banner banner banner
Sözlərin tarixi
Sözlərin tarixi
Оценить:
 Рейтинг: 0

Sözlərin tarixi

Danışdıqları dil onların Hindistandan gəldiklərinə dəlalət edirdi. Onların hindlilərlə oxşar cizgiləri var idi. Ancaq XV əsrin avropalılarının nə Hindistan, nə də oradakı xalqların danışdıqları dillərdən xəbəri vardı. Düzdür, onlar Bibliya vasitəsilə bir az Misir haqda eşitmiş, misirlilərin qarabuğdayı olub qəribə bir dildə danışdıqları haqda oxumuşdular. Buna görə də Avropaya axın edən bu insanları misirlilər adlandırmağa başladılar. İngiliscə bu – Egyptians kimi səslənirdi. Tezliklə bu söz qısalaraq gypsies şəklini aldı.

Gypsies, yəni bizim qaraçı kimi tanıdığımız bu insanlar qismən gəlmə olduqları, qismən çörək pullarını heç də qanuni yolla deyil, sadəlövh insanları lap müasir fırıldaqçılar kimi aldadaraq hiylə ilə qazandıqları üçün daim təqib ediliblər. İngilis dilində mövcud olan və aldatmaq mənasını verən ”gyp” sözü də “gypsies” sözündən əmələ gəlib.

Qaraçıların bir yerdə qərar tuta bilməyərək ölkə-ölkə, oba-oba gəzdiklərinə, azad həyat sürmələrinə, əzab-əziyyət çəkmələrinə baxmayaraq, bir çoxları üçün məsuliyyət və hər hansı öhdəçilikdən uzaq belə bir həyat tərzi çox cəlbedici görünürdü. Belə təəssürat yaranmışdı ki, qaraçıların həyatı skripka çalıb eyş-işrət məclisləri qurmaqla keçir.

1427-ci ildə qaraçılar Parisdə peyda olanda fransızlar onlar haqda yalnız Mərkəzi Avropadan gəldiklərini bilirdilər. Söz-söhbət yayılmışdı ki, guya onların vətəni Bohemiyadır (indiki Çexiyanın qərb hissəsi), ona görə də fran- sızlar qaraçıları bohemiyalılar adlandırdılar və indiyədək belə də çağırırlar.

Qaraçıların həyat tərzi haqda geniş yayılmış fikirlərə fransızlar da inanırdılar. Cəmiyyətdə yazıçı və rəssamların da qaraçılar kimi şən və qayğısız həyat sürdükləri haqda bir inam var idi. Bu üzdən də onları bohemiyalılar adlandırmağa başladılar. O vaxtdan “bohema” sözü, bir qayda olaraq, bütövlükdə yaradıcı insanlara şamil edilir. Amma Bohemiyanın ciddi sakinlərində bohemiyalılıqdan əsər-əlamət yoxdur.

Bolşevik

Bəşər tarixində xalqa məxsus olan mülkiyyəti əvvəlcə bir yerə toplayıb, sonra qardaşcasına hamı arasında bölmək lazım olduğunu hesab edən insanlar vaxtaşırı üzə çıxırdı. Belə kommunalar, əsasən, xristianlığın ilk çağlarında tez-tez yaranırdı. Çox vaxt bu cür təcrübələr müsbət nəticələnmirdi. Səbəb isə insanların heç də özləri düşündüyü kimi, bir-birinə qardaş münasibət bəsləmədikləri idi.

1844-cü ildə alman filosofu Karl Marks özünün “Kommunist partiyasının manifesti”ni dərc etdirdi. Burada o, kommunizmin əməli nəzəriyyəsini işləyib hazırlamağa cəhd göstərmişdi. Kommunizm hərəkatı öz əsasını buradan götürdü.

Kommunizmdən qorxanlar onu milyonlarla ağılsız (və düşüncəsiz) məxluqun aldıqları əmrləri kor-koranə yerinə yetirdiyi irimiqyaslı vahid bir sistem hesab edirlər (katolik, yəhudi və ya amerikalılardan qorxanlar da onlar haqda eynilə belə düşünürlər). Amma əməldə kommunistlər də, digər sosial və ictimai qrupların üzvləri kimi, daim bir-biri ilə mübarizə aparırlar.

Zalım istibdad-monarxiya üsulu ilə idarə olunan Rusiyada marksist qruplar XIX əsrin sonlarında yaranmağa başladı. Dərhal da aralarında sonrakı fəaliyyət haqda mübahisələr düşdü. Ən qabaqcıl marksistlərdən biri sonradan Lenin təxəllüsü götürəcək Vladimir İliç Ulyanov idi. O, ölkənin siyasi həyatında iştirakı və inqilaba hazırlıq üçün istənilən imkandan istifadə edə biləcək bir partiya yaratmaq istəyirdi. Onun opponentləri isə diqqəti iqtisadi problemlərin, məsələn, maaşların artırılması məsələsinin həllinə yönəldərək siyasi fəaliyyətdən uzaq durmağı təklif edirdilər.

1903-cü ilin avqust ayında Brüsseldə rus kommunistlərinin qurultayı keçirildi[5 - Sonradan Belçika polisi qurultayın nümayəndələrini ölkədən çıxartdığı üçün o öz işini Londonda davam etdirdi.]. Gözəl natiq olan Lenin qurultay iştirakçılarının çoxunu öz tərəfinə çəkə bildi və dərhal öz qruplaşmasını bolşeviklər (yəni “çoxlar”) adlandırdı. Demək lazımdır ki, bu olduqca gözəl bir təbliğat kələyi idi.

Bu ad həqiqəti əks etdirmirdi, belə ki, sonradan bu qrup cüzi səs toplayaraq, demək olar, azlıqda qaldı. Buna baxmayaraq “bolşevik” adı bu qrupa bir damğa kimi yapışaraq xalq arasında nüfuzunu artırırdı. Çar hökumətinin rüşvət içində boğulması və Rusiyanın I Dünya müharibəsində məğlub olması nəticəsində 1917-ci ilin payızında bolşeviklər hakimiyyəti ələ keçirdilər. “Bolşevizm” sözü bir çox dünya dillərinə daxil oldu və “kommunizm”in sinonimi kimi qəbul edilməyə başlandı.

Boykot

İrlandiyanın olduqca faciəli tarixi var. IX əsrdə vikinqlərin quldur basqınları vaxtilə çiçəklənən dövləti xaraba qoydu. Sonra ingilislər gələrək Dublin və ətraf əraziləri tutdular. Beş əsr ərzində İrlandiyanın qərb hissəsi İngiltərəyə qarşı mübarizə apararaq azadlıq və müstəqilliyini qorumağa çalışdı. Lakin 1641-ci ildə Oliver Kromvel qəti və haradasa qəddar tədbirlərlə bütün adanı nəzarətə götürə bildi.

1801-ci ildə İrlandiya müstəqilliyini tamamilə itirdi. Bundan sonra irlandiyalılara İngiltərə parlamentində öz nümayəndələri ilə təmsil olunmağa icazə verilsə də, bu, İrlandiyanın, əsasən, katolik ölkəsi olmasına baxmayaraq, sadəcə, protestantlara şamil edilirdi.

İrlandiyalı katolik-kəndlilər muzdlu işçi kimi ingilis protestantlarının torpaq ərazilərində işləyirdilər. Həmin torpaq sahibləri İngiltərədə yaşayır, İrlandiyada isə öz müvəkkilləri vasitəsilə fəaliyyət göstərirdilər. Müvəkkillər isə ancaq öz iş yerlərini qorumaq barədə düşünür və buna görə də irlandiyalıları son pennilərinə qədər soyurdular. Beləliklə, torpaq sahibləri kəndlilərin yoxsulluğunu və gündəlik əzab-əziyyətini görmür və vicdan əzabı çəkməkdən qurtulmuş olurdular.

1845-ci ildə aclıqdan İrlandiyada minlərlə insan həyatını itirdi. İngiltərə isə irlandiyalıların aqibətini azca da olsun yaxşılaşdıra biləcək bir addım belə atmadı. 1879-cu ildə ölkə yenə aclıq təhlükəsi ilə üz-üzə dayanmışdı. Meyo qraflığının torpaq sahiblərindən birinin müvəkkili isə icarə haqqını aşağı salmaqdan boyun qaçırır və vaxtında pulu ödəməyən icarədarları köçürmək istəyirdi.

İrlandiyanın parlamentdəki baş nümayəndəsi Çarlz Stüart Parnell zorakı üsullara əl atmamaq haqda çağırış etdi. Bu çağırışa hamı qulaq asdı və müvəkkili görməzliyə vurmağa başladılar. Hamı ona arxasını çevirir, heç kim söhbət etmir, sanki həmin insanın mövcudluğunu belə duymurdular. O, insanlarla ünsiyyətdən məhrum olaraq, bir növ, vakuuma düşmüşdü.

Belə bir münasibətə dözə bilməyən müvəkkil İrlandiyanı tərk etməli oldu. Nəticədə, qəribə olsa da, İngiltərə parlamenti İrlandiyadakı vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görmək məcburiyyətində qaldı. Həmin müvəkkilin adı isə Çarlz Kanninghem Boykot idi. O vaxtdan da “boykot” sözü bir adam və ya bir qrup insanla danışmamaq mənasında işlənməyə başlandı.

Centlmen

Keçmişdə insan özünü böyük vahid bir aləmin – öz ailəsinin bir parçası hesab edirdi. Onun ünsiyyətdə olduğu insanlar, ilk növbədə, ailə üzvləri ilə məhdudlaşırdı. Düzdür, o vaxtın ailələri müasir ailələrdən qat-qat böyük idi. Ailəyə bir ad altında birləşən yaxın və uzaq qohumların böyük qrupu daxil idi. Bu cür “genişləndirilmiş” ailəni klan[6 - Kelt xalqlarında İrlandiya, Şotlandiya və s. qəbilə icmalarının adı] adlandırmaq olardı. Bu söz kelt dilindən götürülüb və əsasən, Şotlandiya ilə əlaqələndirilir.

Qədim Romada bu cür böyük ailə gens adlanırdı. Yeri gəlmişkən, sözün kökü olan “gen” doğuluş, nəsli davam etdirmək anlayışları ilə bağlıdır. Buna sübut kimi “genitali”, “genetika” sözlərini göstərmək olar.

Təbii ki, romalılar (bütün başqa insan qrupları kimi) mənsub olduqları və onlarla qohum olan genslərin üzvlərinin dünyanın digər xalqlarından inkişaf səviyyəsinə görə daha yüksəkdə dayandığına əmin idilər. Onlar özlərini və qohum genslərə mənsub olanları “gentle”, yəni anadangəlmə əsilzadə sayırdılar. Beləliklə, centlmen əsilzadə insandır.

Əsilzadə insan, təbii ki, alicənab və nəzakətli olmalıdır, buna görə də “centlmen” kəlməsi mədəni, alicənab, başqalarına qarşı diqqətli olan adamlara şamil edildi. Hər halda, ABŞ-da bu söz məhz bu mənada işlənir. Ailə münasibətlərinin hələ də möhkəm olduğu Böyük Britaniyada isə insan alçağın biri olmağına baxmayaraq, centlmen, yəni zadəgan əsilli sayıla bilər.

Çar

E.ə. 46-cı ildə Yuli Sezar Romanı təkbaşına idarə etməyə başlayır. E.ə. 44-cü ildə o öldürüldükdən sonra Romanı vətəndaş müharibəsi çənginə alır. Daha sonra isə Sezarın bacısı nəvəsi hökmdar olur. Onun adı Qay Oktavi idi, ancaq o, adını dəyişərək Qay Yuli Sezar Oktaviana çevrilir. O, Romanın ilk imperatoru olaraq Avqust adı ilə hökmranlıq edir (bax: “Avqust”; “İmperiya”).

Sonrakı dörd imperator Avqustun törəmələri idi və bir ad – Sezar adı ilə tanınırdılar. Sezar və Avqustun nüfuzları o qədər böyük idi ki, “sezar” sözü “imperator” sözünün sinoniminə çevrildi. Hətta Sezarlar sülaləsinin son imperatoru Neron e.ə. 68-ci ildə öldükdən sonra başqa nəsildən olan imperatorlar da öz titullarını ifadə etmək üçün “sezar” sözündən istifadə etdilər.

İmperatorların Romada hakimiyyəti başa çatdıqdan sonra onlar Konstantinopolda hökmranlıqlarını davam etdirdilər. 800-cü ildə Böyük Karl tərəfindən Romada imperator hakimiyyəti bərpa edildikdən sonra “sezar” titulu da onunla birlikdə dirçəldi.

Latın dilində bu söz ki’zar (ky’zar) kimi tələffüz olunurdu. Germanlar bu tələffüzü qoruyub saxladılar və sözə hərfi şəkil də verərək “kayzer” yazmağa başladılar. Alman dilində kayzer imperator deməkdir. 1870-ci ildə kayzerlər tərəfindən idarə olunan Almaniya imperiyası[7 - Bəzən Kayzer Almaniyası və ya İkinci Reyx də adlanır] yaradıldı. 1888–1918-ci illərdə hakimiyyətdə olan və imperiyası ilə birlikdə I Dünya müharibəsində məğlubiyyətə uğrayan II Vilhelm üçüncü, eləcə də sonuncu kayzer oldu.

Rusiya hökmdarları isə titullarını Konstantinopoldan götürmüşdülər. 1453-cü ildə türklər Konstantinopolu fəth etdikdən sonra sezarların şərq qolu qırılmış oldu. Moskva hökmdarları isə bu titulu özlərinə götürdülər. Onlar sözü bir az dəyişərək əvvəlcə Sesara, sonra isə çara (царь) çevirdilər. İlk olaraq bu adı rəsmi şəkildə 1547-ci ildə IV İvan (Qroznı) götürdü.

1905-ci ilə qədər rus çarının təbəələri üzərində qeyri-məhdud hakimiyyəti olduğundan bu söz bəzi hallarda siyasət, biznes və başqa sahələrdə əlində böyük hakimiyyət cəmləşdirən istənilər rəhbər insana şamil edilir.

Damokl

E.ə. 405-ci ildə Dionisi adlı sərkərdə yunanların Siciliyada ən vacib şəhəri olan Sirakuzanın hökmdarı oldu. O zamanlar Sirakuzanın çiçəklənən dövrü idi. Bu şəhər bilavasitə Yunanıstanda yerləşən şəhərlərdən də böyük və varlı idi.

Dionisinin hakimiyyəti illərində Sirakuzanın qüdrəti artmaqda davam edirdi. 390-cı ildən Dionisi, demək olar ki, bütün Siciliyaya, hətta İtaliya “çəkməsinin” bəzi ərazilərinə də nəzarət edirdi. O, qırx ilə yaxın hakimiyyətdə oldu və ölümünü öz çarpayısında qarşıladı.

Amma uzun müddət hakimiyyətdə qalmaq üçün o, hiylə, fitnə-fəsaddan istifadə edirdi, çünki hər bir yunan şəhəri daim üsyan ab-havası ilə yaşayır, inqilablar hakimiyyətdə olanları bir-birinin ardınca taxtdan salırdı.

Bu səbəbdən də Dionisi genişşaxəli casus şəbəkəsi yaradaraq bir anlığa belə ehtiyatı əldən vermir, mühafizəçilər həmişə onun yanında olur, heç kimə və heç nəyə inanmırdı. Göründüyü kimi, var-dövlət və əlindəki hakimiyyətə baxmayaraq, onun yaşadığı həyatı xoşbəxt adlandırmaq olmazdı.

Dionisi bunu özü də çox gözəl bilirdi. Bir dəfə saray əyanlarından olan Damokl onun şan-şöhrətinə həsəd aparanda Dionisi Damokla, heç olmasa, bir günlüyünə onu əvəz eləməyi təklif edir. Damokl razılaşır və axşam ziyafətində masanın başında əyləşir.

Ancaq o, dərhal başı üzərində nəyinsə hamının diqqətini cəlb elədiyini hiss edir. O, yuxarı baxır və başı üzərində sıyrılmış qılınc görür. Qılınc bircə tük ilə tavana bərkidilmişdi. Damokla yerindən qalxmağa icazə verilmədiyindən o, bütün axşamı boğazından bir tikə keçmədən, beləcə oturur. Həmin gecə onun üçün həyatının ən əzablı sınağı olur.

Dionisi hər bir zalım hökmdarın həyatının əbədi qorxu və qeyri-müəyyənlik içində, böhran anının nə vaxt gələcəyini gözləməklə keçdiyini vurğulayır. Buna görə də insanı gözləyən təhlükədən danışarkən onun başına nələrin və nə vaxt gələcəyi haqda bir söz demək mümkün olmayanda “Damokl qılıncı” ifadəsi işlədilir.

Dəməşq

Dəməşqin bir fərqli cəhəti var: bura dünyanın daim yaşayış olan ən qədim şəhəridir. İnsanlar burada hələ e.ə. 2000-ci ildə yaşayıblar. Bu şəhər nəhəng vahədə yerləşdiyindən adamları daim özünə cəlb edib. Dəməşqə bir dəfə gələn bir daha buranı tərk edə bilmirdi. Düşmənlər şəhəri dəfələrlə viran qoysalar da, hər dəfə simurq quşu kimi yenidən küldən doğaraq dirçəlib.

Təxminən e.ə. 950-ci ildə şəhər Aramey çarlığının (yunanların təbirincə, Bibliyada bu çarlıq Suriya adlanır) mərkəzinə çevrilir. Bu çarlıq e.ə. 732-ci ildə assuriyalılar tərəfindən məhv edilir.

Dəməşqin hələ də çiçəklənən şəhər olmasına baxmayaraq, artıq neçə əsr idi ki, müstəqil paytaxt deyildi. İsa peyğəmbərin zamanında şəhər romalıların əlində idi. Müqəddəs Pavel isə xristianlığı qəbul etdikdən sonra məhz bu şəhərə yollanmışdı.

İslamı qəbul etdikdən sonra ərəblər 613-cü ildə yaşadıqları geniş və quraq yarımadanın sərhədlərini aşmış, 636-cı ildə isə Dəməşqi tutmuşlar. Şəhər, demək olar ki, yüz il ərzində ərazisi Qərbi Asiyadan Şimali Afrikaya qədər uzanan nəhəng ərəb imperiyasının paytaxtı olmuşdur. 950-ci ildə Bağdadın imperiyanın mərkəzinə çevrilməsinə baxmayaraq, keçmiş paytaxt əvvəlki kimi varlı və çiçəklənən şəhər idi. (1944-cü ildə Dəməşq yenidən, bu dəfə Suriyanın paytaxtı oldu.)

Əhl-səliblər 1100-cü ildə Dəməşqdə olmuş, sonralar da şəhərin yaxınlığından keçmişdilər. Onlar bu şəhərin mədəniyyətinin özlərinin mənsub olduqları, kifayət qədər kobud Qərb mədəniyyətindən qat-qat üstün olduğunu öz gözləri ilə görə bilmişdilər. Onlar bu mədəniyyətin məhsullarını Qərbə gətirdilər. Qərb isə gördüklərindən donub-qaldı. Belə möcüzələrdən biri isə üzərində fiqurlar toxunmuş ipək parçalar idi. Bu parçaları dərhal Dəməşq parçaları adlandırdılar. Sonralar materialından asılı olmayaraq üzərində bu cür toxuma fiqurlar olan bütün parçalar belə adlanırdı.

Dəməşqdə qılıncın tiyəsini elə düzəldirdilər ki, poladın üzərində girintili-çıxıntılı xətlərdən ibarət naxışlar görünürdü. Bu poladı Dəməşq poladı, naxışlı xətləri isə dəməşsena (damascene) adlandırdılar.

Dəmir pərdə

1945-ci ildə nasist Almaniyası son günlərini yaşayırdı. Almaniyanın təbliğat naziri Yozef Göbbels məğlubiyyətin qaçılmaz olduğunu gözəl başa düşürdü. O anlayırdı ki, nasistlər puç olmuş ümidlərinin, heç olmasa, bir hissəsini ancaq qalib ölkələr arasına nifaq salmaqla xilas edə bilərlər.

Bu səbəbdən də Göbbels “2000-ci il” məqaləsini yazır. Məqalədə SSRİ-nin Avropada hökmranlıq etməsi qandondurucu şəkildə təsvir edilirdi. Qeyd edək ki, o bu məqaləsini 1945-ci ildə keçirilmiş Yalta konfransından dərhal sonra, ABŞ və Böyük Britaniyanı narahat etmək ümidi ilə yazmışdı. O yazırdı: “Əgər almanlar təslim olsalar, sovetlər Avropanın bütün şərqini və cənub-şərqini, eləcə də Almaniyanın böyük hissəsini tutacaqlar. Bu çox böyük ərazinin qabağına dəmir pərdə asılacaq”. Göbbels bütün xarici təsirlərin qarşısının tərəddüdsüz və qəddarcasına alınacağını nəzərdə tuturdu.

Məqalə gözlənilən ani nəticəni vermədi. Almaniya darmadağın edildi və Sovet İttifaqı, həqiqətən də, Göbbelsin sadaladığı əraziləri tutdu. Bundan başqa, hər şeyə şübhə ilə yanaşan ruslar Qərbin onların işlərinə qarışmaq imkanını minimuma endirdilər. Müharibə illərində Böyük Britaniyanın başında duran Uinston Çörçill indi Göbbels kimi Rusiyaya qarşı mənfi mövqe tutmağa başladı. O həmçinin rusların Qərbə doğru genişlənə biləcək təsirindən ehtiyatlanırdı. Çörçill gözlənilən bu təhlükələr haqda ABŞ-ı xəbərdar etməyə cəhd göstərdi və 1946-cı il martın 5-də Fultondakı çıxışında Göbbelsin dəmir pərdə ifadəsini işlətdi.