banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
 Рейтинг: 0

Hekayələr

Ördək onun cavabında:

– Heç elə şey olar?! – dedi. – Axı hər uşağın bir xasiyyəti var. Valideyn balasının nazını çəkməyi bacarmalıdır.

Susiçovulu:

– Ailəm olmadığından valideynlərin keçirdiyi hislər mənə yaddır. Mən heç vaxt evli olmamışam. İndiyədək heç evlənmək fikrinə də düşməmişəm. Məhəbbət öz-özlüyündə nə qədər yaxşı şey olsa da, dostluğa çata bilməz. Dostluq ondan qat-qat üstündür. Sözün düzü, mən dünyada sadiq dostluqdan gözəl və ülvi bir şey tanımıram.

– Elə isə, de görək, səncə, sadiq dost necə olmalıdır? – deyə yaxınlıqdakı söyüd ağacında oturan yaşıl kətanquşu söhbətə qarışdı. O, təsadüfən susiçovulunun dediklərini eşitmişdi.

Ördək:

– Elə mən də bunu bilmək istərdim, – deyib axmazın o biri başına tərəf üzdü və uşaqlarına ibrət dərsi vermək üçün suya baş vurdu. Susiçovulu:

– Axmaq sualdır, – dedi. – Mənim dostum, heç şübhəsiz, mənə sadiq olmalıdır.

– Bəs bunun müqabilində sən nə etməlisən? – deyən quşcuğaz toz kimi havaya qalxan gümüşü su damlalarının üzərində qanad çalaraq dayandı.

Susiçovulu:

– Mən səni anlamıram, – dedi.

Kətanquşu:

– Gəl onda sənə bu barədə bir əhvalat danışım.

– Bu əhvalat mənim haqqımdadır? – deyə susiçovulu soruşdu. – Belə isə, mən ona qulaq asaram. Maraqlı əhvalatlardan yaman xoşum gəlir.

Kətanquşu:

– Söyləyəcəyim əhvalat sənin kimilərinin haqqındadır, – deyib aşağı endi və sahilə qonub bir sadiq dostun başına gələnlər barədə danışdı.

O, söhbətinə belə başladı:

– Biri varmış, biri yoxmuş, yer üzündə Hans adlı namuslu bir insan varmış.

Susiçovulu xəbər aldı:

– O, məşhur adam idi?

– Yox, lap adicə bir insan idi. Mərhəmətli qəlbi vardı. Onun şən, yumru və gülər sifəti çoxlarına tanışdı. O, balaca daxmasında tək-tənha yaşayır və hər gün səhərdən axşamacan bağçasında əlləşirdi. Bütün ətrafda onunku kimi gözəl bağça tapılmazdı. Orada türk qərənfilləri, şəbbü çiçəkləri, çobanyastığı, qaymaqçiçəyi ilə bərabər, tünd-qırmızı və sarı qızılgüllər, yasəməni və qızılı krokuslar, ağ və çəhrayı bənövşələr, sırğagülü, çöltərəsi, mərzə, yabanı reyhan, süsən, sarımtıl nərgizlər və qırmızı qərənfillər vardı. Günlər, aylar ötdükcə gül-çiçəklər də bir-birini əvəz edir, biri açanda o birisi solurdu. Xülasə, bağçaya gələnlər bu gözəlliyə tamaşa etməkdən doymur, güllərin təravətindən, ətrindən az qala bihuş olurdular.

Balaca Hansın dostları çox idi. Ancaq onların içində ən sadiqi dəyirmançı Böyük Hyuq idi. Doğrudan da, varlı dəyirmançı Balaca Hansa o qədər bağlanmışdı ki, bağçasının yanından keçərkən çəpərdən əyilib böyük bir gül dəstəsi, yaxud qucaq dolusu ətirli çiçəklərdən dərməmiş, meyvələrin dəyən vaxtı isə ciblərini gavalı, ya da albalı ilə doldurmamış ötüb-getməzdi.

Dəyirmançı hər dəfə adəti üzrə:

– Dost dosta tən gərək, – deyəndə Balaca Hans gülümsəyər, başını tərpədərək onun sözlərini təsdiqləyər və özlüyündə dostunun belə nəcib niyyətli olması ilə fəxr edərdi.

Düzdür, dövlətli dəyirmançının bütün bunların müqabilində Balaca Hansa bir çöp də verməməsi bəzən qonşulara qəribə gələrdi. Axı onun dəyirmanda ehtiyat üçün gizlədilmiş yüz kisə unu, bundan başqa, altı sağmal inəyi, yaxşı yunu olan böyük qoyun sürüsü vardı. Lakin Balaca Hans bütün bunlar barədə fikirləşib başını ağrıtmazdı. Onun ən çox xoşuna gələn şey dəyirmançının əsl dostluğun xudbinlikdən nə qədər uzaq olması haqqında həmişə dediyi gözəl sözlərə qulaq asmaqdı.

Bu minvalla Balaca Hans öz bağçasında işləyər və gördüyü işdən həzz alardı. Yaz, yay, bir də payız aylarında o özünü xoşbəxt sanardı. Qışda isə, bazarda satılmağa nə meyvəsi, nə də gül-çiçəyi olanda, Hans soyuqdan, aclıqdan yaman əziyyət çəkərdi. Tez-tez elə olurdu ki, bütün günü dilinə armud qurusu, ya da daş kimi bərk qozdan başqa heç nə dəymir və o, ac-yalavac yatağına girib yatırdı. Qışda Hans həm də tək-tənha qalırdı. İlin bu vaxtı dəyirmançı onu heç yada salmırdı.

Dəyirmançı Balaca Hansdan xəbər tutmamağını arvadına, adətən, belə izah edirdi:

– Qar əriməyincə Hansın yanına getməyin onsuz da heç bir xeyri yoxdur. Axı onun belə çətin vəziyyətində öz dərdi özünə bəsdir. Belə hallarda adamı tək buraxmaq lazımdır. Hər halda, əsl dost bu cür hərəkət etməlidir. Zənnimcə, mən onun yanına getməməkdə haqlıyam. Balaca Hansın yanına yaz girəndən sonra gedəcəyəm ki, o mənə bir iri səbət novruzgülü verə bilsin. Bu onu dünyalar qədər sevindirəcək.

Dəyirmançının rahat, qoltuqlu kürsüdə, çatırtı ilə yanan ocağın istisində oturan arvadı isə cavabında deyirdi:

– Başqalarının qeydinə yaman qalırsan. Dostluq haqqında dediyin sözlər də adama ləzzət verir. Səni inandırıram ki, heç keşişimizin özü də, üçmərtəbəli evdə yaşamasına və çeçələ barmağında qızıl üzük gəzdirməsinə baxmayaraq, sənin dediyin sözlər qədər gözəl ifadələr işlədə bilməz.

Dəyirmançının kiçik oğlu söhbətə qarışdı:

– Bəs biz Balaca Hansı evimizə çağıra bilmərik? Əgər onun vəziyyəti ağırdırsa, yeməyə bir şeyi yoxdursa, mən sıyığımın yarısını ona verərəm. Hələ üstəlik, ağ dovşanlarımı da ona göstərərəm.

Dəyirmançı:

– Nə axmaq uşaqsan! – deyə qışqırdı. – Sənin məktəbə getməyinin nə xeyri olduğunu heç cür başa düşə bilmirəm. Deyəsən, orada heç nə öyrənmirsən. Balaca Hans bizə gəlib isti ocağımızı, dadlı yeməklərimizi və bir böyük çəllək qırmızı çaxırımızı görsə, bizə paxıllığı tutar. Paxıllıqdan da ki pis şey yoxdur. O, adamları korlayır. Mənsə Hansın paxıl olmasına heç cür yol verə bilmərəm. Onun ən yaxın dostu olduğumdan həmişə ona nəzarət etməli və yolunu azmağa qoymamalıyam. Bundan başqa, Hans gəlib məndən borc un istəsə, ona heç nə vermərəm. Un başqa şeydir, dostluq isə tamam başqa. Onları bir-biri ilə qarışdırmaq olmaz. Elə sözlərin özünü götürək. “Un” – “Dostluq”. Görürsənmi, onların nə tələffüzü, nə də mənası bir-birinə uyğun gəlir. Bu ki, Allaha şükür, hamıya məlumdur.

Özü üçün böyük stəkana ilıq ev pivəsi süzən dəyirmançının arvadı dilləndi:

– Gözəl danışdın. Məni yuxu basdı. Elə bil lap kilsədəyəm.

Dəyirmançı sözünə davam etdi:

– Camaatın çoxu yaxşı işlər görür, amma yaxşı danışmağı bacaran çox azdır. Bu da bir daha onu sübut edir ki, danışmağı bacarmaq hər adamın işi deyil. Həm də iş görməkdənsə, danışmaq yaxşıdır.

Bunu deyən dəyirmançı stolun o başında oturan kiçik oğluna acıqlı-acıqlı baxdı. Uşaq utandığından başını aşağı salıb qıpqırmızı qızardı. Göz yaşları damcı-damcı axıb qabağındakı çayın içinə töküldü. Hər halda, cavan olduğu üçün onu bağışlamalı olacaqsınız.

Susiçovulu soruşdu:

– Əhvalat bununla bitir?

– Əlbəttə yox, – deyə kətanquşu ona cavab verdi. – Bu hələ başlanğıcdır.

Susiçovulu:

– Onda sən zəmanədən geri qalmısan, – dedi. – İndiki zamanda əməlli-başlı rəvayətçilərin hamısı əhvalatın sonundan başlayıb əvvəlinə keçir və söhbətinə danışdığı əhvalatın ortasında yekun vurur. Bu, yeni üsuldur. Mən bunları dünən axmazın ətrafında bir gənclə gəzişən tənqidçinin söhbətindən eşitmişəm. O bu barədə xeyli danışdı. Əminəm ki, tənqidçi haqlıdır. Axı onun göy şüşəli eynəyi vardı. Başı da dazdı. Hər dəfə gənc bir söz deyəndə o, qəti narazılığını bildirir və heç nə ilə razılaşmırdı. Di yaxşı, Allah xatirinə, söhbətinə davam elə. Dəyirmançı yaman xoşuma gəlir. Mənim xasiyyətimdə də gözəl cəhətlər çoxdur. Ümumiyyətlə, bizim aramızda xeyli oxşarlıq var.

Kətanquşu bir ayağının üstündən o biri ayağının üstünə hoppanıb söhbətinə davam etdi:

– Beləliklə, qış qurtarandan və novruzgüllərinin ulduzabənzər sarımtıl ləçəkləri açılmağa başlayandan sonra dəyirmançı, arvadına Balaca Hansın yanına gedəcəyini bildirdi.

Arvadı:

– Gör sənin nə gözəl qəlbin var! – dedi. – Həmişə başqalarının qeydinə qalırsan. Bura bax, gül gətirmək üçün böyük səbəti özünlə aparmağı unutma.

Xülasə, dəyirmançı yeldəyirmanının qanadlarını zəncirlə bir-birinə möhkəm bağlayıb təpədən üzüaşağı, qoltuğunda da səbət yoluna düzəldi.

– Sabahın xeyir, Balaca Hans!