banner banner banner
Kerri bacı
Kerri bacı
Оценить:
 Рейтинг: 0

Kerri bacı


Görünür, usta belə işçi ilə məşğul olmaq istəmirdi. Hər halda o, Kerrinin adını yazdı və onu emalatxananın içərilərində şaqqıldayan maşınların önündə, kətillər üzərində cərgə ilə oturan qızların yanına apardı. O, maşınla ayaqqabı üzlüklərini deşən bir qızın çiyninə əlini qoydu.

– Necə işlədiyinizi bu qıza izah edin, – deyə usta Kerrini göstərdi. – Qurtaranda isə mənim yanıma gəlin!

Ustanın müraciət etdiyi qız cəld qalxıb yerini Kerriyə verdi.

– Bu çox asan işdir, – deyə o, Kerriyə tərəf əyildi, – siz ancaq dərini bax belə tutun, buradan sıxın və maşını işə salın.

Qız, kişi ayaqqabısı üzlüyünün sağ tərəfini kiçik saxlayıcılarla bərkitdi və maşının yan tərəfindəki balaca düyməni basdı. Maşın dərhal hərəkətə gəldi və üzlüyün kənarında bağ keçiriləcək deşik açaraq, girdə dəri parçaları tullamağa başladı.

Qız Kerrinin işinə baxıb onun öz vəzifəsinin öhdəsindən yaxşı gəldiyinə əmin olduqdan sonra getdi.

Kerri dəri parçalarını sağ tərəfdəki maşında oturan qızdan alır və sol tərəfdə oturan qonşusuna verirdi. O dərhal başa düşdü ki, müəyyən orta sürət götürmək lazımdır, yoxsa onun yanında üzlüklərdən qalaq əmələ gələcək və beləliklə də onun sol tərəfində oturanların işi ləngiyəcəkdir. Kerrinin ətrafa baxmağa vaxtı yox idi, o səylə işə girişdi.

Qonşuları Kerrinin sıxıldığını, həyəcanlandığını başa düşür və işin sürətini bir qədər azaltmaqla ona bacardıqları qədər kömək etməyə çalışırdılar.

Kerri bir saniyə də maşından ayrılmırdı, onun yeknəsəq işləməsi əsəbləri sakitləşdirir, təsəvvürün doğurmuş olduğu qorxunu qovurdu. O yavaş-yavaş emalatxananın qaranlıq olduğunu hiss etdi. Ağır hava təzə gön iyi ilə dolmuşdu, ancaq bu onu sıxmırdı. Amma ətrafdakıların gözlərini ona dikdiklərini görür və kifayət qədər sürətlə işləmədiyi fikrindən əzab çəkirdi.

Bir dəfə Kerri üzlüyü maşına yanlış qoyub, sıxacla əlləşdiyi zaman onun gözü qarşısında iri bir əl göründü və sıxacı bərkitməkdə ona kömək etdi. Bu, ustanın əli idi. Kerrinin ürəyi elə şiddətlə döyündü ki, dərhal ətrafdakı şeyləri görmək qabiliyyətini itirdi və işi tamam dayandırdı.

Usta:

– Maşını işə salın! – dedi. – Eşitmədiniz, maşını işə salın! Başqalarını ləngitməyin.

Bu səs qızı ayıltdı. O güclə nəfəs ala-ala dəhşətli həyəcan içərisində yenidən işə başladı. Yalnız arxasındakı kölgə yox olandan sonra o, dərindən nəfəs aldı.

Vaxt keçir və getdikcə otağın havası daha da ağırlaşırdı. Kerri boğulduğunu hiss edirdi, o su içmək istəyirdi, lakin yerindən tərpənməyə cəsarət etmirdi. Onun oturduğu kətilin nə söykənəcəyi, nə də ayaq qoymağa yeri var idi, qız bütün bədənində nə isə çox pis bir ağrı hiss etməyə başladı. Bir az sonra onun beli ağrıdı. Kerri tərpənir, çevrilir, tez-tez vəziyyətini dəyişirdi, lakin bunlar çox az kömək edirdi. O yorulmağa başladı.

– Niyə ayaq üstə işləmirsiniz? – deyə qonşusu qısaca ona məsləhət verdi. – Bu qadağan deyildir.

Kerri təşəkkür hissi ilə ona baxdı.

– Mümkünsə mən də elə edərəm, – dedi.

O kətildən qalxaraq bir müddət ayaq üstə işlədi, lakin məlum oldu ki, bu vəziyyətdə işləmək daha pisdir: onun boynu və çiyinləri ağrıdı.

Emalatxanada hökm sürən vəziyyət öz qabalığı ilə Kerrini əzirdi. O ətrafına baxmağa belə cəsarət etmirdi, lakin bəzən kiminsə danışmağı maşınların səsini batıraraq onun qulağına çatır və o, gözünün ucu ilə bəzi şeyləri görürdü.

– Sən dünən Harrini gördün? – deyə Kerrinin sol tərəfində oturan qız qonşusundan soruşdu:

– Yox.

– Sən onu yeni qalstukda bir görəydin! Ah, o nə qədər gözəl idi.

– Sss! – deyə başqa bir qız pıçıldadı və başını daha aşağı saldı.

Onun rəfiqəsi o saat susdu və ciddi bir görkəm aldı.

Usta bütün qadınlara diqqətlə baxa-baxa yavaş-yavaş yanlarından ötüb keçdi. O aralanan kimi söhbət yenidən başlandı.

– Bilirsənmi o nə dedi? – deyə Kerrinin sol tərəfində olan qız yenidən başladı.

– Yox, bilmirəm.

– Deyir ki, guya məni “Martin” yanında Eddi Harri ilə görmüşdür.

– Doğrudanmı?

Qızlar gülüşdülər.

Başı çox tüklü olan gənc, uca boylu, kürən bir oğlan, içərisində dəri qırıntıları olan səbəti qarnına sıxaraq, ayaqlarını sürüyə-sürüyə maşınların arası ilə keçirdi. Kerriyə yaxınlaşarkən o, əlini cəld uzadıb, qızlardan birinin dirsəyindən tutdu.

– Əl çək! – deyə qız hirslə qışqırdı, – axmaq!

Kürən oğlan ancaq dişlərini ağartdı və qız onun arxasınca baxanda:

– Gör necə əzilir! – dedi.

İş o yerə çatdı ki, Kerri artıq otura bilmirdi. Ayaqları sancırdı, o, ayağa qalxıb gərnəşmək istəyirdi. Görəsən heç vaxt günorta olmayacaqmı? Ona elə gəlirdi ki, tam bir gün axşama qədər işləmişdir. O, qətiyyən aclıq hiss etmir, ancaq bütün bədənində dəhşətli bir zəiflik duyurdu. Deşik açanın müəyyən bir nöqtəyə düşməsini gərgin surətdə izləməkdən Kerrinin gözləri yorulmuşdu. Sağda oturmuş qız təzə gələnin əzab çəkdiyini görür və ona yazığı gəlirdi. Kerri həddindən artıq səy edirdi, əslində onun işi çox də zehni və fiziki gərginlik tələb etmirdi. Lakin ona heç nə ilə kömək etmək olmazdı. Çəkmə üzü qalağı getdikcə artırdı. Kerrinin əli əvvəlcə biləyinə, sonra barmaqlarına qədər ağrımağa başladı və nəhayət, onun bütün bədəni ağrıyan əzələ kütləsinə çevrildi, mexaniki olaraq daim eyni hərəkəti təkrar etməkdən əzələlər daha bərk ağrıyır və bu hərəkət qızın ürəyini bulandırırdı. Kerri bu işgəncənin heç bir zaman qurtarmayacağını qət etdiyi və tamam ruhdan düşdüyü zaman haradansa aşağıdan boğuq zəng səsi eşidildi və fasilə başlandığını xəbər verdi. Dərhal səslər ucaldı və vurnuxma başlandı. Bir anda bütün qızlar yerlərindən qalxdılar və qonşu otağa tələsdilər. Sağ tərəfdəki şöbədən kişilər çıxaraq emalatxanadan keçməyə başladılar. Sürətlə hərlənən təkərlərin səsi get-gedə yavaşıdı və nəhayət tamamilə kəsildi. Sakitlik başlandı, bu sükutda səslər adama çox qəribə gəlirdi.

Kerri yerindən qalxıb naharını gətirməyə getdi. Onun bütün bədəni keyləşmişdi, başı hərlənirdi, o susuzluqdan yanırdı. Üst paltarları qoyulan arakəsməyə tərəf gedərkən yolda usta ona rast gəldi. O, Kerrini diqqətlə süzdü və sözə başlayaraq:

– İşin öhdəsindən necə gəlirsiniz? – dedi.

– Bir təhər, – deyə Kerri ehtiramla cavab verdi.

– Hm! – deyə usta mızıldandı və daha nə deyəcəyini bilmədiyi üçün keçib getdi. Başqa şəraitdə bu iş heç də bu qədər ağır olmazdı. Lakin o vaxtlar heç kəs işçilər üçün az-çox dözüləsi əmək şəraiti yaratmaq haqqında düşünmürdü.

Maşınlara çəkilən yağın və təzə dərinin qoxusuna binanın üfunətli qoxusu da qarışırdı, bu isə çox pis qoxu idi. Ancaq axşamlar süpürülən döşəmə zir-zibil ilə dolu idi. Heç kəs işçilərin rahatlığı qayğısına qalmırdı, onlara mümkün qədər az verməyə və onlardan mümkün qədər çox tələb etməyə cəhd edirdilər. Stullarda ayaq qoymağa yer, hərəkət edən söykənəcəklər, işçi qadınlar üçün aşxana, təmiz önlüklər, yararlı paltarasan yer – bütün bunlar o vaxt heç kəsin xəyalına gəlmirdi. Ayaqyolular qaranlıq, çirkli, hətta üfunətli idi. Ətrafda olan hər şey çox miskin görünürdü.

Kerri küncdə qoyulmuş vedrədən bir stəkan su içib nahar etmək üçün yer axtarmaq məqsədilə ətrafı nəzərdən keçirməyə başladı. Başqa işçi qadınlar pəncərə qabaqlarından, emalatxanadan getmiş kişilərin iş stolları arxasında yerləşmişdilər. Təbiətcə çox utancaq olan Kerri bir dənə də olsun boş yer tapmayıb heç kəsə yer üçün əziyyət vermək istəmədiyindən öz maşınının yanına qayıtdı və kətilin üstündə oturdu. O, içərisində nahar olan qutunu dizləri üstünə qoyub açdı və söhbətlərə qulaq asmağa başladı. İşçi qadınların danışdıqlarının əksəriyyəti hər dürlü məzmundan məhrum idi, özləri də pozulmuş dildə danışırdılar. Emalatxanada qalmış kişilərin bəziləri uzaqdan qızlara arabir söz atırdılar.

Onlardan biri pəncərənin yanında balaca bir yerdə valsdan bir neçə tur göstərən qıza müraciət edərək:

– Kitti, mənimlə bala gedərsənmi? – dedi. Bir başqası bağırdı:

– Ehtiyatlı ol, Kitti! Yoxsa saçların açılar.

– Heç olmazsa, sən mumla! – deyə qız səsləndi.

Qızların və kişilərin arasında gedən mənasız danışığı eşidən Kerri bir sövq-təbii ilə susurdu. O belə söhbətlərə alışmamışdı və bunda nə isə bir amansızlıq və qabalıq görürdü. Kerri qorxurdu ki, birdən onlardan biri bu sözlərlə ona müraciət edər. Ona elə gəlirdi ki, Druedən başqa bütün kişilər kimi emalatxanada işləyən gənclər də kobud və gülüncdürlər. O bir qadın kimi insanların varını, tərbiyəsini, yaxşı sifətlərini onların geyimlərinə görə mühakimə etməyə meyl edirdi.

Yarım saatlıq fasilə qurtardıqdan sonra maşın təkərləri yenidən vızıldamağa başlarkən Kerri hətta sevindi. O nə qədər yorulmuş olsa da yenidən işçi qadınlar içərisində işləməyinə razı idi. Lakin bu da onun canını qurtarmadı: bir gənc işçi onun yanından keçərkən laübalı bir görkəmlə barmağını onun böyrünə dürtdü.

Kerri tələsik hərəkətlə geri döndü və gözlərində qəzəb parladı, lakin oğlan keçib getdi və yalnız bir dəfə dönüb baxdı və dişlərini ağartdı. Kerri güclə göz yaşlarını saxladı.

Qonşusu bunu gördü.

– Siz əhəmiyyət verməyin! – dedi. – Bu oğlan çox sırtıqdır.