banner banner banner
Keçmişdən gələn səslər
Keçmişdən gələn səslər
Оценить:
 Рейтинг: 0

Keçmişdən gələn səslər


Kədərlidir! Ətraf kədərlidir!

Bax, mürəbbiyə mansardanın açıq pəncərəsində göründü.

“Indi məni çağıracaq” – Anelka belə fikirləşdi.

Ancaq panna Valentina onu çağırmadı; pəncərə altlığına dirsəklənərək, bağa baxdı. Sonra qısa müddətə otağın dərinliyində itdi və pəncərəyə qayıdaraq, damın çıxıntısına çörək ovdu. Tezliklə bura bir sərçə uçdu, ardınca daha bir neçəsi gəldi və hamısı şən cikkilti ilə qırıntıların üstünə cumdular.

Qoca qarımış qız ilk dəfə quşları yemləmək fikrinə gəlmişdi. O vaxtdan bəri bunu hər gün, həmişə axşam çağı, sanki kiminsə onu görməsindən ehtiyatlanaraq, edirdi.

Mahiyyətcə belə əhəmiyyətsiz təsadüf Anelkaya ümid verdi. Panna Valentina quşlar barəsində belə qayğı aşkara çıxardığına görə, səbəbi məlum olmadan, mümkündür ki, atasının da ona qarşı alicənab olacağı qərarına gəldi. “Belə böyük qızın qəribə məntiqi var” – mürəbbiyə belə deməyi yaddan çıxarmazdı.

DÖRDÜNCÜ FƏSİL

Mülkədar Şmulla məsləhətləşir, bundan sonra arvadına, Anelkaya və hətta mürəbbiyəyə qarşı iltifatlı olur

Atası evə saat yarım sonra gəldi və meyxananı ondan icarəyə götürmüş Şmulu özilə gətirdi.

Pan Yan fikri dağınıq və qayğılı idi. Tez arvadının otağına daxil oldu, onunla quru şəkildə salamlaşdı, Yuzeki və dəhşətdən az qala yarımcan olan Anelkanı öpdü. Yolda qızı ilə rastlaşmasını tamamilə unutmuş kimi görünürdü.

–Səhhətin necədir? – hətta əyləşmədən arvadından soruşdu.

–Mən, comme a l”ordinaire (adətən olduğu kimi), – deyə cavab verdi. – Qüvvəm yoxdur, ayaqlarım əsir, ürəyim çarpır, hər şeydən qorxuram, iştahım itib, bircə səməni ekstraktının üstündə yaşayıram…

–Bəs Yuzek? – pan Yan axıra kimi dinləməyərək, onun sözünü kəsdi..

–Pauvre enfant (Yazıq uşaq) … Dəmirli həblər qəbul etsə də, eləcə zəifdir.

–Bu nasazlıq, sadəcə, bədbəxtlikdir, məncə sənin dərmanların ona yalnız ziyan vurur, – pan Yan qapıya tərəf gedərək belə dedi. – Bəs Anelka necədir – yaxşı oxuyur? Sağlamdır? Yoxsa onda da hansısa naxoşluq axtarıb tapmısınız? – deyə hərəkətdə ikən soruşdu.

–Necə, artıq gedirsən? On gün olmadıqdan sonra? – deyə pani Matilda səsləndi. – Sənə deməli o qədər çox şeyim var ki… Iyulda, ya da avqustda, yalnız onun bacardığını hiss etdiyimə görə, mütləq Xalubinskinin yanına getmək istəyirəm…

– Xalubinski Varşavaya yalnız sentyabrın sonunda qayıdacaq. Bununla belə, bu barədə hələ səninlə danışacağıq, indi isə bəzi işləri yoluna qoymalıyam, – ata dözümsüzlüklə belə dedi və otaqdan çıxdı.

– Toujours le meme (O özünə sadiqdir)! – ana ah çəkdi. – Altı il günlərlə işlərlə məşğul olur, onların isə ucu-bucağı yoxdur. Mənsə xəstəyəm, Yuzek xəstədir, təsərrüfat dağılıb, hansısa yad adamlar niyəsi məlum olmadan mülkü nəzərdən keçirirlər. O, mən necə də bədbəxtəm! Ağlar qalmışam!.. Joseph, mon enfant, veux-tu dormir (Jozef, mənim balam, yatmaq istəyirsənmi)?

– Non, – yarıyuxulu oğlan cavab verdi.

Anelka anasının şikayətlərinə elə öyrəşmişdi ki, bu yeni umu-küsülər atasına olan məhəbbətini heç azaltmadı. Əksinə, indi onu daha çox sevirdi, çünki bugünkü günahına görə onu şahidlərsiz cəzalandıracağı qərarına gəlmişdi. Yəqin, buna görə onunla heç nə olmamış kimi görüşdü və öz kabinetinə getdi.

– “Bax, Şmul gedəcək, onda məni çağıracaq, – deyə Anelka özlüyündə mühakimə yürütdü. – Yaxşısı budur, özüm gedim və orada gözləyim, yoxsa, məbadə, anam başa düşər”.

Belə hərəkət planı tərtib edərək, atasının kabinetinə yaxın olmaqdan ötrü sakitcə bağa çıxdı. Bir neçə dəfə açıq pəncərənin altından keçdi, ancaq nə atası, nə də Şmul ona diqqət vermədilər. Onda o gözləmək qərarına gəldi və yarımcan halda divarın dibindəki daşın üstünə oturdu.

Bu arada atası siqar yandırdı və kresloya yayıldı. Şmul isə qapının yanında xüsusi olaraq onun üçün qoyulmuş sadə stulda özünə yer elədi.

– Beləliklə, sən iddia edirsən ki, – mülkədar belə dedi, – Yer Günəşin ətrafına fırlanmır, Günəş Yerin ətrafına fırlanır?..

– Bizim müqəddəs kitablarda belə yazılıb, – deyə Şmul cavab verdi. – Lakin bağışlayın, cənab pan, yəqin, məni bura buna görə dəvət etməmisiniz?..

– Ha-ha!.. Sən haqlısan!.. Beləliklə, birbaşa işə keçirəm: üç yüz manat tap, mənə sabah səhərə lazımdır.

Şmul hər iki əlini qurşağının altına keçirdi, başını buladı və gülümsədi. Bir dəqiqə hər ikisi susqunluqla bir-birinə baxdı: mülkədar yəhudinin solğun sifətində, qara canlı gözlərində və bütün cılız, bir qədər çiyinləri çıxmış fiqurunda, sanki, heç bir dəyişiklik baş vermədiyinə əmin olmaq istəyirdi, yəhudinin mülkədarın şabalıdı, gözəl saqqalından, möhkəm bədən quruluşundan, davranışlarının zərifliyindən, sifətinin klassik cizgilərindən ləzzət aldığı kimi görünürdü. Bununla belə, ikisi də hər birinin öz irqinin nümunəvi nümayəndəsi olmasına artıq min dəfə əmin olmaq imkanına malik olmuşdular, amma bu, vəziyyəti qətiyyən dəyişmirdi.

– Hə, buna nə deyirsən? – susqunluğu birinci olaraq mülkədar pozdu.

– Cənab pan, inciməyin, fikirləşirəm ki, bütöv dairədə bircə dənə yüzmanatlıq tapmaqdan daha tez, sizin nohurda nərə balığı tutmaq olar. Hər şeyi tər-təmiz toplamışıq, buna görə də indi sizə verməyin əleyhinə olmayanın heç nəyi yoxdur, olan da ki verməz.

– Belə çıxır, kreditdən artıq məhrum olmuşam?

– Bağışlayın. Mən bunu demədim. Sizə kredit həmişə açıqdır, yalnız təminatımız yoxdur, onsuz isə heç kim bizə borc verməz.

– Lənət şeytana! – mülkədar, sanki öz-özünə, belə dedi. – Axı hamı meşəni bu gün-sabah satacağımı və qalan on mini alacağımı bilir.

– Cənab pan, hamı sizin artıq üç min manat beh aldığınızı bilir, bu arada isə servitutlar barədə kəndlilərlə danışıqlar da ləng gedir.

– Ancaq onlar lap tezliklə axıra çatacaq.

– Bu yalnız bircə allaha məlumdur.

Mülkədar həyəcanlandı:

– Hansısa yeniliklərmi var?

– Guya kəndlilərin adam başına artıq dörd morq istədiklərini danışırlar…

Pan Yan hətta kreslosundan sıçradı da.

– Kimsə onları coşdurur! – deyə çığırdı.

–Mümkündür.

–Yəqin, Qaydadır?

– Bəlkə də Qaydadır, bəlkə daha da ağıllısıdır.

Mülkədar qəzəblənmiş şir kimi bağırdı.

–Yaxşı, böyük dərd deyil, -o sakitləşərək, belə dedi. – O halda mülkü sataram və ona görə, nəqd olaraq, yüz min alaram.

Axı borcunuz daha çoxdur, – deyə yəhudi araya söz qatdı, – və hamısı ləngimədən ödənilməlidir.

– Xalama müraciət edərəm, o mənə kömək edər…

– Xanım pani artıq bir quruş da verməz. O, kapitallara toxunmaz, faizləri isə özünə sərf etməyə üstünlük verir.

– Onda onun ölümündən sonra…

– Ay!.. O, dəhşətli dərəcədə sağlamdır!..Lap bu yaxınlarda Parisdə özünə yeni dişlər alıb…