banner banner banner
Sözlərin tarixi
Sözlərin tarixi
Оценить:
 Рейтинг: 0

Sözlərin tarixi

Qədim zamanlarda bu xüsusilə vacib idi. Çünki fotoşəkil, televiziya mövcud olmadığından hakimiyyətdə olanları sifətdən hamı tanımırdı; məsələn, Romanın əhəmiyyətli vəzifələr tutan məmurlarını üstlərində hakimiyyətin fərqləndirici nişanı olmasa, çətin ki kimsə tanıyardı; misal üçün, Roma magistratı[10 - Qədim Romada ali dövlət vəzifəsi] adam içinə ancaq əllərində qırmızı lentlə bağlanmış bir dəstə çubuq olan məmurların müşayiəti ilə çıxarmış. Bu çubuqların ortasında ağzı gözə çarpsın deyə bir az qabaqda yerləşdirilmiş balta var idi. Çubuqlar magistratın insanları döydürərək cəzalandırmaq, balta isə öldürmək hüququnun olmasına işarə edirdi. Qırmızı lent isə qanı təcəssüm etdirirdi. Çubuqlar latın dilində bağlama, dəstə mənası verən fassiya adlanırdı.

1919-cu ildə keçmiş sosialist Benito Mussolini yeni partiya formalaşdırmağa başladı. I Dünya müharibəsi yenicə başa çatmışdı. İtaliya qalib ölkələr sırasında yer almasına baxmayaraq, müharibənin gedişində ağrılı məğlubiyyətlərə də uğramışdı. Ölkədə işsizlik hökm sürürdü və dövlət kommunist inqilabı təhlükəsi ilə üz-üzə qalmışdı.

Mussolini hiss etmişdi ki, əgər o, güclü antikommunist mövqedən çıxış etsə, orta sinif və yüksək təbəqənin dəstəyini ala biləcək . O, aşağı sinif nümayəndələrinin tətil və digər sosial etirazlarla çıxış etmək hüquqlarının məhdudlaşdırılmasını istəyənlər tərəfindən razılıqla qarşılanacaq avtokrat hökumət qurulmasını təklif edir. Mussolini rəmz kimi insanların şüurunda hakimiyyət və cəzanı təcəssüm etdirən fassiyanı seçir, öz hərəkatını isə fassimo adlandırır. Bu söz başqa dillərdə faşizm, hərəkatın üzvləri isə faşist adlanmağa başlandı.

Mussolini hakimiyyətə 1922-ci ildə gəldi, digər ölkələrdə isə bu cür qruplar 20–30-cu illərdə yarandı. Onlar hər biri ayrılıqda və hamısı birlikdə özləri ilə hər yerə qəddarlıq, eləcə də tiraniya gətirdilər.

Getto

Orta əsrlər və yeni tarixin başlanğıcında yəhudilər Qərbi Avropada acınacaqlı həyat sürürdülər. Onlara nifrət edir və həqarətlə baxırdılar. Yəhudilər, demək olar, bütün hüquqlardan məhrum vəziyyətdə, hər an həyatları təhlükə altında yaşayırdılar.

Xristianların çoxu yəhudilərə o qədər nifrət edirdi ki, onları seqreqasiya etməyi, yəni üzlərini görməmək üçün xüsusi ayrılmış bir yerə köçürülmələrini təklif edirdilər. Bu təklifi əsaslandırmaq üçün hətta humanist səbəblər gətirilirdi; məsələn, deyirdilər ki, birinci səlib yürüşündən bu yana nadan və cahil insan kütləsi vaxtaşırı yəhudilərə hücum edir, hətta onları öldürür. Bu səbəbdən də yəhudilərin təhlükəsizliyi baxımından onların təcrid edilmiş, hasara alınmış bir ərazidə yaşaması daha məqsədəuyğundur.

Bəzi yerlərdə, həqiqətən də, belə etmişdilər; məsələn, venesiyalılar bu məqsədlə Getto adlanan ada seçmişdilər. Bu söz “dəmirçixana” kimi tərcümə olunur. Ola bilsin, həqiqətən də, vaxtilə həmin adada dəmirçixana yerləşirmiş. 1516-cı ildə bu ada yəhudi məhəlləsinə çevrildi.

Hansısa səbəbdən Venesiyanın yəhudi məhəlləsi elə məşhurlaşdı ki, İtaliyanın bütün yəhudi məhəllələri getto adlandırılmağa başlandı; misal üçün, Romanın da öz gettosu var idi. 1556-cı ildə şəhərdəki bütün yəhudilər zorla ora yerləşdirildi. Sonralar bütün şəhərlərdə yəhudi məhəllələri getto adlandırılmağa başlandı; məsələn, Almaniyada Frankfurt gettosu mövcud idi. Yeri gəlmişkən, milyonçu Rotşildlər sülaləsi buradan çıxmışdı.

Fransa inqilabından sonra Avropanın bütün gettoları bağlandı, ancaq bundan az qala əsr yarım sonra – 1940-cı illərin əvvəllərində, nasistlərin dövründə bədnam Varşava gettosu yaradıldı.

ABŞ-da “getto” sözü yeni məna kəsb etdi. Bu adla yeni ev almağa ümidləri belə olmayan milli azlıqların – puertorikalı və zəncilərin yoxsulluq içində yaşadıqları xarabalıqlar çağırılır.

Gilyotin

Qədim dövrlərdə, eləcə də orta əsrlərdə bir çox cinayətlərə görə ölüm hökmü çıxarılırdı. Bunun səbəbi cəmiyyətin çoxsaylı həbsxanaları saxlamaq üçün maliyyə imkanlarının məhdud olması idi. Canilərdən qurtulmağın ən sadə yolu isə onları asmaq idi. Bunun üçün vur-tut kəndir və dar ağacı lazım idi.

Ancaq söhbət zadəganlardan gedirdisə, onları rəiyyətdən fərqli edam etmək lazım idi və onların başlarını bədənlərindən üzürdülər. Bunun üçün qılınc (zadəganın silahı) və balta lazım idi. Əgər hər şey düzgün yerinə yetirilirdisə, edam olunan bir göz qırpımında həyatla vidalaşırdı. Ancaq səriştəsiz cəllad birinci zərbədən başı üzə bilmirdisə, qurbanına dəhşətli əzablar yaşadırdı. Ölümə məhkum olanlar da ölümün özündən çox məhz bundan qorxurdular.

Orta əsrlərdə vaxtaşırı ağır bıçağı daha sürətlə enərək başı bədəndən xeyli dəqiqliklə ayıran qurğular peyda olurdu. Ancaq belə ölümlər “alicənablıqdan” uzaq sayıldığı üçün bu qurğulardan nadir hallarda istifadə olunurdu.

Fransa inqilabı günlərində inqilabi qanunverici orqanın üzvü, həkim Jozef İqnas Gilyoten məhkumların edam olunması üçün mexaniki bıçaqdan istifadə edilməsi təklifini irəli sürdü. Onun fikrincə, bu həm daha humanistcəsinə idi, həm də edam prosesini o qədər asanlaşdırırdı ki, demək olar, istisnasız olaraq bütün caniləri edam etməyə imkan verirdi. Bununla da zadəgan və rəiyyətin edamlarındakı fərq aradan qalxmış olurdı.

1792-ci il aprelin 25-də mexaniki bıçaq ilk qurbanının həyatına son qoydu. Bu, qəddar bir quldur idi. Mexaniki bıçaq onun istifadəsi üçün mübarizə aparmış insanın şərəfinə “gilyotin” adlandırıldı. Bu sözü 1793–94-cü illərdə hökm sürən dəhşətli terrordan ayrı təsəvvür etməyən insanlar gilyotini az qala qəddarlığın sinonimi hesab edirdilər. Ancaq ölüm hökmü mövcud olan müddətdə gilyotin, ola bilsin, bu hökmün yerinə yetirilməsinin ən humanist üsulu olaraq qalacaq. Fransızlar indiyədək ondan istifadə edirlər[11 - Hazırda Fransanın da üzvü olduğu Avropa İttifaqında və bir çox başqa ölkələrdə, o cümlədən Azərbaycanda ölüm hökmü ləğv edilib.].

Belə söz-söhbət gəzir ki, guya Gilyotenin özünün də başını gilyotinlə kəsiblər, amma bu belə deyil. O, terrorun hökm sürdüyü vaxtdan iyirmi bir il sonra, yetmiş altı yaşında öz əcəli ilə, çarpayısında vəfat edib.

Gimnaziya

Demək olar ki, qədim dünyanın heç bir xalqı bədən tərbiyəsini yunanlar qədər sevmirdi. Onlar hesab edirdilər ki, insan hər şeydə – əqli, fiziki və mənəvi inkişafda mükəmməlliyə çatmalıdır. Bütün böyük hadisələri onlar yarış keçirməklə qeyd edirdilər. Bu yarışların ən görkəmlisi isə dörd ildən bir keçirilən və bütün yunanları mükəmməllik uğrunda birləşdirən Olimpiya oyunları idi. Bu oyunlar keçirilən müddətdə hətta müharibələrə ara verilirdi. Digər tərəfdən yunanların keçirdiyi yarışlar insanın təkcə fiziki imkanlarının nümayişi deyildi. Yunanlar eyni zamanda zehni inkişaf etdirən yarışlar da keçirirdilər.

Müxtəlif oyunlar və məşqlər vacib sayıldığından, təbii ki, bu yarışlara hazırlaşmaq üçün xüsusi ayrılmış yerlər olmalı idi. Yunanlar paltar bədənlərini narahat etməsin deyə bədən tərbiyəsi və idmanla çılpaq məşğul olurdular. Bu səbəbdən də yunanların fiziki hazırlıqla məşğul olduqları yer “gymnasion” (latınca “gymnasium” yazılırdı), yəni “çılpaq şəkildə məşq etmək üçün yer” adlanırdı.

Yunanlar həm bədəni, həm də əqli inkişaf etdirməyin vacib olduğunu hesab etdiklərindən gimnaziya qaçış və ağırlıq qaldırmaq üçün nəzərdə tutulan yerdən daha vacib bir məkana çevrildi. Bura toplaşan insanlar fəlsəfi və elmi mövzularda söhbət etməyi sevirdilər. Beləliklə, gimnaziyalar tezliklə həm məşq üçün ayrılan yer, həm də məktəb sayılmağa başlandı.

Tədricən gimnaziyalar Böyük İsgəndərin istila etdiyi ərazilərdə yunan mədəniyyətinin yayılması üçün əla vasitəyə çevrildi. Bu, Asiya və Afrikanın idmanın müxtəlif növləri ilə məşğul olmağa o qədər də həvəs göstərməyən və çılpaq bədən görəndə pərişan olan xalqlarını qorxuya salırdı; məsələn, bu, yəhudilərin hislərini təhqir edirdi və e.ə. 166-cı ildə Makkaveylərin qaldırdığı üsyanın əsas səbəblərindən biri məhz Selevkilərin çarı IV Antioxun əmri ilə Yerusəlimdə gimnaziya tikilməsi idi.

Biz ingilis dilində indiyədək “gymnasium” sözünü ancaq idmanla məşğul olunan yerlər üçün işlədirik. Almanlar isə bu sözdən əqlin inkişaf etdirilməsi üçün nəzərdə tutulan məkan mənasında istifadə edirlər. Gimnaziya onlar üçün məktəbin sinonimidir[12 - Bizdə də gimnaziya məktəb anlamına gəlir.].

Heroqlif

VII əsrdə yunanlar ilk dəfə Misirə gəlib çıxdılar: kimi tacir, kimi də muzdlu əsgər qismində. Hər şeylə maraqlanan və iti zəkaları ilə fərqlənən yunanlar hara gedirdilərsə, 2500 ildən artıq mövcud olan bir mədəniyyətin möcüzələrinə, onun yaratdığı əzəmətli tikililərə rast gəlirdilər. Bütün bunlar onlar üçün naməlum və yad idi.

Saçları dibindən qırxılmış misirli kahinlərin hərdən yunan turistləri aparıb gəzdirdikləri sirli, qapqaranlıq məbədlər onlarda unudulmaz təəssüratlar yaratdı. Divarlar qədim yazılarla dolu idi. İnsanların, quşların, heyvanların kiçik təsvirləri və sözləri əvəz edən dalğavarı xətlər qaranlıqda sezilirdi.

Bu qədim yazıların nə demək olduğu haqda yunanların təsəvvürləri belə yox idi. Misirlilərin özlərinin də bu barədə məlumatı az idi. Bələdçilər bu yazıları ya tərcümə edə bilmir, ya da bilərəkdən etmir, barbarlar ölkəsindən gəlmiş bu vəhşiləri Misirin sirləri və əzəməti ilə heyran qoymaq istəyirdilər.

Yunanlar, əsasən, məbəd divarları və qəbir daşlarının üzərində yonulmuş bu işarələri müqəddəs oyma adlandırırdılar. Yunan dilində bu, “hieroglyphikos” kimi səslənirdi. Buradan da həmin söz ingilis və başqa dillərə keçdi.

Daş üzərində oyulmuş bu yazıların tarixi kökləri məlum olmadığından anlaşılmaz, şifrlənmiş və sirli hər şey “heroqlif” sözü ilə ifadə edilməyə başlandı.

Amma bu gün heroqlif dedikdə artıq sirli və mistik heç bir şey yada düşmür. 1799-cu ildə, Napoleon Bonapartın dövründə, fransız ordusu Misiri tutanda əsgərlərdən biri e.ə. 197-ci ilə aid belə yazıların qalıqlarını tapır. Bu, üç müxtəlif üsulla yazılmış adi elan idi: yunanca və misir dilinin iki variantında. Bu yazı, bir növ, kiçicik lüğət rolunu oynadı və fransız arxeoloqu Jan Fransua Şampolyon yunan dilini dayaq nöqtəsi götürərək heroqlifləri oxuya bildi.

Hicrət

Təxminən 570-ci ildə Məkkənin (Ərəbistan) tanınmış və hörmətli ailələrindən birində oğlan uşağı anadan olur. Uşağın adını Məhəmməd qoyurlar. Atasının ölümündən sonra onun uşaqlığı və gəncliyi yoxsulluq içində keçir. Hələ cavan yaşlarından kommersiya sahəsində bacarığı ilə seçilən Məhəmməd bir dul qadının ticarət karvanlarını elə məharətlə idarə edir ki, qadın bütün biznesinin idarəçiliyini ona həvalə edir və gəncin iyirmi beş yaşı tamam olan kimi ona ərə gedir. Məhəmməd təxminən qırx yaşında olanda monoteist, yəni bir allaha inanan dini təbliğ etməyə başlayır. Bu yeni dinə xristianlıq və iudaizmin böyük təsiri olmuşdu.

İlk vaxtlar ona qulaq asanları heç nə ilə maraqlandıra bilməmişdi. Məhəmmədə yalnız həyat yoldaşı, həmçinin ailə üzvləri və yaxın dostlarından ibarət kiçik bir qrup inanırdı. Tədricən onun moizələri insanların düşüncələrinə təsir etməyə başladığından Məkkənin varlı tacirləri narahat olmağa başladılar. Buna görə də Məhəmməd tez bir zamanda onlar tərəfdən sıxışdırılmağa başlandı.

619-cu ildə həyat yoldaşının dünyasını dəyişməsi ilə Məhəmməd ciddi problemlərlə üzləşdi. Çünki həmin qadın ətrafdakılara müsbət təsir göstərirdi. Onun ölümü ilə vəziyyət dəyişdi və 622-ci il iyulunun 16-da Məhəmməd Məkkədən qaçaraq oradan 200 mil şimalda yerləşən və yeni salınmasına baxmayaraq artıq böyük nüfuz qazanmış Mədinə şəhərində sığınacaq tapdı. Onun tərəfdarlarından bir çoxu özündən əvvəl bu şəhərə gəlmişdi və əgər Məhəmməd məhz həmin gün bura qaçıb gəlməsəydi, çox güman, Məkkədə öldürüləcəkdi.

Mədinəyə gələn gündən tale Məhəmmədin üzünə gülməyə başlayır. O, döyüşə gedən dəstələrə başçılıq edərək çoxlu qələbələr qazanır. 629-cu ildə Məhəmməd Məkkəyə qalib kimi qayıdır və 632-ci ildə o, dünyasını dəyişəndə bütün Ərəbistan onun nəzarətində idi.

Onun davamçıları öz orduları ilə Ərəbistan hüdudlarından kənara çıxıb yüz il ərzində Qərbi Asiya və Şimali Afrikanı tamamilə istila etdilər və əhalisi bütünlüklə Məhəmmədin dininə (islama) etiqad edən nəhəng imperiya qurdular.

639-cu ildə yeni dövrün başlandığı tam aydın idi. Bu dövrün başlanğıc nöqtəsi məhz Məhəmmədin Mədinəyə hicrəti (mühacirət, qaçış) adı verilmiş qaçışı sayılmağa başlandı.

İsa anadan olan gün xristian təqviminin başlanğıcı sayıldığı kimi, hicrət də indiyədək müsəlman tarixinin başlanğıcı hesab edilir.

İmperiya

Əvvəllər latın dilində istənilən hərbi birləşmənin komandiri “imperator” adlanırdı. Tədricən bu söz baş komandan mənasında işlənməyə başladı.

E.ə. 31-ci ildən Oktavian Sezar Romanın mütləq hakimi oldu. O, əvvəllər ayrı-ayrı adamların rəhbərlik etdiyi bir çox dövlət idarələrinin başına keçdi. O həmçinin özünü Avqust adlandırmağa başladı (bax: “Avqust”). Ancaq bir çox titul və vəzifələrdən ən əhəmiyyətlisi “imperator” sayılırdı. Oktavian Sezar Roma ordusunun baş komandanı idi və məhz bu onun özünü qüdrətli, hakimiyyətini isə sarsılmaz edirdi. Bu səbəbdən də Avqustun tətbiq etdiyi idarəçilik üsulu imperiya adını aldı.

Əslində, “imperiya” anlayışı təkcə Roma imperiyasına şamil edilməli idi. 476-cı ildə imperiyanın qərb hissəsi dağılsa da, şərq hissəsi hələ də mövcud idi. Konstantinopolda özünü Roma imperatoru adlandıran padşahlar 1453-cü ilədək hökmranlıq etdilər. Qərbdə bu titulu 800-cü ilədək – Roma papası Böyük Karlı imperator elan edənədək tanımadılar.

Həmin qərb imperatorları (“Müqəddəs Roma imperiyası”nın imperatorlarından söhbət gedir. İmperiya özü isə papa tərəfindən müqəddəs elan edildiyi üçün belə adlanırdı) 1806-cı ilədək hökmranlıqlarını davam etdirdilər. Bu, Napoleonun özünü Fransa imperatoru elan etdiyi illər idi. O dövrdə ürəyi istəyən hər bir padşah özünü imperator adlandıra bilərdi. Yaşadığımız dövrdə isə biz yalnız Yaponiya imperatorundan danışa bilərik.

Romalılar bir çox qeyri-Roma xalqlarını idarə etdiklərindən indi tərkibinə əhalisi ayrı dildə danışan və ayrı mədəniyyətə mənsub olan bir neçə ölkənin daxil olduğu dövlət imperiya hesab olunur (keçmiş Britaniya imperiyası kimi)[13 - Biz isə buna misal kimi keçmiş Rusiya imperiyasını və ya SSRİ-ni göstərə bilərik.]. Başqa dildə danışan və başqa mədəniyyətə aid olan ölkələri idarə etmək üçün əlindən gələni edən dövlətin siyasəti isə imperialist siyasət, ya da sadəcə, imperializm adlandırılmağa başlandı.

İyul

Roma imperiyası zamanı təqvim Ayın Yer kürəsi ətrafındakı hərəkətinin dövriliyinə əsaslanırdı. Hər yeni təqvim ayı Ay hilal olanda başlayır, yeni ilin ilk günü isə martın 1-i sayılırdı. Bu çox narahat təqvim idi. Üstəlik də, kahinlər ona yaxşı nəzarət edə bilmədiklərindən e.ə. I əsrdə dolaşıq bir vəziyyət yaranmışdı.

Misirdə isə əksinə, təqvim ayının göydəki Ayla heç bir bağlılığı yox idi. Hər ay 30 gündən, il 12 aydan ibarət idi. Artıq 5 gün isə ilin axırına əlavə edildiyindən il 365 gün davam edirdi. Yunan astronomları ildə 365, üstəgəl dörddə bir gün olduğunu bilirdilər. Buna görə də Misir təqvimi bir az qeyri-dəqiq olsa da, bu vəziyyətdə belə romalılarınkından qat-qat yaxşı idi.

E.ə. 48-ci ildə Yuli Sezarın gəmiləri Misirin paytaxtı İsgəndəriyyə limanında lövbər saldı (bu vaxt Romada vətəndaş müharibəsi gedirdi).

Misirdə bir il qaldığından Sezarın yerli təqvimlə diqqətlə tanış olmağa və onun Roma təqvimindən üstün cəhətlərini öyrənməyə kifayət qədər vaxtı var idi. O, yunan astronomu Sosigenin yardımından istifadə etdi və Romaya qayıdan kimi yeni təqvimin tətbiq edilməsinə əmr verdi. Yeni təqvimə görə ildə 12 ay var idi. 5 artıq gün isə bir yox, bir neçə aya əlavə olunduğundan bəzi aylar 30, bəziləri isə 31 gündən ibarət idi. (Fevral uğursuz ay sayıldığından ondan bir neçə gün çıxarıldı.)