banner banner banner
Qədim türklər
Qədim türklər
Оценить:
 Рейтинг: 0

Qədim türklər

Belə bir vəziyyətdə türklər nəinki vasitəçi rolunu oynayır, həm də Çin, Hindistan, İran, Bizans mədəniyyətləri ilə qarşı-qarşıya qoymağa layiq bildikləri spesifik mədəniyyətlərini yaradırdılar. Bu özünəməxsus çöl mədəniyyətinin qədim ənənələri və dərin kökləri vardı, lakin oturaq xalqların mədəniyyəti ilə müqayisədə o, bizə çox cüzi məlumdur. Bunun səbəbi türklərin və digər köçəri tayfaların qonşularla müqayisədə az istedadlı olmasında deyildi; səbəb onların maddi mədəniyyət qalıqlarının keçə, dəri, ağac və xəzin daşa nisbətən pis qorunub saxlanmasındadır; elə buna görə də Qərbi Avropa alimləri arasında belə bir səhv fikir yaranmışdır ki, köçərilər «bəşəriyyətin eşşək arılarıdır» (Violle de-Lyuk). Cənubi Sibirdə, Monqolustanda, Orta Asiyadakı arxeoloji qazıntılar bu fikri təkzib edir və tezliklə elə vaxt gələcək ki, biz qədim türklərin mədəniyyəti, incəsənəti haqqında danışmaq imkanına malik olacağıq. Lakin tədqiqatını maddi mədəniyyətdən daha çox türklərin sosial təsisatlarının və ictimai mövcudluq formalarının mürəkkəbliyi heyrətə salır – el, qohumluq bölgüsü sistemi, rütbə ierarxiyası, hərbi intizam, diplomatiya, habelə qonşu ölkələrin ideoloji sistemlərinə qarşı qoyulan dəqiq işlənmiş dünyagörüşünün mövcudluğu bu qəbildəndir.

Lakin bütün bunlara baxmayaraq qədim türk cəmiyyətinin qədəm basdığı yol məhvə aparırdı, çünki çöldə və onun sərhədlərində baş verən ziddiyyətləri dəf etmək mümkün olmamışdı. Böhran məqamlarında çöl əhalisinin böyük əksəriyyəti xanlara yardımdan boyun qaçırırdı, bu isə 604-cü ildə xaqanlığın Şərq və Qərb hissələrinə parçalanması, 630 və 659-cu illərdə isə müstəqilliyini itirməsinə (doğrudur, həmin müstəqillik 679-cu ildə qaytarıldı) və 745-ci ildə qədim türk xalqının məhvinə gətirib çıxardı. Əlbəttə, xalqın məhvi onu təşkil edən adamların hamısının aradan götürülməsi demək deyildi. Onların bir hissəsi çöldəki hakimiyyətin varisi kimi çıxış edən uyğurlara tabe oldular, böyük əksəriyyəti isə Çinin sərhəd qoşunlarında özlərinə sığınacaq tapdılar. 756-cı ildə bu sonuncular Tan sülaləsi imperatoruna qarşı üsyan qaldırdılar. Türklərin qalıqları bu üsyanda çox fəal iştirak edirdilər. Onlar da üsyanın digər iştirakçıları ilə birlikdə parça- parça edildilər. Bu artıq xalqın və epoxanın (eləcə də bizim mövzunun) həqiqi sonu idi.

Lakin «türk» adı tarix səhnəsindən silinmədi. Əksinə, o, Asiyanın tən yarısına yayıldı. Ərəblər Soqdianadan şimalda yaşayan bütün döyüşkən köçəriləri türk adlandırmağa başladılar. Onlar bu adı qəbul etdilər, çünki həmin adın ilkin daşıyıcıları tarix səhnəsindən getdikdən sonra çöllülər üçün igidlik və qəhrəmanlıq simvoluna çevrilmişdilər. Sonralar bu termin bir daha dəyişikliyə məruz qaldı və dil ailəsinin adına çevrildi. Beləliklə, VI—VII əsrlərdə böyük xaqanlığa daxil olmayan bir çox xalqlar «türkə» çevrildilər. Onların bəziləri – məsələn, türkmənlər, osmanlılar, azərbaycanlılar hətta monqoloid deyildilər. Başqaları – yakutların əcdadları kurıkanlar və xakasların əcdadları kırqızlar xaqanlığın ən qəddar düşmənləri olmuşdular. Üçüncülər – məsələn, balkarlar və çuvaşlar türklərin özündən əvvəl formalaşmışdılar. Lakin hətta indi «türk» termininə verilən geniş yayılmış linqvistik şərh də müəyyən əsasa malikdir: qədim türklər çöl mədəniyyətinin hələ hun dövründə yetişən və III—V əsrlərin çətin şəraitində anabioz[1 - Xarici şəraitin təsiri ilə orqanizmdə həyat fəaliyyətinin müvəqqəti olaraq dayanması və ya ağırlaşması.] vəziyyətində qalan başlanğıclarını parlaq şəkildə həyata keçirdilər.

Bir sözlə, bəşər tarixində qədim türklərin əhəmiyyəti cahanşümuldur, lakin indiyə qədər bu xalqın tarixi yazılmayıb. Həmin tarix ötəri və müxtəsər şərh olunub, bu isə mənbəşünaslıq, onomastik, etnonimik və toponomik xarakterli çətinliklərdən yan keçməyə imkan yaradıb. Həmin çətinliklər o qədər böyükdür ki, təqdim olunan əsər tamamilə dürüst şərhlər vermək iddiasında deyil. Müəllif ümid edir ki, o, problemin həllində yalnız növbəti pillə rolunu oynayacaq. Kitab tarixi analiz və sintez metodlarının uyğunlaşdırılması təcrübəsi kimi düşünülüb. Qədim türklərin, onlarla bağlı olan, yaxud onlardan əvvəl gələn xalqların tarixinin ayrı- ayrı hadisələri təhlilə cəlb edilib. Mənbələrə tənqidi baxış, onomastika və etnogenez problemləri də bura daxildir. Türkyutların[2 - Birinci xaqanlığın (546-658-ci illər) türkləri.], göytürklərin[3 - İkinci xaqanlığın (678-747-ci illər) türkləri] və uyğurların[4 - Yalnız köçəri uyğurların (747-847-ci illər) xanlıqları nəzərdə tutulur, sonrakı dövrlərin oturaq uyğurları burada nəzərdən keçirilmir.] tarixinin vahid proses kimi dərki (dövrləşdirmə baxımından burada bir bütövlük yaranır), habelə təsvir edilən hadisənin dünya tarixi məcrasına salınması isə əsərin sintez xüsusiyyəti kimi üzə çıxmışdır.

BİRİNCİ HİSSƏ

BÖYÜK TÜRK XAQANLIĞI

I fəsil

ƏRƏFƏ

(420—546-cı illər)

Sarı çay üzərində dəyişikliklər. V əsrdə əprimiş Romanın süqutuna gətirib çıxaran xalqların Avropadakı böyük hicrəti Şərqi Asiyada yüz il əvvəl baş vermişdi. Çin tarixində «beş barbar tayfanın epoxası» adlandırılan dövrdə (304— 399-cu illər) Şimali Çin hunlar və syanbiylilər tərəfindən tutulmuş və itaət altına alınmışdı. Onlar burada qotların, burqundların və vandalların barbar krallıqlarını xatırladan bir sıra qısa ömürlü dövlətlər yaratmışdılar. Avropada, Balkan yarımadasında Şərqi Roma imperiyası zərbələrə davam gətirdiyi kimi Çində də böyük Yantszı çayının sahillərində Xan imperiyasının varisi olan müstəqil Çin imperiyası möhkəmləndi. Erkən Bizans çiçəklənmə vaxtındakı Romaya oxşadığı kimi bu imperiya da öz böyük sələfinə bənzəyirdi. O da Şərqi Roma imperiyası kimi özündə yalnız şimaldan və qərbdən üstünə gələn barbarlardan qorunmaq üçün qüvvət tapa bilirdi. Tez-tez bir-birini əvəz eləyən sülalələrin zəif və bacarıqsız imperatorları «Orta düzənliyin» (həmin dövrdə Xuanxe vadisi belə adlanırdı) Çin əhalisini vəhşi tayfa başçılarının talanına vermişdilər. Lakin yadellilərin amansız zülmünə və fasiləsiz ara müharibələrində çoxlu qan axıdılmasına baxmayaraq, çinlilər Şərqi Çində say etibarı ilə onlara qalib gələn xalqlardan çox idilər və bu da VI əsrdə Çinin dirçəlişini şərtləndirdi.

Özünün bütün rəqibləri üzərində qələbə çalan Toba tayfası Çin mədəniyyətinin sehrinə düşdü. Tobalıların yaratdıqları ilkin feodal dövləti 420-ci ilə qədər artıq bütün Şimali Çini bir imperiyada birləşdirirdi. Bu dövlət Çin adı ilə Vey (386-cı il) adlandırılırdı. Həmin ad Toba xanının təbəələrinin böyük əksəriyyətini təşkil edən çinli əhali ilə kompromisi yolunda ilk addım idi. Köçərilərin tədrisi assimilyasiya prosesi ona gətirib çıxardı ki, V əsrin sonlarına doğru artıq tobalıların xələfləri hörüklərini kəsirdilər, itaətə gətirdikləri xalqla ünsiyyət isə onların güc və ənənələrini zəiflətmişdi. Tobalılar hətta ana dillərini də yaddan çıxarmış və Çin dilində danışmağa başlamışdılar. Dilləri və geyimləri ilə yanaşı onlar bir zaman qələbələr qazanmağa imkan verən cəsurluqlarını və birlik hissini də qeyb etmişdilər. Lakin buna baxmayaraq tobalılar inadla öz dövlətlərini yaratmağa can atan çinlilərin içərisində əriyib itməmişdilər.

Saray çevrilişləri və bunun ardınca gələn cəza tədbirləri Vey sülaləsini zəiflədən kimi Syanbi imperatorlarının xidmətindəki Çin sərkərdələri öz ağalarından daha güclü və cəsarətli olduqlarını göstərdilər. 531-ci ildə şimal-şərqdə Qao Xuan üsyan qaldırdı, toba qoşunlarını darmadağın edib paytaxtı – Loyanı ələ keçirdi. Əvvəlcə o, guya imperiyanın mənafelərinə uyğun hərəkət edirdi. Buna görə də devrilmiş imperatorun oğullarından biri yeni imperator elan olundu. Lakin yeni hökmdar öz sərkərdəsindən qorxaraq Çanana qaçdı və burada başqa bir qoşun başçısı – çinliləşmiş syanbi Yuyvının himayəsinə sığındı. Qao Xuan Vey sülaləsindən olan başqa bir prinsi taxta çıxardı. Beləliklə, imperiya Qərbi Vey və Şərqi Vey olmaqla iki hissəyə parçalandı, lakin onun hər iki hissəsində faktiki hökmdarlar syanbi imperatorlarını hələlik şirma kimi saxlayan Çin sərkərdələri idilər. Bu vəziyyət uzun müddət davam edə bilməzdi. Syanbilərin sərt hökmranlığı çinliləri o qədər amansızlaşdırmışdı ki, hakimiyyət əllərinə keçən kimi onlar məğlubların nazı ilə oynamaq fikrini başlarından çıxardılar. Yuyvın Tay bir neçə yapma imperatoru zəhərlədi, onun oğlu isə 557-ci ildə artıq özünü o qədər qüdrətli sayırdı ki, hamının nifrət bəslədiyi sülaləni ləğv etdi və yeni – Bey-Çjou[5 - Şimali Çjou deməkdir.] sülaləsinin əsasını qoydu.

Şimali-Şərqi Çində syanbilərlə daha amansız rəftar etdilər. 550-ci ildə Qao Xuanın varisi – Qao Yan axırıncı syanbi imperatorunu taxt-tacdan öz xeyrinə əl çəkməyə məcbur etdi və onu zəhərlədi. İmperatorun 721 nəfər qohumu öldürüldü, dəfn mərasimi keçirilməməsi üçün hamısının cəsədi çaya atıldı. Yeni sülalə Bey- Tsi adını aldı.

Hər iki şimal hökmdarlığı həm iqtisadi, həm də siyasi cəhətdən kifayət qədər güclü idi. Yadellilərin ağalığından azad olmuş çinlilər öz mədəniyyətlərini dirçəltmək üçün coşqun fəaliyyət göstərirdilər. Lakin Bey-Çjou ilə Bey-Tsi arasında başlanan rəqabət onların əl-qolunu bağlayır və fəal siyasət yürütməyə imkan vermirdi.

Cənubda Lyan imperiyasının son hökmdarları hakimiyyət özbaşınalıqları və cinayətlərlə ad çıxarmışdılar, onları əvəz edən Çen sülaləsi də bu ənənələri davam etdirirdi. 557-ci ildəki saray çevrilişi və sonuncu Lyan imperatorunun edamı süquta uğrayan sülalə tərəfdarlarını silahlı üsyana vadar etdi. Üsyançılar Çen qoşunlarını dəf edərək Çinin mərkəzində Xou-Lyan adlı kiçik dövlət yaratmağa müvəffəq oldular.

Çin bir-biri ilə düşmənçilik aparan dörd dövlətə parçalandı. Ölkənin əl- qolunu bağlayan bu gərgin vəziyyət iki kiçik və nisbətən zəif köçəri dövlət – Jujan ordası və Toqon (Tu-yu-xun) çarlığı üçün xilas yoluna çevrildi. Şimaldan təzyiqin zəifləməsi nəticəsində onlar Şərqi Asiyanın aparıcı dövlətləri sırasına çıxdılar. IV əsrin ortalarında yaranan çöl xanlığı Jujan VI əsrin əvvəllərində az qala onun məhvi ilə nəticələnən böhran keçirirdi.

Lakin bu haqda bir qədər sonra.

Toqon hökmdarlığı Tsaydamın düzən ətəklərində yerləşirdi. Hələ 312-ci ildə kiçik syanbi tayfası Muyun nəslindən olan knyazlarla Cənubi Mancuriyadan qərbə köçmüş və Kukunor gölü yaxınlığında məskən salmışdı. Burada syanbilər bir-birindən təcrid olunmuş Tibet tayfaları ilə müvəffəqiyyətlə döyüşürdülər, lakin onların tobalılarla mübarizəsi tam uğursuzluğa düçar olmuşdu. Nəticədə Toqon Vey imperiyasının vassalına çevrildi, lakin həmin imperiyanın süqutu toqonluların azadlığını yenidən özünə qaytardı. VI əsrin ikinci rübündə knyaz Kualyuy özünü xan elan etdi, 540-cı ildə isə Qao Xuanın yanına elçilər göndərərək əslində Yuyvın Tayın düşməninə çevrildi. Bu fakt Toqonun sonrakı xarici siyasətini müəyyənləşdirdi. Həmin xarici siyasətlə biz yenə üzləşəcəyik. Toqonun hətta şəhərlər yerləşən (aydın məsələdir ki, söhbət möhkəmləndirilmiş yaşayış məskənlərindən gedir) böyük ərazi tutmasına və çox güman ki, tobalılardan götürülmüş mütəşəkkil idarə sisteminə malik olmasına baxmayaraq, o, güclü dövlət deyildi. Silah gücünə itaətə gətirilmiş Tibet tayfaları azadlıq və intiqam haqqında düşünürdülər, iqtisadiyyat ekstensiv heyvandarlıq təsərrüfatı əsasında qurulmuşdu; mədəniyyətin səviyyəsi aşağı idi, xanların özbaşınalığı daim sui- qəsdlərin, xəyanətlərin və cəza tədbirlərinin rəvasına imkan yaradır və beləliklə də, elə bil, alovun üstünə yağ tökürdü. Bütün bunlar öz növbəsində Toqonun imkanlarını məhdudlaşdırırdı və sonralar onun şərəfsiz aqibətinə səbəb oldu.

Jujanlar və teleutlar. Jujan xalqının mənşəyi ilə bağlı məsələ dəfələrlə qaldırılsa da, özünün qəti həllini tapmayıb. Güman ki, burada problemin qoyuluşu düzgün deyil, çünki həmin xalqın mənşəyi deyil, formalaşması haqqında danışmaq lazımdır. Bir xalq kimi jujanların vahid etnik kökü yox idi. Onun mənşəyi bir qədər özünəməxsus xarakter daşıyırdı. Qarışıq dövrlərdə həmişə yəhərdən salınan və nüfuzlarını itirən çoxlu adamlara təsadüf edilir. VI əsrin ortalarında da belələri az deyildi. Toba xanının düşərgəsində, yaxud hun şanyuyunun paytaxtında qala bilməyənlərin hamısı çölə qaçırdı. Qullar amansız ağalardan, başıpozuqlar – ordudan müflisləşmiş kəndlilər xaraba kəndlərdən çölə üz tuturdular. Onların mənşəyi, dili, dini deyil, hamısını dilənçi həyatına məhkum etmiş taleləri eyni idi. Elə həmin tale də onları birləşməyə məcbur edirdi.

IV əsrin 50-ci illərində əvvəllər Syanbi süvarisində xidmət etmiş Yuqyulyuy adlı keçmiş qul edama məhkum olunmuşdu. Lakin o, dağlara qaça bildi, tezliklə başına yüzə yaxın özü kimi qaçqın topladı. Qaçqınlar yaxınlıqdakı köçərilərlə dil tapdılar və onlarla birlikdə yaşamağa başladılar.

Yuqyulyuyun xələfi Qyulyuxoy Toba xanları ilə əlaqə yaratdı. Qyulyuxoy hər il onlara at, samur və dələ xəzindən ibarət xərac verirdi. Onun ordası Jujan adlanırdı. Jujanlar Xalxudan Xinqana qədər köç edirdilər, xanın düşərgəsi isə Xanqay yaxınlığında idi. Jujanların məişəti və təşkili həm son dərəcə primitiv, həm də tayfa quruluşundan çox uzaq idi. Min nəfərlik alay, döyüş və inzibati vahid sayılırdı. Alay xanın təyin etdiyi başçıya tabe idi. Alayda ətrafına yüz adam toplaşan on bayraq vardı. Hər bayrağın da öz başçısı olurdu. Jujanlarda yazı yerli- dibli yox idi, hesab aparmaq üçün qoyun qığından, yaxud üzərində kəsiklər çərtilən ağac parçalarından istifadə olunurdu. Qanunlar müharibə və soyğunçuluğun tələblərinə müvafiq idi: qənimətin çox hissəsini cəsurlara verir, qorxaqları isə kötəkləyirdilər. 200 illik mövcudluğu ərzində Jujan ordasında tərəqqidən heç bir əsər-əlamət görünməmişdi, onların bütün qüvvələri qonşular üzərinə soyğunçu basqınlara sərf edilirdi.

Jujanlar öz aralarında hansı dildə danışırdılar? Çin mənbələri bu barədə tamamilə fərqli məlumatlar verirlər: «Veyşu» jujanların dunxu qoluna mənsubluğunu bildirir. «Sunşu», «Lyanşu» və «Nanşu» onları hunlara qohum tayfa sayır, nəhayət, Bey-şi (?) Yuqulyuyun qaoqyuy mənşəli olduğunu göstərir. Cənubi Çin tarixçilərinin məlumatları dolayısı mənbələrdən götürülmüşdür, Yuqyulyuyun mənşəyinin isə burada heç bir əhəmiyyəti yoxdur. Aydın məsələdir ki, onun başına toplaşanlar həmtayfaları deyildilər. Çox ola bilsin ki, jujanlar syanbi ləhcəsində, yəni monqol dilinin dialektlərindən birində danışırdılar, çünki jujan xanlarının titularını Çin dilinə tərcümə edən Çin tarixçisi həmin titulların orijinalda – «Vey dövlətinin dilində», yəni syanbi ləhcəsində necə səsləndiyini də göstərir. Jujanlar özlərini tobalılarla eyni kökdən sayırdılar, lakin jujan xalqının müxtəlif tayfalardan ibarət olduğunu nəzərə alsaq, düşünmək lazımdır ki, bu cür qənaət üçün əsası onların dumanlı şəcərəsi deyil, dillərinin bənzərliyi verirdi.

Jujan xanlığının əsas qüvvəsi teles tayfalarını itaət altında saxlamağı bacarmasında idi. Öz tarixlərinin başlanğıcında, yəni bizim eranın III əsrində teleslər Ordosdan qərbdəki çöllərdə yaşayırdılar. 338-ci ildə onlar Tobas xanına tabe oldular və IV əsrin sonlarında şimala, Cunqariyaya köçüb Selenqa çayına qədər bütün Qərbi Monqolustana yayıldılar. Dağınıq yaşadıqlarından teleslər jujanlara müqavimət göstərə bilmir və buna görə xərac verməli olurdular.

Teles tayfaları jujanlara çox lazım idi, jujan ordası isə əksinə, teleslərə gərək deyildi. Jujanlar elə adamlar idilər ki, hər vasitə ilə yorucu əməkdən qaçırdılar, onların övladları isə, ümumiyyətlə xərac almağı işləməkdən daha üstün tuturdular.

Teleslər isə heyvandarlıqla məşğul olurdular, onlar mal-qaraları otarır və heç kimə bac-xərac vermək istəmirdilər.

Hər iki xalqın siyasi sistemləri də bu meyllərə uyğun surətdə formalaşmışdı: jujanlar hərbi güc sayəsində qonşuların hesabına yaşamaq üçün ordularda birləşirdilər; teleslər isə tayfaların zəif əlaqələndirilmiş konfederasiyası kimi qalmaqda davam edir, lakin bütün qüvvə və bacarıqları ilə müstəqilliklərini qoruyurdular.

Teleslər jujanlarla qonşuluqda yaşayır, lakin heç bir cəhətdən onlara bənzəmirdilər. Onlar öz patriarxal quruluş və köçəri məişətlərini saxlamaqla Xunnu imperiyasının tərkibindən erkən çıxmışdılar. Çinliləşdirmə uzaq çöllərdə yaşayan sadə köçərilərə toxunmamışdı. Çinlilərin özlərini də həmin çöllərdə cəlb edən elə bir şey yox idi. Teleslərin ümumi təşkilati strukturu mövcud deyildi. 12 nəslin hər biri başçı – ağsaqqal tərəfindən idarə olunurdu, həm də «qohumlar sülh və sakitlik şəraitində yaşayırdılar».[6 - Н. Я. Бичурин. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена, т. I, М. – Л. 1950, с. 215.]

Teleslər hündür təkərli arabalarla çöldə bir yerdən o biri yerə köçürdülər. Onlar təbiətcə döyüşkən və azadlıqsevər adamlar idilər, heç bir mütəşəkkilliyə meyl göstərmirdilər. Onlar özlərini «tele» adlandırırdılar, bu ad «telsut» şəklində indiyə qədər Altay etnonimində yaşamaqdadır. Teleslərin nəsilləri yakutlar, telenqutlar, uyğurlar və başqalarıdır. Onlardan çoxu dövrümüzə qədər gəlib çatmamışlar.

Jujan xanlığı. V əsrin əvvəllərində Xinqandan tutmuş Altaya qədər bütün çöllərdə jujanların xanı, Deuday – «at çapa-çapa ox atan» ləqəbli Şelun təkbaşına hökmranlıq edirdi. O tele köçlərini özünə tabe edib İl çayı boyunca məskən salmış Orta Asiya hunları ilə qarşılaşdı. Hunların başçısı Jibaeqi adlı bir nəfər idi. Onqin çayı üzərindəki inadlı vuruşda Jibaeqi Şelunun qoşunlarını darmadağın etdi, lakin buna baxmayaraq jujan dövləti ilə bacarmadı və «tabe olmaqla sülh qazandı.»[7 - Н. Я. Бичурин. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена, т. I, М. – Л. 1950, с. 249.]

Şelunun əsas vəzifəsi Toba-Vey imperiyasının güclənməsinin qarşısını almaq idi. Bu imperiyanın gücü jujan xanlarının gücündən qat-qat artıq idi. Yalnız Çinin cənubundakı aramsız müharibələr Toba-Vey imperatoruna itaətdən çıxmış təbəələrinə divan tutmağa mane olurdu, ona görə də Şelun Tobanın bütün düşmənlərinə kömək edirdi. 410-cu ildə Şelun öldü, xanlıq taxtına onun qardaşı Xulyuy çıxdı.

Xulyuy Tobanı sakit buraxdı. O, öz nəzərlərini şimala çevirdi. Burada Yenisey qırğızlarını (iequ) və xeveyləri (naməlum Sibir tayfası) özünə tabe etdi. 414-cü ildə o, sui-qəsdin qurbanı oldu, lakin qəsdçilərin başçısı Buluçjen də həmin il həyatla vidalaşdı. Xanlıq Şelunun əmisi oğlu Datana keçdi. Onun hakimiyyətinin başlanğıcı çinlilərə qarşı yürüşlə tarixə düşdü, lakin istər jujanların yürüşü, istərsə də onlara qarşı göndərilən cəza dəstələrinin səfəri nəticəsiz qaldı. Vəziyyətdə heç bir dəyişiklik baş vermədi.

418–419-cu illərdə jujanlarla Orta Asiya hunları və yueçjalar arasında müharibə təzələndi.[8 - Bu müharibənin tarixi belə müəyyən edilir: Yuebanla vuruşan Datan taxta 414-cü ildə çıxmışdı. 415-ci ildə, Çinə yürüş etmişdi. Deməli, başı Şərqdə qarışmışdı. Çinə növbəti yürüş 424-cü ildə keçirilmişdi. Deməli, Yuebanla müharibə bu iki tarix arasındakı dövrə təsadüf edir. Numizmatikaya dair məlumatlar həmin tarixi daha da dəqiqləşdirməyə imkan verir. 417-ci ildə üzərində Kidaranın adı həkk edilmiş sikkə buraxılmışdı.] Jujanlar Tarbataqaya soxuldular və hamının canına elə qorxu saldılar ki, yueçjaların başçısı Tsidolo (Kidara) təhlükəli qonşuluqdan uzaqlaşmaq niyyəti ilə cənuba keçdi və Karşı vadisindəki Bolo şəhərini tutdu.[9 - Kidaritlərin paytaxtının Bəlxdə yerləşməsi haqqında R. M. Qirşmanın ehtimalı özünü doğrultmadı.] Burada o, farslar və eftalitlərlə toqquşmalı oldu. Kidaranın silahdaşları – kidaritlər tarixə öz etnik adları ilə deyil, rəhbərlərinin adları ilə düşdülər.

II fəsil

ƏCDADLAR

Jujan xanlığının Vey imperiyası ilə müharibəsi. 420-ci il jujanların qüdrətinin zirvəsi idi. Şimal və qərb tayfaları üzərində asan qələbələr jujanları Böyük Çölün hegemon qüvvəsinə çevirdi, lakin bu qətiyyən xanlığın sakitliyini və çiçəklənməsini təmin etmədi. Jujanların başlıca düşməni Toba-Vey imperiyası idi və jujan xanı Datan öz təbii rəqibinin qüvvətlənməsinin qarşısını almaq üçün əlindən gələni əsirgəmirdi.

424-cü ildə Datan 60 min atlı ilə Çinə soxuldu, paytaxta qədər gedib çıxdı və imperatorun şəhər kənarındakı sarayını dağıtdı. Toba qoşunlarının səfərbərliyə alınması və jujanlar arasında intizamsızlıq onu döyüşə girmədən geri qayıtmağa məcbur etdi. 425-ci ildə tobalılar jujanları Qobinin o biri tərəfinə qovdular. 430-cu ildə imperator Tay-u-di (Toba Dao) Cənubi Çində əl-qol açmaq üçün jujanları aradan götürmək qərarına gəldi. Böyük qoşun Çölə hücum etdi, jujanlar qaçıb dağıldılar. Datan özü qərbə tərəf qaçdı və xəbərsiz itkin düşdü. Teleslər onun adamlarını öldürürdülər. Datanın oğlu Udi mübarizəni davam etdirməkdən əl çəkdi və Vey imperiyasına xərac verməyə başladı. Lakin bu sülhü 437-ci ildə imperiyaya qarşı yürüşə çıxan Udinin özü pozdu. Görünür, jujanlar öz həyatlarını qarətsiz təsəvvür edə bilmirdilər. Toba imperatorunun 439-cu ildəki cavab yürüşü heç bir nəticə vermədi, qoşun dərələrdə gizlənmiş jujanlarla qarşılaşmadan geri dönməli oldu.

440-cı ildə Tobanın Xesiyə qarşı müharibəsindən istifadə edən Udi yenə sərhəddə hücuma keçdi, lakin pusquda durmuş dəstələr onun qoşununun ön hissələrini əsir götürdülər. Jujanlar yenə qaçmalı oldular. Eyni hadisə 445-ci ildə də təkrar olundu. Bundan sonra Udi öldü və taxta oğlu Tuxeçjen (445—464) çıxdı.

İndi rollar dəyişilmişdi. Toba-Vey imperiyası öz inkişafının zirvəsinə çatmışdı, onun qoşunları tez-tez Çölə hücuma keçir, jujanları dağlarda gizlənməyə məcbur edirdilər. Əslində bu müharibə yox, cəza yürüşləri idi.

Tuxeçjenin oğlu və varisi Yuyçen (464-485) mübarizəni davam etdirməyə çalışdı. Lakin 470-ci ildə darmadağın edildi və xərac vermək şərti ilə sülh xahiş etməli oldu. Jujan zəiflədi, artıq Çin üzərinə yürüşlər qeyri-mümkün idi. İndi qarət obyekti kimi daha kasıb və zəif olan Qərb ölkəsi seçildi. 460-cı ildə jujanlar Turfan vahəsini ələ keçirdilər və qalib tobalıların əlindən burada sığınacaq tapmış keçmiş müttəfiqlərinə – cənub hunlarına divan tutdular. 470-ci ildə jujanlar Xotanı çapıb-taladılar, lakin eftalitlərin qüvvətlənməkdə olan dövləti jujan işğalına son qoydu. Tyan-Şan Jujanın sərhədinə çevrildi.

Jujanların yeni xanı Doulun (485—492) «qətllərə meylli olan amansız adam»[10 - Н. Я. Бичурин. Собрание сведений… т I, с 196.] idi. O, taxta çıxmasını əyanlardan birini bütün nəsli ilə birlikdə qırmaqla «tarixə saldı». Bu, ölkədə böyük qəzəb doğurdu. Xanın Çinə hücum etmək cəhdi daha böyük narazılıqla qarşılandı. Hamı yaxşı başa düşürdü, hətta ən uğurlu talandan sonra da, Çin ordusunun yürüşü başlanacaq. Onun qarşısını almaq isə imkan xaricində idi.

Tele ağsaqqalı Afuçjilo xana təkidlə məsləhət görürdü ki, Çinlə müharibəyə başlamasın. Lakin dəlillərinin təsirsiz qaldığını gördükdən sonra o, öz xalqı ilə birlikdə üsyana çıxdı. Həmin dövrdə telelər sayca o qədər də az deyildilər (Çin məlumatlarına görə onlar 100 min araba idilər). Afuçjilo köçünü qərbə, İrtış çayı vadisinə çəkdi. O, burada «Səmanın Böyük oğlu» titulunu qəbul etdi. Bu özünü Jujan xanı ilə eyni səviyyəyə qoymaq idi. Müharibə odu yenidən alovlandı.

490-cı ildə Çin qoşunları Çölə şərq tərəfdən hücuma keçdilər və telelərlə birlikdə jujanları iki tərəfdən sıxışdırmağa başladılar. Jujan əyanları bütün məsuliyyəti fərasətsiz xanın üzərinə yıxdılar və onu öldürdülər.

Telelərin qərbə keçməsi fövqəladə əhəmiyyətə malik hadisə idi – qərbdə bu dağınıq köçərilər öz dövlətlərini yaratdılar.[11 - Qərbi teleləri teleut adlandırmaq daha rahat və düzgündür, çünki Altay teleutları onların varisləridir. Dağınıq Şərqi tele tayfalarını isə sovet tarixşünaslığında qəbul edildiyi kimi teleslər adlandırmaq lazımdır.] Asiyada yenidən etnogenez prosesi başlandı. Eyni dövrdə Altay dağlarında türk xalqı, Braxmaputra vadisində tibet xalqı formalaşırdı, Çində isə Suy və Tan sülalələrinə əzəmətli orta əsrlər mədəniyyəti bəxş edən dirçəliş başlanmışdı. Şərqi Asiya tarixinin antik dövrü başa çatırdı, bu dövrün eybəcər qalığı olan Jujan dövləti məhvə məhkum idi.

Teleut xanlığı – Qaoqyuy. Teleutların ayrılması və 492-ci ildəki dövlət çevrilişi Jujanın tarixində dönüş nöqtəsinə çevrildi. O, Mərkəzi Asiyada öz hegemon rolunu itirmişdi və artıq hakimiyyət yox idi, mövcudluq uğrunda vuruşmağa məcbur idi. Öldürülmüş Doulanı əvəz edən Naqay yalnız bir il hakimiyyət sürdü. Onun hakimiyyət devizi belə idi: «Tam sakitlik». Başqa sözlə desək, Naqay öz sələfinin hərbi niyyətlərindən əl çəkmişdi. Naqayın oğlu Futu da imkan daxilində atasının siyasətini davam etdirirdi.

Bu müddətdə teleutlar öz yeni vətənlərinə uyğunlaşırdılar və hun epoxasının sonuncu qalığı olan Yuebanı aradan götürdülər. Teleutlar köçüb gəldikləri yerdə öz dövlətlərini yaratmaq istəyirdilər. Bu məqsədlə də onlar xalqı iki yerə ayırdılar – şimal hakimi Afuçjilo «Böyük imperator», cənub hakimi isə «Varis hökmdar» titullarını qəbul etdi. Onların öz dövlətlərini necə adlandırdıqları məlum deyil, çinlilər isə bu dövlətə Qaoqyuy deyirdilər. Çin dilindən tərcümədə bu sözün mənası «hündür araba» deməkdir. Teleutların dövləti elə bu ad altında da tarixə daxil olmuşdur.

Siyasi baxımdan Qaoqyuy Çinə meyl edirdi. Bu meylin arxasında Çindən ipək almaq niyyəti gizlənirdi. Lakin həmin ipək Qaoqyuya heç bir fayda gətirmədi. 494-cü ildə eftalitlər İranla haqq-hesablarını çürütdülər və arxalarını bərkitdikdən sonra üzlərini şimala çevirdilər. Qaoqyuy dövlətinin cənub hissəsi ildırım sürəti ilə darmadağın edildi, «Varis hökmdar» öldürüldü, onun ailəsi əsir götürüldü, xalq isə qaçıb dağıldı. Qaçqınların bir hissəsi jujanlara tabe oldu, bir hissəsi isə Çinə üz tutdu. Növbəti 496-cı ildə şimal dövləti də eyni sürət və asanlıqla işğal edildi. Eftalitlər əsirlərin içərisindən knyaz Mivotunu ayırıb onu sağ qalan teleutlara başçı təyin etdilər. Beləliklə, Qaoqyuy jujanların düşməni və Çinin müttəfiqi (bu ittifaqa görə çinlilər 60 topa ipək parça verirdilər) olan eftalitlərin vassalına çevrildilər. Görünür, elə həmin dövrdə (497-ci il) eftalitlər Karaşarı tutmuşdular, Turfan vahəsindəki Qaoçan knyazlığının hakimi çinli Ju onun təbəələrini qəbul etməyi və Çin ərazisinə köçürməyi Çin hökumətindən xahiş etmişdi. Jujanın ətrafında polad dairə yaranırdı. Lakin qaoçanlılar abad yerlərini tərk etmək istəmirdilər, ona görə də öz hakimlərini öldürüb Jujana birləşdilər. Bu iqtisadi gərginliyi bir qədər zəiflətdi; əkinçiliklə məşğul olan Qaoçan Jujanı taxıl, meyvə və parça ilə təmin edirdi. Lakin əvəzində siyasi gərginlik gücləndi, çünki qaoçanlıların hərəkəti Çin imperatoru Syuandini bərk qəzəbləndirmişdi. Xan Futunun sülh xahişi müqabilində imperator bildirdi ki, o, yalnız Cənubi Çinin fəthi ilə məşğul olduğuna görə hələlik şimala diqqət yetirmir, ümumilikdə isə Futunu və jujanları üsyankar təbəələr sayır, həmin dövrdə (500-cü il) Qaoçandakı çinpərəst qüvvələr bayram edirdilər. Jujanla bağlanmış ittifaq pozulmuşdu.

Qərb ölkəsində Çin mənafeyinin müdafiəsinə yardım məqsədi ilə ora Mın Veyin komandanlığı altında üç min nəfərlik nizami ordu dəstəsi göndərildi. Mın Vey Xamidə möhkəmlənərək jujanları sıxışdırmağa başladı. Futunun Çinə göndərdiyi yeni səfirlik heç nəyə nail ola bilmədi. Teleutlar da jujanların əleyhinə qaldırıldı. Onlar çinlilərdən aldıqları 60 top ipəyin dəyərini qanları ilə ödəməli idilər. Puley gölü yaxınlığında Mivotu jujanları əzdi. Onlar cənuba qaçdılar, lakin Beyşen dağlarında Mın Veyin çinli dəstələri ilə üzləşdilər. Vahimə içərisində geriyə dönən jujanlar bu dəfə teleutlarla qarşılaşdılar və yenidən darmadağın edildilər. Bəxti gətirməyən xan Futu bu qırğında da həlak oldu. Mivotu onun başının dərisini Mın Veyə göndərdi. Bunun müqabilində çinlilər Mivotuya musiqi alətlərinin tam dəstəsini 80 nəfər musiqiçi, 10 parça al-qırmızı qumaş və altmış top güllü ipək parça hədiyyə verdilər.

Həlak olmuş Futunun varisi Çeunu iki dəfə Çinlə razılığa gəlməyə təşəbbüs göstərdi, lakin tezliklə başa düşdü ki, onu yalnız qüvvə xilas edə bilər. 516-cı ildə o, Qaoqyuya hücum edib Mivotunun dəstəsini əzdi, dəstə başçısını isə əsir götürüb özünəməxsus üsulla öldürdü. Onun ayaqlarını yabının qarnının altına sarıyıb Mivotu ölənə qədər atı o yan bu yana qovdular. Kəllə sümüyündən isə qədəh düzəltdirdilər. Jujanlardan xilas olmuş teleutlar eftalitlərlə yaxınlaşdılar. Bundan sonra Jujan xanının səfirliyini imperator Vey Syaomin-di qəbul etdi (518-ci il).

Vassal təəhüdlərin dəqiq yerinə yetirmədiklərinə görə onları məzəmmətlədilər. Bu cür münasibət istənilən güzəştə yol açırdı və elə görünürdü ki, Jujan düşdüyü ümidsiz vəziyyətdən çıxacaq.

Jujanda çəkişmələr. Çeunu, Jujanın xilası üçün mümkün olan hər şeyi elədi. Teleutları əzdikdən sonra o, qərbdə müharibəni davam etdirmədi, eftalitlərlə sülh bağladı. İttifaq Jujan şahzadə qızlarının eftalit əyanları ilə nikahı nəticəsində daha da möhkəmləndirildi.[12 - Aydındır ki, jujan-eftalit ittifaqının bağlanması eftalit hökmdarlığı ilə Vey imperiyasının dostluq əlaqələrinə son qoydu. 516-520 və 526-cı ildə eftalit elçiləri artıq Cənubi Çinə deyil, Lyan imperiyasına gedirdilər. Onların apardıqları danışıqların Toba əleyhinə koalisiya yaratmaq olduğunu güman etmək mümkündür.] Şərqdə jujanlar Koreya (Qao-Qyuili) ilə dil tapıb onunla birlikdə mancur tayfalarından olan dideuqanları əzmək və bununla da Mancuriyada Bey sülaləsinin mövqelərini zəiflətmək istəyirdilər. Turfan məsələsi də eyni dərəcədə uğurla həll olundu. 518-ci ildə Çin hökuməti Turfan vahəsinin əhalisini Daxili Çinə köçürmək fikrindən rəsmi şəkildə imtina etdi və Qaoçan knyazlığını tanıdı. Ehtimal ki, turfanlıların jujanlarla ticarət əlaqələri kəsilməmişdi. Onlar fasiləsiz surətdə buğda və parça ilə təchiz edilirdilər. Dəmir məmulatlarını jujanlara Altaydakı vassalları – türkyutlar (türk-tukyu) gətirirdilər.