banner banner banner
Keçmişdən gələn səslər
Keçmişdən gələn səslər
Оценить:
 Рейтинг: 0

Keçmişdən gələn səslər


Kim xeyir, şər və sıxıntının dərki ağacından kağız meyvələr yeyibsə, bəlkə, hələ sadə dildə “dərsə cavab vermək” adlanan maarifçi məşğuliyyəti unutmayıb.

Qarşınızda cavab verənin öyrənilmiş dərsi burnunun altında mızıldandığı, yaxud nəfəs dərmədən qırıldadatdığı həyəcanlı dəqiqələri xüsusi səysiz xatırlayarsınız. Sizi bütünlüklə – tozlu ayaqqabı altından pomadalanmış saçlara kimi – bürümüş təlaş, titrətmə ilə növbəsini gözləmə və başda sıxışmış ehtimallar: Bəlkə çağırmayacaq? Bəlkə tezliklə zəngdir? Birdən müəllimi müfəttişin yanına çağırdılar? Ya da hansısa möcüzə baş verdi?..” xatirinizdədir.

Bu arada sizin tərləmiş sələfiniz dərsin son sözlərini söyləyərək, gözünü jurnalda onun familiyası qarşısına beş, üç, ya da bir yazan müəllimin əlindən çəkməməklə, öz yerinə oturub. Sonra daxilinizdə gurultu ilə şüşəyə çırpılan daş kimi birdən familiyanızı tələfüz edən müəllimin səsi soxulan dərin sakitlik hiss edirdiniz.

Bu dəqiqədən etibarən duymağı, görməyi və hiss etməyi durdururdunuz, hardansa, udlaqdan üzüb gələn sürətli söz axı nı sizi aparır, dili hərəkətə gətirir, dişlərə tuş gəlir və havanı və darıxan müəllimin fikir orqanlarını dalğalandıraraq, , nəhayət, “konduit”də (şagirdlərin günahları qeyd olunan dəftərdə – tərc.) az-çox bərbad həddəki formaya axaraq, kristallaşırdı.

Beşinci latın təsrifinin, sein, haben, werden alman feillərinin, eləcə də Misir fironlarının yanlış söylənilən adlarının həlledici əhəmiyyətinin olduğu gələcəyiniz üçün zəruri olan bu əmək üçün məmnun razılıq (böyüklərin birsəsli fikrinə görə) mükafat kimi xidmət edirdi.

Şagirdlərin böyük sayı səbəbindən pedoqoji inkvizisiyanın qısa müddət və gec-gec təsir etdiyi məktəblərdə vəziyyət belədir. Uşağın dərslərə gündəlik cavab verməli olduğu ev təhsilində isə onun payı qorxu və əzablı naməlumluq əvəzinə, zəncirini qırmış kimi, dərsdən sonra coşqun sevinc partlayışı ilə növbələşən çoxsaatlıq kütləşmədir.

Anelka üçün də oxşar dəqiqə yaxınlaşırdı: o, mürəbbiyəyə, panna Valentinaya sonuncu dərsini – coğrafiyanı cavab verirdi.

Qız, sanki dua üçün bükülmüş əllərilə qara, cilalanmış masaya dayanaraq, otağın ortasında dayanmışdı. Parlaq iyun günəşində, tünd saçları qızıl saplarla hörülmüş kimi, işıldayırdı. Qeyri-iradi olaraq, bir ayağını götürüb, o birini qoyur, gah anasının otağının qapısına, gah tavana, gah da hər cür maarif silahları qalaqlanmış masaya baxırdı.

–Modena – otuz min sakin. Şəhərdə səkilər bürküdən müdafiə üçün qapalıdır…Reqqio Redjio kimi tələfüz olunur…

– “Reqqio” demək, xüsusən “tələfüz olunur”u əlavə etmək, ümumiyyətlə, lazım deyil. Anelka, sən dəhşətli dərəcədə fikri dağınıqsan, axı artıq on üç yaşın var…

Bu irad boz saçlara, boz gözlərə və ağ çilli tünd-boz paltara malik panna Valentinanın nazik dodaqlarından uçdu.

–Redjio.. .– Anelka təkrar etdi və dili dolaşdı. Onun ağappaq sifəti parlaq qızartı ilə alışdı, sapfir kimi göy gözləri narahat şəkildə ətrafa qaçışdı. Çətinləşdirici vəziyyətdən çıxmaqdan ötrü sakitcə pıçıldadı:

“Reqqio: Reccio tələfüz olunur” – sonra isə ucadan təkrar etdi:

–Redjio. On beş min sakin… – Ağır sandığı dördüncü mərtəbəyə sürümüş yükdaşıyan kimi yüngülləşməklə, nəfəsini dərərək, davam etdi: – Şəhərin yaxınlığında Tsanossa qəsrinin xarabalığı var…

– Kanossa – boz paltarlı xanım ona düzəliş etdi.

Sözü ikinci dəfə kəsiləndə qız yenə qızardı, duruxdu və indicə deyilmiş frazanı təkrar edərək bitirdi:

– “…onun həyətində imperator Dördüncü Henrix tövbə edənin müti pozasında üç gün dayanmış və ondan lənəti götürməsindən ötrü papa Yeddinci Qriqoriyə yalvarmışdır. Min yeddi yüz yeddinci il…Tsarrara…

– Tsarrara yox, Karrara…

– Karrara…Karrara dənizin yaxınlığında yerləşib, burda məşhur ağ mərmər istehsal edilir…

Anelka susdu, reverans etdi və belə fikirləşərək oturdu: “Ilahi! Sıxıntıya bax!”

Saç buruqları arasındakı tozlu at tükü yastığı məzəli şəkildə görünən elmli qadın peronu götürdü və dərin düşüncədən sonra gündəliyə yazdı: “Coğrafiya – tamamilə məqbul”.

Anelka başını aşağı dikərək oturmuşdu və gündəliyə baxmadığı kimi görünürdü. Amma onun göy gözləri tündləşdi, dodaqlarının küncləri aşağı endi və o fikirləşdi:

“Oynamağa icazə vermir və yalnız “məqbul” yazır. Tezliklə günəş batacaq”

Mürəbbiyə kitabı götürdü.

– Bax, buradan, – dedi, – “Böyük Toskana knyazlığı”ndan … – iki səhifə çevirdi, -“Italiya krallığı tərkibinə daxil oldular”a qədər. Gəmirilmiş dırnağilə kitaba qeyd etdi.

Sonra öskürdü və səmimiyyətlə dedi:

–Latıncada və ona qohum dillərdə “a”, “o”, “i”nin qarşısında “tse” “k” kimi tələfüz olunur. Bunu sənə dəfələrlə təkrar etmişəm. Anelka, sənin tərbiyən dəhşətli dərəcədə pozulub, axı artıq on üç yaşın var. Sən həmyaşıdlarına çatmaqdan ötrü çox çalışmalısan.

Anelka mürəbbiyənin nəsihətini qulaqardına vurdu. Oğrunca açıq pəncərənin qarşısında xışıldayan cökə ağacının yaşıl budaqlarına baxdı və bağlamağa hazırlaşaraq, əlini kitaba uzatdı.

– Hələ tezdir! – panna Valentina onu dayandırdı.

Anelka saatın beşə iki dəqiqə qalmasını göstərdiyinə əmin olaraq, əyləşdi. Onun gözləri tünd-göydən yenidən mavi oldu, gözəl haşiyələnmiş ağzı aralandı. Hər bir əzələsi titrədi. Uzun öyrənmə saatlarından sonra bağa qaçmaq istəyi vardı, burda isə tam iki dəqiqəni gözlə!..

Otağın narıncı divarları parlaq günəş işığında metal kimi işıldadı, küncdə Anelkanın çarpayısı ağlığı ilə göz qamaşdırırdı, masanın üstündə güzgü ulduz kimi parıldayırdı. Gökə ağacı bal ətri yayır, həyətdən çığırqan xoruzların qışqırtısı eşidilirdi. Quş civiltisi arıların vızıltısı və bağdakı qoca ağacların xışıltısı ilə qarışırdı.

“Ah, görünür, saat beşi heç vaxt vurmayacaq!” – deyə Anelka isti mehin əsməsini sifətində hiss edərək, fikirləşdi. Hüdudsuz göy qübbəsindən axan işığın öz parıltısı ilə onu doldurduğu kimi görünürdü.

Panna Valentina damarlı qollarını sinəsində çarpazlayaraq və baxışını boz paltarının kəndlilərin ətək adlandırdıqları hissəsinə yönəldərək, kresloda əyləşmişdi. Çoxdan soyumuş, yorğun təxəyyülündə özünü başdan-ayağa boz paltar geymiş və zəngə qədər cilovda saxlamaq gərək olan yüz qızlıq pansionun rəisi kimi görürdü. Gənc qızlar izdihamının bağa can atması xəyalına gəlirdi; onu sıx həlqə ilə əhatəyə almışdılar; lakin o bu canlı dalğaya qarşı qranit möhkəmliyi və yenilməzliyi ilə dayanıb. Bu mübarizə onu əldən salır, amma, bununla bərabər, qəlbini izaholunmaz həzzlə doldurur. Panna Valentina öz istəyinin və yüz qızın gənc coşqusunun ziddinə hərəkət edərək, borcun hər şeyə qadir səsinə itaət edir.

Daha bir dəqiqə…

Pəncərənin arxasında it zingildədi, o bu vaxt Anelka ilə oynamağa öyrəşib. Qız gah saata, gah da küləkdən qabaran pərdəyə baxaraq, narahat halda əllərini ovuşdurdu, amma farağat oturdu.

Nəhayət, hündür, tünd-sarı futlyardakı, gün, saat və saniyələri sayan saat əvvəlcə zərif və tələsik şəkildə dörd dəfə dörddəbir saatı çaldı , sonra isə ucadan və asta-asta beş dəfə vurdu.

– Kitabları yığışdıra bilərsən, – hündür, yüngülcə beli bükük və çiyinləri çıxmış müəllimə belə dedi və qalxdı; ac və maraqlı milçəklərin bürüdüyü nəlbəki ilə qapadılmış stəkanda soyuq kofe olan komoda ağır addımlarla yaxınlaşdı.

Anelka bir anda tanınmaz dərəcədə dəyişildi. Xırda ağ dişləri şıltaq təbəssümündə parıldadı, gözləri qığılcım saçdı və tünd-yaşıl çalar aldı. Daha əvvəl nədən yapışacağını bilməyərək, bir neçə dəfə masanın başına fırlandı. Anasının otağının qapısına doğru sışradı, sonra qayıtdı və yenə kitablardan yapışdı. Başını yana əyərək, xahişlə dedi:

– Karusiki içəriyə buraxmaq olarmı?

– Bir halda, valideynlərin sənə onunla oynamağa icazə verir, mən qadağan edə bilmərəm, – deyə mürəbbiyə cavab verdi.

Anelka sonuna kimi dinləməyərək, çığırdı:

– Karus, bura gəl!

Üstəlik də fit çaldı.

Panna Valentinanın fiti eşidərək, hər şeyi – içində kofe olan stəkanı, nəlbəkini, qaşığı əlindən buraxmamasını yalnız qeyri-adi iradə qüvvəsi ilə izah etmək olar. Elmli qadının solmuş sifətində böyük hiddət ifadə olundu. Amma it qapını onun üçün açmalarını gözləməyərək, pəncərədən otağa sıçrayana qədər o, çörəyi udmağa və ədəb qaydaları barədə uzun nəsihətə başlamağa imkan tapmadı.

–Sən ərköyün, tərbiyə edilməmiş qızsan! – deyə panna Valentina təntənə ilə söylədi və böyük dilxorluqdan dolayı, ikiqat kofe porsiyasını, loqqultu səsi çıxarmaqla, uddu.

–Yaramaz Karusik! Otağa pəncərədən sıçramaq harda görünüb ? – deyə Anelka iti yamanladı.

Amma Karusun sahibəsinin öyüdünü dinləməyə vaxtı yox idi. Sıçrayaraq, onun dodaqlarını yaladı, paltarından dartdı, mürəkkəbə bulaşmış əllərini iylədi, sonra dişlərilə hündür başmağının düyməsindən yapışdı. Bütün bu hərəkətlərini zingilti və hürüşlə müşayiət edərək, sonunda kürəyi üstə sərələndi və dilini çölə çıxararaq, döşəmədə diyirlənməyə başladı. Sol gözündə qara ləkəsi olan bu ağ itin olduqca canlı temperamenti vardı.

Panna Valentina bütünlüklə qida qəbulu və acı düşüncələrlə məşğul olaraq, daha bir kəlmə də demədi.

“Mənim həyatım, – deyə möhtərəm qoca qarımış qız fikirləşdi, – bu bir stəkan kofeyə bənzəyir. Stəkanda kofe və qaymaq, mənim həyatımda isə iztirab və əmək var, bax, bu onun bütün məzmunudur. Şüşə qab mayenin axmasına imkan vermədiyi kimi, mənim özümü saxlamağım da ümidsizlik tutmalarını saxlayır. Dərsi bitirməyə macal tapmamış it artıq burdadır…Iyrənc heyvan! Yalnız bütün evə bit yayır… Ancaq heç nə etmək olmaz, vəzifə və qüssələrin ağır yükünü daşımaq lazımdır”.

Bu yerdə kofedə şəkərin də olduğu ağlına gəldi. Əgər onun həyatında da hansısa şirinlik olsa? Onu nə rənginləşdirə bilər?.. Bəlkə isti birduyğu?