banner banner banner
Çovdarlıqda uçurumdan qoruyan
Çovdarlıqda uçurumdan qoruyan
Оценить:
 Рейтинг: 0

Çovdarlıqda uçurumdan qoruyan

– Nədən yazmalıyam?

– Nədən olursa olsun. Təsviri bir şey. Otaq haqqında. Və ya bina haqqında. Ya da nə vaxtsa yaşadığın bir yer haqqında. Təki təsvir ifadəli və canlı olsun.

– Bunu hardan tapmısan? – Stredleyter soruşdu. Qırmızı kepkamı deyirdi. Yeni görürdü.

– Səhər-səhər Nyu-Yorkdan almışam. Bir dollara. Xoşuna gəlir?

Stredleyter başını tərpətdi.

– Əladır, – dedi. Əclaf məni hərifləyirdi. Çünki dərhal əlavə elədi: – Yaxşı, inşa yazarsan?

– Vaxt tapsam, yazaram.

Gəlib yenə də onun böyründəki kranın önündə oturdum.

– Budəfəki görüşün kiminlədir? Fitsceraldla? – soruşdum.

– Allah eləməsin. Sənə demədimmi, o donuzla qurtarmışam?

– Fitscerald deyilsə, bəs kimdir? Bəlkə, o Fillis Smitlə görüşəcəksən?

– Yox. Əslində, elə onunla görüşməliydim, ancaq hər şey tərsinə oldu, başqasına ilişdim. Bed Tou ilə bir otaqda qalan qız… Bura bax. Az qala yadımdan çıxmışdı. O qız səni tanıyır.

– Ola bilməz, adı nədir? – məni maraq bürüdü.

– Mən bilən… Hə, Ceyn Qallaher.

İlahi, o bunu deyəndə az qaldı huşum başımdan çıxsın.

– Ceyn Qallaher! – oturduğum yerdən dik qalxdım. – Hə, onu tanıyıram. İnişil yayda qapıbir qonşu olmuşuq. Onda onun zırpı buldoqu da var idi. Elə buldoqun hesabına tanış olduq. Həmişə gəlib bizim…

– Holden, adamsan, işığın qabağında durma, – Stredleyter dedi. – Durmağa yer tapmırsan?

Əməlli-başlı həyəcanlanmışdım.

– O indi hardadır? – soruşdum. – Heç olmasa, gedib görüşüm. Hardadır dedin? O biri korpusda?

– Eh…

– Necə oldu ki, məndən söz saldı? Görən, indi Brin-Morda oxuyurmu? Onda demişdi ki, bu məktəbə girmək istəyir. Ya da ki Şipliyə. Elə bilirdim, indi Şiplidə oxuyur. Necə oldu ki, söz məndən düşdü? – doğrudan da, bərk həyəcanlanmışdım. Düz sözümdür.

– Mən nə bilim axı?! Bəlaya düşmədik.

– Ceyn Qallaher, – yenə təkrar etdim. Hələ də özümə gələ bilmirdim. – Sən bir təsadüfə bax!

Stredleyter saçlarına mənim briolinimi[8 - Briolin – saça qulluq üçün nəzərdə tutulmuş kosmetik vasitə (əsasən, kişilər tərəfindən istifadə edilir)] sürtürdü.

– O qız rəqqasədir, – dedim. – Baletə gedir. Gündə düz iki saat məşq eləyirdi. Qorxurdu fiqurası pozula. Həmişə onunla dama oynayırdıq. Özü də damaya çıxanda daşları çevirməzdi, bircə dəfə də yerindən tərpətməzdi.

Stredleyter dinmirdi. Adətən, belə şeylər heç kəsi maraqlandırmır.

– Onun anası da biz getdiyimiz klubun üzvü idi, – dedim. – Mən orda bir müddət qolf ağacı daşıyan olmuşam. Pul qazanmaq istəyirdim.

Stredleyter heç qulaq asana oxşamırdı. Saçı ilə məşğul idi.

– Yox, gərək gedib görüşəm.

– Bəs niyə durmusan? Get də!

– Gedəcəyəm, gözlə bir dəqiqə. Onun valideynləri ayrılıb. Anası sərxoş bir adamla evlənib, – dedim.

Yaxşı yadımdadır, həmin adam həmişə şortik geyərdi. Ceyn deyirdi ki, yazıçıdır, pyes-zad yazır. Amma onu həmişə möhkəm içən, sarsaq radiodetektivlərə qulaq asan görmüşəm.

– Ceynin uşaqlığı çox ağır keçib. Zarafatsız. Yox ey, gedim onunla bir görüşüm. Yaxşı deyil.

– Bəs onda nəyi gözləyirsən? Bayaqdan gedim-gedim deyincə çıx get də, – Stredleyter dedi.

– İndi kefim yaxşı deyil, – dedim. Belə yerə getməkdən ötrü də gərək adamın, doğrudan da, kefi kök ola.

Stredleyter, axır ki, sıx, pırtlaşıq saçlarını darayıb qurtardı. Üzqırxanı, dəsmalı yığışdırdı.

– Bəri bax, məndən ona salam de, yaxşımı?

– Yaxşı, – Stredleyter dedi, ancaq dəqiq bilirdim ki, deməyəcək.

– Bura bax, – dedim, – məni qovduqlarını ona demə ha. Yaxşı?

– Yaxşı.

5

Hər şənbə axşamı bizim üçün əsl bayram idi; çünki stollara bifşteks[9 - Bifşteks – qızardılmış mal ətindən hazırlanan yemək] qoyurdular. Bunu qəsdən edirdilər. İstəsəniz lap min dollardan mərc gələrəm, çünki hər bazar valideynlərin çoxu məktəbə öz uşaqlarını görməyə gəlirdi və hər bir ana öz əziz-xələf oğlundan axşam nə yediyini soruşurdu. O da deyirdi: «Bifşteks». Fırıldağa bax! Kaş o bifşteksləri öz gözlərinizlə görmüş olaydınız. O qədər xırda və bərk idilər ki, heç bıçaq da kəsmirdi.

Həmin axşam heç kimə görüş-zad verməmişdim; pijamamı, xalatımı geydim, qırmızı kepkamı da başıma keçirib inşa yazmağa başladım.

Stredleyterin tapşırdığı kimi təsvir eləməyə nə bir ev ağlıma gəlirdi, nə otaq. Həm də belə şeylərdən inşa yazmaq ürəyimə yatmır. Ona görə də götürüb qardaşım Allinin beysbol əlcəyindən yazdım. Alli həmişə bu əlcəyi sol əlinə geyərdi. Çünki solaxay idi. Qardaşım əlcəyin hər yerinə, hətta barmaqlarının üstünə də şeir yazmışdı. Özü də yaşıl mürəkkəblə. Bunu ona görə eləmişdi ki, meydançada topsuz qalanda bikarçılıqdan oxumağa bir şey tapa bilsin. İndi o, sağ deyil. 1946-cı il iyulun 18-də biz Meyndə olanda ağ qan xərçəngindən öldü. Məndən iki yaş balaca olsa da, yüz dəfə ağıllıydı. Yaman dərrakəli uşaq idi. Müəllimləri həmişə anama məktub yazardılar ki, belə bir uşağa dərs demək onlar üçün böyük xoşbəxtlikdir.

İlahi! O necə də qəsəng uşaq idi. Bir də görürdün, yemək stolunun arxasında ağlına nə gəldisə, uğunub özündən getdi, stoldan aşdı. On üç yaşım olardı, valideynlərim məni psixiatrın yanına apardılar. Çünki qardaşımı itirən gecə yumruğumla vurub qarajın bütün şüşələrini qırmışdım. Hələ o yay aldığımız «Pickup»ın da şüşələrini qıracaqdım, olmadı, ona çatanda qolumu sındırdım. Onda elədiklərim özümdən asılı deyildi.

Elə şeylər var ki, onları xatırlamağa çətinlik çəkirsən. İndi də ha fikirləşirəm, Stredleyterin Ceynlə görüşdən haçan qayıtdığını yadıma sala bilmirəm. Yəni hələ də xatırlaya bilmirəm ki, dəhlizdə onun çərdəymiş addımlarının səsini eşidəndə mən otaqda nəylə məşğul idim. Bəlkə də, hələ pəncərənin önündən çəkilməmişdim. Mən bir şeydən əndişəyə düşəndə, həqiqətən, bərk həyəcanlı oluram. Stredleyteri mənim qədər tanısaydınız, siz də bu cür əndişəyə düşərdiniz. Yaramazın biridir. Özü kimisi yoxdur.

Soyuqdan deyinə-deyinə içəri girdi. Sonra dedi:

– Bəs bu camaat hanı? Lap meyitxanaya oxşayır ki!

Ona cavab vermək fikrində deyildim. Soyunmağa başladı. Ceyn barədə bir kəlmə də demədi. Heç mən də soruşmadım.

Qalstukunu boğazından açanda inşanı yazıb-yazmadığımı soruşdu. Dedim ki, yazmışam, çarpayısının üstündədir. Gedib onu götürdü, köynəyinin yaxasını aça-aça oxudu.