banner banner banner
Oğluma nəsihət
Oğluma nəsihət
Оценить:
 Рейтинг: 0

Oğluma nəsihət

Bayrağını ən uzaq ellərə sancan da söz,
Qələmilə ən yeni iqlimlər açan da söz.

Bomboş fikrə, xəyala təslim olan kəslərə,
İlham üz göstəribmi məgər barı bir kərə?[12 - Yalnız həqiqəti axtaranlar və tapanlar böyük söz yaratmağa və bu sözün sayəsində yaşamağa qadirdirlər. Sözü gerçəkliyi pərdələmək vasitəsinə çevirənlərə, bomboş xəyal uydurmaçılarına söz heç vaxt üz göstərmir, yalançıları, saxtakarları yaxına buraxmır.]

Biz ki gözlərimizi sözə dikmişik artıq,
Ölsək, sözlə ölərik, qalsaq, sözlə qalarıq.[13 - Yaradıcı insanın taleyi yaratdığı sözün dəyərindən asılıdır.]

Damarları donanlar sözdə tapar atəş, köz,
Bağrı yananlar[14 - Damarları donanlar, bağrı yananlar – bədii və elmi söz yaradıcıları, şairlər və alimlər] üçün dirilik suyudur söz.

Sözdür bərbad aləmin abad qalan guşəsi,
Bu fələk süfrəsinin ən dadlı azuqəsi!

Hər boyadan an söz, ömür-günsən, ömür-gün,
Dillə vəsfini vermək, bəlkə də, qeyri-mümkün.

Söz bayraq taxan yerdə hərf ilə dil müzəffər,
Dilin, nitqin qüdrəti olur sözlə müyəssər.

Söz tapa bilməsəydi candakı şah damarı,
Can kələfin ucunu – aləmi tapardımı?[15 - Söz – Tanrının “Kun – Ol!” əmri. Candakı şah damar – ruh. Kələfin ucu – maddi aləm. Beytin mənası: Tanrı neməti söz kəşf edilməsəydi, ruhu və bu maddi aləmi tapmaq olardımı? Yox!]

Sözlə kəşf eləyiblər hər qaydanı, hər yönü,
Həm təbiət mülkünü, həm şəriət möhrünü.[16 - Təbiətin və şəriətin bütün qanunları yalnız bədii və elmi sözün sayəsində kəşf olunub və möhürlənib, təsdiq olunub.]

Mədən söz və qızılı təklif edib sərrafa,
Sərraf tərəzisində söz qızıldan çox baha!

Təzə söz, köhnə altun… hansı hakim kəsilir?
Söz hara, qızıl hara? Bunu sözdoğan bilir!

Öz qüvvəsilə gedər söz qasidi[17 - Söz qasidi – qələm və dil]… tövşüməz,
Söz qaldıran dağları qaldıra bilməz heç kəs.

Söz gümüşü yanında qara torpaqdı dirhəm,
Qızıl hansı itdir ki, onu sözə tay biləm?

Heç kəs əyləşə bilməz sözdən yuxarı qatda,
Dövlətimiz, mülkümüz yalnız sözdür həyatda.

Sözdən xəbərsiz qalır könüldən xəbərsizlər,
Sözün yozumu sözdən daha şux, daha dilbər.

Nə qədər ki cahan var, sözün coşsun qoy səsi,
Qoy sözlə tazələnsin Nizaminin nəfəsi.

Ölçülü sözün ölçüsüz sözdən üstünlüyü

Ölçülüb biçilməmiş dağınıq sözlər belə
Sözsə… zərgər yanında bənzər gövhərə, lələ.

Ölçülüb-biçilərsə incə fikir, incə söz,
Nə qədər gözəlləşər, olar ürəyincə söz.

Kim ki sözə söz qoşub tapar haqqın səsini,
Sözlə iki aləmin açar xəzinəsini.

Bu xəzinəni yalnız açar tapanlar açar,
Yalnız söz ərlərinin dilləridir bu açar.[18 - Poemanın ilk beytindəki hədisin məzmunu yenidən yada salınır: “Ya Cəbrayıl, bu nə qəsddir?”, “Ya Məhəmməd, bu ərşin altındakı Tanrı xəzinəsidir, onun açarı isə şairlərin nitqidir”.]

Sözün tərəzisini quran ulu hökmdar,
Sözün aşiqlərini[19 - Sözün tərəzisini quran ulu hökmdar – Tanrı. Sözün aşiqləri – peyğəmbərlər] sözlə etdi bəxtiyar.

Ərşin bülbülləridir[20 - Ərşin bülbülləri – şairlər] cahanda söz qoşanlar,
Məgər özgələrinə tay tutularmı onlar?

Düşüncə atəşilə pərişan olan zaman,
Mələklərlə gəzərlər, mənzilləri asiman.[21 - İlham məqamında şairlər mələk səviyyəsinə ucalırlar.]

Sözdoğanlar – nur saçan peyğəmbərin kölgəsi,
Ərzin işıq pərdəsi, haqqın yanar nəfəsi.

Mətanət meydanında kimlər tutdu gör səfi,
Əvvəlcə peyğəmbərlər, sonra şairlər səfi!

Şair ilə peyğəmbər – bir nigarın məhrəmi,
Peyğəmbərlə şair haqq, qalanlar haqq görkəmi.

Şairin süfrəsində şirin xurmalar ki var,
Xurma deyil, bəlkə də, ürək parçasıdırlar.

Ürəyin dişlərilə qoparılmış söz, fikir
Torpağın dimdiyilə cilalanmış incidir.

Hikmət qaynağı şeiri hər gün alçaldıb bir az,
Sudan da ucuz etdi beş-on nəfər şeirbaz.[22 - Şairlik əvəzinə saray məddahlığı edən, eybəcəri gözəl kimi qələmə verən şeirbazların həyasızlığı, sərvət, şöhrət düşkünlüyü ucbatından poeziyanın ləyaqəti ayaqlar altına salınmışdır.]

Kimin söz pərdəsində ahəngi var, sehri var,
Özü yerdə olsa da, ruhu göylərdə yaşar.[23 - Söz pərdəsində ahəng yaratmağı bacaranlar, yəni yaradıcı qüdrətə malik olan şairlər yoxsul həyat keçirsələr də, mənən zəngindirlər, onların özü yerdə, ruhu göydə yaşar.]

Dizi üstə söz yazıb, ölkələri tutan kəs
Dünyada heç bir kəsin qapısında baş əyməz![24 - Qələm, kağız götürüb dizi üstündə şeir yazan şairlər şahlardan fərqli olaraq, qılınca və orduya ehtiyac hiss etmədən ürəkləri, ölkələri tutmağa qadirdirlər. Buna görə onlar məğrur və əzəmətlidirlər, heç bir şahın dərgahında baş əyməzlər!]

Dizinə dirsəklənib fikrə dalan sənətkar,
Sözlə iki cahanın dövlətini qazanar.[25 - Yaradıcı qüdrət hər iki cahanın hökmdarıdır. Onun ömürdən başqa mənəvi ömrü, dünyadan başqa mənəvi dünyası var.]

Əyilən məğrur başı ayağını salamlar,
Dirsəklənər dizinə, kamanlaşar sənətkar.[26 - Dizinə dirsəklənib başını aşağı dikən sənətkar bu vəziyyəti ilə gərilmiş kamana bənzər. Kamandan çıxan ox şairin dilindən saçılan bədii sözdür ki, mənəvi şikarı ələ gətirir.]