banner banner banner
Oğluma nəsihət
Oğluma nəsihət
Оценить:
 Рейтинг: 0

Oğluma nəsihət


Rahib haqqın yoluna çevirincə üzünü,
Həm Tanrını tanıdı, həm dərk etdi özünü.

O sirr gövhərlərinin sərrafı oldu qoca,
Gövhərşünas tərəfdə qaldı ömrü boyunca.

Sən ey məcusilikdən, müsəlmanlıqdan qafil,
Sən qurumuş bulaqsan, damcın da yox, bunu bil.

Sən o hindli qocadan geri qalma, kəm olma,
Tərk elə bu cahanı, bu heçliyə vurulma!

Daim məstsən gül kimi… bu məstlikdən əl çək sən,
Papağın, kəmərinlə çoxmu əylənəcəksən?

Qalx, gülün kəmərini burax əlindən, burax!
Güllər sənin qanınla kəmər bağlayıb ancaq.

Papağınla kəmərin bəla kəsilib sənə,
Sən onları girov ver eşqin meyxanəsinə.

Papaq ucaldar səni, xacə qılar könülə,
Kəmər səni qul eylər bu torpağa, bu gilə.

Çalış, ağalıq, qulluq qəmindən qurtulasan,
Nizamdan Nizamitək, bəlkə, azad olasan.

Çəkişən iki filosofun dastanı

Bir mülkə ortaq olan iki həkim çəkişdi,
Aradan sözmü keçdi, odmu, alovmu keçdi?

Öz nəfsini güdərək hər biri dedi aşkar:
– Bir sarayın sahibi yalnız bir sultan olar.

Əgər haqq ikiləşsə, onu dinləməz heç kəs,
Bir bədənin üstündə iki baş ola bilməz.

Bir məclisin başçısı iki Cəmşid olarmı?
İki qılınc saxlayan bir qın dünyada varmı?

Hər iki filosofun ləngər vurdu qəzəbi,
Çalışdı, özü olsun imarətin sahibi.

Nifrətə çevrilincə qızmış təəssübləri,
Qərara gəldilər ki, boşaltsınlar evləri.

Bacaları suvayıb, gecə yola düşdülər,
Evi satmaq üstündə dilləşib, didişdilər.

Bu işdən vaz keçdilər, seçdilər başqa bir fənd,
Bir-birinə verməyə şərbət düzəldək, şərbət.

Bacardıqca elmdə görək kim kimi ötür?
Kimin şərbətindəki zəhər daha güclüdür?

Kimin ağlı üstünsə, bina qalsın qoy ona,
İki bədəndəki ruh qovuşsun da bir cana.

Birinci iddiaçı düşündü yaxşı-yaxşı,
Bir ağu düzəltdi ki, dəysə yandırar daşı.

Uzatdı rəqibinə: – Zəhər deyil, şərbətdir,
Qəlbə qanadlar verən meydir, nazlı nemətdir.

Aslan ürəkli mərdin titrəmədi əlləri,
“Qənddir, baldır!” – deyərək aldı içdi zəhəri.

Qorxmadı “Nuşiqiya”[79 - “Nuşiqiya” – “novruzotu” deyilən bitkidən hazırlanmış məlhəm (“Bürhani qatı”)], çünki içmişdi öncə,
Zəhər dəyəcək yeri tiryəkləmişdi öncə.

Pərvanə kimi yandı, yenidən qanadlandı,
Gəldiyi məclis yenə onu öz şamı sandı.

Yol üstdəki bağçadan bir qızılgül qopartdı,
Dərhal əfsun oxuyub, düşməninə uzatdı.

Gülü verdi ki, onu öldürsün asan, yüngül,
Rəqibin zəhərindən daha kəsərliydi gül.

Düşmən əfsunlu gülü elə ki ələ aldı,
Qorxudan dizi əsdi, çökdü, bağrı yarıldı.

Bəli, çarə taparaq o, qurtuldu ağudan,
Busa bir gül iyləyib, dünyadan getdi əlan.

Dünya bağında hər gül, demə, güllər xasıdır,
Bir insan ürəyindən sızan qan damlasıdır.

Zəmanə bağının da baharı, başı sənsən,
Zəmanə bir qəm mülkü, onun naxışı sənsən.

Fənər kimi asılı ərzi çal öz daşına,
Külü qoy su səpilmiş ulduzların başına.

Aləmin xəyal, uyğu büsatından uzaqlaş,
Bərbadından uzaqlaş, abadından uzaqlaş.

Gözün qalmasın çərxin şəfəq, işıq payında.