banner banner banner
Oğluma nəsihət
Oğluma nəsihət
Оценить:
 Рейтинг: 0

Oğluma nəsihət


Öz kaman halqasını qırmaq istəyən şair,
Bükülüb açılınca, təb üstündə dikəlir![27 - Yaradıcılıq məqamında böyük əzablar çəkən şair istədiyi sözü tapanda düşdüyü əzabdan qurtulur, öz kaman həlqəsini qırır, dikəlir.]

Bükülmüş qamətilə sanki həlqə olanlar,
Fələyin qulağına bəzən min həlqə taxar.[28 - Fələyin qulağına həlqə taxmaq onu özünə qul etmək deməkdir. Yalnız yaradıcı qüdrət sahibləri bu işi görməyi bacarır, zamanı özünə təslim edir, fələyi qulağı həlqəli qula çevirə bilirlər.]

Bu hoqqabaz fələyin qarşısına sənətkar,
Bircə hoqqa yerinə neçə daş-qaş çıxardar.[29 - Hoqqabaz fələk hoqqa, oyun çıxardığı halda, yaradıcı qüdrət sahibi onun qarşısına misilsiz söz inciləri çıxarır və buna görə fələyin belini sındırır, ona qalib gəlir.]

Söz köhləni qızarkən… sənətkarın ürəyi,
Dodağını öpməkçün yırtar köksü, köynəyi.[30 - Yaradıcı ilham məqamında sənətkarın ürəyi köks qəfəsini dağıdır, uçur, qanadlanır və sənətkarın dodağından öpmək istəyir. Niyə? Çünki indicə dodaqlarından dürrə, mərcana bənzər sözlər saçılmışdır.]

Şairin ləl dodağı o zaman ki, açılar,
Yeddi göyün, Günəşin yaxasını parçalar.

Şairin ilham adlı cəsur bir atası var,
Dünyaya oğul kimi ər misralar bağışlar.

Şair qozbel fələyi qul eyləyər özünə,
Qulluqdan azad olar, özü köçsə sözünə.

Şairin xoş nəfəsi cana məhrəm, qəlbə yar,
Dilsizlərə dil verər, susmazları susdurar.

Hər gözələ can verən incə söz memarıdır,
Sən şairə vurul ki, o, söz bəstəkarıdır.

Müştəri ulduzumu söz ovsununda şair?
Ya Harutun sehrini qırıb pozan Zöhrədir?

Yəğmaladı bu kəndi qaçaq-quldur atlılar,
Şer adlanan bu dağı alçaqlar alçaltdılar.

Ağıl başımdan çıxır. Görün, sözbaz nə qədər…
Sözü abırdan salır şeir, söz çeynəyənlər.

Mən qanım bahasına yetirdim can meyvəsi,
Neçin su qiymətinə satılsın könül səsi?

Dad əlindən, ey fələk, söylə, haçaq, bəs haçaq,
Beli kəmərli mərdlər[31 - Beli kəmərli mərdlər – şairlər] zülmündən qurtulacaq?

Başda gəzdirilməli sənət düşdü ayağa,
Aç ayaqdan qandalı, döndər sözü bayrağa!

Qızıl üçün, zər üçün sinov gedən həriflər
Sənətin sikkəsini, görün nəyə veriblər?![32 - Məddah saray şairləri, qarınqulular, ucuz şöhrət və sərvət düşkünləri sözü satmaqla görün nə dərəcədə alçalır, sənətin sikkəsini hörmətdən salırlar.]

Qızıl sözü qızıla dəyişənlər alçalır,
Zülmətə işıq salan ləli[33 - Zülmətə işıq salan ləl – günəş, yaxud poeziya] verir, daş alır.

Sənətini bilənlər ən uca dağdan uca…
Bu işıqlı zirvəni kimlər alçaltdı bunca?

Sultanın qızılından zərli əba geyənlər,
Bir gün çörək yerinə dəmir çeynər, daş yeyər.[34 - Burada saray şairlərinin aqibətinə işarə olunur. Sultanın qızılı hesabına zərli əba geyən şeirbazlar axırda sultanın qəzəbinə düçar olur, bəzən dəmir çeynəmək, qılınc zərbəsi dadmaq dərəcəsinə gəlib çatırlar. Burada saray şairlərinin boğazına əridilmiş qızıl tökmək dəbinə də işarə var.]

Fəqət, saf civə kimi zər qəmi çəkməyən kəs,
Diri qalar, sultanın qılıncını gəmirməz.[35 - Nizaminin fikrincə, sultan qəzəbindən qorunmağa yeganə təminat şairin öz nəfsini cilovlamağı bacarmasıdır, o, civə kimi saf, təmiz qalmağı bacarmalıdır. Qədim kimyagərlərin fikrincə, qızıl civəyə doğru can atdığı halda, civə qızıla doğru can atmır. O, müstəqildir, pakdır.]

Madam ki, baldır sözün, ucuz satma onu sən,
Rəvamı söz şəhdini çibinlərə verəsən?

Sənə vəfalı yoxsa, umma hətta vəfanı,
Sormasalar, söyləmə hətta xoş bir duanı.[36 - Özləri verməyincə hökmdarlardan pul, mükafat, imtiyaz umma!]

Şəriət elmi səni adlı-sanlı bilməsə,
Girişmə şairliyə, uyma yırtıcı nəfsə.

Şəriət elmindədir şairin şair gücü,
Söz de ki, kəmərindən nur alsın Cövza bürcü.

Şerin qaldırar səni, Sidrdə əyləşdirər,
Sənə ən uca qatda şahlıq, sultanlıq verər.[37 - Sənətkarın hörmətini, nüfuzunu ucaldan yalnız öz poeziyasıdır. Yalnız böyük poeziyası sayəsində o, göyün 7-ci qatında yerləşən əfsanəvi Sidr ağacı mövqeyinə yüksələ bilər, cəmiyyətin ən uca qatında mövqe tutan sultanlardan, şahlardan belə yüksək və əzəmətli görünər.]

Hökmdarlıq şərəfi qazandırar söz sana,
“Söz hakimi” demişlər söz yaradan ozana.[38 - Beyt “Şairlər – söz hökmdarıdır” ərəb məsəli üstündə qurulmuşdur.]

Fələklərə ucalan bir söz yaratmayınca,
Fələk kimi süst olub oturma bikar, bica.[39 - Sən əsrlərin, fələklərin başı üstündən keçib gedə biləcək böyük, qadir, ülvi söz yaratmağa borclusan. Nəfsini cilovla, özünü gəldi-gedər şahlar, sultanlar önündə alçaltma!]

İsmətli ol əriyib baş əyən şamlar sayaq,
Gündüz təvazö əhli, gecələr ayıq-sayıq.[40 - Burada gündüzdən daha çox gecələr çalışan şairlər şama bənzədilir. Gündüzlər sakit dayanan şamlar yalnız gecələr yaşayır, əriyə-əriyə işıq saçmaqla ayıq-sayıq ömür keçirirlər.]

O zaman ki, ilhamın aşıb-daşar, qızışar,
Çərxin köhlən atını ram edərsən… yumşalar.

Hər şeri bəyənmə sən, yarat elə bir əfsun,
Dünyanın şah əsəri sənin qismətin olsun.

Lovğalanma, görsən də gövhəri əllərində,
Ondan da əlasını ara öz içərində.

Qızışma, sözü bir az ehtiyatla bəyən sən,
Sən ki uca rütbəli söz yarada bilənsən.

Söz yolunun başına bayrağını dikənlər,
At çapar, Günəşi – top, Ayı – çövkən eləyər.[41 - Yalnız bədii sözün ləyaqətini uca tutan şairlər Ay kimi işıqlı, Günəş kimi qüdrətli poeziya yarada bilərlər.]