banner banner banner
Dədə Qorqud dastanları
Dədə Qorqud dastanları
Оценить:
 Рейтинг: 0

Dədə Qorqud dastanları

Belə dedikdə Qazan soruşdu: – “Oğul çoban, qarnım acdır. Yeməyə bir şeyin vardırmı?” Çoban dedi: – “Bəli, ağam Qazan, gecədən bir quzu bişirib qoymuşam. Gəl bu ağacın dibində oturaq, yeyək”.

Çoban dağarcığını çıxardı. Yedilər. Qazan fikirləşib dedi: “Əgər çobanla getsəm, qalın Oğuz bəyləri bunu başıma qaxınc edərlər. Çoban olmasaydı, Qazan kafirləri məğlub etməzdi”, – deyərlər.

Bunları düşündükcə Qazana qeyrət gəldi. Çobanı bir böyük ağaca möhkəmcə sarıdı. Atlandı, getdi. Çobana dedi:–“Ədə çoban! Qarnın acmamış, gözün qaralmamışkən bu ağacı qopar! Yoxsa səni burada qurd-quş yeyər”.

Qaraca çoban güc elədi, iri ağacı yeriylə-yurduyla qopardı, arxasına alıb Qazanın ardınca düşdü.

Qazan baxdı, gördü çoban ağacı arxasına alıb gəlir. Dedi:– “Ədə, çoban, bu ağac nədir?” Çoban dedi:– ”Ağam Qazan, bu ağac ona görədir ki, sən kafiri basarsan, qarnın acar, mən də sənə bu ağacla yemək bişirərəm”.

Bu söz Qazana xoş gəldi. Atından endi, çobanın əllərini açdı. Alnından öpüb dedi: “Allah mənim evimi bəladan qurtararsa, səni bütün ilxılarıma başçı qoyaram”. Beləcə ikisi birlikdə yola düzəldilər.

***

Bu yanda isə Şöklü Məliyin keyfi kök idi, kafirlərlə yeyib-içib şənlənirdi. Üzünü öz döyüşçülərinə tutub dedi:– gərək Qazan xanın qadınını bura gətizdirdib şərab payladaq, keyfimiz kökəlsin.

Boyu uzun Burla bunu eşitdi, ürəyinə-canına od düşdü. Qırx incə belli qızın içinə girib, öyüd-nəsihət verdi, dedi: “Qazan bəyin xatunu hansınızdı?”– deyə kimə yapışarlarsa, qırx yerdən səs verərsiz”.

Şöklü Məlikdən adam gəldi: “Qazan bəyin xatunu kimdir?”– deyə soruşdu. Qırx yerdən səs gəldi. Mən, mən…

Bu hadisəni kafirə xəbər verdilər: “Birinə yapışdıq, qırx yerdən avaz gəldi. Bilmədik, hansıdır”, – dedilər.

Kafir dedi: – ”Ədə, gedin Qazanın oğlu Uruzu dartıb çəngəldən asın. Ağ ətindən qıyma-qıyma çəkin; qara qovurma bişirib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil. Hər kim ki, yemədi, odur. Götürün-gəlin!”

Boyu uzun Burla xatun oğlunun yanına gəldi. Çağırıb oğluna söylədi:

–Kafirlər fikirlərini dəyişiblər; deyiblər ki, Qazan oğlu Uruzu həbsdən çıxarıb, boğazından asın. İki kürəyindən çəngələ sancın, qıyma-qıyma ağ ətindən kəsin. Qara qovurma edib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil. Hər kim yemədi, o, Qazanın xatunudur; çəkin-gətirin, döşəyimizə salaq, şərab paylatdıraq! “Sənin ətindən, ay oğul, yeyimmi? Yoxsa iyrənc dinli kafirin döşəyinə girim? Ağan Qazanın namusunu tapdayım? Neyləyim, ay oğul?!”

Uruz dedi:

“Ağzın qurusun, ana! Dilin çürüsün, ana! “Ana haqqı–Tanrı haqqı” deyilməsəydi, qalxıb yerimdən durardım, ağ üzünü qara yerə çırpardım. Can şirinliyini sənə göstərərdim. Bu nə sözdür? Heç vaxt, xanım ana! Mənim üzərimə gəlməyəsən! Mənim üçün ağlamayasan! Qoy məni, çəngələ sancsınlar! Qoy ətimdən şişə çəksinlər, qara qovurma edib, qırx bəy qızının önünə aparsınlar. Onlar bir yeyəndə, sən iki dəfə ye! Kafirlər duymasınlar. Səni tanımasınlar. Təki murdar dinli kafirin qarşısında alçalmayasan, atam Qazanın namusunu sındırmayasan.”

Oğlan belə deyəndə, anasının gözünün yaşı gildir-gildir axdı. Payız alması kimi al yanağını yırtdı-dağıtdı. Qara saçını yoldu. “Oğul!”, “Oğul!” deyib zar-zar ağladı.

Bunu görən Uruz dedi: – Xanım ana, niyə belə ağlayıb, sızlayırsan, keçmiş günlərimi yadıma salırsan? Təki sən sağ ol, atam sağ olsun, mənim kimi oğullar Oğuzda çoxdur, yenə də olacaq.

Belə dedikdə anası dözə bilmədi, gedib, qırx incə belli qızın arasına girdi.

Kafirlər Uruzu tutub ağacın yanına gətirdilər. Uruz dedi:– “Ay kafir, amandır, Tanrının birliyinə şübhə yoxdur! Qoyun bu ağacla danışım, dərdləşim. Kafir də icazə verir. Uruz son dəfə dərdini ağaca deyir, ürəyini boşaldır.

Bu zaman Salur Qazanla Qaraca çoban çaparaq yetir. Çobanın sapandının daşlığı üç illik dana dərisindən, sapandının qolları isə üç keçi tükündən düzəlmişdi. Sapandın çatısı bir keçi tükündən idi. Hər atanda on iki batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə düşsə də, toz kimi sovrular, kül kimi ovulardı. Üç ilədək daşının düşdüyü yerin otu bitməzdi. Bayırda kök qoyun da, arıq toğlu da qalsaydı, sapandın qorxusundan qurd gəlib yeməzdi.

Qaraca çoban çatan kimi sapandını işə saldı. Dünya-aləm kafirin gözündə qaraldı. Qazan dedi:– “Qaraca çoban, qoy anamı kafirdən istəyim, at ayağı altında qalmasın”. Qazan üzünü Şöklü Məliyə tutub:– bütün igidlərimi, qız-gəlinlərimi, var-dövlətimi sənə verirəm, amma anamı ver, çıxıb gedim. Döyüş olmasın.

Kafir bu sözə gülüb Qazanla əylənməyə başladı.

Bu vaxt Qalın Oğuz bəyləri gəlib yetişdi.

Bir tərəfdən acığı tutanda qara daşı kül eyləyən, bığını boynu dalında yeddi dəfə düyünləyən, igidlər igidi, Qazan bəyin qardaşı Qaragünə, bir tərəfdən altmış tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən Qıyan Səlcuq oğlu Dəli Dondaz, bir tərəfdən altmış min kafirə qan qusduran, ağ-boz atının yalı üzərində qar yığılan Qəflət Qoca oğlu Şir Şəmsəddin, Qazan bəyin silahdaşı, Boz ayğırlı Beyrək, bir tərəfdən altı erkək dərisindən papağı qulağını örtməyən, qolu-budu uzunca, baldırları incə Qazan bəyin dayısı At ağızlı Aruz qoca çaparaq yetişdilər: “Çal qılıncını, ağam Qazan, çatdım!” – dedilər.

Sayılmaqla oğuz bəyləri tükənməz. Hamı yetişdi. Kafirin üzərinə at saldırdılar, qılınc çaldılar. Gumbur-gumbur nağaralar döyüldü. Burması qızıl tunc borular çalındı.

O gün cəsur, ər igidlər bəlli oldu. O gün bir qiyamət savaş oldu, meydan dolu baş oldu.

Qazan bəyin qardaşı kafirin bayrağını qılınclayıb yerə saldı. Dərələrdə, təpələrdə kafirlərə qırğın düşdü, leşlərinə quzğun toplaşdı. On iki min kafir qılıncdan keçdi. Oğuz igidlərindən beş yüzü həlak oldu. Qazan bəy qaçanı qovmadı, “aman” deyəni öldürmədi. Qalın Oğuz bəyləri böyük qənimət əldə etdilər.

Qazan bəy öz ordusunu, arvad-uşağını, xəzinəsini geri aldı, qızıl taxtında geri döndü. Yenə evlərini tikdirdi. Qaraca çobanı əmiraxur etdi. Yeddi gün, yeddi gecə yemək-içmək oldu. Qırx nəfər qulu, qırx kənizi oğlu Uruza görə azad elədi. Cəsur qoç igidlərə çoxlu torpaqlar və şalvar, çuxa, arxalıq verdi.

Dədəm Qorqud gəlib boy boyladı, soy soyladı.

Hanı dediyim bəy ərənlər?

Dünya mənimdir deyənlər?

Əcəl aldı, yer gizlədi,

Fani dünya kimə qaldı?

Gəlimli-gedimli dünya,

Son ucu ölümlü dünya!

III Boy

3. BAYBÖRƏNİN OĞLU BAMSI BEYRƏK BOYU

Min yerdə ipək xalça döşənmişdi. İç Oğuzun, Daş Oğuzun bəyləri Bayındır xanın söhbətinə toplaşmışdı. Bayındır xanın qarşısında Qarabudaq, sağ yanında Uruz durmuşdu. Sol yanında isə Yeynək bəy durmuşdu. Baybörə bəy bunları gördükdə ah çəkdi.

Bunu görən Qalın Oğuzun arxası, Bayındır xanın kürəkəni Salur Qazan Baybörə bəyin üzünə qıyqacı baxaraq dedi:

– Baybörə bəy, niyə belə qəmginsən?

– Qazan xan, necə qəmgin olmayım, zarımayım? Nə oğlum var dayağım olsun, nə də qardaşım. Allah-taala məni qarğayıbdır… Bəylər, taxtım-tacım üçün fikir edirəm. Bir gün ölsəm, yerimdə-yurdumda kimsə qalmayacaq.

Qazan dedi:

–Arzun elə budurmu, Baybörə bəy?

– Bəli, budur. Mən də istəyirəm, oğlum olsun, Bayındır xanın xidmətində durub, qulluq eləsin, mən də baxıb fərəhlənim…”

Belə dedikdə Qalın Oğuz bəyləri göyə üz tutdular. Əl qaldırıb dua elədilər. “Allah-taala sənə bir oğul versin!” – dedilər.

O zamanlar bəylərin alqışı alqış, qarğışı qarğış idi. Duaları yerini tuturdu. Baybican bəy də yerindən durub dedi: “Bəylər, mənimçün də bir dua eləyin. Allah-taala mənə də bir qız versin”.

Qalın Oğuz bəyləri əl qaldırdılar, dua elədilər: “Allah-taala sənə də bir qız versin”.

Baybican bəy dedi ki, bəylər, siz şahid, Allah-taala mənə bir qız verərsə, Baybörə bəyin oğluna göbəkkəsmə adaxlı olsun!”

Bunun üstündən bir müddət keçdi. Allah Baybörə bəyə bir oğul, Baybican bəyə bir qız verdi. Qalın oğuz bəyləri bunu eşitdilər, çox sevindilər.