banner banner banner
Keçmişdən gələn səslər
Keçmişdən gələn səslər
Оценить:
 Рейтинг: 0

Keçmişdən gələn səslər


Bağın ortasında qəribə şəkildə burulmuş söyüd ağacları ilə əhatələnmiş nohur vardı. Qışda onların gövdələri eybəcər halda burulmuş şikəstlərə bənzəyirdi; gecələr onlar insan zahir olarkən qəribə pozalarda donan, özünü cansız kimi aparan bürüşmüş, qozbel, başsız, çoxəlli bədheybətlər simasını alırdılar. Istilərin başlanması ilə bu qorxuluqlar zərif zoğlar və üstdən parlaq-yaşıl, altdan isə gümüşü xırda yarpaqlarla örtülürdü; onların açıq ağıza bənzəyən koğuşlarında quşlar yuva salırdı.

Anelka öz mürəbbiyəsilə birlikdə bu, cizgi və rənglərini daim dəyişən, dalğalanan, ətir saçan, parlayan, xışıldayan və hər cür quşların səsilə cingildəyən bağla, nahamar, ot basmış cığırla gedirdi. Ətrafdakı hər şey qızı heyran edirdi. O tez-tez və dərindən tənəfüs edir, hər bir budağı uzun müddət nəzərdən keçirmək, hər bir quşun və kəpənəyin ardınca cummaq, hər şeyi ağuşuna almaq istəyirdi. Panna Valentina isə, əksinə, soyuq idi. O, başmaqlarının uclarını seyr edərək və ingilis qrammatikasını arıq sinəsinə sıxaraq, xırda addımlarla yeriyirdi.

– Kanossanın harda yerləşdiyini coğrafiyadan öyrəndin, – deyə o başladı, – indi isə sənə Dördüncü Henrixin nəyə görə Yeddinci Qriqoridən əfv dilədiyini öyrənmək imkanı yaranacaq. Bu barədə Yeddinci Qriqorinin, yaxud başqa cür adlandırdıqları kimi, Hildebrandın həyatının təsvirində, “Almanlar və italyanlar” fəslində oxuyacaqsan.

Belə şəraitdə tarix dərsliyini oxumaq təklifi Anelkanı hiddətləndirdi. Köks ötürməsini boğaraq, istehza ilə soruşdu:

– Doğrudanmı bağda ingilis dili ilə məşğul olacaqsınız?

– Olacağam.

– Deməli, mən də ingiliscə öyrənəcəyəm?

– Əvvəlcə fransız və alman dillərini əsaslı şəkildə öyrənməlisən.

Ah!.. Lütfən deyin, fransız, alman və ingilis dillərini öyrənəndən sonra nə edəcəyəm?

–Bu dillərdəki kitabları oxuya biləcəksən.

–Bütün kitabları oxuyandan sonra isə?

Panna Valentina nəzərini qovaq ağacının zirvəsinə yönəltdi və çiyinlərini çəkdi.

– Insanın ömrü hətta bir dildəki kitabların mində bir payını oxumaqdan ötrü çatmaz. Dünyadakı üç ən zəngin ədəbiyyat barəsində isə heç danışmağa dəyməz!

Ifadəolunmaz qüssə Anelkanı bürüdü.

– Deməli, daim öyrənməli və oxumalı?..

– Bəs həyatında başqa nə etmək istərdin? Məgər elmdən də nəcib məşğuliyyət tapmaq olarmı?

– Nə etmək istərdim? – deyə Anelka sualı təkrar etdi. – Indi, yoxsa böyüyəndə?

Ancaq panna Valentinanın cavab verməyə meylli olmadığını görərək, davam etdi:

– Indi sizin qədər bilmək istəyərdim. Bax, onda öyrənməzdim, yox! Sonra çox işim tapılardı. Indiki kimi, mənimlə salamlaşanda qaşqabaqlarını tökməmələrindən ötrü, muzdurlara maaş ödəyərdim; sonra ağacların yaralarımı müalicə etməyi tapşırardım, yoxsa, bağban deyir ki, bizdə tezliklə hər şey quruyacaq və çürüyəcək. Lakeyi mütləq qovardım: o, nohurdakı quşları öldürür və siçovulların gözünü dağlayır… Vicdansız! – deyə Anelka titrədi. – Sonra anamı və Yuzeki Varşavaya aparardım. Yox!.. Bunu hər şeydən əvvəl edərdim! Sizə isə bütöv bir otaqlıq kitab bağışlayardım… Ha-ha!..

Mürəbbiyəni qucaqlamaq istədi, amma o yayındı.

– Mən sənə acıyıram, – mürəbbiyə quru tərzdə söylədi. – Cəmi on üç yaşın var, ancaq sənə aid olmayan şeylər barəsində eynilə əyalət aktrisası kimi boşboğazlıq edirsən və gərək olanla məşğul olmursan. Sən yaşın üçün hədsiz böyüksən, buna görə də , ehtimal ki, coğrafiyanı heç vaxt üstələyə bilməyəcəksən.

Anelka utandı. Həqiqətən, o hədsiz dərəcədə böyükdür, ya da panna Valentina…

O, panna Valentina ilə birlikdə bağın sol küncünə, hündür şabalıd ağacının altındakı təpənin üstündə yerləşən daş skamyaya istiqamətləndi. Orda əyləşdilər.

– Kitabı mənə ver, – mürəbbiyə belə dedi, – Yeddinci Qriqorinin tarixini taparam. Ah, yenə də sənin köpəyin bizə vizit verir…

Həqiqətən, Karusik, nəyəsə güclü şəkildə sevinərək, sürətlə düz onlara doğru qaçırdı. Ehtimal ki, xoruzun ardınca qoşarkən hasil etdiyi lələklər açıq ağzına yapışmışdı.

– Itləri heçmi sevmirsiniz? – birdən Anelka Karusikə baxaraq soruşdu .

– Yox, sevmirəm.

– Bəs quşları?

– Yox, – mürəbbiyə incikliklə onun sözünü kəsdi.

– Bağı da sevmirsiniz?.. Ağacların altında gəzməkdənsə, kitab oxumaqdan daha çox xoşunuz gəlir? Hə, doğrudur, axı sizin otağınızda nə çiçəklər, nə də quşcuğazlar var. Əvvəllər ora sərçələr uçub gələr, biz onları yemləyərdik, Karusik hələ balaca və yöndəmsiz olsa da, yuxarı qaçıb gələrdi. Mən əskiyə bükülmüş çörəyi südə batırar və ona verərdim. O və onunla birlikdə əvvəlki mürəbbiyənin bala pişiyi də əmərdi. Ah, onlar nələr törədərdilər!.. Sapla döşəmənin üzərində çəkdiyim kağız parçasının ardınca necə qaçardılar! Ancaq siz nə Karisiki, nə pişikləri, nə də…sevmirsiniz.

Bu məqamda Anelka qəfildən susdu, çünki panna Valentina skamyadan sıçradı və yuxarıdan aşağı qıza baxaraq, qıcıqla danışmağa başladı:

– Niyə ağlına hər cür axmaq şeylər girir?.. Mənim sevib-sevməməyimdən sənə nə?.. Hə, sevmirəm… Həmişə güllələnib-asılan pişikləri, daim məni dişləmiş itləri, saxlamaq icazə verilməmiş quşları sevmirəm… Mənə çiçəklər də lazım deyil… Məgər dünyada özümkü saya biləcəyim bir parça torpaq varmı? Axı mən əsilzadələrdən deyiləm! Gəzintilər də zəhləmi töküb: gəzintilərdə həmişə mənə gözətçi və bəd uşaqların kənizi rolu düşüb… O, əzizim, sən necə də hər şeylə maraqlanansan!.. Özgə zövqləri səni necə də maraqlandırır!

Bu gözlənilməz, qıcıqdanmı, ruhi təlatümdənmi, partlayış Anelkanı təsirləndirli. O, mürəbbiyənin əsən arıq əlindən yapışdı və onu öpmək istədi. Lakin panna Valentina kəskin şəkildə əlini çəkdi və kənara sıçradı.

– Siz mənə acıqlanırsınız? – deyə karıxmış qız soruşdu.

– Pis tərbiyə olunman sənin günahın deyil, – deyə mürəbbiyə onun sözünü kəsdi və cəld evə doğru istiqamətləndi.

Incimiş Anelka yenə şabalıd ağacının altındakı skamyaya əyləşdi. Karus onun ayaqları altına uzandı.

“Bu panna Valentina necə də qəribədir, – Anelka özü-özü ilə mühakimə yürüdürdü, – nəyə görəsə, onu hər şey acıqlandırır. Özü heç nəyi sevmir və bizdə yaxşı olmasını da istəmir. Sanki əgər bağımız daha gözəl olsa, ya da muzdurlar sımsıqlarını sallamağa son versələr, ona mane olar… Axı Allah hamını sevməyi tapşırıb… Məgər bütün dünyəvi müdrikliyə çatmaqdansa, bir ağac əkməyin, yaxud, heç olmasa, bir kasıba kömək etməyin böyük xidmət olduğunu ksöndz çoxdanmı söyləyib…”

Sonra o hələ bir neçə il əvvəl onların malikanəsində daha yaxşı yaşanıldığını xatırladı: adamlar daha şən baxırdılar, ev daha yaraşıqlı bəzənmişdi və bağı da qaydasında saxlayırdılar.

Əgər hətta on üç yaşlı qızlar da bunu hiss edirlərsə, dünyada hər şey necə də tez dəyişir!..

Birdən yaxınlıqda, Anelkanın iyirmi addımlığında zəif uşaq səsi eşidildi:

– Çuşa, çuşa, çuşa!

Cavabında şən çoşqa xortultusu eşidildi.

Karusik diqqətini topladı. Anelka dərhal fikirdən ayılaraq, bir tullanışla skamyanın üstünə sıçradı və ətrafa boylandı.

Çəpərin arxasından şəhərə yol keçirdi. Uzaqda, burumları gün şüalarında qığılcım saçan toz pərdəsi arasında araba göründü. Çəpərin yanından kasıb geyimli iki yəhudi gedirdi. Biri boz kətana bükülmüş hansısa böyük bir əşyanı, digəri isə çubuğun üstündə yellənən başmaqlarə aparırdı.

Lap yaxında, düz ağ borulu ağa evi ilə üzbəüz isə, ağacların budaq və əsən yarpaqları arasında kəndli Qaydanın daxması görünürdü. Daxmanın yanında torpağın üstündə kobud kətan köynəkli bir qız əyləşmiş və çörək qabıqları ilə çoşqa yemləyirdi. Sonra onu dizlərinin üstünə götürdü və onunla, itlə oynayırmış kimi, oynamağa başladı.

Bu qeyri-adi görüntü Anelkaya maqnitin dəmirə təsiri kimi təsir etdi. O, skamyanın üstündən yerə sıçradı, təpədən aşağı qaçdı, amma birdən dayandı.

Anelkanın atası bu daxmanın sahibi Qaydanı heç sevmirdi. Nə vaxtsa Qayda malikanədə muzdur kimi xidmət etmiş və sonradan, Anelkanın atasının iddia etdiyi kimi, qanunsuz olaraq, onun mülkiyyətinə keçmiş daxmada yaşamışdı. Buna görə də mülkədar onu heç vaxt malikanəyə işə götürmür, torpağı az olan Qayda isə tez-tez əvvəlki ağasının mülklərində təsərrüfatçılıq edirdi.

Uzun illər boyu mülkədar və kəndli öz aralarında düşmənçilik edirdilər. Səbrini itirmiş mülkədar narahat qonşudan üzülüşməkdən ötrü artıq Qaydanın torpağını almağa hazır idi, amma kəndli bunu eşitmək belə istəmirdi. Qaydanın inəyini, atını, yaxud donuzunu malikanəyə götürmədikləri ay olmurdu. Onda kəndli şikayətlə nahiyəyə yola düşürdü və məhkəmənin hökmü ilə öz heyvanını azad edir, bəzən də satın alırdı. Mülkədar Qaydanın ağa meşəsindən oğurlanan odunu satmaqdan əldə olunmuş pulu ödədiyinə inandırırdı.

Anelka atası ilə Qaydanın münasibətləri barədə tez-tez eşidirdi (daha nələr eşitmirdi) və buna görə də Qaydadan qorxurdu və onun daxmasını sevmirdi.

Ancaq gözünü çoşqa ilə, bu hamının nifrət etdiyi heyvanla oynayan qızdan yayındıra bilmirdi. Anelkaya bu qızın, yəqin, mərhəmətli və bədbəxt olduğu kimi görünürdü. Hər necə olur-olsun, nə isə onu qıza doğru çəkirdi…