banner banner banner
Qədim türklər
Qədim türklər
Оценить:
 Рейтинг: 0

Qədim türklər

Qərb yürüşünə Bumının kiçik qardaşı İstemi-xaqan başçılıq edirdi. İstemi xaqan əvvəllər də Bumınla yürüşə çıxmış və ehtimal ki, on tayfa başçısına rəhbərlik etmişdi. Güman ki, həmin on nəfər uqor mənşəli Şimali Altay tayfalarının başçıları idilər. Onların indi türkləşmiş xələfləri şorlar, kumandinlər, lebedinlər və başqalarıdır. Təsadüfi deyil ki, İstemi xaqanın adı türk yox, uqor mənşəlidir və çox güman ki, ruh-əcdadın adıdır. Çinlilər onun qoşunlarının sayını 100 min nəfər göstərirlər, lakin bu rəqəm döyüşçülərin həqiqi sayına deyil, sərkərdənin rütbəsinə işarədir. İstemi xanın «Bahadır-cabqu»[28 - Bahadır – hələ VI əsrdə türk dilinə daxil olmuş monqon sözüdür, «yabqu» isə «xaqanın müavini» deməkdir.] tituluna uyğun gələn bu rütbə orduda ən yüksək hərbi rütbə sayılırdı. İstemi öz yürüşünə 552-ci ildən sonra başlamışdı. Çünki həmin il abarlar hələ müstəqil tayfa idilər. Bumının dəfninə hədiyyələr göndərmişdilər[29 - Şavani səhvən Qərbə yürüşdə İsteminin öz qardaşını müşayiət etdiyi qənaətinə gəlmişdir. Lakin Şavannın dövründə «araç» etnominin mənası hələ açılmamışdı və o «apurim» adı ikinci etnonimlə birlikdə «apar-apurim» (Tomson), yaxud «parpurum» (P. M. Melioranski) kimi oxunurdu. Həm də Radlov bu etnik qrupu tele tayfası olan fufolo ilə eyniləşdirirdi. Məsələni türk alimi Bəhaəddin Ögel həll etdi. Türk alimi öz tədqiqatı ilə sübut etdi ki, «apurim» – Rum, yəni Bizansdan başqa bir şey deyildir. Bu və başqa tədqiqatların sayəsində qərb yürüşünün vaxtını müəyyənləşdirmək mümkün oldu, həmin düzəliş isə Şavannın türk xalqının iki qərb və şərq qolunun paralel mövcudluğu haqqındakı ehtimalını gündəlikdən çıxardı. İstemi Şərqin fəth olunmasına öz qardaşı oğlu Muğan xanın yabqusu kimi getmişdi. Hər iki qardaşın «Gül-tiginin böyük kitabəsində» şərqi turklərin əcdadı kimi xatırlanması ən qədim dövrdə bu xalqın iki qolu olması fikrini istisna edir. Ayrılma prosesi VII əsrdə, bizim aşağıda nəzərdən keçirəcəyimiz şəraitdə baş vermişdi.] və çox güman ki, bunu 553-cü ilin payızında, jujanların qəti məğlubiyyətindən sonra etmişdilər. Yürüşün ən çox ehtimal olunan vaxtı 554-cü ilin baharıdır. Həmin dövrdə jujanlarla haqq-hesab çürüdülmüşdü, otun bol vaxtı idi. Təbiidir ki, bu sonuncu amilin süvarilər üçün mühüm əhəmiyyəti vardı.

Hərəkət sürətindən göründüyü kimi türkyutlar güclü müqavimətə rast gəlməmişdilər. 555-ci ildə qoşunlar «Qərb dənizinə» çatmışdılar. Bu ad altında Xəzər deyil, Aral dənizini nəzərdə tutmaq lazımdır. Çünki Firdovsi İranın sərhədlərini aşağıdakı şəkildə göstərirdi: «Çindən Ceyhunun (Amu-Dəryanın) sahillərinə və Çaçanın (Daşkəndin) o tayından Gül-zariuna (Sır-Dəryaya) qədər».

Bu sitat əsasında biz 555-ci ilin dəqiq sərhədlərini müəyyənləşdirə bilərik. O, Daşkəndin şimalından gedir, sonra Sır-Dəryanı şimala dönən yerdə kəsib keçir və get-gedə genişlənərək Amu-Dəryanın aşağılarına və Aral dənizinin cənub sahillərinə çatırdı. Soqdiana və Buxara həmin dövrdə eftalitlərin hakimiyyəti altında idi. Türkyutlar onlarla qarşılaşmışdılar.[30 - Bu fakt yalnız «Qan-mu»da qeyd olunmuşdur.] Beləliklə, il yarım ərzində türkyutlar bütün Mərkəzi Qazaxıstanı, Yeddisuyu[31 - Burada məskunlaşan çu qrupuna məxsus tayfalar – dulu və nuşibilər türkyutlarla eyni adət-ənənələrə malik idilər. Onlar dil baxımından da az fərqlənirdilər.] və Xarəzmi[32 - Turkyut xanının itaətində olan tayfalar sırasında xoliatların da adı çəkilir. Onları rus salnamələrində adları çəkilən xvalislər və buradan da çıxış edərək xarəzmlilərlə eyniləşdirirlər.] özlərinə tabe etmişdilər.

Lakin getdikcə vəziyyət daha da çətinləşdi. Aral dənizinin şimal sahillərində türkyutlar xuni (xio-nit)[33 - Xionitlər – sarmat-alan tayfalarının nəsilləri. S. P. Tolstovun Sır-Dəryanın aşağı axarında kəşf etdiyi «bataqlıq şəhərlərinin» sakinləri.], var[34 - Var, yaxud uar – xionitlərin qonşuları, uqor qrupuna daxil olan tayfa.] və oqor[35 - Oqorlar, yaxud uqrlar – macarların əcdadları. VI əsrdə onlar Başqırdıstan ərazisində, Volqa və Ural çayları arasındakı düzənliklərdə yaşayırdılar. Rubrukun yazdığına görə XIII əsrdə Başqırdıstanın əhalisi macarlar üçün də anlaşıqlı olan dillərini qoruyub saxlayırdılar.] tayfalarının müqavimətinə rast gəldilər. Yalnız 558-ci ildə bu tayfalar məğlub edildi və türkyutlar itaətdən boyun qaçıranları da qabaqlarına qatıb qova-qova Volqa sahillərinə çıxdılar. Qovulanlar var və xun tayfalarının qalıqları idilər. Sayları təxminən 20 min nəfərə çatırdı. Sonralar bu tayfalar vahid xalq —avar xalqı[36 - Feofilat Simokatta xüsusi olaraq oxucunu xəbərdar edir ki, bu «psevdoavarları» heç vəchlə «əsil avarlarla», yəni Orta Asiyada yaşayan abarlarla qarışdırmaq olmaz. Bu problem uzunmüddətli polemikaya səbəb olmuşdur.] kimi formalaşdılar.

Türkyutlar Volqanı keçmədilər, yalnız Uralyanı düzənlikləri itaət altına almaqla kifayətləndilər. Bununla da İsteminin qərb yürüşü başa çatdı. Dörd il ərzində əldə olunanlar xaqanlığın qarşısında yeni siyasi vəzifələr qoydu.

Bütün Asiya düzənliyini tutan vahid dövlətin meydana gəlməsi Çin, Bizans və İran diplomatiyası üçün mühüm əhəmiyyətə malik amil idi.

VI əsrin 50-ci illərinin sonunda Qara dəniz sahillərindəki siyasi vəziyyət çox gərgin və mürəkkəb idi. Bu da Bizansın uzaqgörən və incə siyasəti sayəsində mümkün olmuşdu. Dnepr və Donun aşağı hissələrini kuturqur adlı bolqar xalqı tuturdu. Onlarla qohum olan uturqurlar isə Kubanda yaşayırdılar. Kuturqurların Frakiyaya basqınlarından zərər çəkən Bizans hədiyyələr və səfirliklər vasitəsi ilə uturqurları onlara qohum olan kuturqurların üzərinə qaldırırdılar. Yustininanın hiyləgər siyasəti bu iki qohum tayfanı az qala biri-birini son nəfərə qədər qırmağa gətirib çıxardı.

Uturqurlardan şərqdə, Kuma rayonunda və Dağıstanda çox döyüşkən sabir tayfası yaşayırdı. Sabirlər Bizans-İran müharibəsində əvvəlcə İranın tərəfində, sonra isə ona qarşı fəal iştirak edirdilər. 552-ci ildə onlar Aqvaniyanı tutdular, lakin 554-cü ildə artıq farslara məğlub oldular.

Kuban sahillərində Bizansın sadiq müttəfiqi olan alanlar yaşayırdılar. Yunanlar yeni barbar xalqın – avarların meydana çıxdığını ilk dəfə onlardan eşitdilər.

Avarlar Qara dəniz sahillərində. Türkyut basqınlarından qaçan avarların vəziyyəti ilk baxışdan ümidsiz görünürdü. Arxadan onları güclü düşmən təqib edirdi, qabaqlarını isə müharibələrə öyrəşmiş, qələbənin sirlərini bilən güclü, varlı və çoxsaylı xalqlar kəsmişdilər. Avarlar öz sürülərini və doğma ölkələrini itirmiş qaçqın dilənçilər idilər. Onların necə və nəyə görə həm xilas olmağının, həm də qalib gəlməyinin səbəbini dövrün siyasi şəraitini diqqətlə nəzərdən keçirməklə müəyyənləşdirmək olar.

Avarların ilk vəzifəsi düşməndən uzaqlaşmaq idi. Həmin dövrdə Orta Asiyada eftalitlərin fəallaşması və İsteminin diqqətini yayındırmaları (İstemi deyirdi: «Avarlar quş deyillər ki, havaya uçub türk qılıncından canlarını qurtarsınlar, avarlar balıq deyillər ki, suya baş vurub dənizin dərinliklərində gizlənsinlər. Onlar da başqaları kimi yerin üstündə yaşayırlar. Eftalitlərlə qurtaran kimi avarların üzərinə gedəcəyəm, onlar əlimdən qaçıb qurtara bilməzlər») avarlar üçün xilas yoluna çevrildi.

İstemi eftalitlərə qarşı fəal mübarizəyə yalnız 561-ci ildə – Xosroy Ənuşirvan Yustinianla sülh bağlayıb diqqətini şərqə yönəldəndən sonra başladı. Orta Asiyada həlledici sülh yalnız 571-ci ildə bağlandı və yalnız bundan sonra türkyutlar təzədən qərbə üz çevirə bildilər. Lakin yaranmış fasilədən çox bacarıqla istifadə edən avarlar artıq İstemi üçün əlçatmaz idilər.

Türkyutlardan uzaqlaşan avarlar özlərinə müttəfiq axtarmağa başladılar. Onlar alanların başçısı Sarosiydən[37 - Q. V. Vernadski ehtimal edir ki, bu da yox, tituldur, farsca «Sərnos», yəni «osların başçısı» deməkdir.] Bizansla yaxınlaşmaqda kömək göstərməyi xahiş etdilər. Sarosiy avarlara yardım əli uzatmaq qərarına gəldi və onların elçisinin Lazikə gətirilməsini təmin etdi. Buradan isə həmin elçi Konstantinopola göndərildi, lakin Bizans sarayında onu könülsüz və inamsız qəbul etdilər. Lakin buna baxmayaraq Yustinian Vladimirin başçılığı ilə cavab elçiliyi göndərdi. Vladimir avarlara hədiyyələr gətirdi və onlara imperiyanın düşmənlərinə qarşı (həmin dövrdə əsas düşmən İran sayılırdı) birlikdə mübarizə aparmağı təklif etdi. İttifaq 558-ci ildə bağlandı. Lakin avarlar Bizansın düşmənləri əvəzinə müttəfiqləri üzərinə hücuma keçdilər.

Onların ilk qurbanları sabirlər oldu. Sabirlər yeni «var» xalqını hələ V əsrdə məğlub olduqları həqiqi Asiya avarları (abar) kimi qəbul etdilər. Bu anlaşılmazlıq onların sıralarında başı pozuqluq yaratdı və avarların qələbəsini təmin etdi. Beləcə kiçik linqvistik səhv məlum rol oynadı. Sabirlərin ardınca Bizans imperiyasının sadiq müttəfiqləri olan uturqurlar və Donun aşağı sol sahillərində yaşayan zallar da avarların əlinin suyunu daddılar. Sonra Donu keçən avarlar antlara basqın etdilər və bu xalqı soyub quru yerdə qoydular.

Avarları Qafqazda bir müddət alanlar müdafiə etmişdilər. Qara dəniz sahillərində isə həmin vəzifə kuturqurların üzərinə düşdü. Mənbələr avarlarla kuturqur arasında ittifaq haqqında birbaşa məlumat verməsələr də, hadisələrin gedişi və dolayısı mənbələr onların müttəfiqliyini ehtimal etməyə əsas verir.

551-ci ildən 558-ci ilə qədər kuturqurlar Bizans imperiyasının sərhədlərinə yaxınlaşmağa cürət etmirlər. Səbəb məlumdur: incə Bizans diplomatiyası sayəsində kuturqurların şərq sərhədləri kuturqurların təhlükəsinə məruz qalmışdı, qərb sərhədlərini isə Qara dənizyanı çöllərdən şimala doğru meşəli-düzən zolaqda yaşayan çoxsaylı ant tayfaları hədələyirdilər. Menandr yazır ki, «avarlar uturqurlarla müharibəyə başladılar», bunun ardınca isə öz yürüşləri ilə antların yurduna süpürgə çəkdilər. «Ant hakimləri müflis vəziyyətə salındı və ümidlərini itirdilər». Təəssüf ki, Menandr antların məhz hansı ümidləri itirdiklərini göstərmir, digər tərəfdən onun hekayətində o qədər məsələlərin üzərindən sükutla keçilir ki, bu antik tarixçinin avar-Bizans danışıqlarının nəticələri haqqındakı məlumatına tənqidi yanaşmaq zərurəti meydana çıxır.

Valentinin elçiliyindən sonra avarlar məhz Bizansın müttəfiqlərini – sabirləri, uturqurları və antları əzdilər. Bütün bunlar Bizansın mənafeləri ilə bir araya sığmadığından təbiidir ki, nəticədə İran tərəfi udurdu.

Əslində belə bir fikir qətiyyən yolverilməzdir ki, avarlar yalnız Konstantinopola üz tutmuşdular və hətta danışıqların müvəffəqiyyət qazanacağı təqdirdə Ktezifonu qətiyyən nəzərə almırdılar. Əgər avarlarla farsların öz aralarında ittifaq bağlamaları ehtimalını qəbul etsək, onda avarların nəyə görə Qafqazdan uzaqlaşmaq məcburiyyəti qarşısında qaldıqları məlum olar. Bizansın sadiq müttəfiqi olan Alan knyazı Sarosiy bu şəraitdə avarlara kömək göstərə bilməzdi. Yardımdan məhrum olan avarlar isə qazandıqları qələbələrə baxmayaraq Ön Qafqazda möhkəmlənə bilmədilər. Üstəlik də onların arxasında türkyutların qüdrətli hərbi qüvvəsi dayanırdı.

Lakin yunanların düşməni kimi tanınan kuturqur başçısı Zaberqan şübhəsiz, avarların simasında Bizans və onun dostları – antlar və uturqurlarla mübarizə üçün zəruri olan yeni müttəfiq tapmasına şad idi. Doğrudan da avarlar uturqurları məğlubiyyətə uğradıb arxadan kuturqurların təhlükəsizliyini təmin etdikdən sonra Zaberqan Balkanlara yeni yürüşə çıxdı və Konstantinopol divarlarına qədər çatdı. Eyni dövrdə avar səfirliyindən dərhal sonra türkyut elçiliyi də Konstantinopola gəldi (iyul, 558-ci il) və burada yaxşı qarşılandı. Çox ehtimal ki, bu elçilik də Bizans-avar münasibətlərinin soyumasında müəyyən rol oynadı.

Beləliklə, 558-ci ildə İran diplomatiyası Bizansa qarşı güclü düşmən yaratmaq və təhlükəli qonşuları öz sərhədlərindən Balkanlara yönəltmək baxımından mühüm qələbə qazandı. Sonradan görəcəyimiz kimi fars-avar ittifaqı 628-ci ilə qədər davam etdi və az qalmışdı ki, Bizans imperiyasının axırına çıxsın.

Antlar avarlarla razılığa gəlməyə cəhd edirdilər. Bu məqsədlə də səfir Mizamiri onların yanına göndərmişdilər. Onun əsas vəzifəsi əsirlərin satın alınması idi. Lakin avarların yanına gələn Mizamir özünü elə lovğa və kobud apardı ki, elçi toxunulmazlığına baxmayaraq öldürüldü. Səfirə divan tutduqdan sonra da avarlar antları soymağı və kölə vəziyyətinə salmağı davam etdirirdilər.

Belə bacarıqlı müttəfiqin köməyinə arxalanan kuturqur knyazı Zaberqan artıq Şərqdən heç bir təhlükə gözlənilmədiyi qərarına gəldi və sklavinlərlə ittifaq bağlayıb Bizansa hücum etdi. 559-cu ilin martında o, buzun üstü ilə Dunay çayından keçib qoşununu üç dəstəyə böldü – birinci dəstə Makedoniyadan Elladaya girdi və Fermopilama daxil oldu, ikinci dəstə Frakiya Xersonunu qoruyan müdafiə qurğularını hədələyirdi, Zaberqanın özünün başçılıq etdiyi üçüncü dəstə isə zəlzələdən dağılan və cinayətkar laqeydlik ucundan bərpa edilməyən Uzun divarın yarıqlarından şəhərə girdi.

Konstantinopolda qarmaqarışıqlıq başlandı: qoca sərkərdə Velizari unutqanlıq dumanından tapılıb üzə çıxarıldı və düşmənləri paytaxtdan qovdu. Lakin buna baxmayaraq Zaberqan Frakiyada düşərgə salmışdı və istədiyi böyük məbləği almayınca soyğunçuluq və qarətçilikdən əl çəkmirdi. Uturqurlara da «hədiyyələr» vəd edildi. Yalnız bundan sonra kuturqurlar Frakiyanı tərk etdilər.

Yustinian dərhal uturqurların başçısı Sandilxlə dil tapdı. Onlar dərhal Zaberqanın Frakiyadan geri dönən dəstələrinin birinə hücum edib hamını qırdılar, əldə edilən qəniməti Sandilx yunanlara qaytardı. Bunun ardınca başlanan müharibə hər iki xalqı elə taqətdən saldı ki, həmin savaşdan yalnız avarlar qazandı.

565-ci ildə imperiyanı kifayət qədər qüdrətli sayan Yustinian avarlara hədiyyələr verilməsini dayandırdı. Lakin avarların gücü artmışdı. 565-ci ildə onlar artıq Tyurinqiyanı yerlə yeksan etmişdilər və firəng kralı Sigerberqlə uğurla döyüşürdülər. 567-ci ildə avarlar lanqobardlarla ittifaqda Bizansa yardım göstərən lepidləri darmadağın edib Tissa vadisini ələ keçirdilər.

Bir il sonra lanqobordlar İtaliyaya çəkildikdə avarlar bütün Pannoniyanın sahibi və Mərkəzi Avropanın qənimi oldular. Onların əsas qüvvəsini tamamilə avar xanına tabe olan uturqurlardan, antlardan, qərbi slavyan və kuturqurlardan ibarət köməkçi qoşun dəstələri təşkil edirdilər. İlk avar xanı Bayan 558-ci ildə Bizansı təhdid edərək ikiüzlülüklə deyirdi: «Roma torpağına elə adamlar göndərəcəyəm ki, hamısı qırılsa da, bu itki vecimə gəlməyəcək». Və bunun ardınca yürüşə 10 min nəfər kuturqur göndərdi.

Hadisələrin təsviri VI əsrin 60-cı illərində beynəlxalq siyasətin əsas hərəkətverici qüvvəsini üzə çıxarmağa imkan verir. İran və Bizans barışmaz düşmənlər idilər. Bizansın əleyhdarları kimi avarlara İranla müttəfiqlik lazım idi. Avarların düşməni olan türkyutlar isə bizanslılarla ən yaxın dostluq əlaqələri saxlaya bilərdilər.

Lakin eftalitlərin İran və türkyutlarla düşmənçilik edən dövlətinin mövcudluğu bu qüvvələr düzümünü mürəkkəbləşdirirdi. Ona görə İstemi xan üçün Xosroy Ənuşirvanla ittifaq Yustinianla danışıqlardan daha cəlbedici idi. Təxminən 560-cı ildə farslar və türkyutlar hücum ittifaqı bağladılar – birincilər «şah Perozun ölümünün intiqamını almaq», ikincilər isə Soqdiananın çiçəklənən şəhərlərini ələ keçirmək üçün müttəfiq olmaq qərarına gəlmişdilər.

Eftalitlər iki, hətta üç cəbhədə vuruşmalı oldular, çünki eftalit hökmdarı Mixirakula Kəşmiri və Pəncabı əldə saxlayaraq hindlilərlə inadlı döyüşlər aparırdı.

Eftalitlərin darmadağın edilməsi. Sasani İranının şərq siyasəti kifayət qədər öyrənilməyib. Lakin mənbələrdə qorunub saxlanan yarımçıq məlumatlar da həmin siyasətin çox çevik və ağıllı olduğunu aydın göstərir. Məsələn, Şimal-Qərbi Çinin güclənməsi İranda dərhal diqqəti cəlb etmişdi və 555-ci ildə Çanyana fars səfirliyi gəlmişdi. Eyni vaxtda türkyutların da yanına səfirlik göndərilmişdi (aydın məsələdir ki, həmin səfirlik mənzil başına daha əvvəl çatmışdı). İran şahı ilə İsteminin qızı arasındakı nikah türkyutlarla farslar arasındakı ittifaqı daha da möhkəmləndirdi.[38 - Firdovsi bu nikahın eftalitlərin darmadağın edilməsindən sonra, yəni 569-cu ildə bağlandığını güman edir. Lakin türk qızından doğulan şahzadə – Hörmüz 579-cu ildə taxta çıxmış, 590-cı il fevralın 6-da isə devrilmişdi. Bu zaman artıq onun yeniyetmə oğlu vardı. Artıq Şavani bu tarixi qəbul etmirdi. Lakin Təbərinin versiyasına görə nigah və ittifaq eftalitlərlə müharibədən çıxış etdikdə Hörmüzün yaşı da heç bir şübhə doğurmur, həlak görə 555-ci ildə başlanmışdı. Çox güman ki, çinlilər bu məlumatı İran elçiliyindən almışdılar. Həmin tarix (555-ci il) İsteminin qərb yürüşünün başlanğıcı ilə eyni vaxta düşür. Bu tarixdən çıxış etdikdə Hörmüzün yaşı da heç bir şübhə doğurmur, həlak olanda onun 36, oğlunun isə 16-18 yaşı vardı. İran elçiliyi Belazuri və İbn Xerdadbehin əsərlərində də xatırladılır, lakin onların şərhi son dərəcə təhrif olunub və həqiqətə uyğun gəlmir.]

Öz müttəfiqlərini – jujanları itirən eftalitlər qorxuya düşdülər və 553-cü ildə onlar da Çinlə əlaqə yaratmağa təşəbbüs göstərdilər. Lakin Qərbi Vey imperiyasının hökmdarı Yuyvın Tay türkyutlarla müttəfiq idi və çox güman, elə buna görə də eftalitlərin arzusu burada rəğbətlə qarşılanmadı. Eftalitlərin öz aralarında da birlik yox idi. Katulf adlı əyan hökmdar Qatfarı müharibədən çəkindirirdi, lakin hökmdar tərəfindən təhqir olunduqdan sonra o, həmtayfalarına xəyanət etdi və İran şahının yanına qaçdı.

Fəal hərbi əməliyyatlar 560-cı ildə, Qatfarın təşəbbüsü ilə başlandı. Şahənşahla xaqanın əlaqələrindən narahat olan Qatfar bu yaxınlaşmaya mane olmaq üçün əlindən gələni əsirgəmirdi. Soqddan keçib gedən türkyut səfirliyi bir nəfər istisna edilməklə qılıncdan keçirildi. Xilas olan atlı kədərli xəbəri İstemi xana çatdırdı. Müharibə labüd idi. İstemi bütün qoşunlarını səfərbərliyə aldı. Onların arasında həmin dövrə qədər eftalitlərin təbəəsi olan xotanlılar da vardı. Xosroy Ənuşirvan öz rəqibini qabaqladı və 562-ci ildə eftalitləri ilk məğlubiyyətə uğratdı. Lakin müharibə bununla başa çatmadı.

Türk qoşunun öncül dəstələrinin ilk qurbanı Çaç şəhəri oldu. Türkyutlar burada bütün əhalini qılıncdan keçirdi. Sonra onların əsas qüvvələri Çirçik çayını keçərək Maymurqada[39 - Maymurq – Səmərqənd əyalətində, Zərəfşandan cənub tərəfdə knyazlıq.] öz avanqardları ilə birləşdilər. Eftalitlər Buxara yaxınlığında cəmləşmişdilər, lakin mahir türk süvarilərinin üstünlüyə malik olduğu düzən yerdə döyüşə girmək istəməyən Qatfar dağlara çəkildi və Nesef (Karşı) yaxınlığında döyüşə başladı.

Firdovsinin yazdığına görə türkyutların hücumu zamanı soqdiyalılar çox ağlayırdılar, ancaq eftalitlərin tərəfində vuruşmaq istəmirdilər. Nesef yaxınlığındakı döyüş səkkiz gün davam etdi və eftalitlərin tam məğlubiyyəti ilə başa çatdı (565-ci il). Xilas olanlar müstəqil eftalit dövlətinin sonunun çatdığını görüb Qatfarı taxtdan saldılar və Çaqanian knyazı Faqonişi çar seçdilər. Həm də onların fikrincə, türkyutlara müqavimət göstərə biləcək Xosroy Ənuşirvana tabe olmağı Faqonişə tapşırdılar.

Eyni vaxtda həm xaqanın məktubunu, həm də Faqonişin itaətkarlıq təklifini alan Xosroy onların heç birinə cavab vermədi. Qərb sərhədlərini boş qoymaqdan qorxan əyanlarla hesablaşmadan o, bütün qoşunun başında Xorasana tərəf hərəkət etdi.

Ümumi düşmən əzildikdən sonra müttəfiqlər özləri düşmənə çevrildilər. Xaqanlıqla İran arasında mövcud olan və ümumi düşmənlə haqq-hesabı çürütmək zərurətindən arxa plana keçən münaqişə fikir ayrılığı indi bütün çılpaqlığı ilə aşkara çıxdı. Məlum oldu ki, münaqişə kifayət qədər dərindir, hətta tərəflər barışmaz mövqe tuta bilərlər. Lakin biz növbəti fəsli həmin münaqişəyə həsr edəcəyik. Hələlik isə evtalitlərin üzərinə qayıdaq.

Silah və qəddarlıq gücünə Orta Asiyada hegemonluğu ələ alan eftalitlər fəth etdikləri ölkələrdə populyarlıq qazana bilməmişdilər.

VI əsr Orta Asiya üçün iqtisadi və mədəni yüksəliş dövrü idi. Şəhərlər böyüyür və zənginləşir, əkinçilik, sənətkarlıq və ticarət tərəqqi edirdi. Soqdiyalılar həmin dövrdə təcrübəli və bacarıqlı tacir-dəllallar kimi tanınmışdılar. Onlar qədim karvan yollarından istifadə edərək İranla Aralıq dənizi arasında daimi əlaqə yaratmışdılar. Lakin jujanların yolkəsənliyi və eftalitlərin arasıkəsilməz müharibələri ticarət əlaqələrinə mane olurdular. Çölü və Soqdiananı birləşdirən türkyutlar ticarət üçün geniş imkanlar açmışdılar. Bunun müqabilində Soqdiya tacirləri türkyut xanlarının təbəəliyini qəbul etmişdi. Belə loyal təbəələr onlara sərfəli idi. Bu yolla Orta Asiya xaqanlığın ayrılmaz tərkib hissəsinə çevrilirdi. Yaranmış vəziyyət eftalitlərin qisas cəhdlərinin qarşısını kəsdi və onları dağlara çəkilməyə məcbur etdi. Eftalitlərin qalıqları bizim zəmanəyə qədər həmin yerlərdə yaşamaqdadırlar.

IV fəsil

İPƏK VƏ KARVAN YOLU

Karvan ticarəti. Eftalitləri və Şimali Çin hökmdarlıqlarını darmadağın etdikdən sonra türkyutlar yalnız siyasi deyil, həm də iqtisadi qüdrətə nail oldular. Çünki Qərblə Şərqi birləşdirən böyük karvan yolu onların əlinə keçdi.

Bu yol Çanyandan başlanır və Nanşyanın ətəkləri ilə zirvələrdən gələn sellərin suvardığı çoxsaylı vadilərdən keçirdi. Yolun bu hissəsi asan idi. Lakin bunun ardınca səhradan Xami vadisinə qədər, oradan isə Turfandakı Lyukçun çökəyinə qədər davam edən çətin keçid başlanırdı. Hər iki vadi və yaxınlıqdakı ərazilər müstəqil Qaoçan knyazlığının tərkibinə daxil idi. Burada çinli hərbi köçkünlərin ailələri yaşayırdılar. Onlar özlərinin yeni vətənlərinə tamamilə uyğunlaşmışdılar.

Qaoçanda karvan yolu iki yerə ayrılırdı. Onun bir qolu Tyan-Şanın cənub yamacı boyunca Qaraşardan, Kuçu və Aksudan keçir, sonra isə Çu və Talas vadiləri ilə gedib İsfara çatırdı. O biri – şimal qol da Qaoçanda başlayır və Urumçudan, Manasdan, Kurkara-usudan və İren-Şabiqan dağlarından keçərək Cənubi Cunqariya ilə İli çayının vadisinə və oradan da cənuba, Orta Asiyaya gedirdi. Bundan əlavə Tyan-Şanda aşırımlardan keçərək, Qaraşardan Yulduz vadisi vasitəsi ilə İli vadisinə çıxan başqa bir karvan yolu da vardı, lakin çətinliyinə görə ondan nadir hallarda istifadə edirdilər.[40 - Üçüncü yolla Qırğızıstandan Qaraşara gedən ilk avropalı V.İ. Roborovski (1893-cü il) olmuşdur.]

Orta Asiyada karvanlar dincəlirdilər. Ən böyük düşərgələrdən biri Paykənd şəhəri idi. Buradan yol Xorasandan keçib Rey və Həmədana, habelə Bizans qalası Neseviyyədən (Nizib) keçib Suriya və Konstantinopola gedirdi. Çin dənizinin sahillərindən İran sərhədlərinə qədər məsafəni qət etmək 150 gün çəkirdi, buradan Roma sərhəddindəki Nizibə qədər yolu keçmək üçün isə 80 gün vaxt lazım idi.

Ticarət olduqca gur və gəlirli idi, lakin o, natural təsərrüfat şəraitində yaşayan xalq kütlələrinə deyil, zinət şeylərinə daha çox ehtiyac duyan yuxarı təbəqəyə xidmət edirdi. Çinlilər İrandan istisnasız olaraq öz imperatriçələri üçün qiyməti çox baha olan məşhur sürmə alırdılar. Babilistan xalıları da nadir mal sayılırdı. Nəhayət, Çinə əsil və süni Suriya daş-qaşları Qırmızı dənizdən çıxarılmış mərcan, mirvari, Suriya və Misirdən parçalar, Kiçik Asiyadan narkotik maddələr gətirilirdi. Lakin ən mühüm ticarət malı ipək idi. O, Avropaya Avqustun hakimiyyəti illərindən gətirilməyə başlamışdı. Bizansın ipəyə ehtiyacı hədsiz idi, sarayın və əsilzadələrin ehtiyaclarından başqa barbarlarla əlaqələrdə, ən başlıcası isə muzdlu qoşun tutulmasında ipəkdən valyuta kimi istifadə olunurdu.

Yustinianın dünya hakimiyyəti iddiası Bizans hökumətini anqlo-saks krallığı da daxil olmaqla bütün Avropa dövlətləri ilə diplomatik əlaqələr saxlamağa məcbur edirdi. Hədiyyə verməyə, lazımi adamları ələ almağa, muzdlu qoşun tutmağa hədsiz miqdarda ipək tələb olunurdu. Ticarət sayəsində Yustinian az qala bütün Aralıq dənizi hövzəsini onun hakimiyyətinə tabe edən dünya siyasəti aparmağa nail olmuşdu. İpək Bizansda qızıl və bahalı daşlarla eyni səviyyədə qiymətləndirilirdi.

Lakin Bizansı bu son dərəcə qiymətli malla təchiz edən yol Şimali İrandan keçirdi, Sasani hökuməti isə karvan ticarəti üzərində nəzarəti qətiyyən əldən buraxmaq istəmirdi. Xam ipəyin böyük bir hissəsini istehsal üçün özlərində saxlayan iranlılar hazırladıqları məmulatları istədikləri vaxt özləri qoyduqları qiymətə Qərbi Avropa ölkələrinə sata bilirdilər.

Bizans imperiyasının tənəzzülünə can atan farslar, təbii ki, onun mal dövriyyəsinin artmasına deyil, ipəyin qiymətinin bahalaşmasına çalışırdılar ki, bu vasitə ilə Bizansdan daha çox pul qoparsınlar, onu siyasi və hərbi baxımdan zəiflətsinlər. Mal dövriyyəsinin artması İran üçün sərfəli deyildi, çünki qiymətlər nə qədər yüksək olsa da Bizans ipəyi Avropa bazarında satmaqla ziyanını ödəyirdi, əldə edilən gəlir isə hərbi potensialı artırmağa imkan verirdi. Ona görə də farslar ipək ticarətinə ciddi məhdudiyyət qoyur, həm də buna yalnız yüksək qiymətlər vasitəsi ilə deyil, Qərbə aparılan ipəyin miqdarının məhdudlaşdırılması yolu ilə nail olurdu.

Təbii ki, Bizans bu şəraitlə barışa bilməzdi, çünki ipəyə dəyərindən artıq pul verməklə o, düşmən İranın güclənməsinə imkan yaradırdı. Müharibələr arası fasilələrdə Konstantinopol sarayı kədər hissi ilə nə qədər qızılının düşmənin cibinə axdığını hesablamalı olurdu. Lakin iqtisadi asılılıqdan qurtarmaq təşəbbüsləri faydasız qalırdı. Təxminən 531-ci ildə Yustinian Afrika tacirlərinin vasitəçi rolunu öz öhdələrinə götürmələri və ipəyin Bizansa Hind okeanından gətirilməsi haqqında Efiopiya kralı ilə razılığa gəlmək istədi. Lakin iranlılar Hindistan limanlarında elə nüfuza malik idilər ki, efiopiyalıların ipək inhisarını onların əllərindən almaq cəhdi səmərəsiz qaldı. 532-ci ildə bağlanan sülh isə ipək ticarətinin əvvəlki qaydalarını bərpa etdi.

İranla 540-cı ildə başlanan yeni müharibə Yustinianı xüsusi fərmanla ipəyin qiymətini aşağı salmağa vadar etdi, lakin fars tacirlərindən ipəyi həmin qiymətə almaq qətiyyən mümkün deyildi. Nəticədə xammal olmadığından Suriyadakı ipəktoxuma manufakturaları iflasa uğradı. 570-ci ildə Yəməni ələ keçirən Xosroy Ənuşirvan bizanslıların Qırmızı dəniz və Hind okeanı vasitəsi ilə şərqə çıxan yollarını qəti olaraq kəsdi. Elə həmin dövrdə də tarixi oyuna yeni oyundaş – türkyut xaqanlığı qoşuldu. Yuxarıda qeyd olunduğu kimi, türkyutlar Çindən xərac şəklində hər il xeyli ipək qoparırdılar. Çadırlarını bahalı ipəklərlə bəzəmələrinə baxmayaraq xanlar aldıqları parçanın hamısından istifadə edə bilmirdilər.