banner banner banner
Molla Nəsrəddin lətifələri
Molla Nəsrəddin lətifələri
Оценить:
 Рейтинг: 0

Molla Nəsrəddin lətifələri

Molla deyir:

– Qibleyi-aləm sağ olsun! Bu, fars sözüdü. Mənası budur ki, üzrü günahından pis.

Teymur deyir:

– Başa düşmürəm, necə yəni üzrü günahından pis?

Molla deyir:

– Yəni adam bir pis iş görür, sonra üzr istəyir. Ancaq elə üzr istəyir ki, görmüş olduğu işdən də pis olur.

Teymur yenə də başa düşmür. Molla nə qədər əlləşirsə, Teymuru başa sala bilmir. Axırda Teymur hirslənib deyir:

– A kişi, sən nə yaman axmaq adam imişsən. Bir söz nədir ki, sən onu mənə başa sala bilmirsən. Bax sənə yüzü sayınca möhlət verirəm. Başa saldın, salmısan, salmadın, boynunu vurduracağam.

Molla heç bir söz deməyib Teymura yaxınlaşır. Onun böyründən möhkəm bir çimdik götürür. Teymurun bağırtısı göyə qalxır. Hirslə dönür ki:

– Dəli olmamısan ki? Nə qayırırsan?

Molla baş əyib deyir:

– Üzr istəyirəm, qibleyi-aləm sağ olsun! Elə bildim ki, evimizdəyəm, sən də bizim arvadsan.

Teymur qışqırır ki:

– Nə danışırsan?

Molla deyir:

– Hirslənmə, qibleyi-aləm! Üzr bədtər əz günah bax budur!

YALAN DEYİBLƏR

Teymurləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə onun zülmkarlığından danışırmış. Teymur hirslənib Mollanı hüzuruna çağırır ki:

– Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər məclislərdə mənim zülmkarlığımdan danışırsan.

Molla deyir:

– Qibleyi-aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş söz olsun. Sənin zülmkarlığın, hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışam? Sənə yalan deyiblər.

BELİMƏ BAĞLASINLAR

Deyirlər ki, Teymurləng Mollanın nə dərəcədə cəsarətli olduğunu yoxlamaq üçün cəlladlara əmr edir:

– Bu saat bunu boğazından asarsınız!

Cəlladlar Mollanı qarmalayıb götürürlər. Molla heç bir söz demir. Qapıdan çıxdıqları vaxt Teymur soruşur:

– Axır dəqiqələrindir, Molla. Vəsiyyətin varsa, elə!

Molla deyir:

– Vəsiyyətim yoxdur. Ancaq balaca bir xahişim var.

Teymur deyir:

– De!

Molla deyir:

– Mənim boğazımdan yaman qıdığım tutur. Xahiş eləyirəm, əmr eləyəsiniz kəndiri boğazıma yox, belimə bağlasınlar.

SONRA GÖZÜM ÜSTƏ

Bir gün Teymurləng Molladan soruşur:

– De görüm, məni nə qədər istəyirsən?

Molla deyir:

– Mən Molla Nəsrəddinəm, sən də qibleyi-aləm Teymur. Demək ki, mən səni o qədər istəyirəm, nə qədər ki Molla Nəsrəddin Teymuru istəyə bilər.

Teymur deyir:

– Yaxşı, mənim xatirim üçün ölümə gedərsənmi? Molla:

– Özüm gedə bilməsəm də, cəlladlar kömək eləyərlər.

Teymur:

– Məsələn, əgər mən əmr eləsəm, bu saat özünü dənizə atarsanmı?

Molla bu sözü eşitcək durur ayağa. Teymur soruşur:

– Haraya?

Molla cavab verir:

– Qibleyi-aləm sağ olsun! Sənin yolunda dənizə atılıb boğulmaq mənim üçün şərəfdir. Ancaq icazə ver, qabaqca gedib üzməyi öyrənim, sonra gözüm üstə!

BƏS NƏ VAXT ELƏSİNLƏR?

Deyilənlərə görə, bir dəfə Molla Nəsrəddini öz yaşadığı şəhərə hakim təyin eləyirlər. Elə Molla işə başlayandan iki gün sonra qaraullar iki nəfər oğru tutub onun yanına gətirirlər. Oğruların biri gecə, biri də gündüz oğurluq etdikdə tutulmuş imiş. Molla işi yoxlayıb gündüz oğurluq eləyəni həbsə alır, gecə oğurluq eləyəni azad edir.

Azad edilmiş oğrunun yardığı evin sahibi Mollanın əlindən Teymurləngə ərizə yazıb işi düz aparmadığından şikayət edir. Teymur Mollaya əmr göndərir ki: "Gecə filankəsin evini yarmış filan oğrunu tutub cəza verərsən!"

Molla əmri alıb oxuyur, öz-özünə fikirləşir ki, yəqin, qanunlar dəyişib, mənim xəbərim yoxdur. Bu oğrunu tutub həbs eləyir, gündüz oğurluq edəni isə azad edir, oğurladığı şeyləri də ev sahibindən alıb ona qaytarır. Bu dəfə də bu ev sahibi Teymurləngə şikayət edir. Teymur hirslənib Mollanı hüzuruna çağırıb deyir: