banner banner banner
Keçmişdən gələn səslər
Keçmişdən gələn səslər
Оценить:
 Рейтинг: 0

Keçmişdən gələn səslər


Anelka haqqında fikirləşdi və tez onun barəsindəki fikri qovdu… Sonra arvadı və Yuzek barəsində fikirləşdi. Indi ailəsinin hansı vəziyyətdə qaldığını fikirləşmək istəmirdi. Bunun müvəqqəti olduğunu, itib-batmayacaqlarını, xalanın kömək edəcəyini özünə təkrar edirdi. Yalnız, o tez qayıdaydı…

Lap bu yaxınlarda yenidən təmir edilmiş, əvvəlki zamanlarda qonaqlarla birlikdə elə hay-küylə şənləndiyi ev haqqında, ov etdiyi meşələr, ona cəmiyyətdə şərəfli mövqe verən bütün bu torpaqlar barəsində fikirləşirdi… Indi isə o laxlayacaq!.. Nəhayət, bu mülk arvadına məxsusdur, ona cehiz kimi gətirmişdi və uşaqlarına keçməli idi! Xala, xala qurtarar, o hər şeyi yoluna qoyar! Kəndlilərə isə yerində oldu, əgər belə xəsis axmaqlardırsa, ikiüzlü və ədalətsizdirlərsə, qoy yeni mülkədarları olsun. Kimdən məhrum olduqlarını və öz inadcıllıqlarından yana nə etdiklərini öyrənəcəklər!

Intiqam yanğısı və xalaya ümid elə güclü idi ki, pan Yanı mülkün itirilməsi və ailəsinin gələcəyi barəsindəki fikirlərdən olduqca tez yayındırdı.

Lakin Anelka, onun şanlı, demək olar, böyümüş qızı qalırdı. Cehizsiz, təhsilsiz qızı hansı tale gözləyir?.. O, bağı, otağını elə sevir ki… Atası haqqında nə fikirləşəcək? Ona elə inanırdı ki…

Anelka pan Yanın gözündə, sanki, ona hansı pisliyi etdiyini hələ bilməyən bütün ailəni təcəssüm etdirirdi. Anelka hər şeyi hiss edir, hər şeyi anlayar və öz hisslərini bacardığı kimi ifadə edər: yalnız bir baxış, sifətdəki rəng və sual.

“Mürəbbiyədən imtina etmərəm” – pan Yan özünə belə dedi və sanki, xilasedici çıxış yolu tapmış kimi təsəlli tapdı. Mürəbbiyə Anelka qarşısındakı günah hissindən qorunduğu , hər necəsə, qalxan kimi xidmət etməli idi.

Planlarının dağıldığı və mülkü satmaq lazım gələcəyi barədə heç kəsə ağzını da açmadı. Əksinə, şam yeməyində həmişəkindən daha şən idi və yalnız Anelkaya baxmamağa çalışırdı. Lakin gecəni pis keçirdi: hətta, elə bil, qızdırmışdı. Ehtimal, sinirlərinin güclü şəkildə pozulmasından idi ki, yarımyuxuda ona dəhşətli yüksəklikdən düşdüyü kimi gəldi. Bu zaman onun hərəkəti heç nə ilə əlaqəli deyildi, başı gicəlmirdi, yalnız ayaqları altında dayaq olmadığını hiss edirdi. Boğulmuş ruhi iztirablar bəzən özünü simvolik yuxular şəklində göstərir.

Ah, əgər insanın vicdanı ağrısaydı, gəmirsəydi, yandırsaydı! Yox o yalnız hardasa dərinlikdə hiss olunmayan tükdən nazik qurd kimi eşələnir. Insan özünü çimdikləməyə, ayaqlarını taqqıldatmağa, mebelin yerini dəyişməyə başlayır. Ona elə gəlir ki, belə kobud vasitələrlə qurdu qorxudar. Budur, hər şey keçdi! Lakin özünü dinləyirsən, orda, dərinlikdə isə artıq yenə də nə isə və bir an da durmadan qaşıyır.

Borcla yüklənmiş mülkün itirilməsi mücərrəd ideyalar, həyatın əhəmiyyətli hadisələrinin təhlililə məşğul olan və bu dünyadan olmayan adamlara boş şey kimi görünə bilər. Lakin pan Yan üçün bu, böyük bədbəxtlik idi. Payız lehməsində dəfələrlə baldan, yaxud vizitdən qayıdaraq, öz isti, dəbdəbə ilə təchiz edilmiş, soyuq və yorğunluğun unudulduğu evi barədə həzzlə fikirləşmiş və irəlidə, pəncərələrdə alovların sayrışmasını və həyətdə itlərin hürməsini gözləyərək, səbrsizliklə qaranlığa baxmışdı. Bəzən o, şəhərdən gələn yolda həyəcanla evdə onu hansı sürprizin gözlədiyini, arvadına və uşaqlarına bir şey olub-olmadığını özündən soruşmuşdu. Bununla belə, belə həyəcanlar pan Yana olduqca gec-gec baş çəkərdi. O, şəhər həyatını, sifət və əyləncələrin növbələşməsini sevirdi, kənddə oturmaq və turşumaq onun adətində deyildi. Lakin hər şeyin itirildiyi indi acı təəssüflə öz otaqları, park və nohur, Anelka, hətta arvadının qəribəlikləri və Yuzekin xəstəliyi haqqında fikirləşirdi.

Müflisin qəlbini bu cür pişiklər qaşıyırdı. Hər cür başqa, daha amansız fikirlər də gəlirdi… Lkin pan Yan başqa şey barəsində fikirləşməyə çalışaraq, onlara aydın forma almağa imkan vermirdi və beləliklə, daxildəki, hardasa, dərinlikdəki usandırıcı-asta və usanmaz hərəkətlərini nə sürətləndirmək, nə də dayandırmaq mümkün olmayan həmin qurd eşələnməsəydi, nisbi ruhani rahatlıq tapa bilərdi.

O gün səhər pan Yan solğun idi və yorğun görkəmi vardı. Səhər yeməyində ona mehtərlərdən birinin tarlanı korladığına görə Qaydanın atını tutduğunu dedilər. Bu yerdə pan Yan bir qədər canlandı və kəndlilərin vicdansızlığı barədə boşboğazlıq etməyə başladı.

Müəyyən vaxtdan sonra nökər Qaydanın gəldiyini bildirdi. Mülkədar artırmaya çıxdı və orda Anelkanı gördü. Qız qorxaq maraqla sifətinin ifadəsi zəhmlidən daha çox karıxmış olan nəhəngə baxırdı.

– Nə var? – pan Yan belə başladı –Yenə mənim buğdam sənin atlarının xoşuna gəlib?

– Cənab pan, indi necə olduğunun bütün həqiqətini sizə deyəcəyəm, – deyə kəndli yerə qədər ona təzim edərək, cavab verdi. – Gün qalxanda qızıma atları dincə qoyulmuş tarla olan yerdə yolun yanında otarmağı tapşırdım. Bu quldurlar isə dönmüş və buğdaya getmişlər. Sizin mehtər qaçıb gələrək, onları götürəndə bəlkə hələ bir otu qırpmağa da macal tapmamışdılar. Bu yerdəcə ölüm ki, belə olub!

Kəndli şapkasını əlində əzişdirirdi, amma pan Yanın gözlərinə cəsarətlə baxırdı, o isə istehza ilə gülümsəyirdi.

– Hə, – deyə, nəhayət, sözə başladı, – eşitmişəm ki, artıq meşəni torpağa dəyişməyə razılaşmırsız.

Qayda qulağının arxasını qaşıdı.

– Cənab pan, ağalar deyirlər ki, sizdən, heç olmasa, həyətə beş morq almaq lazımdır, – dedi.

– Əgər vermək istəsəydim, hamısını götürəcəyinizi fikirləşirəm.

– Əgər cənab pan versəydi, götürərdik…

– Mən isə elə də xəsis deyiləm və səndən hamısını götürməyəcəyəm… Atlarını buğdada tutmuş mehtərə yalnız üç manat verərsən.

– Allahdan qorxun! Tam üç manat? – deyə Qayda çığırdı.

– Istəmirsənsə, məhkəməyə ver – mülkədar belə dedi.

– Pan! Mənim məhkəmələrdə sürünməyə vaxtımmı var? Yəhudilər məni işə götürüblər, indi şəhərə getmək lazımdır, atlar isə sizdədir. Mərhəmət edin, pan, güzəştə gedin…

– Bəs siz mənə güzəştə gedirsinizmi? Servitutlu meşəyə görə adama beş morq torpaq tələb edirsiniz…

Qayda susurdu.

– Hə, özün de: sən özün mənə acıyardınmı, güzəşt edərdinmi?

– Mənə heç nə lazım deyil, qoy hər şey indiyə kimi olduğutək olsun.

– Deməli,hər şeyin əvvəlki kimi qalması sənə sərfəlidir?

– Aydın məsələdir ki, daha sərfəlidir. Meşədən fayda böyük deyil, amma, hər halda, bir az odun var, mal-qara da yayda qidalanır və buna görə heç kəsə heç nə ödəmirsən. Torpağa görə isə – nə qədər çoxdursa, zəhmət çək, nahiyəyə bir o qədər çox ödə.

– Görürsən, öz xeyrini necə yaxşı başa düşürsən! Onda icazə ver, mən də özümkünü başa düşüm və əgər sənə atlar lazımdırsa, mehtərə üç manat ver.

– Pan, bu sizin son sözünüzdürmü? – Qayda belə soruşdu.

– Sonuncudur. Kim bilir, bəlkə gələn il burda artıq alman ağalıq edəcək – o tarlanı korlamağa görə sizin sonuncu köynəyinizi də çıxaracaq.

Qayda qoltuğuna əl atdı və əsən əlləri ilə dəri pulqabısını çıxardı.

– E, qoy alman olsun, hamısı birdir! Cənab pan, siz də mənim sonuncu köynəyimi çıxardınız… Alın! – O, skamyaya üç manat qoydu. – Qızımın qabırğalarını sayacağam, xatırlayacaq…

– Bax, bax, düzdür, onun qabırğalarını gərəkdiyi kimi say, qoy bilsin ki, özgəninkinə toxunmaq olmaz! – mülkədar gülüşlə belə dedi.

– O, mehtəri səslədi və ona üç manat verərək, Qaydanın atlarını buraxmağı tapşırdı. Sonra otaqlara getdi.

O, qapının arxasında yox olanda Qayda ardınca yumruğu ilə hədələdi. Gözlərini daim kəndlidən çəkməyən Anelka da onun sifətinin necə dəhşətli olduğunu gördü.

“Qızımın qabırğalarını sayacağam, – onun sözlərini fikrində təkrar edir və bütünlüklə əsirdi. – Zavallı Maqda!”

Maqdanın taleyi barəsindəki fikir Anelkaya rahatlıq vermirdi. Onu xilas etmək lazım idi. Amma necə?

Ananın köməyinə hesab götürməyə dəyməzdi – Indi anasında Qaydanı yumşaltmaqdan ötrü ona qaytarmaq lazım olan üç manat tapılmaz. Bəlkə, atasının yanına getsin?

Amma atasının kasıb xalasını necə qəbul etdiyini, onun son sözlərini xatırladı – axı indicə Qaydanı Maqdanı döyməyə qızışdırmışdı! – və atasının yanına getmək fikrindən imtina etdi. Instikt atasının onun Maqdaya şəfqətinə yalnız güləcəyini dedi.

Eyvandan sağda, istixanaların arxasında xidmətlər: anbarlar, pəyələr və tövlələr yerləşirdi. Qayda və mehtər də atların ardınca ora getdilər. “Bir neçə dəqiqə sonra o, evə qayıdacaq və Maqdanı döyəcək! Görəsən, indi qız nə fikirləşir?” – deyə Anelka həyəcanlandı.

O, həyətdən keçdi, sola, istixanaların arxasına döndü və ta yola qədər uzanan barıya tərəf qaçdı. Barının yanında qız, Qaydanı gözləyərək, dayandı. Onunla qarşıdakı söhbət də, Maqdanı hədələyən təhlükə də, nəhayət, atasının onu burda görməsi qorxusu da qızı həyəcanlandırırdı.

Nəhayət, o, at dırnaqlarının xırda taqqıltısını və kəndlinin ağır addımlarını eşitdi. Çəpərdə bir tamasa sınmışdı. Anelka onu kənara hərəkət etdirərək, keçdi, əl və ayaqlarını dalatmaqla, gicitkan bitmiş qanovdan ötdü və Qaydanın yolunu kəsdi. O, əmr etmək üçün doğulmuşdu, – ancaq xahişə gedirdi.

Qayda onu görərək, dayandı və mülkədar qızının saralmış sifətinə və qorxmuş göy gözlərinə qaşqabaqla baxdı.

– Ağa! – Anelka güclə eşidilməklə dilləndi.

– Nədir? – deyə Qayda qırıq-qırıq soruşdu.

– Ağa, siz Maqdanı döyməyəcəksiniz, doğrudurmu? Döyməyəcəksiniz?

Kəndli hətta səndələdi.