banner banner banner
Xəmsə
Xəmsə
Оценить:
 Рейтинг: 0

Xəmsə

Sofu yeriyərkən boynundakı qızıl pullar cingildəyirdi. Pulların səsindən o xumar olurdu. Qızılın sayəsində gözəllərin saçları sofunun boynunda var olurdu. Şeyxin dərviş xirqəsi parçalandıqca zövqün, həyat eşqinin yerini günah və qəm düşüncəsi tutdu. Sofu əlinə düşən ovu elə yedi ki, onun çırağı bir gilə yağın möhtacı oldu.

Hacı Kəbə evindən geri döndü. Türk kimi hindlisinin qarşısında dayanaraq dedi:

– Ey zahid! Sənə verdiklərimi gətir.

Zahid cavab verdi:

– Nəyi?

Hacı söylədi:

– Qızılı!

Sofu işarə elədi ki, bir qədər lütf eləyib susmaq lazımdır. Kim axı xaraba kənddən xərac ala bilər? Sənin sağlığına verdiyin qızılı bazarda xərclədim. Mən indi müflis olmuşam, mən hara, dinar kisəsi hara?

Türk talan elədisə, kim onun önündə dayana bilər? Evini, qızılını hansı bəndə hindli qula tapşırar? Mənim belimi sənin qızılların qırdı. Dözə bilməyib onların hamısı yeməyə, içməyə xərclədim. Qul haqqın boynumdadır.

Sofu ona etibar olunan malı min bir sevinc içində yemişdi. İndi isə min bir göz yaşı töküb üzr istəyirdi:

– Məni bağışla, lütf qıl, kərəm və mərhəmət göstər. Əməlimdən yaman peşman olmuşam. Əvvəl kafər idim, dönüb indi bir müsəlman olmuşam. Dünya min fəsadla doludur. Bir fəsad da yarandı. Bu qüsur təkcə mənimdirmi?

Hacının qəlbindəki mərhəmət bir qiyamət qopartdı. Önündə ayaq üstə durmuş dərvişi əfv etdi. Tanrının verdikləri var-dövlət Tanrıya çatdı. Zəhməti həmişə zərgər çəkir, zəri isə müştəri qaparaq aparır. Hacı özünə təsəlli verdi. Sonra öz-özünə dedi: “Bizim var-dövlət sarıdan təsəllimiz var. Dərvişin isə heç nəyi yoxdur. Heçdən nə almaq mümkündür? Onun bir arpası da yoxdur ki, tutub əlindən alım. Mənim taleyə boyun əyməkdən başqa bir çarəm yoxdur”.

Sofunun boğazından keçən maldan qalan yalnız bir “yox” sözüdür.

Ey şeyx, əfv olunmaq istəyirsənsə, mənə qulaq as. Haramın olanları sənə halal edimmi?

Ey fələk kimi saxtakar şeyx, nəfsinə neştər

batır. Sən acgözlü, qısaboylu, əli uzun tamahkarsan. Heç bir ürək nəfsdən, tamahdan ayrı deyil! Bu dünyada vəfalı, etibarlı kişinin yoxluğunu yaxşı bil! Saf qızıl olan dini şeytanlara sofular kimi təslim etmə, ulu şahların bilərziyini it saxlayanların əlində xaltaya, midbərə döndərmə!

Dini şeytana versən, cəzanı özün çəkməlisən. Müflisə verilən mal yenidən geri dönməz. Dünya pislik üçün bir məskəndir. Biz axirətin qazancıyıq. Bu yolların gözətçisi qarətçi və quldurbaşıdır. Burada müflis zəngindən yaxşıdır, yoxsul isə varlıdan. Bu fələyin tilsimi müflislərə toxunmur. O, yalnız varlıların, möhtəşəm zənginlərin qafiləsini qırır. Mənim könlüm bu vəfasız dünyadan bir az xəbərdardır. Arını məhv edən onun öz şəhdi və balıdır. Dünyada heç acı aslan ətinə tamah salan varmı? O öləndə də qurd-quş cəsədinə belə toxunmur. Ayaq üstə duran şam xonça da başda gəzməyə layiqdir. Ay bədirlənmək istəsə, incəlib əksilər. Külək həmişə torpaqla qurd kimi dostluq eləyir. Onun özü yüngüldür, əlləri isə həmişə boşdur. Bundan heç nə də itirməyəcək. Göl quşları balıqların bəlasının nə olduğunu yaxşı bilir. Bu, onların aynası kimi onu nişan verir.

Sənin diləklərinin, niyyətlərinin tərəzisi və nizamı olan zər beş rükət namazın fatihəsinə bənzəyir. Əgər Nizami kimi pak ola bilməyəksənsə, çətin ki bu arzu yollarında kama çatarsan.

ZALIM PADŞAHLA DÜZ DANIŞAN KİŞİNİN DASTANI

Höcətdə, mübahisədə Həccacı mat qoyan, ürəkləri sındıran bir zülmkar şah vardı. Hər səhər onun sarayında gündüzdən gecəyə kimi hər pıçıltını, hər xəbəri çatdıran aytək, güntək itigöz bir xəfiyyəsi vardı. Gizli işləri, şübhəli məsələləri o, ustalıqla açmağı bacarırdı. O, gəlib şahın önündə qüssələnərək baş əyib dedi:

– Bir qoca gizli bir yerdə sənin dalınca çox deyindi. Səni zalım, qaniçən adlandırdı.

Hökmdar casusun xəbərindən qeyzə gəldi. Fikrində qocanı məhv etməyə qərar verdi. O, çölə palaz sərdirərək üstünə qum tökdürdü. Belə vəziyyətdə divlər də divanə tacidardan qaçardı.

Bu vaxt yel sürətli bir cavan çaparaq qocanı tapdı. Qocaya dedi:

– Şah səni xain bilir. Amandı oyan, ehtiyatlı ol! O şeytan səsli, məkrli zalım səni çağırmamış, özün onun yanına get. Şahı yola gətir, inandırmağa çalış. Öz dərdinə bir əlac et!

Qoca dəstəmaz alaraq kəfənini əyninə geydi. Şahın önünə gəlib ədəblə salam verdi.

Qara niyyətli şah qızmış halda yumruğunu sıxdı. Arxasında dayanan qocaya kinlə baxaraq dedi:

– Qoca, eşitmişəm dalımca danışmısan. Məni qəddar, yelbeyin adlandırmısan. Bilirsən, mən Süleyman mülkünün sultanıyam? Mənə hansı cürətlə “zalım”, “div” deyirsən?

İxtiyar qoca cavab verdi:

– Mənim ağlım başımdadır. Nə dediyimi yaxşı bilirəm. Mən sənin dediklərindən beş qat artığını demişəm. Qocalar da, gənclər də sənin əlindən qan ağlayır. Bütün ölkə kəndbəkənd, şəhərbəşəhər sənin əməlindən dad çəkir. Mən sənin eyiblərini bircə-bircə sayanam. Bir ayna kimi sənin yaxşını, yamanını göstərirəm. Ayna səni özünə necə varsan eləcə də göstərirsə, onda özünü qır, günah səndədir. Sənə güzgünü qırmaq yaraşmaz. Ağıl deyəni dinlə, mənim sözlərimi götür-qoy et. Əgər düz demirəmsə, əmr et, məni dara çəksinlər.

Qoca öz sözünü şahın üzünə şax və mərdanə söylədi. Onun düz sözü məğrur şaha bir az da təsir elədi.

Hökmdarı işin yaxşı, yaman tərəfi yumşaltdı. Qocanın haqlı, özünün haqsız olduğunu müəyyən edən hökmdar belə bir hökm verdi:

– Qocanın əynindən kəfəni çıxarıb ona xələt geydirin. Bu ədalətli qocanın başına ətir səpin.

Şah o gündən istibdaddan, zülmdən əl çəkdi. O, xalqını əziz tutaraq dərdindən hali oldu.

Şahın dürüst işini və qərarını heç kəs inkar etmədi. Axı doğruluğu danmağa kim cəsarət edə bilər?

Hər acıdan, ağrıdan ancaq düzlüklə qurtarmaq olar. Qoy düzlük və ədalət sənin məramın olsun. Çaldığın hər zəfər tanrıdan gəlsin.

Halva da olsa, haqq söz haqsız üçün acıdır. Haqq acıdırsa, fəqət hamı həqiqətin möhtacıdır.

Kim ki sözü yerli-yerində, mətləbi isə düz söyləyirsə, həqiqətin hamisi Tanrı da onun əlindən tutar.

Nizaminin ki qəlbi, xilqəti düzlükdür. Onun, inşallah, hər işi, mətləbi başa çatar.

GƏNC ŞAHZADƏ VƏ ONUN QOCA DÜŞMƏNLƏRİNİN HEKAYƏTİ

Uzaq Şərq ölkəsində mən bir dastan eşitdim. Orada sərvlərtək azadə bir şahzadənin yaşamasından bəhs edilirdi. Bu diyar varlıların zülmündən əzab-əziyyət və iztirab çəkirdi. Buna görə bu ölkə külək kimi üsyankar, həyəcanlı və qərarsız idi.

Şahlıq taxtına gələn şah yeni ruhlu bir hökmdar idi. Ondan əvvəlkilər isə ehkamlara, köhnə, vaxtı keçmiş adətlərə aludə olan taxt-tac sahibləri kimi xatırlanırdı. Qurulan fitnə-fellərdən şah özü də qorxardı.

Şah bir gecə dərin yuxuya getmişdi. Birdən yuxuda səksəkəli halda bir qoca ona dedi:

– Ey cavan! Sən təzə doğmuş Aysan. Sən çalış köhnə bürcü qır, dağıt. Yeni açılan bir gülsən. Köhnə, qurumuş budağı sındırmağa can at!

Yerini əlində saxlamaq üçün köhnəni məhv et! Onda həyatın da özüntək işıqlı və gözəl olar.

Şahzadə oyanan kimi yeni bir fərman verdi. Özünün əksinə gedən iki-üç nəfəri aradan götürtdü.

Yeniyə imkanlar açdı. Köhnənin üstündən xətt çəkdi. Yeni şah ölkəyə təzə bir ruh gətirdi. Fitnə-fəsada qurşananların başının kəsilməsi qərarı verildi. Andı pozan ordunun ləğvi gündəmə gəldi.

Qurumuş, qartımış kötüklərin boynu vurulmalıdır ki, onun yerində gülşənləri sərvlər bəzəsin.

Təzə bulaqlar, arxlar öz mənbəyinə bağlanmasa, çinarın qol-budağı tufanlara sinə gərə bilərmi?

Bulaqların gözünü açmaq, arıtmaq lazımdır ki, bağrı susuzluqdan cadar-cadar olmuş torpağın üzü-gözü gülsün. Özünü dərk edənin könlünə diktə edən bir vaiz var. O, ən gözəl öyüd və nəsihətləri insanın qulağına pıçıldayır.

Ağlını işlət, qılınc qında qalan kimi onu bir kənara atma.