banner banner banner
Şəmsəddin Eldəniz
Şəmsəddin Eldəniz
Оценить:
 Рейтинг: 0

Şəmsəddin Eldəniz


Sultan cümə axşamı dünyasını dəyişdi, səhəri gün isə bütün məscidlərdə cümə xütbələrində Sultan Mahmudun adı oxundu. Sultan Məhəmməd Tapar öldüyündə 38 yaşı var idi. Eyni gün arvadı Gövhər xatunun otağında boğularaq öldürüldüyü deyilir. Mənbələr sultanı öz arvadının zəhərlədiyini iddia edirlər. Başqa bir iddiaya görə, Tapar öləcəyini anladıqda arvadı Gövhərin qardaşı Səncərlə evlənib oğullarını hakimiyyətdən məhrum etməsindən qorxaraq özü boğdurmuşdu.

Tapar ölərkən sultanlıq xəzinəsində 10 milyon dinar[23 - Dinar – Yaxın Şərqin bəzi ölkələrində qızıl pul] nəğd pul buraxmışdı. Bundan başqa, xəzinədə bir o qədər də qızıl, gümüş və qiymətli əşyalar toplanmışdı. Heç bir Səlcuqlu sultanı dövlət malının qorunmasına onun qədər önəm verməmişdi.

Təcrübəsiz, əyləncəyə düşkün olan Mahmud vaxtının çoxunu ov quşları ilə keçirdiyindən dövlət idarəsini məmurların insafına buraxmışdı. Nəticədə Taparın ölməsindən iki ay sonra dövlət xəzinəsi məmurlar tərəfindən talan edildi və tamam boşaldı. Həmin dövrə aid qaynaqlarda bu barədə oxuyuruq: «Qızıl qurtardıqdan sonra gümüşlərin üstündəki (dövlət) möhürünü çıxarıb onları da öz aralarında bölüşdürdülər. Sonra zinnət əşyalarına əl uzatdılar. Daha sonra da sıra ilə mücəvhərləri, libasları, otlaqlardakı ərəb atlarını, dəvələri paylaşdılar. Heç bir şey buraxmadılar. Damazlıq qoyunlara, qoçlara, keçilərə qədər bölüşdürdülər. Varlı olan dövləti soyub soğana çevirdilər, beləcə, onun bel sutununu sındırdılar».

Səlcuqlu dövlətində başlayan hərc-mərclik əmisi Səncərin Sultan Mahmuda qarşı hərəkətə keçməsinə gətirib çıxardı. Həmin vaxt Xorasanı idarə edən Səncər 1119-cu ildə Savə yaxınlığındakı döyüşdə Mahmudu məğlub edib hakimiyyəti ələ keçirdi. Bu hadisə Böyük Səlcuqlu dövlətinin parçalanmasına səbəb oldu. Səncər Xorasan və İraq Səlcuqluları (yaxud Şərqi və Qərbi Səlcuqlular) deyə iki yerə bölünən imperiyanın hakimiyyətini ələ keçirdi. O, qardaşı oğlunu öldürməyib İraq Səlcuqlu hökmdarı elan elədi. Bu hadisə 1119-cu ildə Böyük Səlcuqlu dövlətinin Reydən qərbə doğru uzanan torpaqlarında yeni dövlətin yaranmasına səbəb oldu.

Tarixçi Həmdullah Mustovfi Qəzvini yazır ki, İraq, Azərbaycan, Bağdad, Diyarbəkir, Fars, Aran, Ərmən və Gürcüstan torpaqlarının nəzarəti Sultan Mahmuda verildi. Sultan Mahmud arxa-arxaya Sultan Səncərin iki qızı ilə evləndi və onun vəliəhdi elan edildi.

Məhz bu hadisələrdən iki il sonra Eldəniz Həmədana gəldi və İraq Səlcuqlu dövlətinin sarayına daxil oldu. Əvvəl də yazdığımız kimi, öncə vəzir Sümeyrəminin, daha sonra Sultan Mahmudun qulamı olan Eldəniz düz 20 il boyunca Səlcuqlu sarayında xidmət elədi. O, daxili müharibələrin, saray intriqalarının və ixtilaflarının içində yetişdi. Gördüklərindən dərs çıxarmağı yaxşı bacaran Eldəniz başqa əmirlərdən və atabəylərdən fərqli olaraq özünü mərhələli şəkildə dövlət idarəçiliyinə hazırladı. Elə Möminə xatunun da həmin vaxtadək adı-sanı olmayan Eldənizlə evlənməyə razılıq verməsinin səbəbi qəhrəmanımızın ağlı, qabiliyyəti idi. Eldənizdə saraydakı əksər əmirlər və qoşun başçıları üçün xarakterik olan tamahkarlıq, vəzifə hərisliyi yox idi. O, adlı-sanlı bir türk boyuna mənsub olsa da, əsir alınıb qul kimi satılmış, yaşadığı çətinlikləri əsla unutmamış, sakit təbiəti və bacarığı ilə addım-addım ordu başçılığına qədər yüksəlməyi bacarmışdı. Sonda isə bununla da kifayətlənməyərək Səlcuqlu tarixinin ən böyük dövlət adamlarından birinə çevrilmişdi…

Atabəylik nədir?

Səlcuqlu dövlət sistemində atabəylik institutunu müsəlman dövlətçiliyindəki qulam sisteminin yeni mərhələsi olaraq görmək lazımdır. Kökləri Əməvi xilafətinə (661–750) qədər uzanan qulam sistemi orta əsrlərdə bütün müsəlman ölkələrinə yayıldı. Əvvəl də qeyd elədiyimiz kimi, qulamlıq zaman keçdikcə dövlət üçün məmurların hazırlığı ilə məşğul olan sistemə çevrilmişdi. Abbasi xilafəti, Səlcuqlular, Əyyubilər, Məmlüklər, Osmanlılar və Qızılbaşlar dövlətlərində mövcudluğunu davam etdirən bu sistem, sadəcə, yalnız hərbi sahədə deyil, dövlət idarəçiliyi sahəsində də kadrların yetişdirilməsində mühüm rol oynamışdır.

Müharibə və müxtəlif yollarla ələ keçirilən qullar siyasi, hərbi, sosial sahələrdə qazandıqları mövqeyə görə müxtəlif dövrlərdə müxtəlif adlar alıblar. İslam dövrü mənbələrində onlara abid[24 - Abid – əyalətlərdə vergilərin toplanmasına nəzarət edən dövlət məmuru], məmlük, əl-məvla, bəndə, əl-xadim, qul və qulam deyilirdi.

İslamın ilk dövrlərindən etibarən əsir alınan və qul statusu daşıyanların 1/5-i dövlət xəzinəsinin payına, 4/5-ü isə orduya daxil edilirdilər. Ələ keçirilən, əsir düşən və ya satın alınan qul türk kökənlidirsə, adətən, müsəlman hakimləri tərəfindən ordu sıralarına cəlb olunurdu.

Ərəbcə qulam «bədənində tük çıxmamış və ya bığı tərləməmiş dəliqanlı, gənc xidmətçi, oğlan uşağı, azad olunmuş qul, sahibinə tabe mühafizəkar» mənasına gəlir. Bu söz kişi qulları ifadə edir. Qadın qullara isə cariyə adı verilirdi.

Abbasilərdən etibarən mənası dəyişməyə və genişləməyə başlayan qulam anlayışı, xüsusilə türklərin dövlət sistemində geniş səlahiyyətlər qazandı. Belə ki, «əsir və ya qul kimi xidmətə qəbul edilən insanların qabiliyyətləri, təhsil səviyyələri onların ordu və dövlətin müxtəlif sahələrində işə götürülməsinə» şərait yaratdı və bu qulam sisteminin yaranmasına səbəb oldu.

Böyük Səlcuqlu dövləti yarandıqdan sonra xilafətin bir çox qurum və quruluşların funksiyasını qoruyub saxladı. Səlcuqluların çoxsaylı fəthlərə, insan resurslarına ehtiyacı artırmışdı. Güclü hərbi-siyasi təməllər üzərində dayanan Səlcuqlu ordusu qulamlardan, üməralardan (qulamlıqdan yetişənlərdən), türkmənlərdən, vassal dövlətlərin hərbi qüvvələrindən və şəhər-əyalət qarnizonlarından formalaşırdı. Ordunun əsas, dəyişməyən və say etibarı ilə çox hissəsini təşkil edən türklər iki hissəyə ayrılırdılar. Onlar qulamlıq sisteminə görə təlim almış türkmənlər və irsi olaraq əmirlərinə bağlı azad türkmənlər adlanırdı.

Səlcuqlu dövlət sistemində qulamlar əsasən qarluq, yağma, çigil, qıpçaq, qayı, uran və oğuzlardan ibarət idi[25 - Vəzir Nizamülmülk hazırladığı məruzələrin birində oğuz türklərindən 5–10 min insanın qulam olaraq dövlət xidmətinə alınmasını tövsiyə etmişdi.].

Səlcuqlu ordu sistemində zamanla bəzi dəyişikliklər meydana gəldi. Bunun ən bariz nümunəsi «maaşlı» və «iqta (pay torpağı) sahibi» əsgərlərin ortaya çıxmasıdır. Belə ki, özlərini dövlətin hakim təbəqəsi sayan oğuzlar mütəmadi olaraq mərkəzi hökumətə qarşı üsyana qalxırdılar. Həmin üsyanlar qarşısında hakimiyyətlərini qorumaq istəyən sultanlar öz ordularını daimi hərbi birləşmələrdən təşkil etməli oldular.

Səlcuqlular dövründə qulamlıq sistemi daxilində xüsusi bir qurum kimi atabəylik formalaşdı. Bu sistemin yaranmasında ən böyük rolu Nizamülmülk oynamışdı.

Bəzi tarixçilər səlcuqlu qulam sisteminin digər İslam dövlətlərindəki qulam sistemindən fərqini belə izah edirlər: səlcuqlu ordusu tamamilə türkmənlərdən ibarət qulamlardan təşkil olunmuşdu, halbuki qulam sisteminə döyüşlərdə əsir alınan və qul bazarlarından toplanılan başqa millətlərdən də əsgərlər daxil edilirdi. İstənilən halda, səlcuqlu qulam sisteminin onurğa sütunu türklər idi.

Bildirildiyinə görə, 1040-cı ildə səlcuqlularla qəznəvilər arasında baş verən Dandanakan döyüşündə 370 qulam Toğrul bəyin tərəfinə keçmiş və bununla da Səlcuqlu dövlət sistemində qulamlığın əsası qoyulmuşdur.

Sultan Məlikşahın dövründə qulamlar Səlcuqlu ordu və dövlət sistemində ən böyük sinfi təşkil edirdilər. Onların fəaliyyət sahələri genişlənib mövqeləri gücləndikcə qulamlıq sistemi də dövlət daxilində xüsusi instituta çevrildi. Artıq vəzirlər, əmirlər, vilayət sahibləri, hətta qulamlıqdan həlledici mövqelərə yüksəlməyi bacaran atabəylərin belə əmrində qulamlar var idi. Məsələn, Nizamülmülkün qulamlarının sayı 1000-ə çatırdı. Hər qulamın aylıq maaş aldığını nəzərə alsaq, vəzirin onlara 200 min dinar ödədiyini söyləmək mümkündür. Bu o deməkdir ki, qulamlıq Səlcuqlu dövlətində həm də ciddi iqtisadi məna ifadə edirdi.

Dövlətin bütün siyasi-maddi imkanlarından faydalanan qulamlar dövlətdən öz haqlarını tələb eləmək imkanına malik idilər. Məsələn, Kirman hakimi Kavurdla döyüş ərəfəsində qulamlar Nizamülmülkə açıq şəkildə xəbərdarlıq etmişdilər: «Əgər bizə verilən iqtalar və caməgilər[26 - Caməgi – əsgərin maaşdan başqa aldığı bəxşiş] artmasa, dövlət səadəti Kavurdun olsun! Yaşasın Kavurd!»

Hələ Əməvilər dövründən etibarən bütün müsəlman dövlətlərində türk əsilli qulam-məmlüklər ordu sisteminin bir parçasına çevrilir və öz vəzifələrindən istifadə edərək dövlət idarəçiliyində geniş səlahiyyətlər qazanırdılar. Bunu yaxşı bildikləri üçün bəzi türk gəncləri könüllü şəkildə həmin sistemə daxil olmaq istəyirdilər. Elə Eldənizin yolda tərk edildiyi halda gedib yenidən qul karvanına qoşulmasının başlıca səbəbi də bu idi…

Müsəlman dövlətlərinin ordularında qulamlar o qədər qiymətli idi ki, bəzən hətta onlar üçün cehizlərdə göndərilirdi. Məsələn, Məlikşah Qaraxanlı hökmdarı İliq Xanın nəvəsi Tərkən Xatun ilə evlənərkən Sultan Alparslanın sarayına gəlinin cehizi ilə birlikdə 1000 türk əsilli qul və cariyə də göndərilmişdi.

Qulamlar uzun təhsil və tərbiyə dövrü keçirdilər. Bu məktəblərə qulamxanələr deyilirdi. Bəzi qaynaqlara görə, qulamın təhsil və tərbiyə müddəti 18-20 il davam edirdi. Nizamülmülkə görə, yaxşı təlim və tərbiyə almış qulama 30-40 yaşından tez vəzifə verilə bilməzdi.

Nizamülmülk qulamların yetişdirilməsi prosesini belə təsvir edir: «Qulam satın alanda əvvəlcə o, bir il boyunca hərbi hissədə zəndənəci[27 - Zəndənəci – «zəndanə» sözündəndir. Bu söz xanəndə və ya qadın xanəndə mənasına gəlir. Zəndənəci isə xanəndələr tərzində geyinilən libas mənasına gəlirdi.] qaftan və yüngül çəkmə geyərək xidmətə başlayardı. Həmin il əzrində qulamın hətta gizli belə olsa ata minməsinə icazə verilmirdi. Minərsə, ağır cəza alırdı. Qulamın bu birillik xidmət müddəti qurtaran kimi bunu sultana xəbər verir, daha sonra isə həmin qulama dəri yəhəri və dəri çulu olan türk atı verirdilər. Birillik at və qamçı ilə xidmət müddəti qurtaran kimi bu dəfə ona qılınc, üçüncü il yay qabı və oxluq verilirdi. Dördüncü il daha yaxşı yəhər, ulduzlu bir çul, bir qaftan, üstündə bir həlqə asılan çomaq təqdim edilirdi. Beşinci il bir saki[28 - Saki (və ya saqi) – ərəbcədən tərcümədə bu söz içki paylayan, şərab süzən deməkdir. Xüsusi məclislərdə başda hökmdar olmaqla məclis iştirakçılarının qədəhlərinə şərab süzən xidmətçilər belə adlandırılırdı. Saqilərin inanılmış və sədaqətli olması vacib şərt idi. Bundan başqa, meyxanələrdən tutmuş əsilzadələrin evlərində də eyni işi görənlərə saki (və ya saqi) deyilirdi.] və belinə qədəh asılmış bir abdar[29 - Abdar – Səlcuqlu və orta əsr digər müsəlman dövlətlərində saray məmuru. «Taştdar» da adlandırılır. Vəzifəsi hökmdarın əlini yuması və dəstəmaz almasına kömək etmək idi. «Abdar» sözünün farscadan tərcüməsi də elə «su tökən» deməkdir.] verilirdi. Altıncı il camadarlıq[30 - Camadar – başda sultan olmaqla saraydakıların geyiminə və libaslarına nəzarət edən məmura verilən ad] edərdi. 7-ci il ona bir təpəli və 14 pazlı çadır verilirdi. Sonra da üç yeni satın alınmış qulamı onun dəstə üzvü təyin edirdilər. Özünə isə visakbaşı titulu verilirdi. Gümüşü ip çəkilmiş qara külah ilə Gəncə qaftanını ona geyindirirdilər. Daha sonra əmrindəki xidmətçilərin sayını və rütbəsini artıraraq nəhayət haylbaşı təyin edirdilər. Beləcə, ləyaqəti, hörməti, şücaəti artdıqca hamı tərəfindən tanınırdı. Əlində böyük səlahiyyət toplanırdı… Bir sözlə, qulam 30-40 yaşına çatmamış əmirlik və valilik rütbəsi ala, heç bir vəzifəyə təyin edilə bilməzdi».

Bu sistemin varlıq səbəbini, ortaya çıxmasını və mövcudluğunu təhlil edən İbn Xəldun[31 - İbn Xəldun (1332 – 1406) – XIV əsr filosofu, dövlət xadimi və tarixçisi] qulam sisteminin varlığını dövlət fəlsəfəsi cəhətindən belə əsaslandırırdı: «Bir hökmdar hakimiyyətinin ilk mərhələsində öz millətinə arxalanır, onun mənfəətini ön planda tutur, vergilərin toplanmasından tutmuş, dövlət sərhədlərinin qorunmasınadək hər işi öz qövmünə tapşırır, onun fikirlərini və istəklərini nəzərə alaraq davranır. Lakin sonrakı mərhələdə həmin hökmdar öz qövmünü dövlət işlərindən uzaqlaşdıraraq bütün hakimiyyəti öz əlində cəmləşdirməyə çalışır, qullar alaraq özünün köməkçiləri təyin edir, onların sayını çoxaltmağa çalışır. Bunda məqsəd var-dövləti yalnız öz sülaləsinin paylaşmasına şərait yaratmaq, bunun üçün də camaatı öz iradəsinə boyun əydirməkdir». Bir sözlə, İbn Xəlduna görə, hökmdar xalqını və silahdaşlarını ölkə idarəçiliyində iştirak imkanından məhrum edərək dövləti şəxsi mülkiyyətinə çevirmək üçün qulam sisteminin varlığına ehtiyac duyurdu.

Səlcuqlular dövründə hətta belə bir atalar sözü məşhur idi: Sadiq bir qulam 100 övladdan daha xeyirlidir. Çünki övlad atanın ölümünü istəyər, qulam isə uzun yaşamasını.

Səlcuqlu dövlət sistemində qulamın əldə etdiyi ən böyük vəzifə atabəylik idi. Buna görə də atabəylik qulam sisteminin bir parçası, daha doğrusu, onun son mərhələsi hesab olunurdu. Səlcuqlu atabəylərinin, demək olar, hamısı qulam sistemindən çıxan əmirlər və sərkərdələr idi.

Bir qulamın vəliəhd şahzadənin atabəyi elan edilməsində əsas şərtlər qabiliyyət, istedad və sədaqət idi. Sultan istedadına və qabiliyyətinə inandığı, sədaqətindən şübhə eləmədiyi qulamını oğlunun atabəyi təyin edirdi. Tarixdə padişahların inamını boşa çıxarmayan atabəylər çoxdur; elə Səlcuqlu atabəylərinin də əksəriyyəti dövlətə sədaqətlə xidmət göstəriblər. Bununla belə, hər atabəy öz şahzadəsinin haqlarını qorumaq istəyir, eyni zamanda həmin şahzadə taxta çıxacağı təqdirdə özlərinin də böyük imkanlar qazanacaqlarını bilirdilər. Bu isə sonda Səlcuqlu dövləti daxilində müstəqil atabəylərin yaranmasına səbəb oldu. Təkcə Azərbaycanda dörd atabəylik sülaləsi (Aran, Marağa, Azərbaycan və Əhər) yarandı.

Qara Sunqur

Əvvəl də qeyd elədiyimiz kimi, İraq Səlcuqlu sultanı Mahmud 1131-ci ildə gənc yaşda vəfat etdi. Bunun ardınca isə şahzadələr və əmirlər arasında taxt uğrunda mübarizə daha da alovlandı. Xüsusilə Məhəmməd Taparın oğulları arasında hakimiyyətə sahiblənmək üçün qanlı mücadilə başladı.

Mahmudun vəfatından sonra onun dörd qardaşı taxt-taca iddia edirdi. Bunlar Davud, Toğrul bəy, Məsud və Süleymanşah idi.

İraq Səlcuqlu taxtını öncə Davud ələ keçirdi. Lakin Davudun hakimiyyəti, sadəcə, bir il davam etdi. 1132-ci ildə taxta Toğrul bəy çıxdı və «Sultan II Toğrul bəy» adını aldı. Toğrul bəyin qısa müddətli hakimiyyəti (1132–1135) qardaşları ilə müharibələrdə keçdi. Hakimiyyətinin üçüncü ilində Toğrul vəfat etdikdən sonra isə bu dəfə taxta Məsud oturdu. Sultan Məsudun hakimiyyəti (1135–1152) uzun sürsə də, ölkədəki daxili müharibələr, ixtilaflar və üsyanlar səngimədi. Məsudun zəif iradəsi əmirlər arasında hakimiyyət hərisliyinin artmasına gətirib çıxardı. Xüsusilə hərəsi bir səlcuqlu şahzadəsinin atabəyi olan və böyük hərbi gücə sahib əmirlər sultanın iradəsi ilə qətiyyən hesablaşmırdılar. Belə əmirlərdən biri də rəsmi olaraq Aran atabəyi hesab olunan, reallıqda isə İraq Səlcuqlu dövlətinin bütün şimal-qərb torpaqlarına (Diyarbəkir, Aran, Azərbaycan, Əxlat[32 - Əxlat – indiki Türkiyə ərazisində, Van gölünün şimal-qərb sahilində qədim şəhər] və d.) nəzarət edən Atabəy Qara Sunqur idi. O, Sultan Məsuddan daha çox onun arvadı, Sultan Bərkyarukun qızı Zübeydə Xatundan çəkinirdi. Belə ki, Zübeydə Xatun Məsud üzərində ciddi təsirə, hətta bir çox dövlət işləri ilə bağlı qərar vermək imkanına malik idi. Bu səbəbdən də Qara Sunqur onunla münasibətlərini xoş tutmağa başlamışdı. Atabəy Zübeydə Xatuna müxtəlif qiymətli hədiyyələr göndərirdi. Nəticədə onun yanında böyük nüfuz qazandı. Bu Qara Sunqurun Aran Atabəyliyinin başında qalmağa davam etməsinə və siyasi nüfuzunun güclənməsinə gətirib çıxardı.

Bundan sonra Qara Sunqur Sultan Məsudun hakimiyyətini möhkəmləndirmək üçün hərəkətə keçdi. Nəticədə sultanın əsas düşmənlərinə, o cümlədən, Abbasi xəlifəsi Müstərşidə ağır zərbə vurdu və onların İraq Səlcuqlu hökmdarı üzərində təsirini aradan qaldırdı. Bu xidmətlərinin müqabilində isə sultan tərəfindən atabəy əl-əzəm (böyük atabəy) elan edildi. Tezliklə Qara Sunqur dövlətin bütün idarəsini öz əlində cəmləşdirdi. Faktiki olaraq Aranın hakimi olsa da, İraq Səlcuqlu dövlətində sultandan sonra ikinci söz sahibinə çevrildi. Sultan Məsudun Xəlifə Müstərşid ilə döyüşdə əsir aldığı Baranquş, Çavlı Candar kimi böyük əmirlər də onun tabeliyinə verildi. İraq Səlcuqlu torpaqlarında hər hansı üsyan baş verdiyi zaman buna ilk olaraq Qara Sunqur müdaxilə edirdi. İstər Böyük Səlcuqlular, istərsə də İraq Səlcuqlular dövlətlərinin tarixi boyunca belə geniş səlahiyyətlərə Qara Sunqurdan əvvəl heç bir atabəy sahib olmamışdı. O hətta sultanın təyin etdiyi məmurları vəzifəsindən azad etdirməyə qadir idi. Bu da səbəbsiz deyildi: Məsud böyük atabəyə hədsiz etimad göstərir və fikirləri ilə hesablaşırdı. Öncə Fars hakimi Məngüparsın qiyamını yatıran, ardınca Abbasi taxtına oturan yeni xəlifə ər-Raşidini zərərsizləşdirən Qara Sunqur bu uğurlarından sonra İraq Səlcuqlu dövlətinin gerçək idarəçisi oldu. Bu isə bir müddət sonra Sultan Məsudu narahat etməyə başladı. Özü hökmdar olduğu halda dövlət üçün əhəmiyyətli qərarları Qara Sunqurun verməsi sultanın ürəyincə deyildi. Çünki bu onun nüfuzuna xələl gətirirdi.

1138-ci ilin noyabrında Sultan Məsud İraq Səlcuqlu sultanlığının vəziri Əbül-Bərəkəti edam etdirdi. Əbül-Bərəkəti həmin vəzifəyə əmisi Sultan Səncərin istəyi ilə təyin edilmişdi. Məsud edam qərarının böyük sultana qarşı üsyan olmadığını göstərməyə məcbur idi. Bu səbəbdən Səncərin yanında xidmət edən və onun xəzinədarı[33 - Xəzinədar – dövlət xəzinəsinə nəzarət edən məmur. Xəzinədarlar döyüşdə əldə edilən qənimətlərin hesabını aparmaqla yanaşı, hökmdara başqa dövlətlərdən və əyalətlərdən gələn hədiyyələrə də məsul idilər.] olan Rey valisi Kəmaləddin Məhəmmədi yeni vəzir təyin elədi. Kəmaləddin Məhəmməd etibarlı, ədalətli və dürüst adam idi. Hətta xəzinədar olduğu illərdə dövlət daxilində rüşvət və yeyinti hallarını ortaya çıxarmış, bununla da dövlət gəlirlərinin artmasına səbəb olmuşdu. Çox keçmədi ki, yeni vəzirin dürüstlüyü Sultan Məsudun ətrafında toplanmış əmirləri narazı salmağa başladı.

Məsələ burasındadır ki, Kəmaləddin Məhəmməd vəzir olduqdan sonra sultana mərkəzi hakimiyyətin gücləndirilməsini məsləhət gördü. Bunun üçün isə birinci növbədə əmirlərin dövlət və saraydakı təsiri azaldılmalı idi. Vəzirin aldığı tədbirlərə qarşı ilk reaksiya Aran hakimi Qara Sunqurdan gəldi. Qara Sunqurun sultan üzərində böyük güc və təzyiq sahibi olduğunu görən vəzir onu atabəy haqqında xəbərdar eləmişdi: «Qara Sunqurun varlığı sultana öz gücünü və nüfuzunu hiss etdirməyə imkan verməyəcəkdir». Məsud vəzirin bu fikri ilə razılaşdı və onlar gizlicə Fars hakimi Boz-Apanı Həmədana dəvət edərək Qara Sunquru ortadan qaldırmaq qərarına gəldilər. Lakin saray məmurları bu xəbəri Qara Sunqura çatdırdılar. Həmin vaxt Azərbaycanda olan böyük atabəy dərhal hərəkətə keçdi: İraq Səlcuqlu taxtının iki iddiaçısı – Səlcuqşah və Davudu da özü ilə götürüb 20 minlik ordu ilə Həmədan qapılarına qədər gəldi. Şəhərə hücüm etməmişdən əvvəl o, Sultan Məsuda belə bir təklif yolladı: «Ya vəzirin başını göndər, ya da biz başqa sultana xidmət edərik».

Qara Sunqurun kifayət qədər güclü atabəy olduğu bir daha təsdiqini tapdı: çarəsiz vəziyyətdə qalan sultan başqa çıxış yolu tapmayıb vəzirin başını Qara Sunqura göndərdi. Bunun ardınca isə böyük atabəy öz vəziri İzzəlmülkün İraq Səlcuqlu sultanlığının vəziri təyin edilməsinə nail oldu. Bu, Qara Sunqurun Sultan Məsudu tamamilə öz iradəsinə tabe etdirməsinin əlaməti idi. İzzəlmülkün vəzirliyi zamanı İraq Səlcuqlu dövlətinin nizam-intizamı bütünlüklə dağıldı. Mənbələr onun dövründə «əmirlərin öz-özlərinə iqta verəcək qədər» özbaşınalıq etdiklərini yazır. Qara Sunqurun təsiri altına düşən Məsud hətta qardaşı oğlu Davudu özünə vəliəhd təyin eləməli olmuşdu. Lakin hadisələrin sonrakı gedişi bu planı puça çıxardı: bir müddət sonra ismaililər şahzadə Davudu öldürdülər.

Böyük atabəydən asılı vəziyyətə düşən Sultan Məsud müstəqil hərəkət edə bilmirdi. Qara Sunqur isə bunun tam əksinə olaraq o dərəcədə rahat davranırdı ki, Fars əyalətinə hücum çəkdi, oranı əyalət hakimi Boz-Apanın əlindən alıb şahzadə Səlcuqşahın iqtası elan etdi. Sultan böyük atabəyin bu hərəkəti qarşısında, sadəcə, susmaqla kifayətləndi. Lakin bir qədər sonra Qara Sunqurun Azərbaycana qayıtmasından istifadə edən Boz-Apa yenidən Fars əyalətini ələ keçirib Səlcuqşahı məğlubiyyətə uğratdı. Bununla da kifayətlənməyib onu zindana saldırdı. Sultan Məsud isə Atabəy Qara Sunqurun qorxusundan ölkəsində baş verənləri kənardan izləməklə kifayətləndi. Bir müddət sonra taxtın əsas namizədlərindən olan Səlcuqşah öldürüldü. Sultan Məsud həmin xəbəri sevinclə qarşıladı. Qara Sunqur isə şahzadənin qətli barədə eşidib «bir daha heç kimin atabəyi olmayacağına» and içdi. Ardınca isə Bərcusərdə doğru hərəkət elədi. Elə bu zaman Gəncədə böyük bir zəlzələnin meydana gəldiyini öyrəndi. Sürətlə Arana hərəkət edən Qara Sunqur, zəlzələ nəticəsində yaranmış qarışıqlıqdan faydalan qıpçaq-abxazların Gəncəyə hücumunun qarşısını almaq niyyətində idi.

Gəncə ətrafında qıpçaq-abxaz ordularının qarşısına çıxan böyük atabəy onların çoxunu qılıncdan keçirdi və qaçmağa məcbur elədi. Bunun ardınca isə ordusu ilə Fars və Xuzistana yönəldi. Lakin çox keçmədi ki, gürcü-abxazların komandanı Abuleth oğlu Yovanenin Gəncəyə hücum çəkdiyini eşitdi. Yovanenin ordusu zəlzələ səbəbi ilə dağılan şəhərə soxulmaq istəmiş, bu zaman minlərlə insanı öldürmüşdü. Şəhərin divarları arxasında gizlənənlər isə canlarını çətinliklə qurtara bilmişdilər. Baş verənlərdən agah olan Qara Sunqur təcili bölgəyə gəlib gürcü ordusunu məğlubiyyətə uğratdı. Yovanenin döyüşçülərindən qırılanlar qırıldı, sağ qalanlar isə qaçmağa üz qoydu. Gəncəyə daxil olan atabəy zəlzələnin yaratdığı böyük fəlakəti gözləri ilə gördü. Aranın mərkəzi xarabaya çevrilmişdi. Zəlzələ nəticəsində şəhərin yarısı həlak olmuşdu. Mənbələr ölənlərin sayının 230 min nəfərə çatdığını yazırlar. Bunu da deyək ki, onların arasında Qara Sunqurun arvadı və iki oğlu da var idi.

Qıpçaq-abxazlar xarabaya qalmış Gəncəni ələ keçirdikdən sonra şəhərin yaxınlığında eyni adlı yeni şəhər salmağa başlamışdılar. Lakin Qara Sunqur həmin şəhəri yerlə yeksan etdirib köhnə şəhəri bərpa eləmək üçün hərəkətə keçdi. Bunun üçün əmirlərə lazımi tapşırıqlar verdi. O, hər gün şəhəri gəzib görülən işlərə nəzarət edirdi. Nəticədə zəlzələdən sonra Gəncədə geniş yayılan vərəm xəstəliyinə tutuldu. Əmirlər böyük atabəyə məsləhət gördülər ki, şəhəri tərk eləsin. Lakin bunun bir faydası olmadı. Tutulduğu xəstəlikdən sağala bilməyən Qara Sunqur 1140-cı ildə vəfat etdi. Onun ölümü Gəncə camaatını yasa boğdu. Bu, səbəbsiz deyildi: atabəyin ədaləti və dəyanəti sayəsində Gəncə şəhəri qısa müddətdə əvvəlki vəziyyətinə qovuşmuş, zəlzələnin vurduğu ziyan ortadan qaldırılmışdı. Onu da deyək ki, Qara Sunqurun ölümü yalnız Gəncə əhalisi tərəfindən deyil, İraq Səlcuqlu dövlətinin bütün əhalisi tərəfindən böyük kədərlə qarşılanmışdı.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 640 форматов)