banner banner banner
Radetski Marşı
Radetski Marşı
Оценить:
 Рейтинг: 0

Radetski Marşı


Yazı mədəniyyət və tədris planı naziri tərəfindən imzalanmışdı. Polkovnik yazını kapitan Trottaya "Məsələni çox uzatma!" sözləriylə çatdırdı.

Trotta yazını götürdükdən sonra səssiz qaldı. Bir həftə sonra nəzərdə tutulan iyerarxik qaydaya uyğun olaraq Əlahəzrətin hüzuruna qəbulunu ərz etdi; üç həftə sonra sarayda Baş Komandanın qarşısında dayanırdı.

–Baxın, əziz Trotta, – imperator dedi. – Məsələ xoş deyil. Lakin hər ikimiz də çox yaxşı göstərilirik. Məsələni uzatmaqdan əl çəkin.

Kapitan cavabında dedi:

–Əlahəzrət, yalan danışılır.

–Çox yalan danışılır, – deyə imperator təsdiqlədi.

Kapitan özünü məcbur edərək dedi:

– Mən deyə bilmərəm, əlahəzrət.

İmperator kapitana yaxınlaşdı. Boyu Trottanın boyundan çox uzun deyildi. Göz-gözə gəldilər.

Frans Cozef:

–Nazirlərim nə etməli olduqlarını bilirlər, – deyə sözə başladı. – Onlara güvənməliyəm. Anlayırsınızmı, əziz kapitan Trotta? – Kiçik bir ara verdikdən sonra davam etdi. – Hər şey yoluna girəcək. Görəcəksiniz!

Qəbul sona çatmışdı.

Trottanın atası hələ də həyatda idi. Lakin Trotta Laksenburqa getmədi. Qarnizona geri dönüb ordudan təqaüdə çıxmaq istədiyini bildirdi.

Trotta mayor rütbəsiylə təqaüdə çıxdı. Bohemaya, qayınatasının kiçik malikanəsinə köçdü. İmperatorun lütfü onu tərk etməmişdi. Bir neçə həftə sonra imperatorun həyatını qurtaran adamın oğlunun təhsili üçün xüsusi kassasından beş min qulden köçürdüyü xəbərini aldı. Eyni zamanda, kapitan da baron olmuşdu.

Sipolje baronu Cozef Trotta imperatorun ərməğanlarını sanki təhqir edilirmiş kimi sınıq bir ürəklə qəbul etdi. Prussiya səfərinə onsuz çıxıldı və məğlubiyyətlə başa çatdı. Atəş püskürdü. Hələ indidən gicgahları çallaşmağa, baxışları donuqlaşmağa, addımları yavaşlamağa, əli gücsüzləşməyə, ağzı susqunlaşmağa başlamışdı. Ən gözəl yaşlarında olmasına baxmayaraq sürətlə yaşlanırmış kimi görünürdü. İmperatora, fəzilətə, doğruya, haqqa olan sadə inamın hökm sürdüyü cənnətdən qovulmuş, dözümlülük və susqunluğun zənciriylə bağlanılmışdı, dünyanın yaranmasının, qanunların gücünün, əlahəzrətlərin görkəminin təməlində hiyləgərliyin olduğunu artıq anlamışdı. İmperatorun istəyi nəticəsində on beş nömrəli yazı imperiyanın məktəb kitablarından çıxardıldı. Trotta adı sadəcə bölüyün qeydlərində qaldı. Mayor gizlicə qurtarılmış bir cismin yaşayanların işıqlı dünyasına göndərdiyi müvəqqəti kölgə kimi erkən tükənən şöhrətinin adsız sahibi olaraq həyatını davam etdirməyə davam etdi. Baron Trotta qayınatasının malikanəsində bağ qayçısını götürüb atasının Laksenburq köşkünün parkında etdiyi kimi kolluqları düzəldir, çəmənliyi biçir, yazda qızılakasiyaları, daha sonra isə qara gəndəlaşları yad əllərdən qoruyur, hasarın ensiz taxtalarını yeniləriylə dəyişdirir, alətləri təmir edir, öz əlləriylə atların qantarlarını taxıb yəhərləyir, qapılarla keçidlərin paslanmış kilidlərini yeniləyir, günlərcə meşədə qalır, kiçik ov heyvanlarını ovlayır, meşəbəyinin evində gecələyir; toyuq, gübrə və biçin, meyvə, divar çiçəkləri, təsərrüfat işçiləri və arabaçılarla məşğul olurdu. Bazarlığı şübhəylə dolu bir xəsisliklə edir, keçəyə bənzəyən dəri kisəsinin içindən iti barmaqlarıyla metal pulları çəkib çıxardıqdan sonra kisəni yenidən sinəsində gizləyirdi. Kiçik bir sloven kəndlisi olmuşdu. Hələ də arabir köhnə hirs-hikkəsi geri gəlir, o zaman da fırtınaya tutulan kolluq kimi qəzəbindən titrəyirdi.

İşçiləri və atları vurur, özünün təmir etdiyi qapıları çırpır, günəmuzd işçiləri ölümlə, yox etməklə hədələyir, günorta yeməyində önündəki qabı nifrətlə itələyir, yemək yeməyi rədd edib donquldanırdı. Onunla eyni damın altında, amma ayrı otaqlarda xəstə və gücsüz arvadından əlavə, atasıyla təkcə yemək masasında qarşılaşan və hər hansı bir tərif və ya tənqidə səbəb olmadan ildə iki dəfə qiymət cədvəlini verən oğluyla və təqaüdçü maaşını sevinc içində xərcləyən, gənc qızlardan xoşlanan, həftələrcə şəhərdə yaşayan, kürəkənindən qorxan qayınatasıyla qalırdı. Baron Trotta kiçik, yaşlı bir sloven kəndlisi idi. Atasına hələ də ayda iki dəfə axşamdan xeyli keçmiş titrək şam işığında sarımtıl, böyük bir kağıza məktub yazır, üstdən dörd, yandan isə iki barmaq məsafə buraxaraq "Əziz ata" müraciətiylə başlayırdı. Məktubuna çox nadir hallarda cavab alırdı.

Baron bəzən atasını ziyarət etməyi, əlbəttə, düşünürdü. Yoxsulluq içində yaşayan baş çavuşun, tel-tel tökülən pis tütünün, ev istehsalı olan arağın həsrətini çoxdandır çəkirdi, amma buna bənzər bir vəziyyətdə atasının, babasının, ulu babasının da çəkinəcəyi kimi xərclərdən çəkinirdi. Laksenburq köşkündəki şikəst təqaüdçüylə illər əvvəl kiçik evin mavi boyalı mətbəxində yeni qazanılmış zadəgan görkəmində birlikdə araq içdikləri zamana görə özünü indi ona daha yaxın hiss edirdi. Arvadıyla öz mənşəyi haqqında heç danışmazdı. Əsil-nəcabətli məmur ailəsindən gələn arvadının dünyasının bir sloven baş çavuşun dünyasından çox fərqli olduğunu bilir, bu səbəblə atasını dəvət etmirdi.

Baron mart ayının işıqlı bir günündə sərt buzun üzəriylə təsərrüfat müdirinin yanına gedərkən bir işçi Laksenburq köşkündən gələn məktub gətirdi. Atası ölmüş, səksən bir yaşında yuxusunda dünyadan köçmüşdü. Baron Trotta sadəcə bu sözləri dedi:

–Arvadımın yanına get, çamadanım hazırlansın, axşam Vyanaya gedirəm.

Sonra müdirin evinə girdi, əkinin nə vəziyyətdə olduğunu soruşdu, üç yeni marka sifarişinin verilməsi, bazar ertəsi günü baytarın çağırılması, mamaçanın dərhal hamilə xidmətçinin yanına göndərilməsi təlimatını verib evdən çıxarkən:

–Atam öldü, üç gün Vyanada olacağam, – deyib barmağını başına apararaq ötəri salam verib çıxdı. Çamadanı hazırlanmışdı, atlar arabaya qoşuldu, stansiya bir saatlıq məsafədə idi. Tələsik şorbasını içib əti yedi. Sonra arvadına dedi:

–Davam edə bilmirəm. Atam yaxşı bir adam idi. Sən onu heç görmədin.

Bu xatırlama idimi? Yoxsa şikayətlənmə? Qorxmuş oğluna dedi ki, sən də mənimlə gəlirsən. Arvadı oğlanın əşyalarını hazırlamaq üçün qalxdı. O, yuxarı mərtəbədə məşğulkən Trotta oğluna dedi:

–İndi babanı görəcəksən.

Oğlan titrəyərək başını önünə əydi.

Laksenburqa çatdıqda baş çavuş katafalka qoyulmuşdu. Qabarıq, görkəmli bığıyla səkkiz uzun şam və iki əlil təqaüdçü yoldaşının nəzarəti altında sinəsində parlayan üç medal olan tünd mavi uniformada salondakı katafalkın üzərində yatırdı. Ursuline təriqətindən bir rahibə küncdə, otağın tək pəncərəsinin qarşısında dua edirdi. Trotta içəriyə girincə əlil təqaüdçülər farağat vəziyyətində durdu. Sinəsinə Mariya Tereza nişanını taxan Trotta mayor formasıyla diz çökdü; oğlu da ölünün ayaqlarının dibində diz çökdü, oğlanın üzünün qarşısında ölünün nəhəng çəkmələrinin dabanları dururdu. Baron Trottanın həyatında ilk dəfə ürəyinə bir sızıltı girdi. Kiçik gözləri quru idi. Dindar bir utancaqlıq içərisində iki-üç dəfə “Rəbbin Duası”nı oxudu, sonra dikəldi, ölünün üzərinə doğru əyildi, görkəmli bığını öpdü, əlil təqaüdçülərə dönərək başını əydi; oğlunu çağırdı.

Çöldə oğlandan soruşdu:

–Onu gördünmü?

–Bəli, – oğlan dedi.

–O, sadəcə, jandarm baş çavuşuydu, – atası dedi, – Solferino müharibəsində imperatorun həyatını qurtardım, sonra da baronluq titulunu aldıq.

Oğlan dinmədi.

Əlil təqaüdçü Laksenburqun kiçik məzarlığının hərbi hissəsində dəfn edildi. Ölünün tünd mavi formalı altı yoldaşı tabutu kiçik kilsədən məzara qədər daşıdı. Dəbilqəli və mərasim uniformalı mayor Trotta dəfn boyunca bir əliylə oğlunun çiynindən tutdu. Oğlan hıçqırdı. Hərbi orkestrin hüznlü musiqisi, orkestr ara verdiyi zaman qulağa gələn melanxolik, monoton dini nəğmələr və yavaşca uçub yox olan buxar oğlanı anlaşılmaz, dərin bir ağrıya qərq eləmişdi. Bir manqa əsgərin məzarın üstündən açdığı atəşlərin səsi uzun-uzadı əks-səda verərək onu amansızcasına sarsıtdı. Ölünün göyə qalxıb bu dünyanı əbədi olaraq tərk edən ruhunun arxasınca hərbi salam göndərilirdi.

Atayla oğlu geri döndü. Baron yolda heç danışmadı. Təkcə qatardan düşüb stansiyanın bağçasının arxasında onları gözləyən arabaya minərkən dedi:

–Unutma onu, babanı.

Baron vərdiş etdiyi gündəlik həyatını davam etdirdi. İllər dinc, sakit təkərlər kimi bir-birinin ardınca yuvarlanıb getdi. Baş çavuş baronun dəfn etməyə məcbur olduğu sonuncu ölü olmadı. Əvvəlcə qayınatasını, bir neçə il sonra da ağır bir sətəlcəmdən dərhal sonra tez-tələsik və vidasız bir şəkildə ölən arvadını basdırdı. Oğlunu Vyanada pansionat-məktəbə qoydu və heç bir zaman hərbçi olmayacağına qərar verdi. Özü malikanənin hələ də ölülərin nəfəsinin hiss edildiyi ağ, geniş evində təkbaşına qaldı; təkcə meşəbəyi, təsərrüfat müdiri, xidmətçi və sürücüylə danışır, getdikcə daha nadir hallarda hirslənirdi. Lakin xidmətçilər baronun kəndli yumruğunu həmişə ənsələrində hiss edir; qəzəbli susqunluğu insanların çiyinlərində bir boyunduruq kimi asılı dururdu. Baron ətrafına fırtınaqabağı səssizliyə bənzəyən bir qorxu yayırdı. Oğlundan ayda iki dəfə itaətkarlıqla yazılmış məktub alır, özü isə ayda bir dəfə oğlundan gələn məktubların hörmət göstəricisi olaraq boş buraxılan kənarlarını kəsərək əldə etdiyi kiçik kağızların üzərinə iki cümlə yazaraq cavab verirdi. İldə bir dəfə, imperatorun ad günü olan on səkkiz avqustda formasını geyinib ən yaxın qarnizonun olduğu şəhərə gedirdi. İldə iki dəfə – milad və yaz tətilində oğlu ziyarətə gəlir; milad axşamı atasından imzasıyla təsdiq etdiyi, özüylə aparmasının qadağan edildiyi üç gümüş qulden alırdı. Quldenlər həmin axşam yaşlı kişinin siyirtməsindəki kiçik bir qutuya qoyulurdu. Quldenlərin yanında oğlanın çalışqanlığını, adi, amma kafi qabiliyyətlərini göstərən məktəb qiymət cədvəlləri də vardı. Oğlana heç bir zaman cib xərcliyi verilmir, nə bir oyuncaq, nə də məktəbdə nəzərdə tutulanlardan əlavə kitab alınırdı. Görünüşcə hər hansı bir şeydən məhrum deyildi. Təmiz, həqiqi və dürüst bir ağlı vardı. Sonsuz xəyal gücündə məktəb illərini mümkün olduğu qədər tez geridə buraxmaqdan başqa bir arzu yer tutmurdu.

Bir milad axşamı atasından "Bu il sənə üç qulden verməyəcəyəm! İmza qarşılığında qutudan doqquz qulden götürə bilərsən. Qızlara diqqət yetir! Çoxu xəstədir" sözlərini eşitdikdə on səkkiz yaşında idi. Atası bir az ara verdikdən sonra davam etdi:

–Hüquqşünas olmağına qərar verdim. O zamana qədər iki il vaxtın var. Əsgərlik gözləyə bilər. Təhsilin bitənə qədər təxirə salmaq mümkündü.

Oğlan həm doqquz quldeni, həm də atasının arzusunu eyni itaətkar rəftarla qəbul etdi. Qızların yanına nadir hallarda gedir, seçimini ehtiyatla edirdi və yay tətilində evə döndükdə cibində hələ də altı qulden pulu vardı. Atasından bir yoldaşını malikanəyə dəvət etmək üçün icazə istədi. Mayor bir az təəccüblənərək razılıq verdi. Oğlanın yoldaşı kiçik bir çamadanla, amma ev sahibinin çox da xoşuna gəlməyən rəssamlıq ləvazimatlarıyla gəldi.

–Şəkilmi çəkir? – deyə yaşlı kişi soruşdu.

–Həm də çox gözəl çəkir, – oğlu Frans dedi.

–Evi batırmasın! Mənzərə şəkilləri çəksin!

Qonaq açıq havada çalışırdı, lakin mənzərə şəkilləri deyil, fikrində baron Trottanın portretini çəkirdi. Hər gün yemək vaxtı ev sahibinin üz cizgilərini yaddaşına həkk edirdi. Baron bir gün soruşdu:

–Mənə niyə elə bütün günü baxır?

Oğlanların ikisi də qızararaq başlarını önlərinə əydilər. Portret buna baxmayaraq bitdi və vida anında da yaşlı kişiyə çərçivəli halda təqdim edildi. Baron rəsm əsərini gülümsəyərək və diqqətlə gözdən keçirdi. Sanki ön tərəfdə olmayan bəzi təfərrüatları arxa tərəfdə tapmağı gözləyirmiş kimi rəsmin arxasını çevirdi, onu pəncərəyə doğru, sonra bir az uzaqdan gözlərinin düz önünə tutdu, güzgüdə özünə baxdı, gördüklərini portretlə müqayisə etdi və nəhayət, dedi:

–Haradan asılacaq?

Uzun illərdən bəri ilk dəfə sevinirdi. Fransa yavaş səslə dedi:

–Əgər ehtiyacı varsa yoldaşına borc pul verə bilərsən. Yaxşı dolanın!

Portret yaşlı Trotta üçün indiyədək edilən yeganə şey idi. Sonralar oğlunun salonuna asılaraq nəvənin xəyallarını məşğul etdi…

Portret mayoru bir neçə həftə boyunca nadir hallarda olduğu şən bir əhvalda saxladı. Rəsmi bəzən bu divara, bəzən o birisinə asır, könlünü oxşayan bir məmnunluq içərisində sərt xətli və çıxıntılı burnunu, bığsız, solğun, incə ağzını; bir təpəcik kimi kiçik, qara gözlərinin qarşısında yüksələn quru almacıq sümüklərini və iti xətlərlə kəsilmiş inadkar, qabarıq saçlarının altındakı qırışlarla dolu dar alnını gözdən keçirirdi. Çöhrəsini hələ yenicə tanımağa başlayır, özüylə səssizcə danışırdı. İçində indiyədək heç tanımadığı düşüncələr, xatirələr, birdən naməlumlaşan kədərli kölgələr oyanırdı. Sanki yaşını və böyük tənhalığını dərk etmək üçün bu şəkil lazımlı idi və budur, indi boyalı rəsmdən tənhalığı və yaşı gurhagur üstünə gəlirdi. "Həmişəmi beləydim?" – deyə öz-özündən soruşurdu. Həmişə belə idimi? Bəzən məqsədsiz olaraq məzarlığa gedib arvadının qəbrinə baş çəkir, boz başdaşına, tabaşir kimi ağ xaça, arvadının doğum və ölüm tarixinə baxır, onun çox erkən öldüyünü hesablayır və öz-özünə onu tam olaraq xatırlamadığını etiraf edirdi. Məsələn, əllərini unutmuşdu. "China-Eisenwein" – arvadının illər boyunca qəbul etdiyi bir vitamin siropu ağlına gəldi. Bəs üzü? Gözlərini yumunca üzünü gözlərinin önünə gətirə bilirdi, amma xəyalındakı şəkil qısa müddətdə yox olur, qırmızıya çalan yuvarlaq bir qaranlıq içində itirdi. Mayor evdə də, fermada da getdikcə yumşaldı; bəzən bir atı oxşayır, inəklərə gülümsəyir, əvvəlki vaxtlarla müqayisədə daha tez-tez şnaps içirdi; günlərin birində oğluna adət edilən tarixlərin xaricində qısa bir məktub yazdı. İnsanlar onu gülümsəyərək salamlamağa başladı, o da nəzakətlə baş əyirdi. Yay gəldi, tətildə oğlu dostuyla birlikdə gəldi; yaşlı kişi gənclərlə birlikdə şəhərə gedib bir kafedə bir neçə stəkan “Slivovitz” içərkən gənclər üçün də bolluca yemək sifarişi verdi.

Mayorun oğlu hüquqşünas oldu, daha tez-tez evə gəlməyə, malikanədə gəzməyə başladı; hüquqşünas karyerasından imtina edib təsərrüfatı idarə etməyin xoşuna gələcəyini düşünüb bu mövzunu atasına açdı. Mayor dedi: “Bunun üçün çox gecdir! Sən nə kəndli, nə də fermer olacaqsan. Uğurlu bir məmur olacaqsan, başqa bir şey deyil”. Qərar verilmişdi. Gənc Trottanın məmur olaraq Sileziya Bölgə Müfəttişliyinə təyinatı verildi. Trotta adı məktəb kitablarından çıxarılmış olsa belə, yüksək siyasi dairələrin gizli sənədlərində hələ də dururdu. İmperatorun lütfüylə bağışlanan beş min qulden məmur Trottanın məchul yüksək mövqelər tərəfindən xoş münasibətlə izlənilib dəstəklənməsini zəmanət altına aldı. Oğul Trotta sürətlə yüksəldi. Bölgə Qubernatorluğuna təyin edilməzdən iki il əvvəl mayor öldü.