banner banner banner
Dədə Qorqud dastanları
Dədə Qorqud dastanları
Оценить:
 Рейтинг: 0

Dədə Qorqud dastanları

Dədəm Qorqud bu oğuznaməni onun üçün düzdü-qoşdu:

Çaparkən ağ-boz atın büdrəməsin!

Döyüşəndə böyük, iti polad qılıncın gödəlməsin!

Vuruşarkən uzun nizən əyilməsin!

Ağ birçəkli ananın yeri behişt olsun!

Ağ saqqallı atanın yeri cənnət olsun!

Haqq yandıran çırağın daim yansın!

Qadir Tanrı səni namərdə möhtac eyləməsin,

xanım, hey!

II Boy

2. SALUR QAZANIN EVİNIN YAĞMALANDIĞI BOY

Bir gün Amit soyunun aslanı, Qonur atın yiyəsi, Uruz xanın ağası, Bayandır xanın kürəkəni, Qalın Oğuzun dayağı, igidlərin arxası Ulaş oğlu Salur Qazan xan doxsan otaqlı sarayında böyük bir qonaqlıq verirdi. Ulaş oğlu yeyib-içib şənlənəndən sonra dedi: “Sözümü dinləyin, səsimə səs verin, bəylər! Yata-yata yanımız ağrıdı. Dura-dura belimiz qurudu. Duraq gedək, a bəylər! Ov ovlayaq, quş vuraq, sığın-keyik yığaq, qayıdıb evimizə gələk, yeyib-içək, günümüzü xoş keçirək!”

Bütün bəylər Qazanın bu fikrinə sevindilər. Atağızlı Aruz qoca iki dizi üstünə çöküb dedi: “Ağam Qazan, Gürcüstan sərhəddinə gedirsən, qərargahının üstündə kimi qoyursan?”

Qazan dedi: “Oğlum Uruz üç yüz igidi ilə evimin keşiyində dursun”.

Saymaqla tükənməyən Qalın Oğuz bəyləri atlarına minib Ala dağa ova yollandılar.

Bunu görən kafirin casusu tez Şöklü Məliyə xəbər verdi. Din düşməni kafir atını tez mindi, çapdı, gecə yarısı Qazan bəyin düşərgəsinə gəldi. Oğuz elini tar-mar etdilər, qız-gəlinlərini əsir götürdülər, dəvələri qızılla yükləyib götürdülər. Bununla gözü doymayan kafirlər Qazan xanın xanımını və qocalmış anasını da əsir götürdülər.

Qazan xanın oğlu Uruz bəy üç yüz igidlə əsir düşdü. İlək Qoca oğlu Sarı Qalmaş şəhid oldu.

Bütün bunlarla gözü doymayan kafirlərdən biri dedi, bəylər, Qazan xanda bir heyfimiz qaldı.

Şöklü Məlik dedi: “Ədə, nə heyfimiz qaldı?”

Kafir: “Qazanın Qapılı Dərbənddə on min qoyunu vardır. O qoyunları da götürsək, Qazana çox böyük ziyan vurardıq”, – dedi.

Şöklü Məlik: “Altı yüz kafir getsin, qoyunları gətirsin”, – dedi.

Altı yüz kafir atlandı, qoyunları almağa getdilər.

Həmin gecə Qapılı Dərbənddə Qazanın qoyunlarını otaran Qaraca çoban qorxulu bir yuxu gördü. Yuxudan hövlnak oyanan Qaraca Çoban Qabangücü və Dəmirgücü adlı qardaşlarını yanına çağırdı. Ağılın qapısını bərkitdi. Üç böyük təpə boyda daş yığdı, ala qollu sapandını əlinə aldı. Elə bu zaman kafirin atlıları gəlib çıxdılar. Kafirlərin başçısı dedi: gecə gündüz qayğılı çoban, Qazan xanın evini yıxdıq, atlarını mindik, anasını, xanımını, oğlunu əsir götürdük. Sən də bizə tərəf keçib təzim etsən, baş endirsən səni öldürmərik. Şöklü Məliyin yanına apararıq, bəylik alıb verərik.

Bunu eşidən Qaraça Çoban qəzəbləndi: ey mənim itimə bərabər tutduğum, onunla bir qabda yal içən kafir, əgər atına güvənirsənsə, onu qara başlı keçimlə dəyişmərəm. Başındakı dəbilqəni öyürsənsə, başımdakı çoban papağıma dəyişmərəm, Nizəndən deyib qürrələnirsən, ay murdar, bu dəyənəyə tay tutmaram. Yaxına gəlsən, igid zərbəsi görüb sonra gedərsən.

Kafirlər irəli cumub ox atdılar. Qaraca çoban sapandının ağzına daş qoyub döyüşə girdi. Çoban hər sapandı atanda ikisini-üçünü yıxırdı. İkisini atanda üçünü-dördünü yıxırdı. Buna baxmayaraq, çobanın iki qardaşı oxlandı, şəhid oldular. Bunu görən çoban daha da qəzəblənmişdi, sapand daşları bitdiyindən qoyun demir, keçi demir, sapandın ağzına qoyub atırdı.

Kafirin gözü yaman qorxdu, dünya-aləm onlar üçün qaranlıq oldu. “Arzusu gözündə qalsın, bu çoban birdən bizim hamımızı qırar?!”– deyib qaçdılar.

Çoban həlak olan qardaşlarını dəfn etdi. Bu böyük dərdə dözə bilməyib ağladı, sızladı, Qazanı səslədi: “Salur Qazan, bəy Qazan! Ölüsənmi, dirisənmi? Bu işlərdən xəbərin yoxdurmu?”

***

Bu hadisə elə Qazana da agah olur. O da həmin gecə qarma-qarışıq bir yuxu görərək narahat olub, yuxusunu qardaşı Qaragünəyə danışır. Deyir ki, qardaş, yuxuda gördüm ki, yumruğumda bir şahin çırpınıb, quşumu əlimdən alır, hündür evimin üzərinə göydən ildırım çaxır. Qatı, qara dumanın düşərgəmin üstünü bürüdüyünü gördüm. Quduz qurdların evimi dəldiyini gördüm. Qara dəvənin ənsəmdən qapdığını gördüm. Gördüm ki, qara saçım qamış kimi uzanır, uzandıqca gözümü örtür. Əllərimdə on barmağımı qan içində gördüm. Bu yuxunu görəndən bəri ağlımı-huşumu yığa bilmirəm. Xan qardaşım, bu yuxumu yoz mənimçin!”

Qaragünə deyir: “Qara bulud sənin taleyindir. Qar ilə yağmur dediyin sənin qonşundur. Saç qayğıdır, dərddi-sərdi. Qan – qanqaralıqdır. Qalanın yoza bilmərəm, Allah yozsun”.

Belə dedikdə Qazan dedi: “Mənim ovumu pozma, qoşunumu dağıtma! Mən bu gün qonur atımı çapıb, üçgünlük yolu bir günə gedərəm; evə dəymədən yurduma baş çəkərəm. Əgər salamatlıqdırsa, axşam olmadan yenə sənin yanına gələrəm. Oradakılar sağ-salamat deyilsə, başınıza çarə edin. Mən daha getdim. Qazan bəy Qonur atını mahmızladı, yola düşdü. Gəlib yurduna çatdı. Gördü ki, yurdunda bir tazı qalıb. Qazan bəy üzünü yurduna tutaraq dedi: – səni bu günə kim salıb, ay mənim qohum-qəbiləli yurdum?

Bu halı gördükdə Qazanın qara qıyıq gözləri qan-yaşla doldu. Qanı damarlarında qaynadı. Qonur atını dizləri ilə vurub, kafirin keçdiyi yolla getdi. Onun qarşısına bir su çıxdı. Qazan dedi: “Su tanrının üzünü görmüşdür. Mən bu su ilə soraqlaşım!” Çağlayaraq qayalardan çıxan su! Yurdumdan bir xəbər bilirsənsə, de mənə! Dərdli başım qurban olsun, suyum, sənə!

Sudan səs gəlməyincə, Qazan üzünü qarşısına çıxan qurda tutdu: – Ey üzü uğurlu qurd,

– Yurdumdan bir xəbər bilirsənsə, de mənə!

Dərdli başım qurban olsun, qurdum, sənə!

Qurddan da səs gəlmədi. Çobanın qara köpəyini görən Qazan dedi:

Yurdumun xəbərini bilirsənsə, de mənə!

Dərdli başım sağ olduqca

Yaxşılıqlar edim, köpək, sənə!

Köpəkdən də səs gəlmədi. Qazan çarəsiz idi. Yurdunu viranə gördükcə qara bağrı yarılırdı.

Kor-peşman çobanın yanına gəldi. Ümidsizcə dedi:

– Qaranlıq axşam olanda qayğılı çoban!

Qarla yağış yağanda od-ocaqlı çoban!

Səsimi anla, sözümü dinlə!

Evimin buradan keçdiyini gördünmü, de mənə!

Dərdli başım qurban olsun, çoban, sənə!

Çoban bir az əsəbi, bir az da kinayəli formada dedi: –Ay Qazan, ölmüşdünmü, harda gəzirdin, harda itmişdin? Dünən yox, o biri gün Boyu uzun Burla xatun, qoca anan qırx incə belli qızla birlikdə əsir götürüldü. Kafir yurdumuzu taladı, Uruzu əli-qolu bağlı, ayağı yalın ardınca apardı.

Çoban belə deyərkən Qazan ah çəkdi, ağlı başından çıxdı. Dünya-aləm başına qaranlıq oldu. Hirsini Çobana tökərək dedi:–“Ağzın qurusun, çoban! Dilin çürüsün, ay çoban!”

Qazan belə deyəndə çoban söylədi:– ağam Qazan, məni niyə danlayırsan? Sənin qəlbində heç iman yoxdur? Altı yüz kafir də mənim üstümə gəldi. İki qardaşım həlak oldu. Mən üç yüz kafiri öldürdüm, cəzasına çatdırdım. Sənin qapından bir kök qoyun, arıq toğlu da kafirlərə vermədim. Üç yerdən yaralandım, dərdli başım dumanlandı, yalqız qaldım. Günahım budurmu? Sən qonur atını, qalxanını, polad qılıncını, qolundakı şahinini mənə ver, gedim kafirin üstünə, sənin öcünü alım, ailəni qurtarım, ölərəmsə də, qara başım qurban olsun sənə!

Çoban belə dedikdə Qazan qəhərləndi, yola düşdü. Çoban da Qazanın ardınca getdi. Qazan dönüb soruşdu: – “Oğul, çoban, hara gedirsən?” Çoban dedi: – “Ağam Qazan, sən evini-ailəni xilas etməyə gedirsən, mən də qardaşlarımın qanını almağa gedirəm”.