banner banner banner
Oğluma nəsihət
Oğluma nəsihət
Оценить:
 Рейтинг: 0

Oğluma nəsihət


Min düyünlü bir kələfəm, azca qalan həyatımdan
Hansı düyün açılacaq, şəfa verər hansı loğman?

Mənim ömür çinarımı yıxmaq üçün enir fələk,
Ayağıma balta vurur, qulpunacan baltası qan.

Nə mənadan xəbərim var, nə surətdən məlumatım.
Mənalar da, surətlər də itdi gözdən, çıxdı yaddan.

Elə ağır günahkaram, cəhənnəmə vasil olsam,
Cəhənnəmin sakinləri qaçar mənim dörd yanımdan.

Mən bu üsyan bağçasının əyilmiş bir ağacıyam,
Cəhənnəmdə yandırmaqçün qurutmaqda məni Yəzdan[8 - Yəzdan – qədim zərdüştilərdə xeyir allahı].

Qələminin ucu ilə qəza mənim səhifəmə
Xəta kəlməsindən savay söz yazmadı bu vaxtacan.

Peşmanlığın göz yaşıyla mən silimmi bu kəlməni?
Nə fayda ki, taleyimə tabe deyil qəza-filan.

Haqq qəzanın tərəfində… mənsə məğmun, qolubağlı.
Xəyalına nə gətirsən, inan, pisəm hamısından.

Zay etdiyim həyatımın qisasını alan olsa,
Ona mənim qanım halal… müfti ağıl, haqdı fitvan.

Sinəm yatmış bir cəhənnəm… bir gün qalxıb alovlansa
Atəşindən, bəlkə, qaynar bu “çərx” adlı mavi ümman.

RÜBAILƏR

Ədalət yer üzündə zəfərlərin tacıdır

Ədalət yer üzündə zəfərlərin tacıdır,
Zülm – dərd ağacıdır, yalnız şərin tacıdır.
Səxavət… pərdəsilə hər cür eybi gizlədir,
Xoş tale, bəxtəvərlik – hünərlərin tacıdır.

Dünyada ədalətlə zəfər tapmışlar

Dünyada ədalətlə zəfər tapmışlar,
Zülm ilə bu dünyada zərər tapmışlar.
Hər yerdə paxıllıq hünəri danmışdır,
Mərdlər eyb örtüb də, hünər tapmışlar.

Gəncliyinə güvənmə, yel əsər, solub gedər

Gəncliyinə güvənmə, yel əsər, solub gedər,
Ömrün bircə gecədə payimal olub gedər.
Zülm eləmə, anla ki, bircə qarğış fəryadı
Səni dünya bağından alaqtək yolub gedər.

Etmirsə vəfa, ömrə amansız rüzgar

Etmirsə vəfa, ömrə amansız rüzgar,
Sən yaxşılıq ək, ta nə qədər ömrün var.
Bir halda ki, heç kimsəyə qalmır dünya,
Barı qoruyun, inciməsinlər dostlar.

XƏMSƏ

SIRLƏR XƏZINƏSI

Söz qoşmağın fəziləti haqqında

İlk dəfə tərpənəndə sözdən güc aldı qələm,
Sözdən doğuldu ilk hərf… şahiddir bütün aləm.[9 - Nizami cahanın Tanrı tərəfindən “Kun – Ol!” əmrilə yaradılmasına işarə edir. Onun əzəli qələmi “Lövhi-məhfuz”da kainatın taleyini sözlə yazıb, deməli, hər şeydən öncə sözü yaratmışdır.]

Xəlvət pərdəsini ki qaldırdılar, atdılar,
Öncə söz cüvələndi. Sözdən can yaratdılar.

Sözdən bir səs, bir nəfəs gəlməmiş… inan mənə:
Can girmədi palçıqdan xəlq olunmuş bədənə.

O gündən ki, qələmlə kağız çatdı şərəfə,
Cahan açdı gözünü, sözü gördü ilk dəfə.

Söz olmasa… yerində dünya donardı, sözsüz,
Nə qədər söz dedilər, yenə əskilmədi söz.

Söz – canımızdır. Eşqin lüğətinə baxsana!
Biz sözük, gövdəmizsə yalnız xarabaxana![10 - Yaradıcı şəxsiyyətin canı – bu aləmə yadigar qoyub getdiyi sözündədir, bədəni, cismi, gövdəsi gəldi-gedərdir, tələl (skelet) hökmündədir.]

Yalnız qələm gücünə düşüncələr saxlanır,
Misra söz quşlarının qanadına bağlanır.

Bu sonsuz aləmdə ki, həm təzədir, həm köhnə,
Tükü qırx yerdən bölən sözdən kəskin nə var, nə?

Düşüncənin əvvəli, rəqəmin, sayın sonu,
Təkcə sözdür, təkcə söz, yadında saxla bunu.[11 - Kainatın yaradılışında məqsəd sözdür, onun sonu da sözdən ibarətdir. Əbədi qalan yalnız sözdür.]

Tacidarlar özü də tac söyləmişlər sözə,
Vasiflər vəsf eyləmiş, durub sözlə göz-gözə.

Gah sözün bayrağını çəkərlər eldən-elə,
Gah qələmin yazdığı saçar dünyaya şölə.