arzu edirdi.

Bazar ertəsi Kerri tezdən durub işə getməyə hazırlaşırdı. O, yaşıl pamazıdan köhnə xal-xal köynəyini, qəhvəyi sarjdan solmuş yubkasını geydi, Kolumbiya-sitidə bütün yay uzunu qoyduğu balaca həsir şlyapasını qoydu. Onun ayaqqabıları olduqca köhnəlmişdi, qalstuku isə bütün çox işlənmiş şeylər kimi əzilmiş və görkəmsiz bir şəkil almışdı. Ümumiyyətlə Kerri fabrikdə işləyən qadına oxşayırdı, ancaq onun gözəl üzünün cizgiləri adi deyildi, o, sevimli, xoş və təmkinli bir qız təsiri buraxırdı.

Öz doğma evlərində saat yeddiyə-səkkizə qədər yatan Kerri kimi adamlar üçün səhər sübhdən qalxmaq asan deyildir. Saat altıda hələ tamamilə yuxulu halda yemək otağına baxarkən səssiz-səmirsiz səhər yeməyini qurtaran Hansonu gördükdə bacısı evindəki həyatın bütün ağırlığını yenidən hiss etdi. Kerri paltarlarını geyinənə qədər Hanson çıxıb getdi. Kerri Minni ilə birlikdə nahar etdi. Uşaq isə stolun arxasında hündür stulun üstündə oturub, sıyığı boşqabın qıraq-bucağına yayırdı.

İndi tanış olmadığı, adət etmədiyi işə başlamaq vaxtı çatdıqda Kerrinin kefi çox pozuldu. Onun bütün gözəl arzularından yalnız bir yığın kül qalmışdı, lakin bu külün altında hələ də ümid qığılcımları közərirdi. Kerri çox əzgin idi, o işləməli olacağı ayaqqabı fabrikində gördüklərini xatırlayaraq səssizcə yeyirdi. Dumanlı fikirlər onun başından çıxmırdı. Ona elə gəlirdi ki, o, böyük fabrik sahibləri ilə görüşəcək və onun işi rütbəli, yaxşı geyinmiş kişilərin hərdənbir nəzər salacaqları yerdə keçəcəkdir.

Kerri çıxmağa hazırlaşdığı zaman Minni dedi:

– Hə, müvəffəqiyyətlər arzu edirəm.

Onlar Kerrinin hər gün piyada gedib gələ biləcəyini müəyyən etmək üçün heç olmasa bu səhər piyada getməsini qərara almışdılar. Həftədə altmış sent konkaya vermək dörd yarım dollar əmək haqqı müqabilində böyük xərcdir.

Kerri:

– İşimin nə cür keçdiyini axşam sənə danışaram, – dedi.

O, günəş şüalarına qərq olmuş küçəyə çıxdı, burada xırda firma qulluqçuları ilə ağzına qədər dolmuş konka vaqonları və fəhlələr hər iki tərəflə hərəkət edirdilər. Adamlar qapılardan çıxıb tələsik müxtəlif tərəflərə dağılırdılar. Kerri özünü bir qədər yüngül hiss etdi. Səhər günəşinin parlaq işığında, mavi səmanın altında, təmiz və saf küləyin qarşısında hansı qorxu uzun müddət davam edə bilər? Gecələr hətta dumanlı günlərdə belə qorxu və uğursuz duyğular artır və möhkəmlənir, amma açıq havada, günəşli gündə insan ölüm qarşısında belə qorxunu itirir.

Kerri getdikcə irəliləyirdi, o körpünü keçib, Beşinci avenüyə döndü. Bu küçə, bozumtul əhəng daşından, tünd qırmızı kərpicdən hündür divarları olan dar dərəni xatırladırdı. Böyük aynalı vitrinlər təmizlikdən parıldayırdı. Gurultulu arabalar küçələri doldurmuşdu. Hər tərəfdə böyüklər və uşaqlar dəstə ilə hərəkət edirdi. Kerrinin qarşısına onunla bir yaşda olan qızlar da çıxırdı və sanki bu qızın cəsarətsizliyini duyaraq onu həqarətlə süzürdülər. Kerri bu şəhərdəki həyatın vüsətinə heyrət edir, onda müəyyən bir rol oynamaq üçün nə qədər çox bilmək lazım olduğunu düşünürdü. O heç bir şeyə yaramayacağından, işi bacarmayacağından, onu tənbəl hesab edəcəklərindən qorxurdu. Onun hər yerdə rədd edilməsi bir iş bilmədiyindən deyildimi? Birdən onu söyüb təhqir etsələr və biabırçılıqla küçəyə atsalar nə edəcək?

Kerri ürək çırpıntısı ilə, nəfəsini çətinliklə alaraq Adams-strit və Beşinci avenü küçələrinin tinində olan böyük ayaqqabı fabrikinə yaxınlaşırdı. Lift onu dördüncü mərtəbəyə qaldırdı, ancaq orada heç kəs yox idi. Yalnız hər tərəfdə tavana qədər qalaqlanmış yeşiklərin arasında uzun keçidlər var idi. O qorxa-qorxa dayanıb birisinin bayıra çıxmasını gözləyirdi.

Çox keçmədən m-r Braun gəldi, ancaq görünür o, Kerrini tanımadı.

– Sizə nə lazımdır? – deyə o soruşdu.

Kerrinin ürəyi düşdü. –

– Siz bu gün gəlməyimi buyurdunuz… Mən iş barəsində…

– Bəli, bəli – deyə o, qızın sözünü kəsdi. – Hm! Sizin adınız nədir?

– Kerri Miber.

– Belə, – deyə o təkrar etdi. – Arxamca gəlin.

Onlar təzə ayaqqabı iyi gələn yeşiklər arasındakı qaranlıq keçidlə gedərək, emalatxananın dəmir qapısına çatdılar. Kerri qolları çırmanmış ağ köynəkli və göy önlüklü kişilərin işlədiyi maşınların gurultu və taqqıltı saldığı alçaq tavanlı geniş emalatxananı gördü. Kerri avtomatların arası ilə utana-utana öz müşayiətçisinin arxasınca gedirdi. Onlar emalatxananın uzaq bir küncündə liftə girib, altıncı mərtəbəyə qalxdılar.

M-r Braun əlinin hərəkətilə ustanı çağırdı, o da maşın və iş stolları labirintindən cəld onun yanına çıxdı.

M-r Braun:

– Bu, sənə söylədiyim qızdır, – dedi və sonra Kerriyə tərəf dönərək əlavə etdi: – Onunla gedin!

Bu sözdən sonra m-r Braun getdi. Kerri isə yeni rəisinin arxasınca, otağın kontor üçün ayrılmış bir küncündə olan balaca stola doğru getdi.

– Siz heç ayaqqabı emalatxanalarında işləmisinizmi? – deyə usta çox ciddi bir tərzdə soruşdu.

– Yox, ser.