banner banner banner
Xəmsə
Xəmsə
Оценить:
 Рейтинг: 0

Xəmsə

Xəmsə
Nizami Gəncəvi

Uşaq ədəbiyyatı #9
Kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”si uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunur. Balaca oxucularımız bu toplunu oxumaqla həm böyük ədib Nizami Gəncəvinin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, həmişə doğrunun, haqlının yanında durmaq kimi əxlaqi keyfiyyətləri mənimsəyəcək, özlərində ədalətin gec-tez qələbə çalacağına birmənalı inam formalaşdıracaqlar.

Nizami Gəncəvi

XƏMSƏ

(nəsrlə sadələşdirilmiş)

12+ yaş

SİRLƏR XƏZİNƏSİ

ÜMİDSİZ PADŞAHIN BAĞIŞLANMASI DASTANI

Ədalətli şah yuxusunda zalım bir soltan gördü. Ondan soruşdu ki, sənə Tanrı hansı cəzanı verdi? Gündüzlər onun qan tökməsinin, ev yıxıb, zülm etməsinin əvəzində gecələr hansı əzabı çəkdiyini sual etdi.

Zalım soltan cavab verdi ki, ömrüm sona çatarkən cahana göz gəzdirdim, ancaq bir ona (Tanrıya) pənah gətirdim, görüm ki, düşkün çağımda yol göstərən kimim var? Tanrı məhəbbətinə kim məni yaxınlaşdıra bilər? Baxıb gördüm ki, heç kəsin mənə şəfqəti yoxdur, əksinə, hiddəti, nifrəti çoxdur. Lütfdən, mərhəmətdən söhbət belə gedə bilməz. Rüzigarın bu işinə dözməyib söyüd kimi titrədim. Özümə sual verdim: ürəyim yara, üzüm qara, indi mən hara gedim? Kilimin dörd ucunu axar suya tulladım. Öz könlümü yalnız Tanrı lütfünə bağladım. Dedim:

– Ey ulu Tanrı, sən hər şeyə qadirsən, biz isə acizik. Bu aciz və miskin qulun səndən xəcalətlidir. Sən günahlarından peşman olmuş zavallıya gəl rəhm elə. Sənin yolundan çıxmaqla nifrinlər (nifrətlər) qazanmışam. Buna görə ya məni cəhənnəmə tulla, ya ən sərt cəzanı ver. Ya da elədiyim pisliklərin əksini mənə göstər.

Kimsəsizlər kimsəsi üzümdə xəcalət nişanəsi olan təri görüb məndən üz döndərmədi. Mənim yalvarışlarımı feyzlə qəbul etdi. O, çiynimdən dağı götürüb başımı sığalladı. Tövbə dolu bir nəfəs, peşmançılıq hədər getməz, o, qiyamətdə Tanrının qəzəbini söndürər.

Ey boşboğaz, fikir ver ki, aldığın hər boş nəfəs bir əzab tərəzisi və ziyan ölçüsüdür. Boş keçmiş hər gününü, öldürdüyün neçə ayı, neçə fəsli, neçə ili bir ziyan meyarı say.

Ey sərxoş, ömrünün tərəzisində inci yoxdur. Həyat qədəhin dolu olsa da, həyat sandıqçan boşdur. Sən əbəs yerə tərəziyə yerdəki daşları doldurma. Bu fani

muncuqları da qolbağına vurmaqdan əl çək. Bu vaxta qədər nə qədər yığmısansa, onlar bircə dirhəmə dəyməz. Ömrünü verdiyin sevda yalnız boş bir nəfəsmiş. Hər nə almısansa, ver, onları cəm etməyə can atma. Sözü uzatma, əlindən gəldiyi qədər payla, bölüşdür. Sənin belin məzlum əlindən, boynun isə kölə haqqından qurtulsa, bəlkə, qiyamətdə aman taparsan. Sənin ətəyin onda yetimlərin əlində yırtıq-yırtıq olaraq tora dönməz. Dullar sənin yaxandan tutaraq öz tələblərini etməzlər. Sən bu köhnə cındır döşəkli dünyadan əl çək. Kirli ətəyini yu, nəfsinin gözünə mil çəkməyə çalış!

Sən ya qəriblər kimi yol getməyə ruzi yığ, ya da Nizami kimi dünyadan bir guşəyə çəkil!

ADİL NUŞİRƏVAN İLƏ VƏZİRİN HEKAYƏTİ

Bir gün ov həvəsiylə Nuşirəvan saraydan, səltənətdən və rəiyyətdən ayrılaraq səfərə çıxdı. Onun bu səfərdə dostu və yaxın sirdaşı yalnız öz vəziri idi. Nuşirəvan özgəsini xoşlamır, tək onunla gəzməyə üstünlük verirdi.

Ovlaq həndəvərində Nuşirəvan düşmən qəlbi kimi boş və viranə

bir ərazi gördü. Orada bir cüt bayquşun civildəşməsi və uçması hövsələsiz şahın diqqətindən yayınmadı.

Şah vəzirdən soruşdu:

– Bu quşlar nə danışır? Onların həyəcanları, qışqırıq və təlaşları nədəndir?

Vəzir cavab verdi:

– Ey dövrün tacidarı, əgər öyüd-nəsihət xoşlayırsansa, bunun sirlərini sənə açaram.

Şah razılıq verdi. Vəzir bu dartışmanın və söhbətin bir toy sövdası olduğunu şaha bildirdi. Bu məşvərətin bazarlığın üstündə mübahisənin baş verdiyini də vəzir şaha əyan etdi.

Bu quş qızını başqa bir quşa ərə verib. İndi həmin quşdan başlıq istəyir. Gəlin üçün bəri başdan başlığı tələb etmək iddiasındadır.

O deyir ki, bu viran kəndi mənə cehiz verirsən. Ancaq bu, çox azdır. Gərək bir neçə xərabə

də üstünə qoya.

Qarşı tərəf deyir ki, əbəs yerə alver etməyək. Şahın zülmlərini görüb qüssədən əl çəkmək lazımdır. Şah həmin şahdırsa, onun gərdişi bu cür davam edərsə, sənə üstəlik yüz min belə xərabə cehiz verə bilərəm.

Bu cavab sanki yatmış padşahı silkələdi. Bədənində qopan fəryad və ah ciyərini yandırdı. Şah baş-gözünə döydü, göz yaşları axıtdı. Zülmün göz yaşlarından başqa barı nə ola bilər? Şah heyrət içində, kədərli halda barmağını dişlədi:

– Zülmün gücünə bax ki, ondan quşlar da xəbər tutmuşdur. Gör bəşər zülmü hansı vəziyyətə çatdırıb ki, toyuqların bağrını çalağanlar didirlər. Fağırlara, yazıqlara güclülər zülm edirlər. Ey dünyanın düşgünü, qəflətdə olan, bixəbər canım, başıma gör hələ mən nə qədər döyməliyəm.

Mən nə vaxta kimi elləri soydurub soyacağam? Necə olub ki, qiyaməti, məhşəri yaddan çıxarmışam? Nə vaxtacan bu qədər əliuzunluq edəcəyəm? Öz başıma açdığım oyun çox qorxuludur. Bu mülkü Tanrı mənə bəxş edib ki, yaramazlığı qovum. Yadigarı qoruyum. Heyhat, indi üstüm bəzək, içimsə təzək kimidir. Üstüm qızıl, içim misdir. Mənim bu dünyada zövqüm, əyləncəm zülm oldu. O dünyada mənim başıma bu qəm-kədər kül tökməzmi? Mənim barsız və miskin ömrümün mükafatı cəhənnəmdir. Bu sitəm mənim sümüyümü də yandıracaq. Nə vaxtacan, ömrüm uzunu həm xalqımın qanını, həm də üzümün suyunu tökməliyəm? Qiyamət günü məhşərdə yaxamdan yapışaraq cavab istəyəcəklər. Ey soyğunçu, bunu qan! Qoy peşmanlıq həyası yanmasam, məni boğsun. Bu qüssəni qanmasam, qoy bağrım daşa dönsün. Məhşər gününə qədər bu peşmanlıq, bu həya, bu iztirab, bu kədər mənim yol yoldaşım olacaq. Deyin görüm, mənim çiynimdəki yük qədər kimin yükü var? Dünyada kim mənim kimi bu qədər zavallı ola bilər?

Ucu-bucağı bilinməyən vilayətimdə hər şey mənim itaətimdədir. Mən bundan artıq öz aqibətimdən daha nə istəyə bilərəm?

Şahın halı, əhvalı o qədər dəyişdi ki, naləsindən atının polad nalı da yumşaldı.

Şah ordugaha dönən kimi işləri təzələyib nizama saldı. Onun həssas nəvazişləri vilayəti bürüdü. Bundan sonra onu əli qələmli, adil bir şah kimi gördülər. O, fərman verib ürəklə zülmün yolunu kəsdi. Şahın ədaləti hər yana car çəkdi, cövrü-cəfanı

boğaraq sülh və azadlığa meydan verdi. O, axır nəfəsinə kimi səadəti qorudu.

Zəmanədə nə qədər çevriliş və inqilab olsa da, Nuşirəvan öləndən sonra da onun haqq səsi qaldı. Pul sikkələrinin üzərində xoş günlərin birində onun adı ilə yanaşı “adil”

sözünü gördülər. Dünyada ondan ancaq parlaq xatirə qaldı.

Sən də bu hadisədən nəticə çıxar, Nuşirəvan kimi ol. Könül qırma, əksinə könüllərdə ədalət mülkü qur. Nə qədər xalqın qanını töksən, ömrünün mükafatı cəhənnəm olacaq. Qiyamət günü yaxandan yapışıb cavab istəyəcəklər. Sənə soyğunçu deyəcəklər. Çalış, öz nurunu Günəş kimi ətrafındakılara payla. Öz nifrətini soyuqqanlıqla məhv et. Hər şeydən üstün olan Allaha itaət et!

Haqqını yaxşılıq etməklə tapacaqsan.

SÜLEYMAN PEYĞƏMBƏRLƏ QOCA ƏKİNÇİNİN HEKAYƏTİ

Günlərin bir günündə Süleyman peyğəmbərin diləyi qanad açdı. Onun nəfəsi bir çırağa yetişdi. O, təntənəylə, calalla çöl tərəfə istiqamət alaraq öz taxtını göyün mina taxtına qaldırdı. Süleyman peyğəmbər çöldə bir əkinçi gördü. Bundan onun nəfəsi təzələndi. Əkinçinin həvəsi onda sevinc oyatdı. Zəhmətkeş əkinçi evindən gətirdiyi ovuc-ovuc dəni səxavət mədəni olan torpağa səpmişdi. Dən səpilən yerlər xırda-xırda göyərmişdi. Orada hər dəndən bir neçə sünbül boy atmışdı. Əkinçi bu dənlərin sirrini bir-bir açdı. Süleyman dilə gələndə sanki quşlar danışırdı:

– Ey qoca, bir az mərdanə davran, gözü tox ol! Əkdiyini biçib yesən bəsindir, bu qədər tər tökmə! Quş deyilsən ki! Dəni boş yerə çölə səpmə. Mənimlə bu yerdə gəl boşuna mübahisə etmə. Əlindəki belin hanı? Səhranı gəl az cırmaqla. Nə suyun var, nə də arxın. Hədər yerə arpanı zay edirsən.

Bir düşün: susuz torpağa biz nə qədər dən səpsək, zəhmətdən başqa nə görə bilərik? Sən dəni külə döndərən bu susuz çöllərdə canını yandırmaqla nə qazana bilərsən? İxtiyar qoca Süleyman peyğəmbərə cavab verdi:

– Gəl mənim sözümdən incimə. Mən torpağın, suyun faydasından heç nə gözləmirəm. Mən tarlanın suyu var, ya yoxdur bilmirəm. Əkmək mənim işim-peşəmdir, onu yetişdirmək Tanrının işidir. Alnımdan axan tər mənim suyumdur. Belimlə, külüngümlə, bu dırnaqlarla, bu əllərlə əkib becərirəm. Sənin kimi mən səltənət, mülk dərdi çəkmirəm. Bu əkin bütün ömrüm boyunca mənə yetər. Xoş müjdələr verənim məni muştuluqlayıb: bu torpaqda hər dənim yeddi yüz dən olacaq. Mən bu taxılı şeytanla şərikli əkməmişəm. Yəqin ki, bu əkin birə yeddi yüz halal dən verəcək. Hər şeydən əvvəl, mənə sağlam toxum gərəkdir. Qoy sünbüllərin düyünü qönçətək açılsın. Bu dünyada nə qədər götür-qoy etsələr də, hər bədənə yaraşan münasib don biçərlər. Qardaş, hər eşşək İsa yükünü çəkə bilməz! Hər baş dövlətin işlərini qavraya bilməz. Kərgədan eşqə düşsə, fil boynunu parçalaya bilər. Qarışqa ölü bir çəyirtkəni zorla çəkib aparar. Ümmanlar yüz nəhri içib nuş etsə, səs çıxarmaz. Arx isə bircə seldən coşaraq hay-haray salacaq. Heç kəs bu göy qübbə altında gizlənə bilməz. Hər kəs şöhrətə, ada öz mərdliyi ilə çatar. Mərd olan kəslər hər dərddən məgər şikayət edərlərmi? Tanrı sirrini hər kəs saxlamağa qadirdirmi? Ya da cingildəyən saz kimi hamı naz çəkə bilirmi? Naz çəkməkdən söz açma. Yalnız gözəllər nazlanarlar.

Ey tacidar, naz çəkmək Nizaminin işidir.

QARI İLƏ SULTAN SƏNCƏRİN HEKAYƏTİ

Bir gün bağrı qan, gözü yaşlı, başı bəla çəkmiş bir qadın Sultan Səncərin ətəyindən yapışaraq dedi:

– Ey Sultan, mən səndən yaxşılıq görməmişəm, fəqət sənin neçə zülmünə şahid olmuşam. Mənim yerimi kefli bir darğa gəlib alt-üst etdi, üzümə şillə çəkərək birçəklərimi yoldu. Günahım nə idi ki, məni evimdən çıxartdı, saçlarımdan yapışıb sürüyərək çölə atdı. Mən onun zülmlərindən nəfəs çəkə bilmirəm. Onun bu vəhşiliyi, sitəmi köksümə dağlar basıb. “Filan gecə filan adamı kənddə kim vurdu?” – deyə o, yaxamdan yapışdı. Qatilin adını deməyi məndən tələb edir. Ey bu yurdun sultanı, belə də zülm olarmı? Darğa qapını sındıraraq caninin harada olduğunu deməyi təkid edir. Sərxoş darğa özü qatil olduğu halda, nə üçün ağbirçək bir qadını döyüb incidir? Onlar o yanda təbil çalıb xərac yığırlar, bir yanda isə bir qadının üstünə şər atırlar. Bir fikirləş, gör bu darğa nə edir?! Sənin ədalətinə və mənim ismətimə əl uzadır. Mənim yaralı köksüm dağdan-düyündən yanır. Ömürdən-gündən bezərək dünyadan əl çəkmişəm.