banner banner banner
Keçmişdən gələn səslər
Keçmişdən gələn səslər
Оценить:
 Рейтинг: 0

Keçmişdən gələn səslər


Xala başını silkələdi.

– Oy-oy! Siz pan Saturninin tayısınız, sanki bir-biriniz üçün yaranmısınız!

– O necədir? –deyə mürəbbiyə qızararaq, soruşdu.

– Sağ-salamatdır və pis yaşamır. Hey sizi xatırlayır.

– O?.. Məni?.. – deyə pani Valentina çiyinlərini çəkərək, səsləndi.

Xala səsini endirdi:

– E, belə iddiasız olmayın! O, gəncdir, xoşagələndir, artıq dörd yüz manat maaş alır… Hələ hamı ona necə hörmət eləyir! Axı o, sadəcə, dahidir! Filosof kimi ağıllıdır və üstəlik də əla rəqs edir… Bir dəfə mən onunla vals oynayanda…

– Siz hələ də rəqs edirsiniz?

– Mən? – deyə xala barmağını sinəsinə döyərək, soruşdu. – Mənim heç qırx yaşım da yoxdur, məni illər deyil, iş qocaldıb… Bax, hansısa hörmətli ksöndzün yanında yaşasaydım…

– Necə bəyəm, pan Saturnin əvvəlki kimi çox oxuyurmu? – deyə mürəbbiyə onun sözünü kəsdi.

– Kitabları bütöv arabalarla udur, inanırsınızmı, pani? Tez-tez çay içmək və ucadan mütaliə etməkdən ötrü yanıma gəlir, hələ necə, tutulmadan, ifadə ilə oxuyur! Ona tez-tez deyirəm: “Dincələydiniz – axı artıq xırıldayırsınız!” O isə: “Razı olardım (bu yerdə həmişə ucadan ah çəkir) , ancaq…məni əvəz etməyə heç kəs yoxdur, panna Valentina da yoxdur…”

– Ah, əl çəkin! Komplimentlərə, üstəlik də yerindəcə quraşdırılanlarına dözə bilmirəm! – deyə mürəbbiyə hiddətləndi.

Xala incik şəkildə ona baxdı.

– Vicdanım haqqı, – o, sinəsinə döydü, – heç nə quraşdırmıram! Hər dəfə mənimlə rastlaşanda sizin barənizdə soruşur…

– Yəqin mənim heç də gözəl olmadığımı unudub…

– Gözəllik nəyinizə gərəkdir?.. O sizin ağlınız qarşısında diz çökür! Dinləyin, sizə daha nə deyəcəyəm: bir dəfə öz xatirələri ilə mənim lap zəhləmi tökəndə ona birbaşa dedim: “Onunla evlənəydiniz və iş bitəydi, yoxsa boş sözlərinizlə qulaqlarımızı aparmısınız”. O isə cavabında: “Məgər o mənə gələr?” Sifəti elə yazıq oldu ki, inanırsız, pani, az qala, ağlayacaqdım. Bu yerdə sanki ayıldım: indi sizinkilərə baxdığım kimi onun gözlərinə baxdım, çiyninə vurdum və dedim: “Əzizim, siz öncədən duymaya inanmasanız da, sözlərimi xatırlayın: mən hələ hansısa hörmətli ksöndzün yanında yeri gözləyib ona çatacağam, siz isə onunla evlənəcəksiniz…” Ona elə belə də dedim, əzizim…

– Bəs o? – deyə panna Valentina soruşdu.

– O?.. Onun eynilə indi sizdə olan sifəti vardı…

Panna Valentina masa arxasından sıçradı.

– Görürəm, yalnız ksöndzün yanına yerləşmək və adamlara elçilik etmək barəsində fikirləşirsiniz…

Xala mürəbbiyəni qucaqladı və onun aşağı dikilmiş gözlərinə baxaraq soruşdu:

– Məgər pis elçilik edirəm?.. Məgər əlim yüngül deyil?.. Siz hiyləgərsiniz, panna Valentina!

Bu anda xalaya atların verildiyini və şeylərinin artıq bağlandığını bildirdilər.

– Bəs cənablar hanı? – deyə xala soruşdu. – Onları görmək və təşəkkür etmək istərdim…

– Cənab pan yatır, pani isə nasazdır, – lakey belə cavab verdi.

Belə saymazlıq kasıb qohumu dərindən incitdi. Onun dodaqları əsdi.

– Deyiləcək kimi deyil, doğmalar sizi yaxşı qəbul edir… – deyə panna Valentina qeyd etdi.

– E, mən onlardan incimirəm! Onlar ağalardır, mən isə adi dərziyəm. Indi öz işlərilərində qanları qaradır, başqalarına kömək etməyə nə vaxtları, nə də vəsaitləri var, o hayda deyillər!

O, qumaş kimi qırmızı panna Valentinanı öpdü və arxa qapıdan həyətə keçərək, arabaya istiqamətləndi.

Birdən küncdən Anelka onun qarşısına sıçradı və onun əlindən yapışaraq, pıçıldamaqla, isti-isti öpdü:

–Xala, mən sizi həmişə sevəcəyəm!..

Gözlənilməzlikdən yana xala göz yaşlarına boğuldu.

– Allah sənə xeyir-dua versin, bala! – dedi. –Sən əsl mələksən!..

Ancaq qız onu görmələrindən qorxaraq, artıq qaçıb getmişdi.

Həmin axşam panna Valentina sərçələrə ikiqat çörək payı doğradı. Yaxınlıqda heç kəsin olmadığına əmin olaraq, pəncərə altlığına dirsəkləndi və qüsurla oxudu:

Ey çiçəklərim, sevgidən necə

Əzab çəkdiyimi ona danışın.

Bu, elmli qarımış qızı pan Saturninə elçilik edənəmi aid idi? Eləcə naməlum qaldı.

Sevən qəlbin izharından daha çox öskürməni xatırladan oxuma ətrafdakıların əhval-ruhiyyəsi ilə heyrətləndirici dərəcədə həmahəng deyildi. Əvvəllər belə şən ev sahibi kədərli idi; ev adamlarından ən həyat eşqlisi Anelka da qəmlənirdi: əvəzində dodaqları indiyə kimi yalnız kəskin xəbərdarlıq və nəsihətlər üçün açılan qadın oxuyurdu. Bundan da dünyada sevincin heç vaxt ölmədiyi görünürdü. O bir ürəkdə sönərək, digərində parlayır.

ALTINCI FƏSİL

ŞMULUN MEYXANASI

Bazar günü idi. Adətən, demək olar, adamsız olan yolun üzərində xeyli arabanın və kosteldən evə gedən mömin icma üzvlərinin qaldırdığı toz burulurdu. Zaman-zaman boz səmadan və yanğın tüstüsü kimi yuxarı qalxan ağımtıl dumandan başqa heç nəyi fərqləndirmək olmurdu. Toz külək tərəfindən kənara aparılanda isə yolda uzun araba və piyada sırası görünürdü. Bəzən yaşıl tarlaların fonunda ağ at sayrışırdı, ya da kiminsə plaxtası (əldə toxunma zolaqlı qalın qadın paltarı – tərc.) tünd-mixəyi sermyaqalar (qaba mahuddan qaftan – tərc.) arasında ağarır, yaxud da qadın yaylığı tünd-göy sürtukla yanaşı al qırmızı ləkə kimi yanırdı. Bu canlı zəncir daim hərəkət edirdi. Bəzi yerdə ilan kimi qıvrılır, bəzi yerdə ox kimi düz idi, bəzi yerdə isə başıpozuq şəkildə ayrı-ayrı dəstələrə dağılır və nəhayət, çay nohura axıb töküldüyü kimi, yolda əmələ gəlmiş tıxaca tökülürdü. Bu yerdə artıq ətraf təbiətin rəngləri görünmürdü – yalnız saman saralır, arabaların taxtaları bozarır və mixəyi sukmanlar, sarı şlyapalar, qadın dəsmalları və parlaq rəngli tumanlar əlvan kütləyə qarışırdı.

Külək təkərlərin taqqıltısını, kişilərin qışqırtısını, qadınların çığırtılı səslərini, at kişnərtisini uzağa yayırdı. Bu basabas qont (damüstü ensiz, nazik taxtalar – tərc.) damlı böyük ağ tikintinin yanında baş verirdi. Girişin üzərindəki çardağı yetəri qədər kütləli, yuxarı və aşağı getdikcə daralan, ortasında isə çəlləkşəkilli dörd şalban saxlayırdı. Bu, Şmulun icarəyə götürdüyü meyxana idi və burada adamlar kostyoldan geri yolda qarınlarını bərkidirdilər.

Meyxananın yanında arabalar sıx dayanır, oxları bir-birinə toxunur və birilərinin dişlələri dugərlərinin çəpərlərinə girirdi. Sifətlərinə yarma torbaları asılmış atlar boyunlarını əyir və səbrsizliklə dodaqlarını tərpədir, yemə toxunmağa və aclıqlarını söndürməyə boşuna güc verirdilər. Bəxti daha çox gətirənlər sifətlərini qarşılarında dayanmış arabalara dürtür və özgə otunu həzzlə çeynəyirdilər. Tülək kürəkli bir kəhər axta at onlardan nümunə götürmək istədi və otun ətrilə yoldan çıxaraq, daim başını yanda dayanmış arabaya doğru döndərməyə çalışdı. Ancaq bu sol gözü çəp axta at ota deyil, incik bir atın sifətinə soxuldu və o, qulaqlarını yatıraraq, ciyilti ilə kişnədi və yazıq əlili dişlədi.

Hamısının yekununda milçək topası ac və qıcıqlanmış atlara hücum etdi. Zəhlətökən həşəratlar onların göz qapaqlarına, sifətlərinə, burun deşiklərinə yapışır və bədbəxt qurbanlar daim səslərini əsdirir, dırnaqlarını torpağa çırpır və quyruqları ilə milçəkləri qovurdular və bu onlara çətin başa gəlirdi. Yalnız qocalıqdan gözlərinin altında dərin çökəklər yaranmış, ağır zəhmətdən isə böyürləri sürtülmüş və qabaq ayaqları qövsvari əyilmiş, hamıdan qabaqda bağlanmış axta at, sanki mürgüləyən kimi, farağat dayanmışdı. Bəlkə qocanın yuxusuna təmiz yulaf dolu axur, yaxud da, dayça olaraq, örüşün şirəli otunun üstü ilə azadlıqda qaçdığı və gənc dişi atlara mehribanlıq etdiyi və – təəssüf! – ahıl yaşında hər cür marağını itirdiyi xoşbəxt, tez uçub getmiş zaman gəlirdi.

Dəhliz və meyxana adamla dolu idi. Bir neçə qız qapıdan baxaraq gülüşür və çöldə dayanmış oğlanlarla oynaşırdılar, oğlanlar isə onların əllərindən yapışır və meyxanadan, analarının sayıq gözlərindən uzağa çıxarmağa çalışırdılar. Sağda, sobanın yanında qadınlar skamyada yerləşmiş və ətrafda dayanmışdılar. Solda və giriş qapısının qarşısında uzun masaların arxasında skamyalarda kişilər əyləşmişdilər. Onların arasına isə qalanlarının dostcasına hiddətini doğuran yalnız bir qadın – sırtıq qışqırıqçı əsgər arvadı soxulmuşdu.

Adamlar oturmağa yer olmayan otağın ortasında da basabas salmışdılar, sağ küncdə, baryerin arxasında isə bufet piştaxtası vardı. Burda polyak qız araq süzür, Şmulun arvadı isə qara, ancaq möhkəm sürtülmüş atlas paltarda kimdən nə qədər pul alınacağını hesablayırdı.

Burda hər şey, əşyalar da, adamlar da özündə keçid mərhələsinin izini daşıyırdı. Burda bütünlüklə adətlərə və böyüklərin iradəsinə müti gənclərə və bununla yanaşı, yayılaraq, hansısa hörmətli sahibin düz burnuna tüstü buraxmaqla, bir quruşluq papiros çəkən gəncə də rast glmək olardı. Enli yanları olan saman şlyapalar arasında artıq kartuzlar 9qabağı günlüklü furajkalar – tərc.) da sayrışırdı. Yaşıl araq qədəhciyi ilə yanaşı, masaların üzərində şirin nalivka (meyvə şirəsindən hazırlanan spirtli içki – tərc.) və araq üçün hündür ayaqlı yonma qədəhlər də rast gəlirdi. Pivə çəlləkləri və araq butılkaları arasında çoxdan təmizlənməmiş samovar, üstündə isə burnu əzilmiş böyük çaydan durmuşdu.

Kişilər enli qayışla qurşaqlanmış ənənəvi “sukman”da, ya da buynuz düyməli qurşaqsız uzun qaftanlarda, bəziləri isə hətta tünd göy mahuddan gödəkçə və şalvarda idilər. Qadınlar yaylıq, yaxud kiseyi ləçək, mis düyməli göy sukmanlar, ya da şəhər koftaları geymişdilər. Biri, qədimdəki kimi, indiyə qədər, kostyoldən çıxaraq, başmaqlarını əlində aparır, digərləri dərhal geyinir və evə qədər soyunmurdular.

Bu basabasda nə müdirin paltosu, nə də təsərrüfat müdirinin burkası 9yapıncısı – tərc.) heç bir təəssürat doğurmurdu. Mülkədardan az danışırdılar, – daha çox voytdan (kəndxudadan – tərc.), soltıslardan (~kəndxudalardan – tərc), yaxud öz işlərindən danışırdılar. Bəzi yerlərdə sərxoşlar qarışdırılmış bərbad araqla gözlərindən sıxılmış göz yaşları ilə öpüşür, ya da kənd ağalarından kimsə dirsəklənərək, kirvəsinə oxuyurdu: