banner banner banner
Molla Nəsrəddin lətifələri
Molla Nəsrəddin lətifələri
Оценить:
 Рейтинг: 0

Molla Nəsrəddin lətifələri

– Sən nə eləyirsən? Bu oğrunu niyə azad eləyibsən?

Molla deyir:

– Sənin əmrinə görə.

Teymur hirslənir ki:

– Necə mənim əmrimə görə? Mən nə vaxt yazmışam ki, onu azad eləyəsən?

Molla deyir:

– Qibleyi-aləm sağ olsun! Bu oğruların biri gecə ev yarıb, biri gündüz. Ata-babadan biz görmüşük ki, oğurluğu gecə eləyərlər, gündüz eləməzlər. Ona görə də mən o gündüz oğurluq eləyəni qanuna və adətə uyğun olmadığına görə həbsə alıb gecə oğurluq eləyəni azad eləmişdim. Sonra sizin imzanızla bir əmr aldım ki, gecə oğurluq eləyən adamı həbsə almaq lazımdır. Ona görə mən də dedim ki, yəqin, qanunlar dəyişib, gecə oğrusunu təzədən həbs eləyib gündüz oğrusunu azad elədim.

Teymur hirslənir ki:

– Bu saat gedib onu da tutarsan.

Molla deyir:

– Qurbanın olum, axı bu, ədalətsizlikdir. Yaxşı, bu yazıqlar gecə oğurluq eləməsinlər, gündüz eləməsinlər, bəs nə vaxt eləsinlər?

ƏDALƏTİNDƏN DANIŞIRAM

Günlərin birində Teymurləng böyük bir qonaqlıq verir. Molla da bu qonaqlıqda iştirak edir. Teymur görür ki, Molla bir nəfərlə çox şirin söhbətlə məşğuldur. Onu utandırmaq məqsədilə yanına gələrək deyir:

– Yenə, kim bilir, yalandan nə basıb-bağlayırsan?..

Molla heç özünü sındırmadan baş əyib deyir:

– Nə eləyim, qibleyi-aləm sağ olsun. Yalansız keçinmək olmur. Sizin ədalətinizdən danışıram.

DÖRDQIÇLI OLARDIN

Günlərin birində bir nəfər Teymurləngə bir qaz gətirir. Teymur Mollaya tapşırır ki, qazı bişirtdirsin. Aşpaz qazı qızardır. Molla qazı Teymur üçün aparanda nəfsini saxlaya bilməyib bir budunu özü yeyir. Teymur baxır ki, qazın bir budu yoxdur. Üzünü Mollaya tutub soruşur:

– Molla, bəs bu qazın bir qıçı hanı?

Molla halını dəyişməyib cavab verir:

– Necə yəni bir qıçı hanı? Qaz birqıçlı olar də…

Teymur hirslənir ki:

– Nə sarsaq-sarsaq danışırsan? Necə yəni qaz birqıçlı olar?

Molla:

Başın üçün, qaz birqıçlı olar, – deyib Teymuru inandırmağa çalışır.

Teymur Mollanın bu hərəkətindən bərk qəzəblənir. Molla görür iş şuluqdur. Birdən gözü sataşır pəncərəyə. Baxır ki, çayın kənarında bir dəstə çöl qazı var, hamısı da birqıçlı durub, özlərini günə verirlər. Tez üzünü Teymura tutub deyir:

– Sən elə salmısan padşahlığına, nıx dediyini deyirsən. Odu ha… Bax o qazlara, gör hamısı birqıçlıdı, ya yox?

Teymur lap hirslənir, əlini atıb yay-oxunu götürür, elə pəncərədən qazların topasına bir ox atır. Qazlar qaçmağa başlayır. Teymur deyir:

– Hanı? Bir bax, gör, birqıçlıdılar, ya ikiqıçlı?

Molla heç halını pozmayıb deyir:

– O oxu ki sən onlara atdın, mən sənə atsaydım, ikiqıçlı nədir ki, lap dördqıçlı olardın.

ƏDALƏTİNDƏN DANIŞSINLAR

Teymurləng bir gün Molla Nəsrəddini qorxutmaq və utandırmaq məqsədilə saray adamlarının içində birdən-birə üzünü ona tutub hirsli-hirsli deyir:

– Aldığım məlumata görə, dünən bir məclisdə camaat məni tərifləyirmiş, mənim ədalətli bir padşah olduğum barədə danışırmışlar. Sən də orada imişsən. Mənim yaxşılığım barədə heç bir söz deməyibsən.

Molla heç halını pozmadan cavab verir:

– Xeyr, qibleyi-aləm sağ olsun! Yalan sözdür. Mən nəinki dünən, hətta bütün ömrümdə heç elə bir məclisdə olmamışam ki, orada sənin ədalətindən danışsınlar.

DƏVƏDƏN BÖYÜK OLMAZ

Bir gün bir məclisdə Teymurləngin böyüklüyündən söhbət düşür. Məclisə yığılmış adamlar onun qüvvəsindən, gücündən danışıb tərifləyirlər. Axırda şəhərin hakimi deyir:

– Teymur bu dünyaya gəlib-getmişlərin hamısından böyükdür.

Bu vaxta qədər bir tərəfdə oturmuş Molla söhbətə qarışıb deyir:

– Çox da basıb bağlamayın! Nə qədər böyük olsa, dəvədən böyük olmaz.

YA EŞŞƏK ÖLƏR, YA TEYMUR

Bir gün Teymurləngə bir eşşək bağışlayırlar. Teymur üzünü Mollaya tutub deyir:

– Molla, sənin eşşəkdən yaxşı başın çıxır. Bu eşşəyə bir qiymət ver.

Molla deyir:

– Qibleyi-aləm sağ olsun! Bu çox zəkalı heyvandır. Əgər bunu mənə versəniz, mən ona adam kimi danışmaq öyrədərəm.

Temur çox maraqlanıb deyir:

– Yaxşı, verirəm. Şərtini de!

Molla deyir:

– Gərək mənə beş il möhlət verəsən. Hər gündə bir qızıl verəsən.