banner banner banner
İfşa edilmiş fırıldaqçı
İfşa edilmiş fırıldaqçı
Оценить:
 Рейтинг: 0

İfşa edilmiş fırıldaqçı


Bax, o vaxt söylədiyim sözlər belə idi; tam səmimiyyətlə deyilməsə də, səmimi yerlərini asanlıqla görmək olardı. Sözlərim təxmin etdiyim təsiri göstərmişdi. Yaşlı adamların çoxunun gənclərə qarşı münasibətində nə isə saxta, yalan bir şey var; qocalarla bir yerdə sakitcə yaşayır, münasibətlərinizin möhkəm olduğuna inanır, onların mühüm fikirlərini bilir, sülhü, dincliyi dəstəkləyən sözlərini daim eşidir və bütün bunların təbii olduğunu düşünürsən; amma qəflətən mühüm bir hadisə baş verdikdə və çoxdan bəri qoruyub saxladığınız dinclik öz təsirini göstərməli olduqda, bu qocalar tamamilə yad adamlara çevrilir, daha dərin və daha səbatlı düşüncələrə sahib olur və ancaq bu zaman bayraqlarını açıb yuxarı qaldırırlar, sənsə qorxu içində bu bayraqların üstünə yazılmış yeni şüarı oxuyursan. Bu qorxunun əsas səbəbi – qocaların indi dediklərinin daha ədalətli, daha ağıllı və daha təbii olmasıdır. Misilsiz yalançılq və saxtalıq isə budur ki, onlar indi dediklərini əslində həmişə deyiblər. Məncə bu kənd müəlliminin psixologiyasına elə dərindən bələd olmuşdum ki, daha məni təəccübləndirə bilmirdi.

– Bala, – dedi və əlini əlimin üstünə qoyub dostca sığallamağa başladı, – bala, bu işlə məşğul olmaq hardan ağlına girdi? Bunu eşidən kimi oturub arvadımla danışdım, – birdən masadan kənara çəkilib əllərini yellədi və yerə baxmağa başladı; sanki arvadı kiçilmiş formada döşəmənin üstündə durmuşdu və onunla söhbət edirdi. – Necə illərdir, – ona dedim, – təkbaşına mübarizə aparırdıq, amma indi, deyəsən, şəhərdə böyük bir himayədarımız peyda olub, tacirdir, adı da belədir-elədir. Əməlli-başlı sevinə bilərdik, düzdür? Şəhərdə tacir olmaq balaca iş deyil! Səfil bir kəndli bizə inansa və bunu hər kəsə bildirsə, bizə heç bir köməyi dəyməz, çünki kəndlinin əlindən yaxşı iş gəlməz; istər qoca kənd müəllimi haqlıdır desin, istər ən ədəbsiz şəkildə həqarətlə tüpürsün, nəticə eyni olacaq. Bir kəndlinin əvəzinə on min kəndli bizi müdafiəyə qalxsa, bunun nəticəsi bəlkə daha da pis olar. Amma şəhərli tacir tamamilə başqa məsələdir, dost-tanışı çoxdur onun, sözgəlişi dediyi bircə kəlmə yayıla-yayıla ən yuxarı dairələrə qədər gedib çıxar, yeni himayədarlar bu işlə maraqlanar, onlardan biri, məsələn, deyər ki: “Görürsüzmü, kənd müəllimlərindən də nəsə öyrənmək mümkündür”, – və artıq ertəsi gün, görkəmlərinə baxsaq, belə bir şey gözləməyəcəyimiz neçə-neçə insan bu barədə bir-birinə pıçıldamağa başlayar. Və dərhal iş üçün maddi vəsait tapılar, biri pul toplayar, digərləri pulu onun ovcuna sayar; hamı deyər ki, kənd müəllimini kənddən çıxarmaq lazımdır; onun yanına gəlib, xarici görkəminə fikir vermədən öz aralarına alar, arvad-uşağı ondan ayrılmaq istəmədiyi üçün onları da apararlar. Şəhərlilərə indiyə qədər fikir vermisənmi heç? Hey civildəşirlər. Bir yerə toplaşdıqda isə, civildəşmə sağdan-sola, soldan-sağa yayılar, sonra geri qayıdıb, beləcə davam edər. Bax, bu cür civildəşə-civildəşə bizi arabaya mindirər, hamıyla vidalaşmağa hətta vaxt da verməzlər. Arabaçının yerində oturmuş cənab eynəyini düzəldib, qırmancı şaqqıldadar və araba yerindən tərpənər. Bizi aparmaq üçün gələn şəhərlilər kəndə tərəf baxıb əl edərlər, sanki biz onlarla getməyib kənddə qalmışıq. Şəhərdə hövsələsiz adamların mindiyi bir neçə araba bizi qarşılamaq üçün yola çıxar. Yaxınlaşdıqda yerlərindən qalxıb, bizi görə bilmək üçün boyunlarını uzadarlar. Daha əvvəl pul toplayan adam hər şeyi yoluna qoyar və kütləni sakitləşməyə çağırar. Şəhərə girdiyimiz zaman ardımızca gələn arabalar artıq uzun bir sıra ilə düzülər. Qarşılamaların, salamlamaların bitdiyini düşünərik, amma otelin qarşısında bunların hələ indi başladığını görərik. Şəhərdə belədir, səsləndiyin zaman dərhal ətrafına çoxlu adam toplaşar. Birini maraqlandıran məsələ dərhal digərini də maraqlandırmağa başlayar. Nəfəs alarkən bir-birinin düşüncələrini də içlərinə çəkib mənimsəyərlər. Arabada getməyə imkanı olmayanlar otelin qarşısında gözləyər, imkanlılar isə hörmətsizlik olmasın deyə, arabaya minməzlər; onlar da gözləyərlər. Pul toplayan adamın hər şeyi bu qədər dəqiqliklə yoluna qoymasına əməlli-başlı mat qalırsan”.

Müəllimi sakitcə dinləyirdim, hətta o danışdıqca daha da sakitləşirdim. Məqaləmin məndə olan bütün nüsxələrini masanın üstünə qoydum. Cəmi bir neçə nüsxə çatışmırdı, çünki hər yana göndərdiyim nüsxələrin son vaxtlar məktub yazıb geri qaytarılmasını tələb etmiş və çox hissəsini almışdım. Düzdür, bir çoxları onlara ümumiyyətlə belə bir yazı gəlib-gəlmədiyini xatırlamadıqlarını, gəlibsə də, təəssüf ki, itib-batmış olacağını nəzakətlə bildirən cavablar göndərmişdilər. Bu da məni qane edirdi, çünki əslində başqa bir şey istəmirdim. Yalnız bir nəfər məqaləmi maraq xatirinə özündə saxlamaq üçün məndən icazə istəmiş, məktubda yazdığım şərtlərə uyğun olaraq, yaxın iyirmi il ərzində onu heç kəsə göstərməyəcəyinə söz vermişdi. Müəllim məktubumu hələ görməmişdi. Mənə dediyi sözlərdən sonra məktubu ona göndərməkdə çətinlik çəkməyəcəyimə sevinirdim. Amma onunla danışmasaydım da, bunu rahatca edə bilərdim, çünki məktubu yazarkən cümlələri son dərəcə diqqətlə seçmiş, müəllimin və boynuna götürdüyü işin marağını əsla gözdən qaçırmamışdım. Məktubumdakı əsas müddəalar bunlar idi: “Məqaləmi geri istəməyimin səbəbi yazdığım fikirlərdən imtina etməyim, ya da bəzi yerlərinin səhv və ya isbatedilməz olduğunu düşünməyim deyil. Bu xahişimin sırf şəxsi, amma eyni zamanda çox məcburi səbəbləri var. Amma bunlar məsələnin özünə dair mövqeyim haqqında fikir yürütməyə qətiyyən əsas vermir. Bu son sözlərimə xüsusilə diqqət yetirməyinizi və fürsət tapdıqda bunları hər kəsə söyləməyinizi rica edirəm”.

Amma hələlik məktubun üstünü əllərimlə örtüb gizlətmişdim; ona görə də dedim:

– Demək, iş istədiyiniz kimi alınmadığı üçün mənə tənə vurmaq niyyətindəsiniz? Axı, bu tənələr nəyə lazımdır? Gəlin, vidalaşarkən bir-birimizin qəlbini qırmayaq. Doğrudur, siz bir kəşf etmisiniz, amma əzizim, heç olmasa bunu anlamağa çalışın ki, sizin kəşfiniz başqa kəşflərdən üstün deyil; yəni, sizə edilən haqsızlıq da başqa haqsızlıqlardan daha böyük deyil. Mən elmi dairələrin adətlərini bilmirəm, amma hətta ən yaxşı halda belə, zavallı arvadınıza da bəlkə təsvir etdiyiniz qəbul mərasiminə heç olmasa uzaqdan bənzəyən bir mərasimi düşünmürəm ki, sizin üçün təşkil etsinlər. Mən özüm də yazımın müəyyən təsiri olacağını gözləyirdim və ümid edirdim ki, məqaləm bəlkə bir professorun diqqətini bizim məsələnin üzərinə çəkə bilər, professor da öz tələbəsinə bu məsələ ilə məşğul olmağı tapşırar, tələbə durub yanınıza gələr, sizin və mənim araşdırmalarımı yenidən gözdən keçirər və nəhayət, çıxardığı nəticələri diqqətəlayiq hesab edərsə, – yeri gəlmişkən, tələbələrin hər şeyə şübhə ilə baxdığını unutmamaq lazımdır, – bir məqalə yazar, sizin yazdıqlarınızı bu məqalədə elmi şəkildə əsaslandırar. Amma bu ümid həyata keçsəydi belə, yenə çox şey əldə edilmiş sayılmazdı. Belə qəribə hadisənin müdafiəsinə qalxan gənc tələbənin məqaləsini lağa qoyub gülərdilər. Bunun necə asanlıqla baş verə biləcəyini aqrar məsələlələrə dair adi bir jurnalın nümunəsində görürsünüz, elmi jurnallar isə bu mənada daha amansızdır; bunu isə başa düşmək çətin deyil: professorlar elm qarşısında, gələcək nəsillər qarşısında böyük məsuliyyət daşıyırlar, hər yeni kəşfi tərifləyib göylərə qaldıra bilməzlər. Bu baxımdan bizim vəziyyətimiz daha əlverişlidir. Amma bunu bir kənara qoyub, fərz edək ki, tələbənin məqaləsi maraqla qarşılandı. Bunun nəticəsi nə olardı? Adınız bir neçə dəfə hörmətlə çəkilər, hətta sosial vəziyyətinizə də faydası dəyərdi bunun; “sən demə, bizim kənd müəllimi də gözüaçıq imiş” – deyərdilər və bu jurnal da, – əgər jurnalların yaddaşı və vicdanı varsa, – açıqca sizdən üzr istəyər, bəlkə xeyirxah bir professor da ortaya çıxıb sizə təqaüd verilməsinə nail olardı. Güman ki, sizi şəhərə köçürməyə çalışar, ibtidai məktəbdə sizə iş tapıb, öz biliyinizi artırmaq üçün yalnız şəhərdə olan elmi vasitələrdən istifadə etməyinizə imkan yaradardılar. Amma açıq demək lazımdırsa, mənə elə gəlir ki, bütün bunlar təşəbbüsdən o yana keçməz. Sizi doğrudan da şəhərə çağırardılar, siz də durub gedərdiniz, amma adi bir təmənnaçı kimi; xahiş etmək üçün şəhərə gələn yüzlərlə adam var, siz də onlardan biri olardınız; qarşılama mərasimi, təntənəli qəbul-filan, əlbəttə, təşkil olunmazdı; sizinlə söhbət edib, araşdırmalarınızı, səmimi cəhdlərinizi təqdir edəcəklər, amma eyni zamanda görəcəklər ki, yaşlı adamsınız, bu yaşda elmi fəaliyyətlə məşğul olmaq mənasızdır; siz də planlı araşdırmalar nəticəsində deyil, təsadüfən bu kəşfi etmisiniz, və bu yeganə hal istisna olmaqla, gələcəkdə bu istiqamətdə işləməyi düşünmürsünüz. Bütün bu səbəblərə görə, yəqin ki, sizi kəndə qaytarardılar. Amma kəşfiniz üzərində başqaları işləyəcək; çünki bu, bir dəfə təqdir qazandıqdan sonra unudulacaq bir mövzu deyil. Sizinsə bundan xəbəriniz olmayacaq, olsa belə, heç bir şey anlamayacaqsınız. İstənilən kəşf dərhal elmlər məcmusuna daxil edilərək müəyyən mənada kəşf olmaqdan çıxır, onun içində əriyərək yox olur; bundan sonra həmin kəşfi ayırd etmək üçün elmi təcrübəyə sahib olmaq lazımdır. Onu ağlımıza gəlməyən elmi müddəalarla əlaqələndirir və elmi müzakirələrdə bu müddəaların köməyi ilə göylərə qaldırırlar. Bunları biz hardan anlayaq?! Elmi diskussiyalara qulaq asdıqda, bizə elə gəlir ki, kəşfin özündən söhbət gedir, amma əslində tamamilə başqa mövzulardan bəhs edilir; növbəti dəfə elə olur ki, kəşfdən deyil, başqa bir şeydən danışıldığını zənn edirik, amma əslində bu dəfə kəşfin özündən söhbət açılmaq-dadır.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 650 форматов)