banner banner banner
Keçmişdən gələn səslər
Keçmişdən gələn səslər
Оценить:
 Рейтинг: 0

Keçmişdən gələn səslər


– Ancaq, hər halda, nə vaxtsa öləcək…

– Bəs birdən o, bağışlayın, cənab pana heç nə vəsiyyət etməsə?..

Mülkədar otaq boyunca yüyürdü. Şmul qalxdı.

– Məsləhət verin, nə etməli? – deyə mülkədar icarəçinin qarşısında birdən dayanaraq səsləndi.

– Əgər bu alman mülkü alsa da, cənab panın məhv olmayacağını bilirəm. Cənab pan, siz həmişə tanınmış panlar arasında olacaqsınız, xanım pani (bu yerdə Şmul səsini alçaltdı)…siz evlənəndə…

– Sən axmaqsan, Şmul, – mülkədar belə dedi.

– Qoy elə olsun, amma pani Veysin kapitalı iki milyondur, gümüş və daş-qaşı da nə qədərdir…

Mülkədar Şmulun çiynindən yapışdı.

– Sus, – deyə ona qışqırdı. –Mənə üç yüz manat gərəkdir, bu barədə fikirləşməyə lütf elə.

– Bunu təşkil etmək olar… – Şmul belə cavab verdi.

– Necə?

– Pani Veysdən xahiş edərik…

– Heç bir halda!..

– Onda mənə hansısa girov verin və mən onunla pul əldə edərəm.

Mülkədar sakitləşdi, yenə əyləşdi və siqar yandırdı. Şmul susaraq, danışmağa başladı:

– Cənab pan, sizin üçün hər yerdə yaxşıdır, arabanın üstündə də, altında da, bəs mən necə olacağam? Axı məndə hətta sizin qəbzləriniz da yoxdur… Axı neçə ildir xahiş edirəm, ancaq indiyə kimi dəyirman da qurmamısınız…

– Pul yox idi.

– Dəfələrlə var idi və az deyildi. Bax, indi də: üç min aldınız, kolyaska almağa, otaqlara yenidən kağız yapışdırmağa üstünlük verdiniz… Mən isə, hey itirirəm…

– Sən bu işdə azı beş yüz manat qazanmısan.

– Qazanmışam, ya qazanmamışam – hər halda, dəyirman ən çox mənlikdir.Torpağın üzərində dayanan dəyərdir, pul isə narahatlıq və oğrular üçün şirnikmədir.

– Burda dayan, mən isə fikirləşim ki, sənə zəmanət olaraq nə verim, – deyə mülkədar onun sözünü kəsdi.

– Necə istəyirsiniz, cənab pan.

Atasının Şmulla danışığı zamanı Anelka, adətən, qorxunun doğurduğu, xoş olmayan, təlaşlı ruhi vəziyyətdə idi. Qızışmış beyində iradə əleyhinə zəhlətökən: “Axı atam nə deyəcək?” sualı hərlənirdi – cavabında isə təxəyyül bu yaxınların təəssüratlarının qırıqlarından kədərli və başıpozuq mənzərələr yaradırdı.

Qız bir neçə dəfə atasını qəzəbli görmüşdü. Indi də onun qırışmış alnı və çatılmış qaşları barədəki xatirələri qova bilmirdi. Atasının ona diklənmiş parıldayan gözləri və acıqlı uca səsi onu izləyirdi.

Sonra o, hansısa şəxsin saçından yapışıb sürüdüyü və ayaqları ilə təpiklədiyi zavallı Maqdanı təsəvvürünə gətirdi; panna Valentina da gözləri qarşısına gəldi: o, soyuq, amansız, susqun halda, aşağı salınmış baxışlarla ona, Anelkaya qarşı nə isə, dəhşətli bir şey fikirləşirdi.

Anelka atasının Şmulla danışığını bütünlüklə, sözbəsöz eşitdi, amma onun mənası hələ ona aydın deyildi. Şüurunda yalnız atası ilə yanaşı hansısa qadının dumanlı obrazı qaldı.

Bütün bunların üzərində isə Şmul süzürdü, o, Anelkanın gözlərinə baxır və özünəməxsus şəkildə – acı-acı və eyni zamanda kədərlə gülümsəyirdi.

“Ilahi!.. Iyrənc Şmul!.. O ataya nə dedi!.. Bu pani Veys kimdir?” – deyə həyəcanlanmış qız özündən soruşurdu.

O daha yerində otura bilmədi və öz otağına qaçdı. Sakitləşmiş və qorxmuş Anelka orda uzun müddət onu çağırmalarını gözlədi.

Amma tez çağırmadılar. Ata və anası öz aralarında uzun müddət danışdıqlarına görə axşam yeməyi gecikirdi.

Bu dəfə pan Yan əla ruhi durumda idi: o zümzümə edərək, arvadının otaına daxil oldu və onun kreslosuna yanaşaraq, zərifliklə dedi:

–Yanağınızı verin!

–Nəhayət, on gün ərzində ilk dəfə, – deyə arvadı dilləndi. Məni xatırlamana je suis charmee (valeh olmuşam); artıq bundan yadırğamışam. Xəstəlik, tənhalıq, qəribə fikirlər – voici mes compagnons ( mənim yol yoldaşlarım bunlardır). Bu kədərli otaqda hətta sənin şadlığın, açıq deyilərsə, məndə sıxıcı təəssürat yaradır.

– Səfehləmə, əziz Metsya. Tezliklə sənin tənhalığının və xəstəliklərinin də sonudur, bir az döz. Mən parlaq bir işin bitməsi yolundayam – yalnız zəruri vəsaitləri toplayaydım…

– Assez! Assez! Je ne veux pas ecouter cela (Kifayətdir! Yetər! Bunu dinləmək istəmirəm) !.. Yenə işlər, pul… Ah, bu gün yuxulaya bilməyəcəyəm…

–Bir dayan, sənə başqa bir şey danışacağam. Təsəvvür et, Vladislav artıq Qabriela ilə nişanlanıb. Alicənab qadın ona beş min borc verib və o, knyaz kimi təchiz olunur. Onun öz malikanəsini necə yenilədiyini, necə mebeli, ekipajları olduğunu görsəydin…

– Qabrielanın bir neçə ilə böyük bir mülkü puç etmiş avaraya ərə getməyə qərar verməsinə, sadəcə, inanmaq olmur… – deyə arvadı onun sözünü kəsdi.

– Lütfən, bağışla, puç etmədi, sadəcə, girov qoydu. Heç nə olmaz, arvadının kapitalı onu yenə də ayaq üstə qoyar. Biz ən imkanlı şəxslərin iflasa yaxın olduqları keçid mərhələsində yaşayırıq…

– Bilirəm!.. Hamısı da kart və şən həyat üzündən.

– Heç olmasa, Vladekə münasibətdə haqsız olma: bu dəyərli insan mənə bir işdə böyük xidmət göstərmişdi. Yalnız pul əldə etməli…

– Yenə işlər, pul!..

– Düzü, səni tanıya bilmirəm, Metsya, – deyə əri qüssə ilə səsləndi. – Gündəlik xırdalıqlardan danışmağı, xüsusən də sənin zəhləni tökməyi sevmədiyim sənə yaxşı məlumdur, ancaq indi məsələ servitutlarda, mülkdə, cəmiyyətdəki mövqeyimizdə, uşaqların gələcəyindədır. Hansısa bir neçə yüz manat üzündən hər şey məhv ola bilməz.

– Deməli, yenə də pulun çatmır? – deyə pani Matilda heyrətləndi.

– Əlbəttə və bu dəfə kömək üçün sənə müraciət etmək qərarına gəlmişəm.

Pani Matilda dəsmalı gözlərinə yaxınlaşdırdı və şikayətlə soruşdu:

– Mənə?.. Mən nə edə bilərəm ki?.. Mənim bütün cehizim sərf edilib, daş-qaşın yarısı girov qoyulub, hətta sağlamlığımı mütləq qaytaracağını hiss etsəm də, Xalubinskinin yanına getməyə heç nəyim yoxdur. Hələ bədbəxt Yuzek barəsində, qulluqçulara ödənilməmiş maaş haqqında, hər şeyi borca götürdüyümüzdən nə danışmaq olar… Oh , malheureuse que je (Oh, mən necə də bədbəxtəm) ! Ağlamaqdan gözlərim gedib…

– Metsya! Sənə and verirəm, sakitləş, – deyə əri öyüd verdi. – Anla, indi bütün cəmiyyət bir neçə gün sonra bizim üçün bitəcək böhran mərhələsi yaşayır. Servitutları aradan qaldırmaq müyəssər olan kimi qalan on mini alacaq və onu təsərrüfata yatıracağam. Məhsul yüksələcək, borcları ödəyəcəyik, meşənin ikinci yarısını satacaq və xaricə yola düşəcəyik. Sən orda canlanacaq, əylənəcək və əvvəlki kimi parıldayacaqsan…

– Vain espoir (Boşuna ümid) ! – deyə pani Matilda pıçıldadı. – Sən mənim imzam lazım olanda həmişə eyni şeyi təkrar edirsən.

– Bu dəfə hətta imza da gərək deyil! – deyə əri sözü göydə tutdu. – Sadəcə, öz boyunbağını bir-iki həftəliyinə mənə ver…

– Malheur! Malheur! ( Fəlakət! Müsibət! ) – deyə arvadı pıçıldadı.