banner banner banner
İfşa edilmiş fırıldaqçı
İfşa edilmiş fırıldaqçı
Оценить:
 Рейтинг: 0

İfşa edilmiş fırıldaqçı


Təmkinimi pozmadan yoluma davam etdim. Amma yoxuşlu yolla piyada getməyin ağır olacağından qorxduğum üçün yolu tədricən düzləndirdim və nəhayət, irəlidə görünən ovalığa doğru endirdim.

Qayalıqlar istəyimlə yoxa çıxdı, külək kəsdi və axşamın alatoranında səmtini itirdi. Kifayət qədər sürətlə addımlayırdım. Yoxuş aşağı endiyim üçün dikəlib başımı qaldırmış və əllərimi ənsəmdə çarpazlamışdım. Küknar meşələrini xoşlayırdım, ona görə də belə meşələrdən keçib gedirdim, dinib-danışmadan ulduzlu səmaya baxmağı sevdiyim üçün göy üzündə yavaş-yavaş və özlərinə xas bir dincliklə ulduzlar doğurdu. Bir-iki uzunsov bulud parçası gördüm, onları yalnız o yüksəklikdə əsən bir külək qabağına qatıb qovurdu.

Yolumun üstünə, xeyli uzaqda mənimlə arasında çay olan bir dağ qoydum; kolluqlarla örtülmüş zirvəsi göyə söykənmişdi. Ən yuxarıdakı kiçik budaqları və onların hətta titrəyişlərini də açıq-aşkar görə bilirdim. Bu mənzərə nə qədər adi olsa da, məni elə sevindirdi ki, uzaqdakı qarmaqarışıq kolluqların budağında kiçik bir quşa çevrildim, o anda çoxdan dağın arxasında gözləyən və bu qədər yubandığına görə yəqin ki, hirslənmiş olan Aya doğmaq əmrini verməyi unutdum.

Amma bu an Ayın doğacağını xəbər verən sərin parıltı dağın üstünə yayılmağa başladı və birdən Ayın özü də narahat kolluqlardan birinin arxasından çıxıb yüksəldi. Mənsə bu zaman başqa bir tərəfə baxırdım və başımı çevirib birdən qarşımda dəyirmi Ayın parıldadığını gördükdə dumanlı gözlərimi döyə-döyə qaldım; çünki elə bildim, aşağı enən yol məni bu qorxunc Ayın içinə aparır.

Amma çox keçmədən Aya alışdım və onun nə zəhmətlə göyə yüksəldiyini sakitcə seyr etdim. Bir-birimizə doğru xeyli irəlilədik, nəhayət, şirin bir yuxu mənə güc gəldi; məncə bu, geridə qalmış və unutduğum bir günün verdiyi yorğunluğun nəticəsiydi. Bir müddət gözlərim yumulu halda yeridim, yalnız əllərimi bərkdən bir-birinə vurduğum üçün yuxuya getmirdim.

Lakin sonra yol ayaqlarımın altında sürüşməyə və hər şey mənim kimi yorulub gözdən itməyə başladıqda, gecəni keçirməyə hazırlaşdığım qarışıq və hündür küknar meşəsinə vaxtında gedib çatmaq üçün yolun sağındakı yamacla tələsə-tələsə qalxmağa başladım. Tələsmək lazım idi. Ulduzlar qaralmağa başlamışdı, ay sanki bulanıq suda batırmış kimi tutqunlaşmış-dı. Dağ zülmətin bir parçasına çevrilmişdi, yol isə mənim yamaca qalxdığım yerdə qurtarmışdı. Meşənin dərinliyində yerə düşən budaqların getdikcə yaxınlaşan çatırtısını eşidirdim. Yatmaq üçün özümü dərhal mamırların üstünə ata bilərdim, amma qarışqalardan qorxduğum üçün ayaqlarımı budaqların üstünə qoyaraq bir ağaca çıxdım; işə bax, ağac küləksiz havada yırğalanmağa başlamışdı, bir budağın üstündə uzanıb başımı ağacın gövdəsinə söykədim, və o anda mənim istəyimlə orada olan bir dələ quyruğunu yuxarı qaldıraraq, budağın titrək ucunda oturub yellənərkən sakitcə yuxuya getdim.

Röyasız dərin bir yuxuya getdim. Nə Ayın batması, nə də Günəşin doğması məni oyandırdı. Hətta oyanmağa hazır olduqda da özümü sakitləşdirərək dedim: “Dünən bütün günü çox əziyyət çəkibsən, nə üçün yuxuna haram qatırsan” və yenidən yatdım.

Heç bir yuxu görməsəm də, yenə də gecə boyunca yatmağıma azacıq mane olan bir şey vardı. Bütün gecəni yanımda kiminsə danışdığını eşitmişdim. “Çay kənarında skamya”, “dumanlı dağlar”, “tüstüsü işıldayan qatarlar” kimi ayrı-ayrı sözlərdən başqa danışılanları eşitməmiş, ancaq bunların hansı intonasiya ilə deyildiyini duymuşdum. Və yadımdadır, yatdığım üçün ayrı-ayrı sözləri anlaya bilmədiyimə görə sevinmiş, yuxulu olsam da, sevincimdən əllərimi ovuşdurmuşdum.

Gecə yarısından əvvəl bu səs şən və məsum idi. Qorxdum, çünki hələ mən buraya çıxanda yırğalanan ağacı kiminsə aşağıdan mişarladığını düşündüm… Gecəyarısından sonra səs ciddiləşdi, zəiflədi və sözlər arasında fasilə etməyə başladı, sanki o mənim vermədiyim sualların cavabını deməyə çalışırdı. Bu zaman özümü rahat hiss elədim və dikəlmək istədim… Səhərə yaxın səs daha da mehribanlaşdı. Danışanın yeri mənimkindən heç də etibarlı deyildi, çünki onun yaxındakı budaqların arasından danışdığını gördüm. Cürətləndim və kürəyimi ona çevirərək uzandım. Görünür, bu onu məyus etmişdi, çünki danışmağı kəsib uzun müddət susdu, yalnız səhər çağı, artıq bu səsi unutmağa başladığım vaxt sakitcə ah çəkərək məni oyatdı.

Nəinki başımın üzərində olan, hətta bütünlüklə məni əhatə edən buludlu səmaya baxırdım. Buludlar o qədər ağır idi ki, lap aşağıdan mamırların üstü ilə üzür, ağaclarla toqquşur, budaqlara dəyib parçalanırdı. Bəziləri isə külək güclənib onları qovana qədər ya yerə düşüb qalır, ya da ağaclardan asılırdılar. Onların əksəriyyəti küknar qozalarını, sınmış budaqları, tüstü borularını, ölü quşları, bayraq parçalarını və üzərək daha uzaqlardan yaxaladıqları çoxu tanınmaz olan digər əşyaları qovaraq özləri ilə aparırdı.

Mənə təhlükə yaradan buludları geri itələməyə, ya da çox böyükdürlərsə, onlardan yayınmağa çalışaraq öz budağımda büzüşüb oturmuşdum. Lakin bu mənim üçün əziyyətli iş idi, çünki yuxulu idim, üstəlik tez-tez eitdiyim tənəffüs səslərindən bərk həyəcanlanmışdım. Amma özümə nə qədər əmin olsam, göy üzünün bir o qədər yüksəldiyini və genişləndiyini görüb təəccübləndim; nəhayət, axırıncı dəfə əsnədikdən sonra dünənki axşamın mənzərəsi yenidən qarşımda açıldı və indi bu yerlərin qara buludlar altında olduğunu gördüm.

Baxış bucağımın belə sürətlə genişlənməsi məni qorxutdu. Düşündüm ki, yollarını tanımadığım bu yerlərə niyə gəlib çıxmışam. Məncə, yuxuda olarkən buraya gəlmişdim və yalnız oyandıqdan sonra öz vəziyyətimin nə qədər dəhşətli olduğunu anladım. Amma xoşbəxtlikdən, bu vaxt meşədə quşların cəh-cəhini eşitdim və zövq almaq üçün buraya gəldiyimi düşünüb bir az təsəlli tapdım.

– Sənin həyatın yeknəsəq keçib, – özümü buna inandırmaq üçün bərkdən dedim, – səni doğrudan da harasa aparmaq lazım idi. İndi razı qala bilərsən, bura şən bir yerdir. Günəş də çıxır.

Bunu deyərkən, Günəş çıxdı. Yağış buludları mavi səmada ağappaq olub balacalaşdı; yüngülləşib işıldayaraq yüksəkliyə qalxdılar. Baxdım ki, vadidən bir çay axır.

– Bəli, yeknəsəq keçib, ona görə də sən bu əyləncəyə layiqsən, – sanki məcbur qalıb sözümə davam etdim, – amma təhlükəyə də düşməmişdimi?

Bu an kiminsə lap yaxınlıqda ah çəkdiyini eşitdim.

Tez ağacdan düşmək istədim, amma budaq da əlim kimi titrədiyindən qorxub yıxıldım. Yerə bərk dəymədim və heç bir ağrı duymadım, amma özümü o qədər zəif və bədbəxt hiss edirdim ki, ətrafımdakı şeylərə baxmağa gücüm qalmadığı üçün üzümü otların arasına soxdum. Hər bir hərəkət və düşüncənin məcburi olduğuna inanırdım, odur ki, bunlardan qaçmağa çalışırdım. Otluqda uzanaraq, qolları bədənə yapışdırıb üzü gizlətmək ən təbii şey idi. Və bu təbii vəziyyətə düşdüyüm üçün özümü sevinməyə inandırdım, başqa vaxt belə vəziyyətdə olmaq üçün nə qədər zəhmət çəkməli, yeriməli və danışmalı olacaqdım.

Təzəcə uzanmışdım ki, kiminsə ağladığını eşitdim. Səs yaxından gəldiyi üçün əsəbiləşirdim. Elə əsəbiləşdim ki, kimin ağlaya biləcəyini düşünməyə başladım. Amma düşünməyə başlayan kimi dəhşətli bir qorxu içində aşağı yumbalanıb yolun tozuna batdım. Tozlu gözlərimlə hər şeyi qarabasma kimi görürdüm; və bütün kabuslardan uzaqlaşmaq üçün dərhal ayağa qalxıb qaçmağa başladım.

Qaçmaqdan təngnəfəs olmuş, çaşqınlıqdan özümü itirmişdim. Ayaqlarımı atarkən, enli diz qapaqlarımın necə yuxarı qalxdığını görürdüm, amma şən gəzintidə olduğu kimi əllərim irəli-geri hərəkət etdiyindən dayana bilmirdim, üstəlik başım da yırğalanırdı. Bununla belə soyuqqanlılıqla və bütün gücümlə xilas yolu tapmağa çalışırdım. Birdən yaxınlıqdan axmalı olan çay yadıma düşdü və dərhal ayaqlarımın altında yan tərəfə burulan bir cığır gördüm, doğrudan da çəmənliyin üstü ilə bir neçə dəfə tullandıqdan sonra sahilə çatmışdım.

Çay enli idi, uğultulu və kiçik dalğaları işım-işım işıldayırdı. Çayın o biri sahili də çəmənlik idi, sonra kolluqlar başlayırdı, kolluqların arxasında isə lap uzaqlardakı yaşıl təpələrə doğru uzanıb gedən xiyaban görünürdü.

Bu mənzərədən sevinərək yerə uzandım, ağlamaq səsini yenə eşidəcəyimdən qorxaraq qulaqlarımı tıxadım və burada dincələ biləcəyimi düşündüm. Bura kimsəsiz və gözəl bir yer idi; və burada yaşamaq üçün böyük bir igidliyə də ehtiyac yox idi. Başqa yerlərdə olduğu kimi insan burada da əzab-əziyyət çəkməlidir, amma gözəl hərəkətlər etməyə məcbur deyil. Heç buna ehtiyac da olmayacaq, çünki burada yalnız dağlar və böyük bir çay var və mən də kifayət qədər ağıllıyam ki, buranın kimsəsiz bir yer olduğunu anlaya bilim. Bəli, dağa qalxan, ot basmış cığırla təkbaşına zorla yeriyərkən, dağdan daha çox tənha olmayacağam; sadəcə özümü bir az kimsəsiz hiss edəcəyəm. Amma məncə, bu da keçib gedəcək.

Beləcə, öz gələcək həyatımla oynayır və inadla unutmağa çalışırdım. Bir tərəfdən də gözlərimi qıyaraq, xoşbəxtlik saçan qeyri-adi bir rəngə boyanmış göy üzünə baxırdım. Çoxdandır səmanı belə görməmişdim, bu məni mütəəssir etdi və onu belə gördüyümü düşündüyüm bəzi günlər yaddaşımda canlandı. Əllərimi qulaqlarımdan çəkdim, qollarımı açdım və özümü otların üstünə atdım.

Uzaqdan kiminsə hıçqırıq səsləri gəldi qulağıma. Elə bu zaman külək qopdu, əvvəl görmədiyim quru yarpaqlar bir yerə komalanaraq xışıltı ilə havada uçuşmağa, ağaclardakı kal meyvələr qəzəblə yerə tökülməyə başladı. Bir dağın arxasından eybəcər buludlar yüksəldi. Çayın dalğaları guruldadı və küləyin təsiri ilə geri çəkildi.

Tez ayağa qalxdım. Ürəyim ağrıyırdı, çünki bu bəlalardan qurtulmağın mümkün olmadığını düşünürdüm. Geri dönüb bu yerləri tərk etmək və əvvəlki həyatıma qayıtmaq istəyirdim ki, birdən ağlımdan bu fikir keçdi: “Nə qəribədir ki, bizim dövrümüzdə nəcib insanlar hələ də belə çətin bir üsulla çayın o biri sahilinə göndərilirlər. Bunun səbəbi sadəcə köhnə vərdişlərdir”. Başımı yırğaladım, təəccüblənmişdim.

3. GOMBUL

a) Əraziyə xitabən söylənmiş nitq

Qarşı sahildəki kolluqların arasından dörd yekəpər və çılpaq kişi çıxdı; çiyinlərində taxta xərək daşıyırdılar. Xərəyin üstündə gombul bir adam şərqsayağı oturmuşdu. Onu kolluqların arasından, keçilməmiş bir yolla aparsalar da, tikanlı budaqları əlləri ilə aralamır, onları hərəkətsiz gövdəsi ilə laqeydcə yarıb keçirdi. Bədənindəki piy qatları sağa-sola elə bərabər ölçüdə yayılmışdı ki, xərəyin üstünü tamamilə örtmüş və üstəlik sarımtıl bir xalçanın ucları kimi yan tərəflərdən yerə sallanmışdı, amma bu onu qətiyyən narahat etmirdi. Üzündəki ifadədən düşünən və bunu gizlətməyə çalışmayan sadəlövh bir adama bənzəyirdi. Hərdən gözlərini yumub açdıqda çənəsi əyilirdi.

– Bu ərazi düşünməyimə mane olur, – o sakitcə dedi, – onun ucbatından düşüncələrim güclü axına tuş gəlmiş zəncirli körpülər kimi yırğalanır. Gözəl ərazidir, buna görə də istəyir ki, ona tamaşa etsinlər.

Gözlərimi yumub deyirəm: ey, çayın sahilində yüksələn və daşları suya yuvarlanan yaşıl dağ, sən gözəlsən!

Lakin dağ bununla kifayətlənmir, istəyir ki, gözlərimi açıb ona baxım.

Amma yumulu gözlərlə desəm ki, “Ey dağ, səni sevmirəm, çünki sən mənə buludları, axşam şəfəqlərini və göy üzündə doğan ulduzları xatırladırsan, bunlar isə məni az qala ağladan şeylərdir, çünki kiçik bir xərəkdə aparılan insan üçün bunlar əlçatmazdır. Ey hiyləgər dağ, sən bütün bunları mənə gözəl və əhatəli bir şəkildə göstərməklə, qəlbimi şənləndirən uzaqların mənzərəsini pərdələyirsən. Buna görə də səni sevmirəm, ey çay sahilində yüksələn dağ, səni sevmirəm”. Bu sözlərimə də əvvəlki kimi laqeyd qalacaq və məmnun olmayacaq dağ, çünki açıq gözlərlə danışmıram.

Məgər, dağın bizə qarşı yaxşı münasibətinin və ümumiyyətlə, bizim beyinlərimizin xəşilinə duyduğu qəribə hərisliyinin həmişə qalmasına çalışmamalıyıqmı? Yoxsa diş-diş kölgələrini üzərimə salacaq, qorxunc və çılpaq divarlarını qarşıma çıxaracaq, məni xərəklə aparanlar isə yoldakı kiçik daşlara ilişib səndələyəcəklər.

Amma belə təkəbbürlü, belə zəhlətökən və belə kinli olan dağ deyil təkcə, başqa nə varsa, hamısı belədir. Buna görə də, gözlərimi bərəldib, – ah, nə yaman ağrıyır onlar, – dönə-dönə təkrar etməliyəm: “Bəli, ey dağ, sən gözəlsən, sənin qərb yamacındakı meşələr məni çox sevindirir… Ey çiçək, səndən də çox məmnunam, sənin çəhrayı rəngin ruhumu fərəhləndirir… Və sən, çəmənlikdəki ot, boy atıbsan, artıq güclüsən və sərinlik verirsən… Ey qəribə kolluq, sənsə tikanlarını elə qəfildən batırırsan ki, ağlımız qaçır. Çay, sənə olan rəğbətim o qədər böyükdür ki, özümü sənin yüngül sularına atacağam ki, aparasan məni”.

Gombul hərdən bədəninin itaətkar hərəkətləri ilə müşayiət olunan bu mədhiyyəni on dəfə ucadan təkrarlayaraq başını aşağı saldı və gözlərini yumaraq dedi:

– Amma indi sizdən xahiş edirəm, – ey dağ, çiçək, ot, kolluq və çay, – mənə bir az yer verin ki, nəfəs ala bilim.

Bu zaman ətrafdakı dağlar tələsə-tələsə yerlərini dəyişib, duman pərdəsinin arxasına keçdi. Xiyabanlar öz yerində qalsa da və genişliyini qoryub saxlasa da, lap vaxtında tutqun şəklə düşdü: göydə günəşin qarşısını kənarları işıldayan nəmli bir bulud kəsmişdi; buludun kölgəsində ərazi daha da alçaq görünürdü, bütün cisimlər isə öz gözəl cizgilərini itirmişdi.

Xərəkçilərin ayaq səsləri mənim sahilimə qədər gəlib çatırdı, amma üzlərinin qaranlıq dördbucağında heç bir şeyi aydın seçə bilmirdim. Amma daşıdıqları yük qeyri-adi olduğu üçün başlarını yana əydiklərini, bellərini bükdüklərini görə bilirdim. Onlara görə narahat olmuşdum, çünki yorulmuşdular. Bu səbəbdən, sahildəki çəmənliyə ayaq basdıqlarını gördükdə onları maraqla izləməyə başladım. Sonra düzgün addımlarla nəm qumların üstündə yeriməyə başladılar, nəhayət qamışlı bataqlığa daldılar; arxadakı xərəkçilər xərəyi üfüqi vəziyyətdə saxlamaq üçün bellərini daha aşağı əymişdilər. Barmaqlarımı bir-birinə keçirtdim. İndi onlar hər addımda ayaqlarını daha da yuxarı qaldırmalı idilər, buna görə də bədənləri bu dəyişkən günün sərin havasında tərdən işıldayırdı.

Gombul əllərini budlarının üstünə qoyaraq sakitcə oturmuşdu; qamışların uzun ucları irəlidəki xərəkçilər keçərkən gərilir, sonra gombulun bədəninə çırpılırdı.

Suya yaxınlaşdıqca xərəkçilərin hərəkəti daha da nizamsız olurdu. Bəzən xərək sanki dalğaların üstündəymiş kimi möhkəmcə yırğalanırdı. Qamışlıqdakı gölməçələrin üstündən tullanmaq ya da yanından keçmək lazım idi, çünki onlar dərin ola bilərdilər. Birdən çöl ördəkləri qıyya çəkərək havaya qalxdı və qara buludun içinə girdi. Bir anlığa gombulun üz ifadəsini gördüm; bərk narahat olduğu sezilirdi. Ayağa qalxıb, məni sudan ayıran daşlı yamacla yöndəmsiz sıçrayışlarla aşağı endim. Bunun təhlükəli olduğuna əhəmiyyət vermirdim, ağlımda yalnız bir fikir vardı: nökərlər gücdən düşüb gombulu apara bilmədikdə, onun köməyinə çatmalıyam. Elə ağılsızca qaçırdım ki, aşağıda çayın kənarında özümü saxlaya bilməyib, ətrafa sıçrayan suların arası ilə bir müddət qaçmağa davam etdim və yalnız su dizimə çatanda dayana bildim.

Qarşı sahildə nökərlər xərəklə birlikdə suya girmişdilər və bir əlləri ilə özlərini azğın sularda saxlamağa çalışarkən, dörd tüklü qol da xərəyə dayaq vermişdi; bu zaman onların qeyri-adi dərəcədə şişmiş əzələləri görünürdü.

Su xərəkçilərin əvvəlcə çənəsinə çatdı, sonra ağızlarına qədər çıxdı; başları geriyə qanrıldı, xərək isə çiyinlərinin üstünə düşdü. İndi su burunlarına çırpılırdı, amma onlar öz səylərin-dən əl çəkmirdilər, hərçənd çayın heç ortasına da çatmamışdılar. Bu zaman çox da hündür olmayan bir dalğa qabaqda gedən xərəkçilərin başına çırpılaraq onları suya batırdı və dörd adam çabalayan əlləri ilə xərəyi də özləri ilə aşağı çəkərək səssiz-səmirsiz boğuldu. Və sürətlə gələn dalğalar onların yerini tutdu.

Bu an böyük bir buludun kənarlarından sızan axşam günəşinin zəif işığı üfüqdəki təpələri və dağları aydınlatdı. Buludun altında qalan çay və ərazi tutqun şəkildə işıqlanmışdı.

Gombul yavaş-yavaş suyun axın istiqamətinə döndü və artıq lazımsız olan, buna görə də suya atılan parlaq taxtadan düzəldilmiş tanrı heykəli kimi çayın aşağısına tərəf sürüklənib getdi. Qara buludun kölgəsi isə onun arxasınca düşmüşdü. Uzunsov buludlar gombulu qabaqdan dartır, kiçik və büzüşmüş buludlar isə arxadan itələyirdi; bu isə böyük çalxalanmaya səbəb olurdu, dizlərimə və sahildəki daşlara çırpılan dalğalar bunu açıq-aydın göstərirdi.

Gombulla birlikdə yol getmək üçün tez yamacla yuxarı dırmandım, çünki onu həqiqətən sevirdim. Həm də ilk baxışdan təhlükəsiz görünən bu ölkənin təhlükələri haqqında ondan bəlkə nə isə öyrənə bilərdim. Beləcə, ensiz qum zolağı ilə yeriməyə başladım, amma qum zolağının darlığına əvvəlcə alışmaq lazım idi. Əllərimi ciblərimə salmış, üzümü düz bucaq altında çaya tərəf çevirmişdim, çənəm demək olar ki, çiynimə yapışmışdı.

Sahildəki daşlara qaranquşlar qonmuşdu.

Gombul dedi:

– Sahildə dayanmış əziz cənab, məni xilas etməyə çalışmayın. Bu suyun və küləyin qisasıdır; mənim işim bitib. Bəli, bu qisasdır, çünki dostum İbadətkarla indiyə qədər neçə dəfə qılıncların cingiltisi və kimvalların[2 - Kimval və litavra – zərb alətləri] gözqamaşdırıcı parıltısında, boruların və litavraların möhtəşəm və parlaq şüaları altında bunların üzərinə hücum çəkdik.

Bu zaman balaca bir qağayı sürətini azaltmadan gombulun qarnının üstündən uçub keçdi.

Gombul sözünə davam etdi:

b) İbadətkarla söhbətin başlaması