banner banner banner
Keçmişdən gələn səslər
Keçmişdən gələn səslər
Оценить:
 Рейтинг: 0

Keçmişdən gələn səslər


– Bu elə də pis olmazdı, – deyə istehza ilə dişləri arasından sızdırdı. – Əgər sizdə kassir əvəzi Şmuldursa, pani Matildanın yanında elə həmin vəzifəni uğurla yerinə yetirə bilərdim.

– Mübahisəsizdir, – pan Yan bir balaca qaşlarını çataraq, cavab verdi, – ancaq mənə belə gəlir, bu, Anelkaya fayda gətirməzdi.

Anelkanın qaşığı, az qala, əlindən düşəcəkdi.

– Məsələn, bu gün onunla işlək yolda rastlaşdım.

– Anelkanı?.. – ana və mürəbbiyə bir səslə çığırdılar.

– Bəli, Anelkanı. Xoşbəxtlikdən, tək deyil, bu quldur Qaydanın qızı və üstəlik, çoşqa ilə birlikdə…

– Anelya!.. – deyə pani Matilda pıçıldadı.

– Bax, hələ bizim çıxarlarımızın hesabının aparılması ilə məşğul olmağa iltifat edənə kimi artıq indi qızımın nəyə məhkum olduğunu görürsünüz… – evin sahibi istehza ilə mürəbbiyəyə müraciət edərək, davam etdi. – O, çoban qızları və çoşqalar arasında özünə yoldaşlar axtarır…

Panna Valentina yaşıl rəng aldı.

– Ah! Belə tanışlığın nə vaxtsa ona gərək olub-olmayacağını kim bilir, – deyə o, saxta sakitliklə cavab verdi.

– Çoşqalarlamı?

– Xalqın uşaqları ilə. Indiyə kimi əsilli cənabların yalnız yəhudilərlə dostluq qurmaq adəti vardı və gözlərimiz qarşısında bunun nə ilə qurtardığına nümunələr az deyil. Bəlkə növbəti nəsil zərurət səbəbindən kəndlilərlə yaxınlaşacaq…

Mülkədarın dodaqları əsdi, ancaq öz üzərində güc göstərərək, gülümsündü.

Panna Valentina qızğın demokratdır, – tamamən qorxmuş pani Matilda kəkələdi. – Ancaq Anelkanın onun yanında elə uğurları var ki…

– Göründüyü kimi, bunu hamı başa düşmür, – deyə mürəbbiyə adi utancaqlığının əksinə olaraq, düz mülkədarın sifətinə baxmaqla, mızıldandı. Indi, ən azından, özünü bu məkrli qəlb ovçusunun qəsdindən mühafizə etdiyinə əmin olaraq, qələbəsini bayram edirdi.

Həqiqətən, müdafiə vasitəsi qədərincə radikal oldu. Üstəlik də, pan Yan mürəbbiyəyə üç aya görə maaş ödənilmədiyini vaxtında xatırlayaraq, ona etiraz etmədi. Qızına müraciət etdi:

– Anelka…

Qız haqq-hesab saatının çatdığını fikirləşərək, masa arxasından qalxdı və titrəməklə, atasına yaxınlaşdı. Masa, samovar, bütün otaq gözləri qarşısında hərləndi.

– Nədir, ata?..

– Yaxın gəl…

Anelka, az qala, yıxıldı.

– Bir daha yola qaçmamağı səndən xahiş edirəm, – atası asta-asta belə dedi və onu qucaqlayaraq, alnından öpdü. – Indi isə get, çayını axıra kimi iç…

Anelka göyün yeddinci qatında idi. “Ilahi, o necə də mərhəmətlidir!.. Bu Qayda da necə pis adamdır, – öz qızını vurur!..

Amma bu yerdə pani Veysi xatırladı və heyranlığı dərhal soyudu.

BEŞİNCİ FƏSİL

Şənlər kədərlənmiş, kədərlilər isə əla əhval-ruhiyyədədirlər

Bir həftə keçdi. Günəş getdikcə daha güclü yandırırdı, gecələr isti və qısa idi. Tarlaların üstü ilə zaman-zaman, yağış səpməklə, buludlar üzüb keçirdi, ancaq külək, taxıla ziyan vurmasınlar deyə, onları dərhal dağıdırdı. Ağaclar çiçəkləmişdi, bir çoxunün üstünə isə artıq meyvələr tumurcuqlamışdı.

Hər şey ətir saçırdı. Nohurun üstündə leyləklər qurbağa qurultusuna qulaq verərək, fikrə getmişdilər. Quş yuvalarında artıq balalar tərpəşirdi. Ətrafda hər şey yaşamağa və böyüməyə tələsir, yaxud da həyat və böyümə üçün qüvvə toplayırdı. Təbiətdə, qaynayan sudakı qabarcıqlar kimi, fasiləsiz olaraq, yeni həyatlar, yeni səslər, yeni sevinclər peyda olurdu. Günəş üfüqün üzərində nə qədər yüksəyə qalxırdısa, həyat da bir o qədər qarşısıalınmaz şəkildə çağlayırdı. Bu nəhəng işıq mənbəyinin bütöv ruhlar güruhu ilə əhatə olunduğu və onların qayğısızcasına şuxluq və şənliklə dolu olmaqla, müvəqqəti varlıqlara daxil olaraq, dolu kimi yerin üstünə yağdığı kimi görünürdü.

Çöllər, kolluqlar və meşələr, təpələr və vadilər bütün mümkün çalarlı yaşıl geymişdilər və bu yaşıllıq arasında ağ, qırmızı, göy, sarı və allah bilir, daha hansı rənglər ulduz kimi parıldayırdı. Müxtəlif yerlərdə cəmlənmiş bütün bu rənglər insan gözü tərəfindən uzaqdan torpağın hüdudsuz ənginliklərinə başıpozuq şəkildə səpilmiş müxtəlif rəngli zolaqlar və ləkələr kimi qəbul olunurdu. Yəqin, üzərində süründükləri məşhur freskalar da milçəklərə, bütün rənglərlə əlvanlaşan çöllər onların içində yaşayan insanlara göründüyü kimi görünür. Lakin Əbədinin, onun üçün torpağın – kətan, qarın – rəsmi gizləyən pərdə, fırçanın isə günəş olduğu bu böyük rəssamın mürgüləməyən gözünün bu zolaq və ləkələrdə nə gördüyü kimə məlumdur?

Bütün bu zaman ərzində Anelkanın atası evdən heç yana çıxmadı. Borc götürülmüş pulu Şmulla şəhərə göndərdi, özü isə, siqardan əl çəkməyərək, ən çox kabinetində əyləşdi: mütaliə edir və siqar çəkir, yaxud Şmulla danışır və yenə çəkirdi.

Bəzən artırmaya çıxır və əllərini ciblərinə salaraq, başını arxaya ataraq, sanki gözlənilən hadisələrin ordan yaxınlaşmasını gözləməklə, üfüqə baxırdı. Ancaq hadisələr gecikirdi, hələlik isə mülkədar tarlalarında seyrək çovdar görünür və orda-burda əkilməmiş torpaq zolaqları qaralırdı. Belə dəqiqələrdə gələcəkdə artıq dayağının olmadığı fikri pan Yanı ildırım kimi deşirdi. O, kabinetinə qayıdır və saatlarla küncdən-küncə addımlayır, döşəmə taxtaları isə ayaqları altında cırıldayırdı.

Kim bilir, pan Yan həyatında ilk dəfəmi belə fikirli və həyəcanlı idi? O, ağır zaman yaşayırdı. Bu gün, sabah, ən geci – bir həftə sonra servitutlar barəsindəki məsələ həll olunmalı idi. Bir neçə ay əvvəl kəndlilər, sanki, meşəyə olan haqlarından imtina etməyə və əvəzində hər həyətə üç morq torpaq götürməyə razılaşmışdılar. Əgər onlar müqaviləni imzalasalar, o, müşəni satacaq, qalan on mini alacaq və ən təxirəsalınmaz işləri qaydasına qoyacaq. Ancaq əgər kəndlilər tərslik etsələr, mülkü satmaq lazım gələcək. Bəs sonra?..

Işlərin onları tam iflasla hədələyən belə mümkün dönüşü mülkədarı sıxırdı. O, ruhdan düşdü, adi özünəinamını və hətta evdən çıxmaq həvəsini itirdi. Kəndlilərin fikirlərini dəyişdikləri və meşəyə görə hər həyətə üç motqdan artıq tələb etmək, yoxsa danışıqları tamamən pozmaq niyyətində olduqları şayiəsi gəzirdi. Bu, pan Yanı dəhşətə gətirirdi.

O mütləq hər şeyin onların istəkləri ilə getməsini, amma özlərinin barmaqlarını belə tərpətməməsini istəyən adamlara aid idi. Pan Yan kəndlilərlə üç morq barədə razılaşaraq, servitutlarla bağlı hər şeyin qaydaya qoyulduğuna möhkəm inanırdı. Buna görə də meşəni satmış, behi xərcləmişdi və hansısa maneələrin yarana biləcəyi fikrini ehtimal etməyərək, daha bu işlə məşğul olmurdu. Özünü kəndlilərlə müqavilənin müqəddəs Yan günündə imzalanacağına inandıraraq, hər şeyi həmin müddətə qədər təxirə salırdı.

Şmul kəndlilərin dörd morq barəsində danışdıqlarını ona bildirəndə pan Yan ümidlərinin çoxmərtəbəli binasının laxladığını hiss etdi. Onu həyəcan bürüdü, amma hər şeyi öz qaydası ilə getməyə qoymağa öyrəşdiyinə və öz illyuziyalarından ayrılmaq istəmədiyinə görə, hətta bu xəbəri yoxlamağa, xüsusən də, qüvvəsi daxilində, işi yoluna qoymağa cəhd göstərməyə qərar verə bilmədi.

Pan Yan amansız gerçəkliyə əl yelləyir, haqlanana kimi ondan qaçırdı.

“Bəlkə, bu, dedi-qodudur? – deyə fikirləşdi. – Kəndlilərdən soruşmaq lazımdır… Yox!.. Yoxsa, güzəştə getməyə hazır olduğum qərarına gələrlər…”

Əslində, mülkədar, sadəcə, acı həqiqəti öyrənməyə qorxurdu. Əgər kəndlilərlə danışıqların heç nə ilə bitəcəyi elə bu gün məlum olsaydı, meşənin satılması ilə bağlı arzuları dağılardı. Ancaq naməlumluqda olarkən onlarla daha bir həftə, üç gün… heç olmasa, yalnız bir gün kefini açardı!..

Beləliklə, pan Yan heç kəsi sorğu-sual etmədi, bu barədə heç kəslə danışmadı, hətta Şmula servitutlardan söhbət açmağa imkan vermədi – və gözlədi. O belə fəaliyyət tərzini diplomatiya adlandırır və özünə təlqin edirdi ki, əgər heç kəs ondan bu iş barədə bir kəlmə də eşitməsə, kəndlilər əvvəlki şərtlərdən imtina etməyə cəsarət etməzlər.

Lakin bu heç də diplomatiya deyildi, həqiqətin gözlərinə baxmaqdan, mülk hərracda borclara görə gedəndə özündən nə etməlini soruşmaqdan qorxmaq idi. Arvadı necə etməli?.. Sərf olunmuş cehizinin, daş-qaşının və adət olunmuş həyat tərzinin əvəzində ona nə təklif edə bilər?.. Onu mülkiyyətini ərinə etibar edərək, hər şeydən məhrum olduğu və artıq heç vaxt Varşavaya müalicəyə getməyəcəyi fikrilə necə barışdırmalı?

Vaxt sürətlə uçurdu. Mülkədarın gecə soyuq tərlə oyandığı və bəlkə artıq sabah bütün həqiqəti öyrənəcəyini fikirləşdiyi də olurdu. Bəzən yığıncaq toplamağa və özü kəndlilərdən müqaviləni imzalamağa razı olub-olmadıqlarını soruşmağa hazırlaşırdı. Amma cəsarət onu tez tərk eləyir və o özünü sakitləşdirirdi:

“Hələ bu bir neçə ayın işi olsaydı… Yoxsa onsuz da, bu gün-sabah özləri bura gələcəklər. Birdən tələskənliyimlə hər şeyi korlayaram…”

Bəzən nəbzi tez-tez vursa da və ürəyi sinəsində yaralı quş kimi çırpınsa da, gözlədi. Belə hissiyyatı hələ heç vaxt keçirməmişdi.

Əgər o, gələcəyə nəzər sala bilsəydi, məzar xaçları onu çəkindirərdi. Bəlkə, onda dayanar, fikrindən dönərdi?

Pan Yanın əhval-ruhiyyəsinin bütün ev üzərindən əskik olmadığı kimi görünürdü. Pani Matilda daha da solğun olmuşdu. Anelka, səbəbini özü də bilmədən, suya basılmış kimi gəzirdi. Muzdurlar bir-birinin ardınca haqq-hesab istəyir və əlləri ətəklərindən uzun halda işləyirdilər. Bəziləri özlərinə yeni yer axtarmaqdan ötrü bir neçə günlüyə gizlincə malikanədən əkilirdilər. Başqaları ödənməmiş maaşın əvəzində nədənsə faydalanmaqdan ötrü anbarlardan kəndir və müxtəlif dəmir parçaları aparırdılar. Daha cəsarətlilər pis yemlənmədən yana ucadan şikayətlənirdilər.

Axşamlar öz yaşayış yerləri, ya da dərz anbarları yanında görünür, “mülkədarın fatihəsinin oxunduğu” barədə açıq-aşkar danışırdılar.

Yalnız on il ərzində sahiblə birlikdə gəzmiş arabaçı Ancey hasara söykənərək, sakitcə dayanır, quş kimi fit çalan çubuğunu tüstülədir və zaman-zaman donquldanırdı:

– Eh, axmaqlar…

– Nə olub ki? .. – daim narazı xırmançı ondan soruşdu.

– O olub ki, axmaqdırlar, – arabaçı cavab verdi və tüpürdü. – Mülkü satsalar da, pan, onsuz da, məhv olmayacaq.