banner banner banner
Oğluma nəsihət
Oğluma nəsihət
Оценить:
 Рейтинг: 0

Oğluma nəsihət

Hacıdakı mərhəmət qopartdı bir qiyamət:
“Əfv et, önündə dərviş ayaq üstə durub pərt!”

Demək, Tanrıya çatdı Tanrının verdikləri,
Zəhməti zərgər çəkər, zəri qapar müştəri.

Öyüd verdi özünə: – Azca təsəllimiz var,
Dərvişin heç nəyi yox… Heçdən nə almaq olar?[87 - Doğrudan da, dərvişin itaət və ibadətdən başqa nəyi var ki, ala biləsən?!]

Bir arpası da yox ki, tutub alam əlindən,
Çarəm nədir? Taleyə boyun əyməliyəm mən.

Sofünun boğazından keçən o maldan qalan,
Başı halqalı “Mim”lə kufi “Əlif’dir, inan.[88 - “Mal” anlayışından yalnız “MA” hecası qalıb ki, bu da ərəbcə “yox”, “heç” deməkdir. Sofunun başı halqalı “Mim”dən və kufi “Əlif”dən savayı verməli heç nəyi yoxdur.]

Əfv olunmaq istəsən, ey şeyx, qulaq as mənə:
Haramın olanları halal edimmi sənə?

Neştər batır nəfsinə, ey fələktək saxtakar,
Ac gözlü, qısa yenli, uzun əlli tamahkar!

Heç bir ürək nəfsdən, tamahdan ayrı deyil,
Vəfalı, etibarlı kişi yoxdur, bunu bil!

Din – əyarı qızıldır, vermə onu şeytana,
Fəğfurun şərəfini layiq görmə səgbana.[89 - Fəğfur (baqpur) – Tanrı oğlu. Bu söz Yaxın və Orta Şərqdə Çin imperatorlarının ləqəbi olmuşdur. Burada isə şah mənasındadır. Beytin mənası: Saf qızıl olan dini şeytanlara sofular kimi təslim etmə, ulu şahların bilərziyini it saxlayanların əlində xaltaya, midbərə döndərmə!]

Dini şeytana versən, cəzanı sən çəkərsən,
Müflisə verilən mal geri dönməz yenidən.

Dünya pislik yurdudur, axirət qazancıyıq,
Tutub din ətəyindən bir guşə tap, ey yazıq!

Bu yolların bəkçisi – yağmaçı quldurbaşı,
Burda müflis zəngindən, yoxsul varlıdan yaxşı.

Müflislərə toxunmur bu fələyin tilsimi,
Yalnız möhtəşəmlərin qırır qafiləsini.

Bu vəfasız dünyadan könlüm bir az halıdır,
Arını məhv eyləyən öz şəhdi, öz balıdır.

Tamah salan varmı heç acı aslan ətinə?
Öləndə qurd-quş belə toxunmaz cəsədinə.

Ayaq üstə duran şam xonçada, başda gəzər,
Bədirlənmək istəyən Ay incələr, əksilər.

Torpaqla qurd dostluğu[90 - Qurd dostluğu – feilən düşmənlik] eləyir daim külək,
Özü yüngül, əli boş, heç nə itirməyəcək.

Göl quşları bilir ki, balıqların bəlası,
Gümüş pullarındadır, pullar ovun aynası.

Sənin diləklərinin tərəzisi olan zər,
Beş rükət namazının fatihəsinə bənzər.[91 - Yəni namaz qılanda sən Allahı, peyğəmbəri yox, öz varidatını artırmaq yollarını düşünürsən. Bu cür namaz qılmaq, əslində, bütün namazlarının axırına çıxmağın deməkdir.]

Əgər Nizami kimi sən pak ola bilməsən,
Bu arzu yollarında çətin kama yetəsən.

Zalım padşahla düz danışan kişinin dastanı

Ürəkləri sındıran zülmkar bir şah vardı,
Dirəşməkdə, höcətdə Həccacı[92 - Həccac Yusif oğlu (661-714) – Ömərilər sülaləsinin xəlifələri adından xilafətin müəyyən vilayətlərini idarə edən görkəmli dövlət xadimi olmuşdur. Xilafət düşmənlərinə qarşı mübarizədə, güman ki, əsl rəqəmləri şişirdən salnaməçilərin dediyinə görə, 130 min adamı edama məhkum etmişdir. Həccacın vəfatı günündə isə Ömərilərin dustaq evlərində onun əmrilə azadlıqdan məhrum edilmiş 15 min kişi və 30 min qadın olmuşdur. Buna görə Yaxın Şərq ədəbiyyatında onu qəddar zülmkar saymaq dəb halına düşmüşdur. Bununla belə, güman etmək olar ki, onun surəti Ömərilərə düşmən kəsilmiş Abbasilər sülaləsinin tarixçiləri tərəfindən təhrif edilmişdir. Qədim salnamələrin birində deyilir: “Namuslu adamlara münasibətində o, yaxşı insan, üsyançılara münasibətində isə qəddar idi. Nəzərə almalıyıq ki, Həccacın hakimiyyət illəri zidd qüvvələrin toqquşduğu, həyəcanlı və mürəkkəb bir dövr olmuşdur.] mat qoyardı.

Gündüzdən gecəyədək hər pıçıltı, hər xəbər,
Onun sarayındaca cəmləşərdi hər səhər.

Aytək, güntək itigöz bir xəfiyyəsi vardı,
Bağlı qalan işləri ustalıqla açardı.[93 - Gecənin qaranlığı hər şeyi gizlətdiyi, sirri batırdığı halda Ay və dan yeri sirr açan sayılır. İşıqda hər şey görünür, gizlinlər, bilməcələr açılır.]

Sübhtək ikiüzlü, Aytək gecə gəzəndi,
Bir gün şahın onündə baş əydi, qüssələndi.

Dedi: – Gizli bir yerdə çox deyindi dalınca,
Səni zalım, qaniçən adlandıran bir qoca.

Casusun dediyindən öfkələndi hökmdar,
Qocanı məhv etməyə fikrində verdi qərar.

Qum tökdürüb üstünə palaz sərdirdi çölə,
Divanə tacidardan qaçardı divlər belə.

Yel sürətli bir cavan çapdı, qocanı tapdı:
– Xain bilir şah səni, oyan! – dedi, – amandı.

O şeytan huylu zalım çağırmamış, özün get,
Yola gətir, inandır, öz dərdinə əlac et!

Dəstəmaz aldı qoca, kəfən geydi əyninə,
Salam verdi ədəblə, gəlib şahın önünə.

Qızmış, qara niyyətli şah yumruğunu sıxdı,
Arxasında dayanmış qocaya kinlə baxdı.

– Eşitmişəm, – söylədi, – danışmısan dalımca,
– Məni qəddar, yelbeyin adlandırmısan, qoca!

Mən Süleyman mülkünün sahibiyəm, bilirsən,
Hansı cürətlə mənə “zalım”, ya “div” deyirsən?