banner banner banner
Qoca Azaflıyam
Qoca Azaflıyam
Оценить:
 Рейтинг: 0

Qoca Azaflıyam

Gəzər doğru, haqq-ədalət,
İnsan oğlu, insan səsi.

Gəzər dövran, əsir, zaman,
Dahi vicdan, ilqar, iman,
Keçər tufan, dərya, ümman,
İnsan oğlu, insan səsi.

Gəzər güllü, barlı bağlar,
Ağ gün, həyat, gözəl çağlar.
Qitə-qitə aşar dağlar,
İnsan oğlu, insan səsi.
Gəzər dava, ölkə talar,
Kainatı oda qalar.
Yerə, göyə lərzə salar,
İnsan oğlu, insan səsi.

Azaflı da əzəlindən,
Doymaz könül gözəlindən.
Dünya gülər sülh əlindən,
İnsan oğlu, insan səsi.

AŞIĞIYAM

Milyonlarda saf arzulu,
Mən xoş niyyət aşığıyam.
Ürəyi dürr sözlə dolu,
Mən ülviyyət aşığıyam.

Milyonlarda zaman-zaman,
Nə dərd ola, nə də dərman.
Sevgilərdə ilqar, iman,
Mən məhəbbət aşığıyam.

Milyonlarda düşmə kimə,
Nə hakimə, nə həkimə.
Vicdan ilə mühakimə,
Mən ədalət aşığıyam.

Milyonlarda mərd niyyəti,
Birlik, dostluq, mətanəti,
Bu dünyanın haqq qeyrəti,
Mən sədaqət aşığıyam.

Milyonlarda var gətirən,
Qitələrdə bar yetirən,
Ruzu verən, gül bitirən,
Mən təbiət aşığıyam.

Milyonlarda savablıyam,
Sinəsi zər kitablıyam.
Mikayılam, Azaflıyam,
Mən həqiqət aşığıyam.

OLMAZ

Adama ad vermək olar,
Adamlığı vermək olmaz.
Yeri, göyü görmək olar,
Ürəkləri görmək olmaz.

Zalım haqqı dandı getdi,
Qanan oda yandı getdi.
Qəlb şüşə tək sındı getdi,
Onu sonra hörmək olmaz.

De sözünü söz vaxtında,
Gör işini öz vaxtında.
Ay Azaflı, döz vaxtında,
Vaxtsız heç nə dərmək olmaz.

A QARDAŞIM

İlahidən sınan könlü,
Yapammazsan, a qardaşım.
Düzə qəlbən bağlısansa,
Qopammazsan, a qardaşım.

Daş içində gövhər gəzmə,
Səhralarda lövbər gəzmə.
Süzülmüşdə cövhər gəzmə,
Tapammazsan, a qardaşım.

Azaflı, şən həyatını,
Xudam versin baratını.
Şər meydanda haqq atını,
Çapammazsan, a qardaşım.

O GÖZLƏRİN

Bax qəlbimdən qüdrətinə,
O gözlərin, o gözlərin.
Qərq olmuşam heyrətinə,
O gözlərin, o gözlərin.

Ömrümüzün növrağıdı,
Sevgimizin fərağıdı.
Həyatımın çırağıdı,
O gözlərin, o gözlərin.