banner banner banner
Çovdarlıqda uçurumdan qoruyan
Çovdarlıqda uçurumdan qoruyan
Оценить:
 Рейтинг: 0

Çovdarlıqda uçurumdan qoruyan

– Dəlisən nədir? – Ekli dedi.

– Ay ana, əlini mənə ver. Niyə əlini mənə vermirsən?

– Bəsdir, dur ayağa!

Başladım kor kimi əl-qolumu oynatmağa, ancaq ayağa-zada durub eləmədim. Elə hey zarıldayırdım:

– Ana, ana, əzizim, niyə əlini mənə vermirsən?

Bəzən bu cür hoqqalar mənə yaman ləzzət verir. Axırda bezdim. Kepkamın dimdiyini yenə arxaya fırladıb sakitləşdim.

– Bu kepkanı hardan almısan? – Ekli dedi.

– Nyu-Yorkdan.

– Neçəyə?

– Bir dollara.

– Səni hərifləyiblər, – başladı kibrit çöpüylə murdar dırnaqlarını təmizləməyə. Dırnaqlarını qurdalasa da, gözünü kepkamdan çəkmirdi.

– Biz tərəflərdə belə kepkayla maral ovuna çıxırlar, – dedi. – Bu ovçu kepkasıdır.

– Cəhənnəmə ki, – kepkamı götürüb bir də onu diqqətlə nəzərdən keçirdim. Nişan alan adam kimi gözümün birini qıyıb baxdım. – Bu kepkada adam ovuna çıxırlar, – dedim. – Bu kepkada mən adam ovlayacağam.

– Evdəkilər bilir ki, səni bayıra atıblar?

– Yox.

– Bəs Stredleyteri neyləmisən?

– Futbola gedib. Qız dostu ilə.

– Onun görüşdüyü qız kimdir elə? – dedi. Stredleyterdən zəhləsi getsə də, onun kiminlə görüşdüyünü öyrənib bilməsə, bağrı çatlayar.

– Bilmirəm. Nəyinə lazım?

– Heç, elə-belə. Zəhləm gedir ondan.

– Amma o sənin dərdindən dəlidir. Bir dəfə mənə söylədi ki, onun fikrincə, sən əsl şahzadə balasısan, – dedim. Şitliyim tutanda elə hamıya «şahzadə» deyirəm. Yoxsa dilxorçuluqdan adam birtəhər olar.

– Burnunu soxmadığı yer qoymayıb, – Ekli dedi. – Mən onu heç adam da saymıram. Amma o özünü hamıdan ağıllı sayır.

Bir müddət dinmədim. Sonra dedim:

– Ona görə Stredleyterdən xoşun gəlmir ki, o sənə həmişə «heç olmasa, bu dişlərini bir dəfə yu» deyir. Özü də sənə sataşmaq üçün demir, burda inciməli nə var ki?

– Mən dişlərimi həmişə yuyuram. Özündən uydurma!

– Yox, yumursan. Mən özüm fikir vermişəm, yuyub eləmirsən, – dedim. – Stredleyterə nə olub ki? Pis oğlan deyil. Bəla bundadır ki, sən onu yaxşı tanımırsan.

– Sənə dedim ki, o, əclafdır.

– Özünü dartmağına sözüm yox, amma çox cəhətdən əvəzsiz oğlandır, – dedim. – Bax, tutaq ki, Stredleyterin əynindəki qalstuk, ya başqa şey sənin xoşuna gəlir. Bilirsən, o neyləyər? Boğazından açıb sənə bağışlayar. Ya da, bilirsən, neyləyər? Evdən çıxanda açıb atar sənin çarpayının-zadın üstünə. Nə yolla olursa olsun hökmən onu sənə bağışlayar. Amma burdakı uşaqların çoxu…

– Söz tapdın da! – Ekli dedi. – Onun kimi pullu olsam, mən də bağışlayaram.

– Yox, sən eləməzsən, – başımı buladım.

Birdən qapı açıldı. Stredleyter tələsik içəri girdi. Həmişə harasa tələsirdi. Mənə sarı yönəldi, zarafatyana yanaqlarımı şappıldatdı – bu da heç xoşagələn vərdiş deyildi, – sonra soruşdu:

– Axşam bir yana getmirsən?

– Bilmirəm. Bəlkə, getdim. Nədir, qar yağır?

Əməllicə qara batmışdı.

– Bura bax, əgər bir yana getməyəcəksənsə, o zolaqlı gödəkçəni bir axşamlığa mənə ver.

– Yox! Sənin əyninə gəlməz, genəldərsən, – dedim. İkimiz də bir boydaydıq, ancaq o məndən iki dəfə ağır gələrdi. Çiyinləri çox enliydi.

– Qorxma, heç nə olmaz, – deyib cəld şkafa tərəf qaçdı. – Nə var, nə yox, Ekli? – arada Eklinin kefini soruşmağı da unutmadı. O, mehriban oğlan idi, kin-zad saxlamazdı. Yalandan da olsa, həmişə Ekliylə salamlaşırdı.

– Bəs qız dostun hardadır? – soruşdum.

– O biri korpusda, – əl-üz dəsmalını, üzqırxanı qoltuğuna vurub köynəksiz-zadsız otaqdan çıxdı. Otaqda da həmişə bu cür qurşağacan çılpaq gəzir, çünki belə hesab eləyir ki, yaraşıqlı bədəni var. Doğrudan da, beləydi: qədd-qamətinə söz ola bilməzdi.

4

Elə bir işim olmadığına görə mən də durub yuyunma otağına getdim. Üzünü qırxıb qurtarana qədər Stredleyter ilə bir az laqqırtı vurmaq istəyirdim. Burda da bir o idi, bir də mən. Uşaqlar hələ futboldan qayıtmamışdılar.

Yadınızdadır, Eklidən danışanda demişdim ki, pintinin, natəmizin biridir? Bax bu Stredleyter də natəmiz uşaqdır, ancaq bir az başqa cür natəmizdir. Zahirən çox səliqəliydi, amma kaş indi onun əlindəki üzqırxanı görmüş olaydınız. Pas atmışdı, tük basmışdı.

Stredleyter son dərəcə özünə məftun adamdır. Şəkildə yaraşıqlı düşürdü. Yəni onun gözəlliyi albom gözəlliyi idi. Mən Pensidə elə oğlanlar tanıyıram ki, Stredleyterdən onqat yaraşıqlıdırlar, ancaq albomda şəkilləri o qədər də yaxşı çıxmır.

Stredleyterin böyründəki kranın önündə oturub soyuq suyu açıb-bağlayırdım. Qırmızı kepka hələ də başımdaydı. Özü də tərsinə – dimdiyi arxa tərəfə. Bu kepka, doğrudan da, mənə yaman ləzzət eləyir.

– Bura bax, – Stredleyter dedi, – gəl mənim xatirimə bir iş gör.

– Nə? – çox həvəssiz soruşdum. Yaraşıqlı, özündənrazı oğlanların hamısı belədir. Gərək bunların xatirinə həmişə nəsə eləyəsən.

– Birinci günəcən tarixdən azı yüz səhifə dərs oxumalıyam, – dedi. – Bəlkə, mənim üçün ingilis ədəbiyyatından bir inşa yazasan? Birinci gün təhvil verməsəm, işim xarabdır. Yazarsan?

Məni lağa qoyub nədir?!

– Məni bu lənətə gəlmiş məktəbdən dünən qovublar. Sən də istəyirsən ki, indi sənə inşa yazım?

– Bilirəm, bilirəm. Bəla burasındadır ki, onu təhvil verməsəm, mənim də işim xarabdır. Dostumsan, kömək elə.