banner banner banner
Qoca Azaflıyam
Qoca Azaflıyam
Оценить:
 Рейтинг: 0

Qoca Azaflıyam

Azaflıyam, yorğunuyam,
Saf eşqlərin durğunuyam.
Baxışların vurğunuyam,
O gözlərin, o gözlərin.

BAXIŞLARIN

Gözlərində yanar canım,
Heyrət-heyrət baxışların.
Sehrkardı, tökər qanım,
Xəlvət-xəlvət baxışların.

Nələr çəkər, nələr aşıq,
Arzu-vüsal dilər aşıq.
Həsrətindən ölər aşıq,
Həsrət-həsrət baxışların.

Azaflını nişan eylər,
Ürəyini şan-şan eylər.
Məni yerlə yeksan eylər,
Dəhşət-dəhşət baxışların,
Afət-afət baxışların.

MÜƏLLİMDİ

Ata, ana təbiətsə,
Ustad, nicat müəllimdi.
Həyat arzu, səadətsə,
Ona murad müəllimdi.

O, taqətdir əlsizlərə,
Gülşən olar gülsüzlərə.
Körpə ikən dilsizlərə,
Natiq, dilşad müəllimdi.

O, dərs deyir zamana da,
Yaxşıya da, yamana da.
Aya uçan insana da,
Şahin qanad müəllimdi.

Azaflı, zər daşı qaşlar,
Baş içində ali başlar.
Elmi kamal, ağıl huşlar,
Öyrən, savad müəllimdi.

ACI SÖZDƏN, ŞİRİN SÖZDƏN

Ürək yanar, dil şad olar,
Acı sözdən, şirin sözdən.
Könül sınar, abad olar,
Acı sözdən, şirin sözdən.

Fitnəsindən el çaxnaşar,
Dost inciyər, yar dalaşar.
Qohum küsər, qan barışar,
Acı sözdən, şirin sözdən.

Nizamilər “Xəmsə“ləri,
Vurğunların şah əsəri.
Yaranıbdır söz gövhəri,
Acı sözdən, şirin sözdən.

Ölkə qurar, mahal çapar,
Taxt uçurar, saray yapar.
Sülh yaranar, dava qopar,
Acı sözdən, şirin sözdən.

Azaflıya etdi nələr,
Fitnə səpər, şəfa dilər.
Yer-göy ağlar, yer-göy gülər,
Acı sözdən, şirin sözdən.

BU ELLƏRDƏN

Aşıq qardaş, səsin gəlsin,
O ellərdən, bu ellərdən.
Hey tərifin, bəhsin gəlsin,
O ellərdən, bu ellərdən.
Ellərdə gəz şən baratı,
Çox eyləmə zarafatı.
Al sənətdə mükafatı,
O ellərdən, bu ellərdən.

Haqdan gəlsin hər muradın,
Şirin ləhcən, şirin dadın.
Oba-oba gəzsin adın,
O ellərdən, bu ellərdən.

Tarixləri varaqla gəz,
Həqiqəti çıraqla gəz.
Azaflını soraqla gəz,
O ellərdən, bu ellərdən.

QƏMİ

Əzəl gündən yazı yazan,
Qananlara verdi qəmi.
Kimi yandı oldu Ozan,
Kimi açdı, sərdi qəmi.