banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
 Рейтинг: 0

Hekayələr

– Bu bağ ancaq mənim bağımdır. Başa düşməlisiniz ki, özümdən başqa heç kəsi burada oynamağa qoymaram.

O, bağın ətrafına hündür hasar çəkdi və bir taxta parçasına “Bağa girənlər cəzalanacaq” sözlərini yazıb divardan asdı.

Yazıq uşaqların oynamağa yeri yox idi, ancaq oynamaqdan ötrü burunlarının ucu göynəyirdi. Əlacları kəsildi, daşlı-kəsəkli yolda oynayası oldular. Bu yer uşaqların xoşuna gəlmirdi. Dərslər qurtaran kimi hündür hasarın ətrafında dolaşır, həsrətlə bağa boylanır və köks ötürürdülər:

– Biz orada necə də xoşbəxt idik!

Bahar gəldi. Hər yerdə zərif güllər açıldı. Balaca quşlar oxumağa başladı. Bircə lovğa Nəhəngin bağında qış hökm sürürdü. Quşlar bağda nəğmə oxumaq istəmirdilər. Ağaclar da çiçəkləməmişdi. Axı uşaqlar bağda yox idilər! Bir dəfə qəşəng gül başını otların arasından qaldırdı, lakin Nəhəngin yazdığı sözləri görüb uşaqlar üçün heyifsiləndi, yenidən torpağın altında gizləndi və yatdı. Bütün bunlardan razı qalan təkcə Qar və Şaxta idi. Onlar:

– Bahar bu bağı unudub, demək, biz bütün ilboyu burada yaşayacağıq, – deyə sevinirdilər. Qar otları öz qalın, ağ örpəyinə bürümüş, Şaxta isə bütün ağacları gümüşü rəngə boyamışdı. Onlar bununla kifayətlənməyib Şimal küləyini də çağırdılar, o da gəldi. Şimal küləyi xəzə bürünüb bütün günü bağda və sobanın içində vıyıldadı.

– Bura çox gözəl yerdir, – dedi. – Biz hələ Dolunu da bura çağırmalıyıq.

Dolu da gəldi. O hər gün üç saat kirəmitləri sındıranadək qəsrin damını döyəcləyir, sonra isə yorulanadək bağın ətrafında sürətlə hərlənirdi. Dolu tamam buz idi. Nəfəsi də buz kimi idi.

Nəhəng pəncərədən başdan-başa ağ örpəyə bürünmüş qarlı bağına baxır və öz-özünə deyirdi:

– Anlaya bilmirəm bahar niyə belə gecikir? Ümidvaram ki, hava dəyişəcək.

Lakin lovğa Nəhəngin bağına nə bahar gəldi, nə də yay. Bağlara qızıl meyvələr verən payız da ondan uzaq gəzdi:

– O, çox lovğadır, – dedi və Nəhəngin bağına gəlmədi.

Bağda həmişəlik qış oldu. Orada Şimal küləyi, Dolu, Şaxta və Qar məskən saldı, ağacların arasında dolaşıb gəzdi.

Bir səhər Nəhəng yuxudan ayılıb yerində uzanmışdı. Bu vaxt o, gözəl musiqi eşitdi. Musiqi çox şirin olduğuna görə Nəhəngə elə gəldi ki, çalan kralın musiqiçiləridir. Əslində isə oxuyan kiçik bir quşdu. Nəhəng çoxdan idi ki, bağında quşların nəğməsini eşitmirdi, elə buna görə də kiçik quşcuğazın nəğməsi onun qulaqlarında dünyanın ən gözəl musiqisi kimi səslənirdi. Sonra Dolu Nəhəngin başı üstündə rəqsini dayandırdı. Şimal küləyinin də vıyıltısı kəsildi. Pəncərədən gələn ətir onu bihuş etdi.

– Nəhayət, bahar gəlib çıxdı, – deyə Nəhəng çarpayıdan sıçradı və bayıra boylandı. O, qəribə bir səhnənin şahidi oldu. Uşaqlar hasardakı kiçik deşikdən bağa girmiş, ağacların budaqlarında oturmuşdular. Nəhəng bağa göz gəzdirdi və hər ağacda balaca bir uşaq gördü. Ağaclar da uşaqların gəlişinə sevinirdi. Onların hamısı çiçəkləmişdi. Ağacların budaqları uşaqların başı üstündə ehmalca yellənirdi. Quşlar ətrafda uçuşur, sevinclə civildəşir, güllər yaşıl otların arasından boylanır və gülüşürdü. Bu, çox gözəl idi, lakin bağın bir küncündə hələ də Qış hökmranlıq edirdi. Bura bağın ən ucqar bucağı idi. Orada kiçik bir oğlan dayanmışdı. O qədər balaca idi ki, ağacın budağına qalxa bilmirdi. Oğlan ağacın ətrafında hərlənir, acı-acı ağlayırdı. Yazıq ağac hələ də qar və buzla örtülü idi. Şimal küləyi də onun üzərində vıyıldayırdı. Ağac:

– Yuxarı qalx, balaca oğlan, – dedi və budaqlarını bacardığı qədər aşağı əydi, lakin uşaq həddən artıq kiçik idi.

Bunu görən Nəhəngin ürəyi kövrəldi. O:

– Mən nə qədər insafsız imişəm. Mən indi baharın gəlməməyinin səbəbini anladım. Mən o yazıq balacanı ağacın zirvəsinə qoyacağam, sonra hasarı uçurdacağam. Bundan sonra mənim bağım həmişəlik uşaqların olacaq, – dedi.

Bəli, Nəhəng, doğrudan da, tutduğu işdən yaman peşman olmuşdu. O aşağı düşdü, ehmalca qapını açdı və bağa çıxdı. Lakin uşaqlar onu görcək qorxub qaçdılar və bağda yenidən Qış hökmran oldu. Bircə balaca oğlan qaçmadı. Onun gözləri yaşla dolduğundan Nəhəngi görmədi. Nəhəng ehtiyatla arxadan balaca oğlana yaxınlaşdı, onu ehmalca əllərinə aldı və ağaca qaldırdı. Ağac bir anda çiçəklədi, quşlar oxumağa başladılar. Balaca oğlan qollarını uzadıb Nəhəngin boynuna sarıldı və onu öpdü. Uşaqlar bunu görüb qaça-qaça geri qayıtdılar. Bahar da onlarla birlikdə yenidən Nəhəngin bağına qayıtdı. Nəhəng:

– Uşaqlar, bu bağ indi sizindir, – deyib baltanı götürdü və hasarı uçurdu. Camaat günorta bazara gedəndə Nəhəngi uşaqlarla birlikdə misli görünməmiş gözəl bağda oynayan gördü.

Onlar bütün günü oynadılar. Axşamsa vidalaşanda Nəhəng soruşdu:

– Bəs mənim ağaca qaldırdığım oğlan, sizin balaca dostunuz hardadır?

Nəhəng onu hamıdan çox istəyirdi, çünki balaca onu öpmüşdü. Uşaqlar cavab verdilər:

– Biz bilmirik. O çıxıb gedib.

Nəhəng kövrəldi:

– Ona deyin ki, sabah mütləq gəlsin.

Lakin onun harada yaşadığını uşaqlar bilmirdilər. Onlar balacanı indiyədək heç görməmişdilər də. Bunu eşidən Nəhəng çox pərişan oldu.

Hər gün dərslər qurtardıqdan sonra uşaqlar Nəhəngin yanına oynamağa gəlirdilər. Nəhəngin sevdiyi balaca oğlan isə bir daha bağa gəlmədi. Nəhəng bütün uşaqlarla mehriban idi, lakin o, balaca oğlan üçün çox darıxırdı və tez-tez onun haqqında söhbət açırdı. Həmişə deyirdi:

– Mən onu necə də görmək istərdim.

İllər ötür, Nəhəng qocalır və zəifləyirdi. O daha oynaya bilmirdi. Kürsüdə oturub uşaqların oyunlarına baxır və bağdan həzz alırdı:

– Mənim qəşəng güllərim çoxdur, amma onların ən gözəli uşaqlardır.

Bir qış səhəri Nəhəng paltarını geyərkən pəncərədən bayıra baxdı. İndi onun qışdan zəhləsi getmirdi. O bilirdi ki, bahar yatır, güllərsə dincəlir.

Birdən o, heyrət içində gözlərini sildi və bağa baxdı. Bu, doğrudan da, heyrətamiz bir şey idi. Bağın ən uzaq küncündə tamam ağ çiçəyə bürünmüş bir ağac var idi. Ağacın qızıl budaqlarından gümüş meyvələr sallanırdı, onun altında isə Nəhəngin sevdiyi balaca oğlan dayanmışdı.

Nəhəng böyük sevinc içində pillələrlə aşağı endi və bağa çıxdı. Otların içindən tələsik keçib uşağa yaxınlaşdı. Balacanı görən kimi qəzəbindən üzü qızardı:

– Kim cürət edib səni yaralayıb?

Uşağın ovuclarında və kiçik ayaqlarında iki mismar izi vardı. Nəhəng yenə qışqırdı:

– De görüm, kim cürət edib səni yaralayıb, mən onu öz böyük qılıncımla öldürərəm!

Uşaq dilləndi:

– Yox. Bunlar məhəbbət yaralarıdır.

Nəhəng soruşdu:

– De, sən kimsən?

Nəsə anlaşılmaz bir qorxu hissi Nəhəngin qəlbini bürüdü və o, uşağın qarşısında diz çökdü.

Uşaq gülümsündü:

– Sən bir dəfə mənə öz bağında oynamağa izin verdin, bu gün isə sən mənim bağıma – cənnətə gedəcəksən.

Həmin gün günortaçağı uşaqlar bağa gələndə Nəhəngi ağacın altında uzanmış gördülər. Nəhəng tamam ağ çiçəklərin içində idi. O ölmüşdü.

SADİQ DOST

Bir səhər qoca susiçovulu başını yuvasından çıxarıb ətrafa boylandı. Onun muncuq kimi parıldayan gözləri və ağarmış, cod bığları vardı. Uzun quyruğu isə elə bil qara qaytandandı. Axmazda sarıbülbüllərə bənzəyən çoxlu ördək balası oyan-buyana üzüşürdü. Anaları – qırmızıayaq, ağappaq ördəksə onlara suda başıaşağı dayanmağı öyrətməyə çalışırdı.

Ana ördək balalarına:

– Kübar cəmiyyətin üzvü olmaq üçün başıaşağı dayanmağı öyrənməlisiniz, – deyə nəsihət verir və vaxtaşırı bunu necə etmək lazım olduğunu göstərirdi. Amma balaca ördəklər ona məhəl qoymurdular. Onlar hələ körpə idilər və kübar cəmiyyətin üzvü olmağın üstünlükləri barədə heç nə bilmirdilər. Qoca susiçovulu dedi:

– Bunları görürsən! Heç sözə baxmırlar. Belə uşaqları suda boğmaq lazımdır.