banner banner banner
Qədim türklər
Qədim türklər
Оценить:
 Рейтинг: 0

Qədim türklər

Lakin ortadakı birlik pozulmuşdu. Buddizm Jujana nüfuz etmişdi. Bir qayda olaraq buddist missionerləri ilk növbədə xanı öz tərəfinə çəkirdilər. Düşərgədə «şamanlar» – budist ruhaniləri və «ni»lər – rahibələr peyda olmuşdular. Yeni şəraitdə buddizm fantastik formalar kəsb edirdi; məsələn, rahibələrin qanuni ərləri var idi, lakin, görünür, bu xanı o qədər də narahat etmirdi. Məlumatların kasadlığına baxmayaraq, təsdiq etmək olar ki, buddizm heç də hamının xoşuna gəlmirdi. Xanın öz ailəsində və qoşunda da müxalifət meydana çıxmışdı. Jujan ona indi hər zamankından daha artıq lazım olan birliyi itirmişdi. 513-cü ildə Çindəki Jujan səfirliyinə «mirvari bəzəkli büt» gətirən şaman Xuiqyuan başçılıq edirdi. Bu köçərilərin tarixində ilk təsadüf idi ki, dini şəxs dünyəvi missiya ilə çıxış edirdi.

Aşağıdakı epizod daha səciyyəvidir. Jujanların düşərgəsində Deu-xun divan adlı gənc şaman qız yaşayırdı. Onun təxəllüsünün fars mənşəli olması («divanə») diqqəti cəlb edir. «O, müalicə edir və cadugərliklə məşğul olurdu (yəni ruhların köməyi ilə şamanlıq eləyirdi) və Çeunu həmişə şaman qıza inanırdı».[13 - Н. Я. Бичурин. Собрание сведений… т. с: 196.] Çin salnaməçisi onu şarlatan sayır və Deu-xunun fırıldaqçılığı haqqında bir epizod da gətirir. Lakin bizi maraqlandıran bu deyil. «Çeunu ona çox ehtiram göstərir və sevirdi, şaman qızın məsləhətlərinə əməl edərək dövlətin idarə olunmasını tamamilə dolaşdırmışdı».[14 - Orada, s. 197.] Orduda Çeunun məşuqəsinə qarşı müxalifət yarandı və 520-ci ildə xan yürüşdə olanda onun anasının əmri ilə Deu-xunu boğub öldürdülər. Çeounu qayıdanda əyanlarla birlikdə qəsd hazırlayan ananın əmri ilə onu da öldürdülər, taxt-tacı isə qadın özünün o biri oğlu Anaxuanyuya verdi.

On gündən sonra Çeunun intiqamı alındı. Xanın qohumu olan Şifa adlı birisi düşərgəyə hücum edib onu dağıtdı. Anaxuan Çinə qaçdı, anası və qardaşları isə öldürüldülər. Anaxuan Çində mərhəmət axtardığı dövrdə dayısı Polomın öz tərəfdarlarını topladı və Şifanın dəstəsini dağıtdı. Şifa Mancuriyaya, dideuqan tayfasının yanına qaçdı və orada öldürüldü. Polomın xan titulu qəbul etdi. 521-ci ildə o, üsyana qalxan teteutlar tərəfindən basıldı və təbəələrinin bir hissəsi ilə Çinə köçdü. Jujan yenidən məhv olmağın astanasında idi.

Nəhayət, Çin istədiyinə nail oldu: hər iki jujan xanı özlərini ona təslim etdilər. Şimaldan gələnlər danışırdılar ki, «dövlətdə böyük həyəcan başlanıb. Hər tayfa ayrılıqda yaşayır və növbə ilə bir-birilərini qarət edirlər».[15 - Н. Я. Бичурин. Собрание сведений… s.202]

Teleutlar münaqişələrdən faydalandılar: işgəncə ilə öldürülən Mivotunun qardaşı İfu Qaoqyuy dövlətini bərpa etdi və 521-ci ilə Polomının jujanlarını məğlubiyyətə uğradaraq Çinə qovdu. Həmin ilin payızında Anaxuanın qardaşı, taxt-tacda onu əvəz edən Sinifa qaoqyuyların əlindən Çinə qaçdı. Çin hökuməti qazanılmış müvəffəqiyyəti daha da möhkəmləndirmək qərarına gəldi. Polomını və onun tərəfdarlarını Çinin içərilərində, Kukunor gölü yaxınlığında yerləşdirdilər, daha çox etimad qazanmış Anaxuana isə sərhəddən xaricdə, Dunxanın şimalında yer verdilər. Polomın dərhal eftalitlərin yanına qaçmağa cəhd göstərdi, çünki onun üç bacısı eftalit hökmdarında ərdə idi. Lakin Polomını tutdular və o ömrünü həbsxanada başa vurdu. Anaxuan daha dözümlü idi. 522-ci ildə o, səpmək üçün 10 min kisə darı aldı, lakin çox güman ki, jujanlar toxumluq darını yemişdilər. Odur ki, növbəti il onların arasında aclıq başlandı. Bu isə Çin əhalisini yeni hücuma məruz qoydu. Anaxuan təhqiqat üçün göndərilən Çin məmurunu həbs etdirdi, ətrafda nə mümkündüsə, hamısını çapıb-taladı və ordusu ilə birlikdə şimala köçdü. Çin məmuru yalnız burada azad edildi. Anaxuanın dalınca göndərilən atlılar əliboş qayıtdılar. Bu başgicəlləndirici macəra jujanları xilas etdi.

Vey imperiyası heyrətamiz sürətlə iflasa uğrayırdı, hər il yeni siyasi situasiya yaranırdı. Artıq 496-cı ildə xilərin (tatabların) üsyan qaldırdıqları Qərbi Mancuriya itirilmişdi, Cənubi Çində Lyan imperiyası fəallaşmışdı, nəhayət 524-cü ildə ölkənin ən şimal nöqtəsində Voye qalasında qiyam başlandı və tezliklə o, geniş miqyas aldı. Anaxuan bu qiyamı yatırmağı öz öhdəsinə götürdü və 525-ci ilin baharında qiyamçıları darmadağın etdi. Həmin xidmətinə görə o, «müxtəlif şeylərdən» ibarət mükafat aldı, günahı isə tamamilə bağışlandı. İndi Qaoqyayın növbəsi çatmışdı. Teleutlarla təkbətək qalan jujanlar onları son nəfərinə qədər qırdılar. İfu öz balaca qardaşı Yueqyunun əmri ilə öldürüldü. Yueqyu müharibəni davam etdirmək istəyirdi, lakin 534—537-ci illərdə məğlubiyyətə uğradı. İfunun oğlu Bidi öz əmisini öldürdü və müqavimət hərəkatına rəhbərlik etməyə başladı. 540-cı ildə jujanlar Bidinin dəstələrini darmadağın etdilər və beləliklə, Qaoqyuy dövlətinin mövcudluğuna son qoyuldu. Həmin müddətdə Çindəki Vey imperiyası öz aralarında mübarizə aparan şərq və qərb hissələrinə parçalandı. Bundan sonra Anaxuan artıq hegemon qüvvə kimi çıxış edirdi, çünki hər iki tərəf ondan qorxurdu.

Bu qanlı Jujan şöhrətinin son şəfəqi idi.

Dişi canavarın nəsli. Şəcərələrə bələdlik və məxsusi öyrənilməsi ən qədim zamanlardan Mərkəzi Asiya xalqları üçün səciyyəvi idi. Həm də maraqlıdır ki, şəcərələrini müəyyənləşdirərkən həmin xalqlar bu və ya digər vəhşi heyvanı öz nəsillərinin banisi adlandırırdılar. Məsələn, tibetlilər erkək meymunu və dişi rakşası (meşə ruhu), monqollar boz qurdu və maralı, telelər canavarı və hun şanyuyunun qızını, türklər isə hun şahzadəsini və dişi canavarı öz əcdadları sayırdılar. Son iki əfsanə yəqin lap çoxdan, ehtimal ki, bu xalqların böyük Qobi səhrasının cənub qurtaracağında yaşadığı dövrdə meydana çıxmışdı; çünki mifologiya müəyyən dərəcədə siyasi tarixin və etnogenezin faktları ilə düzəlişə məruz qalır.

Tobalıların Şimali Çinin fəthi zamanı məğlub etdikləri tayfaların içərisində «beş yüz Aşina ailəsi» də var.[16 - «Beş yüz ailə» – üslubi ifadədir, əslində «azsaylı» deməkdir] Bu «beş yüz ailə» IV əsrdə hunların və syanbilərin çinlilərdən aldıqları Şensi əyalətinin qərb hissəsində məskunlaşan «müxtəlif tayfaların qaynayıb-qarışmasından» yaranmışdı.[17 - Çin tarixşünaslığında bu epoxa U-xu, yəni «beş barbar tayfa» adını daşıyır.] Aşina Ordosdan qərbdə, Xuanxe və Nanşan çayları arasında yerləşən Xesinin hakimi, hun knyazı Muğana tabe idi. 439-cu ildə tobalar hunlara qalib gələrək Xesini Vey imperiyasına birləşdirəndə knyaz Aşina «beş yüz ailə ilə jujanların yanına qaçdı və Altay dağlarının cənubunda məskunlaşaraq jujanlar üçün dəmir-emal etməyə başladı».[18 - Н. Я. Бичурин. Собрание сведений… т. 1 с: 221.]

Mətn bütün qədim türk xalqının deyil, hakimiyyət başında olan dəstənin mənşəyi barəsində məlumat verir. Qədim türklərin mənşəyi ilə bağlı bu versiyada əfsanəvi heç bir şey yoxdur. Çox güman ki, Aşina bu və ya digər səbəblərə görə çoxsaylı syanbi və hunq knyazlıqlarında yola getməyən qoçaq adamlardan ibarət drujinanın başçısı idi. Dövlət adlandırılması qeyri-mümkün olan bu cür xırda hərbi vahidlər qarmaqarışıq V əsrdə aramsız meydana çıxır və heç bir iz qoymadan məhv olurdu.

Çinlilər Aşina xanlarının təbəələrini Tu-kyu adlandırırdılar. Bu söz Pelyo tərəfindən «türkyut» – yəni «türklər» kimi uğurlu şəkildə açılmışdır. Lakin sözün sonundakı çoxluq bildirən şəkilçi türk deyil, monqol mənşəlidir. Qədim türk dilində bütün siyasi terminlər monqol cəm şəkilçisi ilə yaranırdı. Bu isə güman etməyə əsas verir ki, həmin sözlər türk dil mühitinə kənardan gətirilirdi.

«Türk» sözünün mənası «güclü», «möhkəm» deməkdir. A. N. Kononovun fikrincə bu söz sonralar tayfa birləşməsinin etnik adına çevrilmiş məcmu anlayışdır. Həmin tayfa birləşməsi ilkin dilinin necəliyindən asılı olmayaraq V əsrdə o, tarix səhnəsinə qədəm qoyanda dövrün tayfalararası ünsiyyət vasitəsi olan syanbi – yəni qədim monqol dili tayfaların hamısı üçün anlaşıqlı idi. Bu komanda, bazar, diplomatiya dili idi. Bu dillə Aşina nəsli 439-cu ildə Qobinin şimal həndəvərinə köçmüşdü. «Aşina» sözünün mənası «canavar» deməkdir. Türk dilində canavara buri, yaxud kaskır, monqol dilində isə şono//çino deyirdilər. «A» Çin dilində hörmət prefiksidir. Başqa sözlə, «Aşina» – «nəcib canavar» deməkdir. Sözün Çin təsirinə məruz qalmayan ərəb variantı «Şane» kimi yazıya alınmışdır.

Aşina xanlarını totemist adlandırmağın həqiqətə uyarlığı məsələsi bizim müasir bilgilərimiz hüdudunda həll edilə bilməz. Lakin aydındır ki, VI əsrdə «canavar» adının türklər üçün böyük əhəmiyyəti vardı. Çin tarixçiləri «türk xanı» və «qurd» anlayışlarını sinonim sayır və bu vaxt çox güman ki, türk xanlarının fikirlərinə istinad edirdilər. Təsadüfi deyil ki, syanbi xanının arvadı əri Şabolio haqqında deyirdi: «xan öz xüsusiyyətlərilə qurddur», türklərə hücum təlimatında isə bildirilirdi: «bu tədbirləri görmək lazımdır: köçərilərə hücum etmək və qurdları qovmaq». Türk bayraqlarında qızılı rəngli qurd başı çəkilmişdi. Nəhayət, türklərin mənşəyi haqqında iki əfsanədə birinci yer dişi canavar – əcdadla bağlı versiyaya verilmişdir. Bir-birindən azacıq fərqlənən əfsanələrin ikisi üçün də səciyyəvi cəhət onlarda tarixi hadisəyə – Aşina ordasının Qansudan köçməsinə kiçicik bir işarə də olmamasıdır. Ona görə də əfsanələrin Altayda meydana çıxdığını, bəlkə də gəlmələrin müstəsnalıq hüququnu əsaslandırmaq üçün məxsusi olaraq yaradıldığını düşünmək mümkündür.

Birinci əfsanənin maraqlı cəhəti «Qərb ölkəsindən qərbdə yaşayan hunlar evinin nəsli», yəni Attilanın dövləti haqqında məlumatdır. Qonşular bu nəsli qırmışdılar, yalnız doqquz yaşlı bir oğlan xilas ola bilmişdi. Düşmənlər onun əllərini və ayaqlarını kəsmiş, bədənini isə bataqlığa atmışdılar. Burada dişi qurd həmin oğlandan hamilə olmuşdu. Oğlanı sonra öldürmüşdülər, dişi qurd isə Altaya qaçıb orada on oğul doğmuşdu. Onlar artıb-çoxalmış və «bir neçə nəsildən sonra Asyan-şe adlı birisi bütün aymağı ilə mağaradan çıxaraq özünün Jujan xanının vassalı olduğunu etiraf etmişdi». Beləliklə, bu əfsanəyə görə Altay türkləri- tukyular (türkyutlar) mənşəcə Qərb hunlarından törəmişlər, lakin mənşə birliyi birbaşa deyil, mistik xarakterlidir, ana qurdun iştirakı ilə baş verib. Üstəlik nəzərə alsaq ki, Qərb hunları 468-ci ildə məhv edilib, türklər isə xalq kimi artıq 545-ci ildə tarix səhnəsinə gəliblər, onların artım sürətinə və nəsillərin bir-birini əvəzləməsinə yalnız heyrətlənmək olar.

İkinci əfsanə türklərin mənşəyini yerli So tayfası və yenə dişi canavarla bağlayır. Əfsanəyə görə So nəslinin bütün nümayəndələri «öz səfehlikləri ucbatından» (bu səfehliyin nədə təzahür etdiyi göstərilmir) məhv olmuş, yalnız qurdun dörd nəvəsi canlarını qurtara bilmişdilər. Onlardan birincisi qu quşuna çevrilmiş, ikincisi Tsiqu adı ilə Abu və Qyan çaylarının arasında, üçüncü və dördüncüsü isə Cənubi Altayda, Çusi çayının sahilində məskən salmışdılar. Bu əfsanəni N.A.Aristov izah etmişdir. O, əfsanədəki So nəslini kumandinlər – Bie çayı üzərindəki Cənubi Altay tayfası So ilə müqayisə etmiş, birinci nəvəni lebedinlilər – ku-kiji, ikincini Abakan (Abu) və Yenisey (Qyan-Kem) arasında yaşayan qırğızlarla əlaqələndirmişdi. Böyük oğlun nəvəsi birinci əfsanədə təsadüf etdiyimiz Asyan-şedir. Burada hər iki əfsanə bir-biri ilə səsləşir.

Qaçqınların gəlib çıxdıqları Monqolustan Altayının ətəkləri hunlardan törəyən və türk dilində danışan tayfalarla məskunlaşmışdı. Knyaz Aşinanın drujinası da həmin aborigenlərlə qaynayıb-qarışdılar və onlara «türk», yaxud «türkyut» adı verdilər.

«Türk» sözünün taleyi tədqiqatımız üçün o qədər əhəmiyyətli və vacibdir ki, onunla bağlı süjetə xüsusi diqqət yetirmək lazımdır. 1500 il ərzində «türk» sözü bir neçə dəfə mənasını dəyişib. Göründüyü kimi, türk adı altında V əsrdə knyaz Aşinanın ətrafında birləşən, VI—VIII əsrlərdə isə xalq kimi formalaşan və türk dilində danışan orda nəzərdə tutulurdu. Lakin eyni dildə danışan qonşu xalqlar qətiyyən türk hesab olunmurdu. Ərəblər dillərini nəzərə almadan Orta və Mərkəzi Asiyanın bütün köçəri tayfalarını türk adlandırırdılar. Rəşidəddin ehtimal ki, dil əlamətinə görə türkləri və monqolları fərqləndirirdi. İndiki mərhələdə isə «türk» etnoqrafiyanı, hətta mənşəyi nəzərə almadan istisnasız olaraq linqvistik anlayışdır. Çünki bir sıra türkdilli xalqlar türk dilini qonşularla ünsiyyət prosesində əxz ediblər. Termindən istifadənin bu müxtəlifliyi müqabilində müəyyən dəqiqləşdirmə aparmaq zəruridir. Dolaşıqlıqdan qaçmaq üçün tarixini təsvir etdiyimiz xalqı jujanların və çinlilərin VI əsrdə çağırdıqları kimi türkyutlar[19 - Bu şərti termini biz 1959-cu ildə təklif etmişik] adlandıracağıq.

Aşinanın adı ilə birləşən həmin «beş yüz ailə» mənşəyindən asılı olmayaraq hərbi müvəffəqiyyətin dəyişkənliyi onları Çindən Altaya atana qədər öz aralarında monqol dilində danışırdılar. Lakin türkdilli mühitdə yüz il qalmaları, təbiidir ki, danışıq dilinin tezliklə dəyişməsinə gətirib çıxarmalı idi. Onu da nəzərə almaq lazımdır ki, «Aşinanın beş yüz ailəsi» türk dənizində bir damla idi. Güman ki, VI əsrin ortalarına doğru Aşina nəslinin üzvləri tamamilə türkləşmiş, monqoldilliliyinin əlamətlərini yalnız özləri ilə gətirdikləri titullar sistemində saxlamışdılar.

Yuxarıdakı şərhimizdən göründüyü kimi, türkdilliliyin mənşəyi və özünü «türk-türkyut» adlandıran xalqın meydana gəlməsi tamamilə fərqli hadisələrdir. İndi türk dilləri adlanan dillər ən qədim zamanlarda meydana gəlmişdi, türkyut xalqı isə V əsrdə, Altay və onun ətəkləri üçün səciyyəvi olan meşə-düzən landşaftı şəraitində tayfaların qarışması nəticəsində yaranmışdı. Gəlmələrin yerli əhali ilə qaynayıb-qarışması prosesi o qədər güclü olmuşdu ki, artıq yüz il sonra – 546-cı ildə onlar qədim türk xalqı, yaxud türkyut adlandırılan vahidə çevrilmişdilər.

Türk dili mühitinin özü isə həmin dövrdə artıq Altaydan qərbə doğru uzaqlara – quzların, kanqlıların, yaxud peçeneqlərin, qədim bolqarların və hunların yaşadıqları ərazilərə yayılmışdı.

III fəsil

AŞİNA NƏSLİNİN BÖYÜK DÖVLƏTİNİN YARANMASI

(545-581-ci illər)

Qədim türklərin (türkyutların) tarixinin başlanğıcı. Hər bir xalqın tarixi köklərinin ən qədim dövrlərə gedib çıxmasına baxmayaraq, tarixçilər bütün bu epoxaları xalqın yaranmasını müəyyənləşdirən (onların fikrincə) vaxtdan başlamağı üstün tuturlar. Məsələn, romalıların ifrat şərti tarixi – Romanın meydana gəlməsini, ərəblər tamamilə real tarixi – Məhəmmədin Məkkədən Mədinəyə hicrətini öz tarixlərinin başlanğıcı sayırlar. Rus salnaməçiləri 862-ci ili seçmiş və rus tarixinin «başlanğıcını» həmin ilə uyğunlaşdırmışlar. Fransız xronikaçıları «başlanğıcı» Xlodvinq Merovinqdən götürürdülər, tarixçilər isə Oqyüsten Tyerinin təşəbbüsü ilə 843-cü ili – Karl imperiyasının parçalanmasını fransız tarixinin ibtidası kimi qəbul etdilər və s. Türkyutlar üçün belə bir tarix 545- ci il idi.

Şimali Çində yeni müharibə başlanmışdı. Şərqi Vey imperiyasının hakimi Qao Xuan Jujan xanı Anaxuan və Toqon hökmdarı Kualyuyla ittifaq bağlayaraq Qərbi Vey imperiyasına hücum etdi və rəqibi Yuyvın Tayı bərk sıxışdırdı. Lakin müttəfiqlər həlledici qələbə qazana bilmədilər. Özünə tərəfdarlar axtaran Qərbi Vey imperatoru Ven-di An Nopanto[20 - Anna Nopanto «Tezyu-Tsyundan (yəni Xesidən) olan yadelli köçəri» adlandırılır (b a x Н. Я. Бичурин. Собрание сведений… т. 1 с 228). Aşinanın ordası 100 il əvvəl həmin yerdən çıxmışdı. İlkin mənbədə onun mənşəyi təsadüfi göstərilmir. Türkyut knyazının yanına türkyut dilini bilən adam göndərilmişdi. Bu isə Aşina ordasının öz ilkin vətənləri ilə əlaqələrini itirmədiyini göstərir.] adlı bir nəfəri dostluq əlaqələri yaratmaq üçün türk knyazı Bumının[21 - Orxon kitabələrində o, Bumın-xaqan adlandırılır. V. Bartold və P. M. Meleqoranski onu İstemi xanla bir şəxsdə eyniləşdirməyə çalışıblar. Lakin Tomson, Markvart, Aristov və Qrum-Qrjimaylo parlaq surətdə onların Çin mənbələrindəki İl-xan Qumına və Şetemiyə uyğun gələn iki qardaş olduqlarını sübut etmişlər.] yanına göndərdi.

545-ci ildə[22 - N. İ .Biçurin bu tarixi 535-ci il kimi göstərir. Lakin bu tarix ehtimala az uyğundur, çünki imperiya yenicə dağılmışdı və qüvvələr düzümü hələ məlum deyildi.] türkyutların düşərgəsinə gələn səfir böyük sevinclə qarşılandı. «Orada hamı biri-birini təbrik edərək deyirdi: indi yanımıza böyük dövlətin elçisi gəlib, tezliklə öz dövlətimiz də yüksələr». Bu ötəri və ilk baxışdan əhəmiyyətsiz görünən faktın özü də göstərir ki, jujanların hakimiyyəti türkyutlar üçün dözülməz idi və azadlıq uğrunda mübarizənin zəruriliyi onları qorxutmurdu.

Xalqın əhvali-ruhiyyəsinə uyğun hərəkət edən Bumın süzereninə – Jujan xanına loyallıq göstərərək Qərbi Vey imperiyasının paytaxtı Çanyana hədiyyələrlə birlikdə cavab elçiliyi göndərdi və bununla da ağası – düşməni ilə ittifaqı möhkəmləndirdi. Lakin, bu jujanlarla əlaqələrin qırılmasına gətirib çıxarmadı, çox güman ki, danışıqlar son dərəcə məxfi şəraitdə aparılırdı. Bu elçilik dörddə bir əsr ərzində Qərbi Vey və onun varisi olan Bey-Çjou imperiyalarının müttəfiqi kimi türkyut dövlətinin şərq siyasətini müəyyənləşdirdi. 550-ci ildən başlayaraq həmin siyasət Bey-Tsi sülaləsinin hakim olduğu Şimal-Şərqi Çinə qarşı yönəldilmişdi. Bumın töycü ödədiyi jujanlarla mübarizə aparmaq üçün həddindən artıq zəif olduğunu yaxşı başa düşürdü. O, müttəfiq və vassal borcunu vicdanla yerinə yetirmək qərarına gəlmişdi. Elə həmin il bu qətiyyəti nümayiş etdirmək üçün müvafiq təsadüf də düşdü.

Qərbi tele tayfaları jujan əsarətinə çətinliklə dözürdülər. Nəhayət səbir kasası daşdı – onlar üsyan qaldırdılar və jujanlara həlledici zərbə endirmək üçün Qərbi Cunqariyadan Xalxaya doğru hərəkət etdilər. Yürüş elə pis təşkil edilmiş və elə namünasib vaxt seçilmişdi ki, burada qabaqcadan düşünülmüş müharibədən daha çox xalq qəzəbinin kortəbii partlayışından danışmaq daha düzgün olardı. Tarix hətta üsyan başçılarının adlarını da qoruyub saxlamayıb. Telelər yolun yarısında olanda Qobi Altayının dərələrindən harın döyüş atları minmiş, çoxqatlı zirehli paltar geymiş və uzun nizələrlə silahlanmış nizamlı türkyut dəstələri çıxdılar. Telelər cinahdan zərbə gözləmirdilər, digər tərəfdən onlar heç vaxt, heç bir pislik görmədikləri türkyutlarla deyil, nifrət bəslədikləri jujanlarla vuruşmaq istəyirdilər. Ona görə də telelər dərhal Bumına tam itaətlərini bildirdilər, türkyut hökmdarı isə bu itaətkarlığı qəbul edərək Jujana münasibətdə ikinci qeyri-loyal addım atdı.

İtaətkarlıq çöldə qarşılıqlı təhəddüd ifadə edən anlayışdır. Təbəəliyində əlli min[23 - Н. Я. Бичурин. Собрание сведений… т. 1 с. 228: Qrum-Qrjimaylo jujanlara qarşı «parpurumların çıxdığına güman edir («Западная Монголия и Урянхайский край, т. 2, Л., с. 220), lakin arabaların sayı Mərkəzi Asiyanın tele tayfalarının sayına uyğun gəlir (B a x: Д. Лозднев. Исторический очерк уйгуров, СРб, 1899, с. 38—89). Odur ki, Bumının həmin vaxta qədər Cunqariyada yaşayan və jujanların məhvindən sonra Baykala və Kerulenə qədər bütün Şərqə yayılmış tele tayfaları Konfederasiyasını itaət altına gətirdiyini düşünmək lazımdır.] alaçığı yalnız alaçıq sahiblərinin istədiyini eləmək şərtilə saxlamaq olar, əks-təqdirdə hökmdar həm təbəələrini, həm də başını itirə bilər. Telelər yalnız bir şey – jujanların məhvini istəyirdilər. Onları öz ordasına qəbul edəndə Bumın da çox güman ki, bundan xəbərdar idi. Bumının həmtayfaları da eyni niyyətdə olduqlarından müharibə labüd idi. Xan təbəələrinin arzusuna uyğun iş görürdü. Ona görə də hadisələr daha sürətlə inkişaf etməyə başladı.

Jujanın darmadağın edilməsi. Jujanlarla münaqişə yaratmaq, eyni zamanda incikliyin səbəbkarı kimi görünməmək üçün Bumın fitnəkarlığa əl atdı.

O, qızını ona ərə vermək xahişi ilə Jujan xanı Anaxuana müraciət elədi. Çöl adət- ənənələrinə görə bu, türkyut hökmdarını Jujan xanına bərabərləşdirmək deməkdi. Anaxuan nüfuzunu itirmək istəmirdisə, buna razı ola bilməzdi. Qəzəblənmiş xan Bumına kobud cavab verdi: «Sən mənim xidmətçimsən (türkyutlar jujanlar üçün metal əridirdilər), nə hədlə mənə belə təkliflə müraciət edirsən?». Anaxuanın etirazı Bumını təhqir olunmuş adam vəziyyətində qoyurdu. Türkyut hökmdarına da elə bu lazım idi. Barışığa gedən yolu əvvəlcədən kəsmək üçün o, Jujan səfirinin edam olunmasını əmr etdi. Qərbi Vey imperiyası ilə ittifaq bu şəraitdə onun üçün çox sərfəli idi. Bumın dərhal Ven-di ilə danışıqları təzələdi və 551-ci ildə Çin şahzadə qızı Çanle ilə evləndi. Bu izdivac köçərilər arasında onun nüfuzunu qaldırdı. Qəfil hücumun üstünlüklərindən istifadə etməyə çalışan Bumın 552-ci ilin qışında yürüşə çıxıb jujanları tam məğlubiyyətə uğratdı. Anaxuan intihar etdi, oğlu Yanloçen isə müttəfiqləri olan tsistlərin yanına qaçdı.[24 - S. Julyen bu xəbərin verildiyi mənbəni başqa cür tərcümə edir: Anaxuan özü öz əli ilə oğlu Yaploçeni öldürmüş və Tsiyə qaçmışdı. Lakin N. Y. Biçurinin tərcümə etdiyi Çin salnaməsi «Qan-mu» Anaxuanın intiharı haqqında məlumat verir.]

Bumın İl-xan titulu qəbul elədi. Lakin 552-ci ilin sonunda o öldü. Taxta Qara İssık-xan (yəni Qara Qızmar xan) titulu qəbul etmiş oğlu çıxdı.

Türkyutların qəfil darmadağın etdikləri jujanlar həlak olmuş xanın əmisi Dınşutszanı başçı seçib mübarizəni davam etdirməyə başladılar. Lakin Layşan dağı yaxınlığındakı döyüşdə onlar yenidən tam məğlubiyyətə uğradılar. Jujanların xoşbəxtliyindən (lakin bu xoşbəxtlik uzun sürmədi) Qara İssık xan sirli şəraitdə öldü, oğlu Şetu hakimiyyətdən uzaqlaşdırıldı, taxta Muğan xan titulu ilə Kara İssık xanın kiçik qardaşı Kuşu çıxdı[25 - Bu xanın aşağıdakı adları vardı: vəhşi heyvan adı – Tszuşu (yəni kuşu – quş), nəsil adı Sıqin (yəni nəvə, qardaş oğlu), ləqəbi – yandı (yəni qalib), titulu – Muyuy, yaxud Muğan. Biz elmi ədəbiyyatda daha çox işlədilən sonuncu addan istifadə edirik.].

Yeni xan sərt təbiətli, amansız və ağıllı idi. Onu müharibədən başqa heç nə maraqlandırmırdı. 553-cü il payızın sonlarında Qara İssık-xan jujanları yenidən məğlub etdi. Tsits imperatoru öz uğursuz müttəfiqlərini qəbul etdi və onları türkyutların təqibindən qurtardı. Lakin jujanlar Çində özlərinə yer tapa bilmirdilər. Sürülərini və əmlaklarını itirən, zəhmətə öyrənməyən jujanlar yenidən quldurçuluğa qurşandılar. Artıq 554-cü ilin baharında Tsits hökuməti onlara qarşı qoşun göndərməli oldu. Jujanlar məğlub edildilər. Lakin bu onların əxlaqını dəyişdirmədi. 555-ci ilin yayında Tsits imperatoru jujanları öz torpaqlarından Çölə qovdu, burada isə türkyutlar və kidanlar onlara dərhal divan tutdular.

Dınşutszı sığınacaq tapmaq ümidi ilə ordasının qalıqları ilə Qərbi Veyə üz tutdu, lakin burada Tsi imperiyasına qarşı mübarizədə müttəfiq kimi türkyutlara böyük ehtiyac duyulurdu. Odur ki, üç min nəfər əl-qolu bağlı jujan əsirini türkyut səfirinə verdilər. Səfir bütün yaşlıların boynunu vurmaq əmri verdi, onun yalnız uşaqlara və «knyazları müşayiət edən» xidmətçilərə rəhmi gəldi. Jujanlarla haqq-hesab çürüdüldü, türkyutlar Böyük çölün bütün şərq hissəsinin sahibi oldular. Jujanların məhvində göstərdiyi köməyə görə türkyutlar elə həmin 556-cı ildə Qərbi Vey imperiyasının xəcalətindən çıxdılar. Jujan döyüşçülərinin kəsilən başları Çanyanın Şərq qapıları yanında yerə düşəndə birləşmiş türkyut – Çin dəstələri Toqona hücum etdilər. Şəhərin bütün əhalisi Nanşyan dağlarında sığınacaq axtarmalı oldu. Qaliblər xanın iqamətgahının yerləşdiyi Kukunor yaxınlığındakı Şudun şəhərciyini, habelə Xömçeni ələ keçirdilər. O biri il toqonlular Çin yürüşünə qarşı yürüşlə cavab vermək istədilər, lakin möhkəmləndirilmiş qalaları ala bilmədiklərindən geri çəkilməli oldular. Tsi imperiyası məhvə doğru gedən müttəfiqinə heç bir kömək göstərə bilmədi, çünki bundan əvvəl bütün qüvvələr kidanların şimaldan (553-cü il) və Lyan hökmdarlığının cənubdan (555-ci il) hücumlarının dəf olunmasına göndərilmişdi. Yuyvın Tayın qələbələrdən ruhlanan oğlu Yuyvın Tszyu legitimizm[26 - İnqilabın devrilişi olduğu padşah sülaləsinə tərəfdar çıxan irticaçı monarxist cərəyan.] pərdəsini bir yana ataraq Vey imperiyasının axırıncı hökmdarını taxt-tacdan əl çəkməyə məcbur etdi və 557-ci ildə özü taxta çıxdı. O, banisi olduğu sülaləni Bey-Çjou adlandırdı.

Şərqdə müharibə. Jujanlara divan tutduqdan sonra türkyutlar köçəri qonşularına qarşı fəal hərəkata başladılar. 554-cü il knyazlığın imperiyaya çevrilməsi ili idi. Şimalda Tsiqu dövləti fəth olundu. Çinlilərin Tsiqu adı altında qırğızları, yaxud çikləri nəzərdə tutduqları aydın deyil. Lakin buna baxmayaraq həmin dövrdə Sayan dağlarını aşmaq türkyutlara müyəssər olmasa da, Muğan xan artıq öz şimal sərhədlərini möhkəmləndirmişdi.[27 - Tibet mətnindəki Zama-xaqan, yaxud Zama-moğan Pelyonun təxmini ehtimalına görə Muğan xandır. «Zama» adı «azmış» ola bilməz, çünki göy türklərin sonuncu hökmdarı Ozmış xan hakimiyyət başında olduğu iki il müddətində (742—744) Şimala yürüşə çıxmamışdı. Ehtimal ki, «Zama»nı «Azma» («az» felinin inkarı) kimi oxumaq lazımdır. Türk xanlarının titullarında bu cür epitetlərə tez-tez təsadüf olunur]

Şərqdə həmin dövrdə üç xalq: çinlilərin xi adlandırdığı tatablar, kidanlar və Çin coğrafiyaşünaslarının əsərlərində Şivey adını daşıyan Otuz tatar tayfası yaşayırdı. Hər üç xalq monqol dilinin dialektində danışırdı, məişət və mədəniyyətcə yaxın idi, lakin bununla belə, həmişə bir-biriləri ilə düşmənçilik aparırdı. Tatablar Xinqanın qərb yamaclarında yaşayırdılar və Bey-Tsi imperiyasının müttəfiqi idilər. Kidanlar Mancuriyanın düzən hissəsini, Lyaoxe çayından şimal tərəfi tutmuşdular. Onlar daim tatablarla vuruşurdular və aydın məsələdir ki, Bey-Tsi sülaləsi ilə də münaqişəyə girirdilər. 553-cü ildə Bey-Tsi imperatoru Veydi Kidan xalqını əzib onun əksər hissəsini özünə tabe etdi. Qalanlar ya Koquriyaya (Koreya) qaçdılar, ya da artıq Sarı dəniz hövzəsinə çıxmış tatarlara tabe oldular.

Kidanlar üzərində qələbə nəticəsində Bey-Tsi dövləti özünün xarici siyasi vəziyyətini gücləndirmək əvəzinə daha da pisləşdirdi, çünki şimalda o, artıq türkyutlarla həmsərhəd idi. Syanbilərin qalıqlarına amansız divan tutulması və dövlətin hədsiz vəsaitini udan buddizmə açıq himayədarlıq xarici düşmənlərə müqaviməti zəiflədirdi. Həmin dövrdə Bey-Çjou bir tərəfdən türkyutlarla ittifaq sayəsində, o biri tərəfdən isə sülalə hakimlərinin xidmətkar silklərə arxalanması, buddist və daoçu rahiblərə vəsait xərcləməməsi nəticəsində genişlənir və möhkəmlənirdi. 579-cu ildə imperator U-di buddizmin və daosizmin yasaq olunması haqqında fərman imzaladı. Bu Çin VIII Henrixi «Səma başlanğıcı» titulunu qəbul etmiş, Buddanın və Lao-tszının bütlərini taxtının sağ və sol tərəfinə qoymaq əmrini vermişdi. O, həmin bütlərin əhatəsində oturaraq açıq sitayişi qəbul edir və bununla da dini gözdən salmağa çalışırdı. Çjou imperiyası hətta Qərbi Asiyada da şöhrətlənməyə başladı. Burada müxtəlif səviyyəli hakimlər imperiya ilə əlaqə yaratmağa çalışırdılar. Məsələn, 553-cü ildə eftalitlərdən, 555-ci ildə isə İrandan səfirliklər gəlmişdi. Toqonların yenidən, yalnız Çjou imperiyasının qüvvələri ilə darmadağın edilməsindən sonra 559-cu ildə Qaoçan (Turfan), 561-ci ildə Kuça, 564-cü ildə Karaşar öz səfirliklərini göndərmişlər.

Bay-Çjou imperiyasının əsas məqsədi şərqi imperiyanın – Bey-Tsizinin məhvi idi. Lakin düzgün istifadə olunacağı təqdirdə Bey-Tsizinin müstəqilliyini qoruyub saxlamağa imkan verən zəngin daxili ehtiyatları vardı. Hər şey türkyut xanının kimin tərəfində dayanmasından asılı idi.

561-ci ildə hər iki imperator Muğan xanın qızına elçilik üçün səfirlər göndərdilər. Zəngin Bey-Tsidən gətirilən hədiyyələr az qalmışdı ki, məsələni onların xeyrinə həll etsin, lakin Çjou səfirliyinin diplomatik çevikliyi Muğan xanı ittifaq haqqında müqaviləyə sadiq qalmağa məcbur etdi. O, hədiyyə itkisinin yerini hərbi qənimətlə doldurmaq qərarına gəldi.

563-cü ildə müttəfiqlər Tsinzyanı mühasirəyə aldılar, lakin qələbə qazana bilmədilər. Türkyutlar isə ölkəni çapıb taladıqdan sonra doğma çöllərə qayıtdılar. O biri il yürüş yenə təkrar olundu, lakin tsistlərin Loyan altında Çjou ordularından birini tam şəkildə əzmələri Muğan xanı qoşunlarını geri çəkməyə məcbur etdi. Lakin uğursuzluğa baxmayaraq Muğan xan Tsi imperiyasının ittifaq bağlamaq təklifini yenidən rədd etdi. Bu müttəfiqlik müqaviləsinə uyğun olaraq Çjou imperiyası hər il türkyutlara 100 min top ipək parça verməsi ilə izah edilir.

572-ci ildə Muğan xan öldü. Onun qardaşı və varisi Toba xan Çjou imperiyası ilə əlaqələrini kəsmədən Tsi imperiyası ilə sülh bağladı. Çjou dövləti xəracdan boyun qaçırmağa cəsarət göstərəndə ilkin vəziyyətin bərpası üçün türkyutların bir hərbi qüvvə nümayişi kifayət etdi. Türkyut yürüşlərindən qorxan Tsi imperiyası sülhün xatirinə xərac verərək öz xəzinəsini ilbəil boşaldırdı. Tobo xan deyirdi: «cənubda iki oğlan (Çjou və Tsi) bizə itaət etsə, kasıbçılıqdan qorxmağa dəyməz».

Tsi imperiyası ilə müttəfiqlik türkyutların Çinlə mədəni ünsiyyətinə imkan yaratdı. Xanın düşərgəsində buddist rahiblər görünməyə başladı. Tobo xan özü buddizmi qəbul etdi. Buddist missioner öz dininin gücünü buddizmə tapınmış Tsi imperiyasının qüdrəti və zənginliyi ilə sübuta yetirməyə çalışırdı. Lakin tezliklə Tsi imperiyasının darmadağın edilməsi türkyutların bu dini təlimə inamlarını itirdi və 581-ci ildə Suy sülaləsi hakimiyyət başına gələndən sonra buddistlər Çinə dönməli oldular.

576-cı ildə çjoulular tsistləri məğlub edib Pxinyan şəhərini ələ keçirə bildilər. Tsistlərin Pxinyanı geri almaq təşəbbüsləri baş tutmadı və Eçen şəhərində mühasirədə olan Tsi imperatoru şəhəri təhvil verməmişdən əvvəl knyaz Qao Yuan Tszunun xeyrinə taxtdan imtina etdi. Qao Yuan Tszu isə 577-ci ildə əsir düşdü.

Darmadağın edilməsinə baxmayaraq süquta uğrayan sülalə Tayyuan şəhərinin sakini Qao Bao-ninin simasında bacarıqlı müdafiəçi tapdı. Hələ məğlubiyyətdən əvvəl, 576-cı ildə o, indiki Çaxarda yerləşən İnçjou sərhəd qalasının komendantı təyin olunmuş və qısa müddət ərzində təkcə çinlilərin deyil, köçərilərin də hörmətini qazanmışdı. Sülalənin süqutundan sonra yaranan vəziyyət Qao Bao-ninin müstəqilliyini təmin etmişdi. Qao Bao-nini prinsipsiz siyasi şöhrətpərəst deyildi; onun simasında ilk növbədə Şimali Çinin dirçəlişinə təkan verən mənəvi qüvvələr – borca sədaqət, vətənpərvərlik və mübarizədə əzmkarlıq hissləri öz təcəssümünü tapmışdı. O, qalib tərəfin fəxri təslim təklifini qətiyyətlə rədd etdi və özünün türkyutların yanına qaçmış Tsi sülaləsinin sonuncu nümayəndəsinin – knyaz Qao Şao-inin tərəfdarı olduğunu bildirdi. Bu hərəkətinə görə Qao-Bao-ninə kansler (əlbəttə, həmin vəzifəni tutmaq imkanı yox idi) rütbəsi verildi.

Türkyut xanı Bey-Çjounun hədsiz güclənməsindən ehtiyat edərək məğlub sülalənin tərəfini saxladı. Öz imperatoruna qarşı üsyan qaldıran və Fanyanda (indiki Pekin yaxınlığında) möhkəmlənən sərkərdə Lyuy Çjan-tszı da bu ittifaqa qoşuldu.

Qao Bao-nin dərhal sərəncamındakı bütün qüvvələri səfərbərliyə alıb Qao Şao-inin mövqeyinə keçdi. Lakin o, gecikmişdi. Qoşunlar Lyaoxe çayının sahillərinə çatanda Fanyanın dağıldığı və üsyanın yatırıldığı xəbəri gəldi. Qao Şao-i türkyutların yanına qayıtdı, Qao Bao-i isə öz əyalətində möhkəmləndi.

Bey-Çjou üçün ən qorxulu düşmən türkyutlar idi. 578-ci ildə Tobo xan Çinə soxuldu və Çjou ordusunu qılıncdan keçirdi. 579-cu ildə başlanan danışıqlar kəsildi, hərbi əməliyyatlar isə türkyutların tam üstünlüyü ilə davam edirdi. Lakin Çin elçisi Tobo xanı hədiyyələrlə şirnikləndirə bildi və 580-ci ildə sülh bağlandı. Bu sülh müqaviləsinə görə Qao Şao-i çinlilərə verildi və Çjou dövlətinin paytaxtı Çanyana aparıldı. O, Sıçuanda sürgündə öldü.

580-ci il türkyut qüdrətinin zirvəsi idi. 581-ci ildə Tobo xan öldü, Çjou sülaləsi isə türkyutların qəddar düşməni, Suy sülaləsinin banisi sərkərdə Yan Tszyan tərəfindən devrildi. Bu, siyasi vəziyyəti əsaslı şəkildə dəyişdi. Qao-Bao-i isə öz düşmənlərindən çox yaşadı, o, Çaxardakı xırda knyazlığın hakimi idi. Bu knyazlıq türkyutların müttəfiqi sayılırdı.

Qərbdə müharibə. Şərq sərhədində fəal olan türkyutlar eyni vaxtda qərbə də yürüşlər edirdilər. Təəssüf ki, bu fövqəladə əhəmiyyətə malik hadisə tarixçilərin əsərlərində natamam əks olunur. Lakin bütövlükdə hadisələrin ümumi gedişini müəyyənləşdirmək mümkündür.