banner banner banner
Oğluma nəsihət
Oğluma nəsihət
Оценить:
 Рейтинг: 0

Oğluma nəsihət

Sənətkar duymasa da nəfəsində od, şölə,
Azaltmaz sürətini hətta bir nəfəs belə.

Təfəkkür meydanında oddur şair ürəyi.
Yazığı gəlsə belə, dalda qoyar fələyi.

Cəbrayıl qanadını at edib çapar şair,
İsrafilin telindən yelpazə yapar şair.

Yol vermə ki, tarlanı tapdalasın hər yetən,
İnci düzdüyün sapın ucunu göstərmə sən.[42 - Düzəliş üçün şeirlərini başqa şairlərin ixtiyarına vermə, onlar sənin min bir əziyyətlə becərdiyin tarlanı tapdaya, inci düzdüyün sapı qıra bilərlər.]

Əncirin qol-budağı bomboş qalardı yayda,
Ənciryeyən olsaydı bütün quşlar dünyada.

Bu şivənin, bu dilin mahir ovçusuyam mən,
Dəyər məni görməyə, şairlər xasıyam mən.

Hər hücrəyə köçürdüm şeri, şeriyyəti mən,
Çıxartdım meyxanədən, ucaltdım sənəti mən.[43 - Nizami öz poeziyasının inqilabi mahiyyətini işıqlandırır: Mən şeiri ümumxalq malı etdim, meyxanədən və saraya xidmət vəzifəsindən qurtardım, sənəti uca bir mövqeyə qaldırdım.]

Birdəfəlik tullayıb zünnar ilə xirqəni,
Zahidlər, rahiblər də gəlib tapdılar məni.[44 - Nizami Gəncəvi öz poeziyasının beynəlmiləl mahiyyətinə işarə vurur. Bu poeziya yalnız xirqə (qıldan toxunma, yamaqlı, cındır əba) geyən sufilər, dərvişlər və zahidlər üçün deyil, belinə zünnar (qıldan toxunmuş kəmər) bağlayan xaçpərəstlər, məsihilər üçün də gərəklidir. Nizami poeziyası olan yerdə nə xirqəyə ehtiyac qalır, nə zünnara. Bütün bəşəriyyətə məxsus Nizami sənəti dini atributların hamısından yüksək dayanır.]

İndi mən al-qırmızı bir qönçəyə bənzərəm,
Quzey rüzgarlarını durub burda gözlərəm.

Aşkarlasam, car çəksəm bakirə sözlərimi,
Səs salaram cahana qiyamət suru kimi.

Mən söz cadugəriyəm, tazə, köhnə hər nə var,
Mənim məftunum olar, mənim heyranım olar!

Bütün sehrbazları mat qoyur sehrim mənim!
Mələkləri aldadan əfsundu şerim mənim.

Gəncəm – Babilim mənim Harutu[45 - Harut və Marut – Tanrı tərəfindən göndərilmiş iki mələyin adıdır. Hər ikisi Zöhrə xanıma vurulub, onu yoldan çıxarmaq istəyirlər. Tanrının buyruğu ilə Zöhrə planetə çevrilir. Harut ilə Marut isə Babilistanda cəzaya məhkum olunur, dərin bir quyudan başıaşağı asılırlar. Poeziyada Harut, Marut, Babil sehr, əfsun rəmzi kimi işlədilirlər. Nizami ana yurdu Gəncəni Babilistana, öz poeziyasını isə cadugərlərin tilsimini qıran qüdrətə, habelə dan ulduzu Zöhrəyə bənzədir.] yandırmada,
Ən uzaq ulduzu da Zöhrəm nurlandırmada.

Zöhrəm söz dəyərini Mizan bürcündə ölçür,
Dilim – ruh aləminin lisanıdır, gözüdür.[46 - Bu məntəqənin (Gəncənin) Zöhrəsi (musiqiçi və müğənnilərin hamisi), mənim Zöhrəm tərəziçidir, sözümün dəyərini tərəzidə çəkir. Mizan bürcündə ölçür və görür ki, mənim şeir-sənət dilim ruh aləminin dilidir, ləyaqət və gözəllik meyarıdır.]

Duz-çörəyim bilirəm öz cadugər şerimi,
Halal sehrim sındırır Harutun hər sehrini.[47 - Harutun sehr və tilsimləri yalana, adam aldatmaya əsaslandığı üçün haramdır, mənim sənət cadularım isə həqiqətə, ilhama güvəndiyi üçün zəhmətimlə qazandığım gündəlik duzum, çörəyim qədər halaldır. Mənim halalım hər cür haramı sındırır, batil edir.]

Ürəyinin şəklidir Nizaminin sözləri,
Mənim halal sehrimlə daim canlı, dipdiri!

Ümidsiz padşahın bağışlanması dastanı

Adil şah yuxusunda zalım bir soltan gördü,
Soruşdu: – Sənə Tanrı hansı cəzanı verdi?

Gündüzlər qan tökmüsən, ev yıxıb, zülm etmisən,
Gecə hansı əzabı çəkdin əvəzində sən?

Zalım cavab verdi ki: – Ömrüm çatarkən sona,
Göz gəzdirdim cahana, pənah gətirdim ona.

Görüm düşkün çağımda yol göstərən kimim var?
Tanrı mərhəmətinə kim məni ulaşdırar?

Baxıb gördüm heç kəsin mənə bir şəfqəti yox,
Hiddəti, nifrəti çox, lütfü, mərhəməti yox.

Söyüd kimi titrədim, dözmədim bu rüzgara,
Ürək yara, üz qara, indi gedim mən hara?

Axar suya tulladım dörd ucunu kilimin,
Təkcə Tanrı lütfünə bağladım öz könlümü.

Dedim: “Ey ulu Tanrım, biz acizik, sən qadir,
Bu miskin, aciz qulun səndən xəcalətlidir.

Suçlarından peşiman zavallıya rəhm elə,
Nifrinlər qazanmışam yolundan çıxmaq ilə.

Ya tulla cəhənnəmə – ən sərt cəza ver mənə,
Ya da pisliklərimin əksini göstər mənə”.

Gördü üzümdə tər var – xəcalət nişanəsi,
Üz döndərmədi məndən, kimsəsizlər kimsəsi.

Feyzilə qəbul etdi mənim yalvarışımı,
Çiynimdən dağ götürdü, sığalladı başımı.

Peşmanlıq, tövbə dolu bir nəfəs getməz hədər,
Qiyamətdə Tanrının qəzəbini söndürər.

Ey boşboğaz, aldığın hər boş nəfəs, fikir ver:
Bir əzab tərəzisi, bir ziyan ölçüsüdür.

Boş keçmiş hər gününü bir ziyan meyarı say,
Neçə il öldürmüsən, neçə fəsil, neçə ay.

Ömrünün tərəzisi incisizdir, ey sərxoş!
Həyat qədəhin dolur, həyat sandıqçansa boş.

Tərəziyə yerdəki daşları doldurma sən,
Bu fani muncuqları[48 - Fani muncuqlar – qızıl, mülk, varidat yığmaq aludəliyi] qolbağına vurma sən.