banner banner banner
İfşa edilmiş fırıldaqçı
İfşa edilmiş fırıldaqçı
Оценить:
 Рейтинг: 0

İfşa edilmiş fırıldaqçı


– Sakit olun, – yalnız özüm haqqında düşünərək sakitcə dedim. – Axı, eşitdiyimə görə, sizin sevgiliniz gözəldir.

– Bəli, gözəldir. Onunla yanaşı oturduqda həmişə bunu düşünürəm: “O qədər cəsarətliyəm ki, təhlükəli olsa da, götürqoy etmədən dərhal dəniz səyahətinə çıxaram, çəllək-çəllək şərab içərəm”. Amma qız güldükdə, sənin gözlədiyinin əksinə, dişlərini göstərmir, sadəcə ağzının qaranlıq, dar, uzunsov boşluğunu görmək olur. Gülərkən başını arxaya əysə də, bu cür ağız boşluğu hiyləgərlik və qocalıq əlamətidir.

– Elədir, – köks ötürərək dedim, – yəqin, bunu mən də görmüşəm, çünki gözəçarpan bir şeydir bu. Amma məsələ təkcə bu deyil. Ümumiyyətlə, qızların gözəlliyi tez gözə çarpır! Çox vaxt hər cür büzmə, naxış, saçaqlarla bəzədilmiş gözəl bir donu gözəl bir bədəndə gördükdə, bunların uzun müddət belə qalmayacağını, heç vaxt itib-getməyən qırışlarla və barmaq qalınlığında tozla örtüləcəyini, heç kəsin özünü bu bahalı libası hər gün səhər geyib axşam çıxarmaq qədər miskin və gülünc bir vəziyyətə salmaq istəməyəcəyini düşünürəm. Elə qızlar görürəm ki, gözəl olmağına gözəldirlər; zərif əzələləri, incə topuqları, hamar dəriləri, ipək kimi gur saçları var, amma hər gün eyni görkəmdə, təbiətin bəxş etdiyi bu maskarad libasında boy göstərir, hər gün eyni üzü eyni əllərin içinə qoyub güzgüyə baxırlar. Yalnız bəzi axşamlar hansısa əyləncədən evə gec qayıdıb güzgüyə baxdıqda, üzləri onlara yorğun, şişkin, toz basmış, hamı tərəfindən görülmüş və daşımaq üçün artıq yararsız kimi görünür.

– Amma yol boyunca tez-tez sizdən bu qızı gözəl hesab edib-etmədiyinizi soruşurdum, siz isə başınızı yana çevirib, cavab vermirdiniz. Bəlkə, pis niyyətə düşübsünüz? Niyə mənə təsəlli vermirsiniz?

Ayaqlarımı kölgənin içinə qoydum və nəzakətlə dedim:

– Sizə təsəlli vermək lazım deyil. Siz ki sevilirsiniz.

Soyuq dəyməsin deyə, mavi üzüm naxışları ilə bəzədilmiş cib dəsmalımı ağzıma tutdum.

O mənə sarı dönüb, gombul üzünü skamyanın arxasına söykədi.

– Bilirsinizmi, mənim hələ vaxtım var; bu təzəcə başlamış sevgiyə rəzil bir hərəkətlə və ya xəyanət etməklə, ya da uzaq bir ölkəyə getməklə son verə bilərəm. Axı, düzünə qalsa, bilmirəm, bu həyəcanı yaşamağa dəyərmi? Ortada qəti bir şey yoxdur, heç kim bu işin istiqamətini və müddətini dəqiq deyə bilməz. Əgər sərxoş olana qədər içmək üçün pivəxanaya gedirəmsə, bilirəm ki, həmin axşam sərxoşluqdan ayılmayacağam. Amma mənim vəziyyətimə baxın! Bir həftədən sonra şəhəri tərk edib gəzməyə getmək istəyirik, ailəvi dostlarımıza baş çəkəcəyik, bu insanın qəlbində iki həftə boyunca fırtınalar qoparmazmı? Bu axşamın öpüşləri azğın röyalara yol açmaq üçün mənə yuxu gətirir. Buna müqavimət göstərmək üçün gecə gəzintisinə çıxıram, amma həyəcanım keçib getmir, sifətim sanki küləyin zərbələrini yemiş kimi gah od tutub yanır, gah da soyuqdan üşüyür; əlimi cibimdəki çəhrayı lentə toxundururam, təşviş içindəyəm, amma bu təşvişin səbəbini anlaya bilmirəm, hətta sizə də səbr edirəm, cənab, başqa vaxt olsaydı, sizinlə bu qədər uzun danışmazdım.

Çox üşüyürdüm, göy üzü də yavaş-yavaş ağarmağa başlamışdı.

– Buna nə uzaq ölkəyə getmək, nə rəzil bir hərəkət, nə də xəyanət kömək edər. İntihar etməli olacaqsınız, – dedim və gülümsədim.

Qarşı tərəfdə, xiyabanın o biri başında iki kol vardı; bu kolların arxasında, aşağıda isə şəhər uzanırdı və hələ bir az işıqlı idi.

– Yaxşı, qoy belə olsun! – deyə bağıraraq, möhkəm yumruğunu skamyaya çırpdı və dərhal əlini açdı, – siz isə yaşayacaqsınız, özünüzü öldürməyəcəksiniz. Sizi heç kəs sevmir. Əlinizdən heç bir iş gəlmir. Bir an sonraya belə hökm edə bilmirsiniz. Belə olduğunuz halda hələ mənimlə də danışırsınız, əclaf adamsınız siz! Sevə bilmirsiniz, qorxudan başqa heç bir şey sizi həyəcanlandırmır. Mənim sinəmə baxın bir!

Tez paltosunun, jiletinin, köynəyinin düymələrini açdı. Sinəsi həqiqətən geniş və gözəl idi.

Mən danışmağa başladım:

– Bəli, bu cür inadkarlıqlara bəzən rast gəlirik. Bu yay bir kəndə getmişdim. Kənd çayın kənarında yerləşirdi. Yaxşı yadımdadır, çox vaxt sahildəki skamyada yöndəmsizcə otururdum. Yaxınlıqda bir otel də vardı və bu oteldən tez-tez skripka səsi gəlirdi. Qolu zorlu gənclər bağçadakı masanın arxasında oturub, pivə içə-içə ovdan və başqa macəralardan danışırdılar. Bundan əlavə, qarşı sahildə dumanlı dağlar görünürdü.

Bu zaman ağzımı əyib ayağa qalxdım, skamyanın arxasındakı çəmənliyə keçdim, üstü qarla örtülü bir neçə kiçik budaq sındırıb tanışımın qulağına pıçıldadım:

– Boynuma alıram, nişanlıyam.

Tanışım ayağa qalxdığıma təəccüblənməmişdi.

– Nişanlısınız?

O doğrudan da qəribə şəkildə oturmuşdu, bədəninin bütün ağırlığını skamyanın arxasına salmışdı. Sonra şlyapasını çıxardı; yumru başını boynundan kəskin bir xətlə ayıran xoş ətirli və yaxşıca daranmış saçlarını gördüm; bu qış belə saçlar dəbdə idi. Ona bu cür ağıllı cavab verməyimə sevinirdim. “Bəli, – öz-özümə dedim, – çevik boynu və sərbəst qolları ilə cəmiyyət içində necə gəzir, görəsən. O xoş danışaraq bir xanımı zalın içərisindən keçirə bilər; evin qarşısında yağış yağır, ya da kimsə orada ürkək-ürkək dayanıb, yaxud təəssüf doğuran başqa bir şey olub, – bütün bunlar onu qətiyyən narahat etməz. Yox, bu adam bütün xanımların qarşısında eyni incəliklə təzim edə bilir. Amma indi burada sakitcə oturub”.

Tanışım kətan dəsmalını çıxarıb alnında gəzdirdi.

– Xahiş edirəm, – dedi, – əlinizi bircə dəqiqəliyə alnıma qoyun. Rica edirəm.

Onun dediyini dərhal etmədiyim üçün yalvarırcasına əllərini bir-birinə sıxdı.

Sanki dərd-sərimiz hər şeyi qaraltmışdı, təpənin yuxarısında kiçik bir otaqdaymışıq kimi oturmuşduq, halbuki sübhün gəlişini xəbər verən aydınlığı və səhər yelini çoxdan sezmişdik. Bir-birimizi xoşlamasaq da, yanaşı oturmuşduq, amma bir-birimizdən uzaqlaşa bilməzdik, çünki ətrafımızda möhkəm divarlar vardı. Amma biz özümüzü gülünc və ləyaqətsiz apara bilərdik, çünki üstümüzdəki budaqlardan və qarşımızdakı ağaclardan utanmağımız lazım deyildi.

Bu zaman tanışım tərəddüd etmədən cibindən qatlama bıçaq çıxardı, fikirli-fikirli onu açdı, sanki oyun oynayırmış kimi sol qolunun yuxarısına sapladı və elə də saxladı. Dərhal qolundan qan fışqırdı; yumru yanaqları saralmışdı. Bıçağı çəkib çıxardım, paltosunun və frakının qolunu kəsib, köynəyinin qolunu da yuxarıdan aşağıya cırdım. Sonra mənə kömək edə biləcək birini tapmaq ümidi ilə yoldan aşağı yüyürüb geri döndüm. Ağaclardakı bütün budaqlar açıq-aydın seçilirdi və tərpənmirdi. Sonra dərin yaranı sormağa başladım. O anda bağbanın evi gəldi ağlıma. Evin sol tərəfinə aparan çəmənlik yoxuşu qaça-qaça çıxıb, qapı və pəncərələri tələsə-tələsə gözdən keçirdim. Evdə heç kəsin yaşamadığını dərhal anlamışdım, bununla belə hirsimdən ayaqlarımı yerə döyərək zəngi çaldım. Sonra geri qayıdıb nazik şırnaqla qan axan yaraya baxdım. Tanışımın dəsmalını qarda isladıb, qolunu birtəhər sarıdım.

– Nə etdin sən, əzizim, – deyindim, – mənim ucbatımdan özünü yaraladın. Sənin gözəl imkanın var, yaxşılıqların əhatə-sindəsən, qəşəng geyimli insanların masa arxasında və dağ yollarında tez-tez göründüyü gündüz vaxtı gəzməyə gedə bilərsən. Düşün bir, yazda arabaya minib meyvə bağlarına gedəcəyik; amma yox, təəssüf ki, biz yox, sən Annerllə gedəcəksən, sevinərək, gülüb-oynayaraq. Hə, hə, inan mənə, xahiş edirəm, Günəş də sizi ən gözəl şəkildə hamıya göstərəcək. Musiqi də olacaq, uzaqdan atların ayaq səsləri eşidiləcək, dərd-qəmə yer qalmayacaq, hay-küy qopacaq, xiyabanlarda qarmonlar çalınacaq.

– Aman tanrım! – tanışım dedi; ayağa qalxaraq mənə söykəndi; və yola düşdük, – Axı, bu kömək deyil! Məni sevindicərək heç bir şey yoxdur. Bağışlayın. Gecdir artıq? Bəlkə, sabah səhər-səhər bəzi işləri görməli oldum. Aman tanrım!

Divarın yanında yanan fənər ağac gövdələrinin kölgəsini yolun və qarın üstünə salır, müxtəlif ölçülü budaqların əyri-üyrü, sınıq-salxaq kölgələri isə yamaca düşürdü.

KƏNDDƏ TOY HAZIRLIĞI

I

Girişdən keçib qapının önünə çıxan Eduard Raban yağış yağdığını gördü. Narın yağış idi.

Qarşısındakı səkidə nizamsız addımlarla yeriyən çoxlu insan vardı. Bəziləri yolun o biri tərəfinə keçirdi. Balaca bir qız irəliyə uzatdığı əllərində yorğun itini aparırdı. Öz aralarında söhbət edən iki cənabdan biri ovuclarını yuxarı tutaraq, sanki nə isə dartırmış kimi qollarını qaldırıb endirirdi. Bu zaman şlyapası lent, toqqa və güllərlə bəzədilmiş bir xanım göründü. Sağ əlində incə bir əl ağacı tutmuş və sol əlini isə iflic adamlar kimi sinəsinə sıxmış bir gənc tələsə-tələsə onun ardınca getdi. Siqaretlərinin tüstüsü uzunsov və kiçik buludlar kimi göyə qalxan kişilər də hərdən gözə dəyirdi. Üç cənab, – bunlardan ikisi yüngül paltolarını qollarının üstünə atmışdı, – dayandıqları divarın yanından ayrılıb küçəyə yaxınlaşır, ətrafa göz gəzdirir, sonra söhbət edə-edə geri qayıdırdı.

Gəlib-keçənlərin arasından yola səliqə ilə döşənmiş daşlar görünürdü. Boyunlarını irəli uzadan atlar hündür və incə təkərlər üzərindəki arabaları çəkirdi. Yumşaq oturacaqlarda əyləşmiş insanlar səssizcə piyadalara baxır, küçədəki mağazalara, evlərə və göy üzünə tamaşa edirdilər. Arabalardan biri digərini ötüb keçdikdə, atlar bir-birinə sıxılır, qoşqu qayışları aşağı sallanırdı. İrəlidəki arabanı ötüb keçənə qədər heyvanlar dişləni dartır, arabalar yırğalana-yırğalana sürət götürürdü, sonra atlar yenə öz aralarında məsafə saxlayaraq, uzunsov başlarını bir-birinə tərəf çevirirdi.

Bir neçə nəfər qaça-qaça gəlib, girişin yanında quru qalmış mozaik küçə daşlarının üstündə dayandı; və yavaş-yavaş geriyə boylanıb, göydən qarmaqarışıq şəkildə bu dar küçəyə yağan yağışa baxdı.

Raban özünü yorğun hiss edirdi. Dodaqları, Mavritaniya naxışları ilə bəzədilmiş enli qalstukunun rəngi kimi solğun idi. Qarşıdakı evin daş çıxıntısına söykənərək, donunun ətəklərini yığıb ayaqqabılarını gözdən keçirən bir qadın indi ona baxırdı. Amma özünü saymazlığa vurmuşdu, bəlkə də heç Rabana baxmırdı, onun düz qarşısına yağan yağışa, ya da başının üzərində divardan asılmış şirkət adlarına göz gəzdirirdi. Rabana elə gəldi ki, qadının baxışlarında təəccüb var. “Əgər hər şeyi ona danışa bilsəydim, – deyə düşündü, – yəqin təəccüblənməzdi. İnsan iş yerində o qədər yorulur ki, məzuniyyətə çıxdıqda yaxşıca dincəlməyə halı qalmır. Lakin heç bir iş insana hamıdan onu sevməyi tələb etmək üçün haqq vermir, yox, o tənhadır, başqaları üçün yaddır və sadəcə maraq obyektidir. Nə qədər ki, “mən” demək əvəzinə “insan” deyirsən, hər şeyi asanlıqla danışa bilərsən, lakin o insanın sən özün olduğunu etiraf etdikdə dəhşət içində qalırsan”.

Raban dizlərini büküb dama-dama kətanla üzlənmiş çamadanını yerə qoydu. Yağışın suyu küçənin kənarları ilə çay kimi axıb, sürətlə arxlara tökülürdü. “Əgər mən özüm “insan”la “mən” arasında fərq qoyuramsa, başqalarından şikayətlənməyə haqqım varmı? Yəqin, onları ədalətsiz adlandırmaq olmaz, amma çox yorulduğum üçün hər şeyi tam dərk etməyə də bilərəm. O qədər yorğun idim ki, yol yaxın da olsa, vağzala qədər getməyə çətinlik çəkirdim. Axı, nə üçün bu qısa məzuniyyətimdə şəhərdə qalıb dincəlməyim? Bu sadəcə ağılsızlıqdır… Axı, bilirəm ki, yolda xəstələnəcəyəm. Qalacağım otaq da rahat olmayacaq, kənddə başqa cür mümkün deyil. Üstəlik, iyunun əvvəli olduğu üçün kənd havası çox sərin olacaq. Doğrudur, bunu nəzərə alaraq geyinmişəm, amma axşamlar gəzintiyə çıxan insanlara mən də qoşulmalı olacağam. Orada kiçik göllər var və kənd camaatı adətən bu göllərin ətrafında gəzişir. Yəqin ki, soyuqlayacağam. Amma söhbətlərə çox da qarışmayacağam. Mən bu gölləri uzaq ölkələrdəki göllərlə müqayisə edə bilmərəm, çünki o yerlərə getməmişəm. Ay haqqında danışıb xoş hisslər duymaq, daş yığınının üstünə çıxıb xam xəyallar qurmaq üçünsə çox qocayam; belə etsəm, hamı mənə gülər”.

İnsanlar başlarını aşağı əyib, tünd rəngli çətirlərini yuxarı qaldıraraq yaxınlıqdan keçib gedirdilər. Bu zaman bir yük arabası göründü; samanla dolu qozladakı arabaçı ayaqlarını elə rahatca uzatmışdı ki, bir ayağı az qala yerə dəyir, digər ayağı isə samanın içinə girmişdi. Elə bil, günəşli havada çöldə dincəlirdi. Lakin cilovu diqqətlə tutmuşdu ki, üstünə dəmir çubuqlar yığılmış araba tünlüyün arasından xətərsiz keçsin. Çubuqların əksi gah yerdəki sulara düşüb qıvrılır, gah da islanmış daşların üstü ilə yavaş-yavaş sürüşürdü. Qarşı tərəfdəki qadının yanında dayanmış uşaq bağbanlıq edən kəndlilər kimi geyinmişdi. Onun gen və uzun ətəkli ləbbadəsini qoltuğunun altından bağlanmış dəri kəmər saxlayırdı; gözlərinin üstünə düşmüş, yarımkürə formasında olan papağının yuxarısındakı qotaz sol qulağına qədər sallanmışdı. Yağış onu sevindirirdi. Giriş qapısından kənara qaçıb, yağışda daha çox islanmaq üçün papağını çıxardı və göyə baxdı. Gölməçələrin içində tullanıb-düşərək suyu ətrafa sıçratdığı üçün yoldan keçənlər onu bərk danladı. Nəhayət, qadın onu yanına çağırıb əlindən tutdu, amma uşaq da daha dəcəllik etmədi.

Raban birdən təşvişə düşdü. Bəlkə gecikib? Həm paltosunun, həm də pencəyinin qabağı açıq olduğundan tezcə saatını çıxardı. Saat dayanmışdı. Bir az arxada dayanmış qonşusundan saatı soruşdu. Qonşusu biri ilə söhbət edirdi və gülüşünü kəsmədən Rabana tərəf dönüb “Beşə işləyir” dedi və tez də başını çevirdi.

Raban cəld çətirini açıb çamadınını götürdü. Küçəyə çıxmışdı ki, harasa tələsən bir neçə qadına yol verməli oldu. O anda balaca bir qızın həsir şlyapası gözünə sataşdı; qırmızı rəngli şlyapanın əyri kənarlarına yaşıl lent bağlanmışdı.

Getmək istədiyi səmtə qalxan yoxuşlu yola çıxdıqda qızın şlyapası hələ gözlərinin qarşısındaydı. Sonra bunu yavaş-yavaş unutdu, çünki diqqətini cəmləməli və var gücünü ortaya qoymalı idi; çamadan yüngül deyildi, qarşıdan əsən külək isə paltosunun ətəyini qaldırır, çətirinin tellərini içəriyə əyirdi.

Çətinliklə nəfəs alırdı; yaxınlıqdakı meydandan saat səsi eşidildi, beşə on beş dəqiqə qalmışdı. Çətirinin altından qarşıdan gələn insanların qısa addımlarını görür, yoxuş aşağı enən arabaların yavaş-yavaş fırlanan təkərlərinin qıcırtısını eşidirdi; dağkeçisi kimi cəsur olan atlar qabaq ayaqlarını dik tutmağa çalışırdı.

Raban bir anlıq fikrə getdi, qarşıdakı cansıxıcı iki həftə də gəlib keçəcəkdi; vur-tut iki həftə, yəni məhdud bir müddət. Çətinliklər nə qədər artsa da, bu çətinliklərə dözməli olduğu müddət də bir o qədər azalacaq, vaxt keçdikcə əhval-ruhiyyəsi də yüksələcəkdi. “Məni əhatəyə alıb, incitməyə çalışan hər kəs bu on dörd günlük müddətin getdikcə daha xoş olan axışında yaddaşımdan tədricən silinəcək, bunun üçün səy göstərməyimə də ehtiyac qalmayacaq. Zəiflik göstərə bilərəm, mənə edilən pisliyə görə səsimi çıxarmaram ki, bu da əslində təbii olardı, amma zaman irəlilədikcə işlərin düzələcəyindən və hər şeyin qaydaya düşəcəyindən əminəm.

Bəs uşaq vaxtı təhlükəyə düşdüyüm zaman etdiklərimi indi edə bilmərəmmi? Özüm kəndə getmərəm, buna ehtiyac da yoxdur, bədənimi göndərərəm. Bədənim otaqdan çıxarkən səndələyirsə, bu qorxudan deyil, bədənimin heçliyindəndir; pilləkəndən düşərkən ayaqları dolaşırsa, kəndə gedərkən hönkürürsə, orada şam yeməyini yeyərkən ağlayırsa, bunlar heç də çaşqınlıq və həyəcandan deyil. Axı, mən, mənsə bu zaman sarıya çalan yorğanımı üstümə çəkərək, otağın aralı qapısından içəri əsən sərin mehi hiss edərək yatağımda uzanmış olacağam. Küçədən arabalar və insanlar yavaş-yavaş, tərəddüd içində keçib gedəcəklər, çünki mən yuxu görürəm. Arabaçılar və piyadalar hər dəfə addım atmaq istədikdə ürkək-ürkək mənə baxıb, gözləri ilə yalvaracaqlar. Mənsə onları ruhlandıracaq və qarşılarında heç bir maneə qoymayacağam.

Yatağımda belə uzanarkən, məncə, böyük bir böcəyə, maral-böcəyinə, ya da mau böcəyinə bənzəyirəm”.

Bir mağaza vitrininin önündə dayandı. İslanmış şüşənin arxasında rəflərə kişi şlyapaları düzülmüşdü, dodaqlarını büzərək onlara baxdı. “Məncə, bu məzuniyyəti də öz şlyapamla keçirə bilərəm, – düşünüb yoluna davam etdi, – əgər şlyapama görə hamının məndən zəhləsi gedəcəksə, qoy getsin, bu daha yaxşı!

Bəli, böyük bir böcək. Qış yuxusuna getmiş kimi davranırdım, ayaqlarımı yumru qarnıma tərəf yığıb saxlamışdım. Bir-iki kəlmə söyləyərək, ayaq üstdə zorla dayanan və belini bükən bədənimə əmrlər verirdim. Bir azdan bədənim əmrləri dinlədikdən sonra tez çıxıb gedəcək və mən yatağımda kef edərkən, o bütün işləri yerinə yetirəcək”.

Raban yoxuşun yuxarısında yerləşən tağlı bir qapının yanına çatdı; qapı kiçik bir meydana açılırdı; meydanın ətrafında işıqları yandırılmış kiçik mağazalar vardı. İşıqlar yandan düşdüyü üçün meydanın ortasındakı dalğın halda oturmuş adam heykəli qaranlıqda qalmışdı. İnsanlar fənərlərin önündə ensiz qalxan kimi hərkət edirdilər, gölməçələrdən hər tərəfə əks olunan işıqlar meydanın görkəmini daim dəyişirdi.

Raban meydanda xeyli irəlilədi, amma sağından-solundan keçən arabalardan çəkindiyi üçün ürkək-ürkək addımlayır, quru daşların üzərinə ayaq basmağa çalışır, ətrafı yaxşı görmək üçün əlində tutduğu çətiri lap yuxarı qaldırırdı. Nəhayət, tramvay dayanacağının yaxınlığında dördkünc daş altlığın üstünə bərkidilmiş fənər dirəyinin yanında dayandı.

“Axı, məni kənddə gözləyirlər, görəsən narahat olmağa başlayıblar? Amma mən nişanlım kəndə gedəndən bəri, yəni düz bir həftə olar ona məktub yazmamışdım, ancaq bu səhər yazdım. Yəqin, indi tamamilə başqa cür təsəvvür edirlər məni. Bəlkə də, elə düşünürlər ki, mən biriylə söhbət edərkən özümdən çıxıb onun üstünə atılıram, amma əsla belə hərəkət etmərəm. Bəlkə də fikirləşirlər, harasa getdikdə qarşıma kim çıxarsa, onunla bərk-bərk qucaqlaşıram, amma bunu da heç vaxt etmərəm. Nişanlımın könlünü almağa çalışdıqda, onu hirsləndirirəm. Ah, kaş ki, bu dəfə də onu həqiqətən hirsləndirə biləydim!”