banner banner banner
Qoca Azaflıyam
Qoca Azaflıyam
Оценить:
 Рейтинг: 0

Qoca Azaflıyam

Dahiləri mürvət gəzər,
Mərd igidlər qeyrət gəzər.
Səxavətli hörmət gəzər,
Xəsislərin zərdi qəmi.

Ürək haqdan murad istər,
Aləmləri azad istər.
Dünyaları abad istər,
Azaflının dərdi, qəmi.

AŞIQ

Min dil açar məhəbbətdən,
Eşq atında gəzər aşıq.
İlham alar təbiətdən,
Şeir, dastan düzər aşıq.

Sevdasının od nəfəsi,
Qəlb oxşayar incə səsi.
Sazı, sözü, səliqəsi,
Məclisləri bəzər aşıq.

Gəzər vəfa, etibarı,
Saf vicdanı, düz ilqarı.
Sevməz zülmü, zülümkarı,
Hər möhnətə dözər aşıq.

Məkanıdır qoca Qafqaz,
Dünya gəzər əlində saz.
Bir qolu Kür, biri Araz,
Sinəsi göy Xəzər aşıq.

Bəşər dərdi, fəryadıdır,
Elin şadı öz şadıdır.
Azaflının ustadıdır,
Odlar yurdu Azər aşıq.

YANDIRAR

Eşq aşiqin ürəyində,
Sinəsində köz yandırar.
Məhəbbəti mələyində,
Gözlərini göz yandırar.

Can sağ olsa ömür olar,
Dəmir qaynar, dəmir olar.
Qanmayana əmir olar,
Qananları söz yandırar.

Azaflıyam, çox dəryada,
Dolanmışam ada-ada.
Nələr gördüm bu dünyada,
Şəri qoyar, düz yandırar.

AY CAVANLIQ

Bir vaxt mənlə dünya gəzdin,
Ad-san aldın, ay cavanlıq.
Dərin-dərin dərya gəzdin,
Şaxə daldın, ay cavanlıq.

Qoca Qafqaz dağlarında,
Gül-çiçəkli bağlarında,
Məclislərin sağlarında,
Saz da çaldın, ay cavanlıq.

Niyə əydin qamətini,
Kim artırdı zillətini?
Aslan güclü qüvvətini,
Hara saldın, ay cavanlıq?

Hanı vurub-tutan günlər,
Dağı dağa çatan günlər.
Zirvələrdə yatan günlər,
Harda qaldın, ay cavanlıq?

Azaflıyam, aman keçdi,
Ömrüm-günüm yaman keçdi.
Heyif o vaxt, zaman keçdi,
Tez qocaldın, ay cavanlıq.

GİLEYLƏNƏR

İnsanların adətidir,
Az qanandan gileylənər.
Dahilərin qeyrətidir,
Bəd dövrandan gileylənər.

El-obada gəzən aşıq,
Məclislərdə süzən aşıq,
Hər bəlaya dözən aşıq,
Gic, nadandan gileylənər.

Azaflıyam, dəhşətlərdən,
Qurtarmadım qəm, dərdlərdən.
Mərd igidlər namərdlərdən,
Şər divandan gileylənər.

DEYƏMMƏRƏM