banner banner banner
İfşa edilmiş fırıldaqçı
İfşa edilmiş fırıldaqçı
Оценить:
 Рейтинг: 0

İfşa edilmiş fırıldaqçı


Yanğınsöndürmə idarəsinin yanından keçərkən, kiçik meydan tərəfdən bir səs eşitdim, o yana döndükdə fəvvarə barmaqlığının qarşısında bir sərxoşun dayandığını gördüm; qollarını yana açıb, taxta başmaqlı ayaqlarını yerə vururdu.

Nəfəsimi dərmək üçün bir az dayandım, sonra ona yaxınlaşıb silindr papağımı çıxardım və özümü təqdim etdim:

– Axşamınız xeyir, alicənab ağam, mənim iyirmi üç yaşım var, amma hələ adım yoxdur. Siz isə heyrətli, hətta melodik bir adla, şübhəsiz ki, o böyük şəhər Parisdən gəlirsiniz. Sizdən Fransanın əxlaqsız sarayının qoxusu gəlir. Siz yəqin ki, paltarlarının ətəkləri pillələrin üstünə yayılan və bir ucu da bağçadakı qumların üstünə sərilən, amma özləri çoxdan hündür və açıq heyvanda dayanmış, incə belləri ilə dönüb lovğa-lovğa arxaya baxan o möhtəşəm xanımları öz gözlərinizlə görübsünüz, elə deyilmi; boz rəngli dar frak və ağ şalvar geymiş nökərlər nizamla basdırılmış uzun dirəklərə çıxır, ayaqlarını dirəklərə dolayıb bellərini arxaya ya da yana əyirlər ki, yoğun kəndirlərlə nəhəng və boz pərdələri yerdən qaldırıb yuxarıya çəksinlər, çünki möhtəşəm xanım dumanlı bir səhər arzu etmişdir.

O gəyirdiyi üçün demək olar ki, qorxa-qorxa soruşdum:

– Ağam, doğrudanmı, o bizim Parisdən buraya gəlibsiniz? Doğrudanmı, o fırtınalı Parisdən, romantik xəyallar qasırğasından buraya gəlibsiniz?

O yenə gəyirdikdə sıxıla-sıxıla dedim:

– Bilirəm, sizə rast gəlmək mənim üçün böyük şərəfdir.

Paltomun düymələrini tələsə-tələsə bağlayaraq, hərarətlə, amma çəkinə-çəkinə davam etdim:

– Bilirəm, məni cavaba layiq görmürsünüz, amma bu gün bunları sizdən soruşmasaydım, daim qəmgin bir həyat yaşayacaqdım. Qəşəng geyimli ağam, xahiş edirəm deyin, bu danışılanlar doğrudurmu? Sadəcə bər-bəzəkli geyimlərdən ibarət adamlar varmı Parisdə? Sonra küçə qapısından başqa qapıları olmayan evlər varmı? Doğrudanmı, yay günlərində şəhərin səması açıq mavi rəngdə olur və hamısı ürək formasında olan ağ və sıx buludlarla bəzənir? Bəs, içərisində ağaclardan başqa bir şey olmayan və ziyarətçilərlə dolub-daşan bir muzey varmı orada? Doğrudanmı, bu ağaclara vurulmuş lövhələrdə ən məşhur qəhrəmanlar, cinayətkarlar və sevgililərin adları yazılıb? Hə, bir də bu xəbərlər! Açıq-aşkar yalan olan bu xəbərlər! Doğrudanmı, Parisin küçələri qəfildən bir neçə küçəyə ayrılır və bu küçələr səs-küylüdür, hə? Hər şey həmişə öz qaydasında getməz ki, axı bu mümkün deyil! Bəzən bədbəxt bir hadisə olur və səki daşlarına xəfifcə toxunan iri paytaxt addımlarıyla qonşu küçələrdən axışan insanlar bir yerə toplanır; hamısı maraq içindədir, amma məyus olmaqdan da qorxurlar. Tez-tez nəfəs alır və kiçik başlarını irəli uzadırlar. Amma bir-biriləri ilə toqquşduqda baş əyib, üzr istəyirlər. “Çox təəssüf edirəm… bilmədən oldu… basabasdır, bağışlayın, xahiş edirəm… mənim təqsirimdən oldu… boynuma alıram. Mənim adım… adım Jerom Faroşdur, Ryu de Kaboten küçəsində dükanım var… icazə versəniz, sizi sabah günorta yeməyinə dəvət etmək istəyirəm… arvadım da çox sevinər”. Bax, beləcə dayanıb danışırlar; küçə uğultu içindədir, bacalardan çıxan tüstü isə evlərin arasına çökür. Yəqin ki, belədir. Bəs, ola bilərmi ki, zadəganlar məhəlləsinin adamla dolu bulvarında birdən iki araba dayansın; ciddi görkəmli nökərlər qapıları açsınlar? Səkkiz cins qurdbasan it arabalardan aşağı tullanıb, hürə-hürə səki ilə qaçsın? Və sonra da deyilsin ki, bunlar Parisin lovğa, qiyafələrini dəyişmiş ədabaz gəncləridir?

Gözlərini yummuşdu. Mən susduqda, əllərini ağzına soxub alt çənəsini dartmağa başladı. Paltarı başdan-ayağa kir içindəydi. Bəlkə də, pivəxanadan qovmuşdular onu, amma bunu hələ dərk etmirdi.

Bu, yəqin ki, gecə ilə gündüz arasında olan sakit və qısa bir fasilə idi; bu vaxt başımız biz gözləmədiyimiz halda qabağa sallanar, biz hiss etməsək də, ətrafa baxmadığımız üçün hər şey mürgüləyər və sonra da yox olub gedər. Biz isə belimizi bükərək tək qalar, sonra gözlərimizi açıb baxdıqda heç bir şey görməz, hətta havanın müqavimətini də hiss etmərik, amma xatırlayarıq ki, bizdən bir az aralıda evlər var və xoşbəxtlikdən, evlərin damında dördkünc bacalar var; bacalardan evlərin içinə yağan qaranlıq tavanlardan keçərək müxtəlif otaqlara tökülür. Və nə qədər ağlasığmaz olsa da, sabah hər şeyin göründüyü yeni bir gündüzün başlayacağı nə böyük xoşbəxtlikdir!

Sərxoş birdən qaşlarını çatdı; qaşlarıyla gözləri arasında bir parıltı əmələ gəldi, sonra qırıq-qırıq danışmağa başladı:

– Bilirsinizmi, mənim yuxum gəlir… anlayırsızmı, yuxum gəldiyi üçün gedib yatacağam. Kürəkənim Vaslav meydanında yaşayır, anlayırsızmı, oraya gedəcəyəm, çünki kürəkənimlə qalıram, yatağım ordadır çünki, elə bu saat gedəcəyəm… Amma adı nədir kürəkənimin, harada yaşayır bilmirəm, anlayırsızmı… yəqin, unutmuşam… Boş şeydir, məsələ burasındadır ki, ümumiyyətlə kürəkənim varmı, onu da bilmirəm… Elə bu saat gedirəm, anlayırsızmı… sizcə onu tapa biləcəyəm?

Fikirləşmədən cavab verdim:

– Əlbəttə. Amma siz yad ellərdən gəlirsiniz, nökərləriniz də təsadüfən sizinlə deyil. İcazə verin, sizi mən ötürüm.

Cavab vermədi. İşarə etdim ki, yaxınlaşıb qoluma girsin.

d) Gombul ilə ibadətkar arasındakı söhbətin davamı

Mənsə bir müddət idi ki, özümü ürəkləndirməyə çalışırdım. Bədənimi ovuşdurub öz-özümə dedim: “Vaxtdır, artıq sən nə isə deməlisən. Hələ indidən özünü itiribsən. Bəlkə ürəyin sıxılır? Dayan bir! Axı, belə vəziyyətlər sənə tanışdır. Tələsmədən düşün, ölç-biç. Narahat olma, ətrafındakılar da gözləyər.

Hər şey keçən həftəki qonaqlıqda olduğu kimidir. Bir nəfər kağızlara köçürdüyü mətndən nə isə oxuyurdu. Səhifələrdən birini onun xahişi ilə mən yazmışdım. Onun yazdığı səhifələrin aşağısında öz imzamı gördükdə qorxuram. Bu heç bir şeyə sığmır. Masanın üç tərəfindən kağızların üstünə əyilirlər. Ağlaya-ağlaya and içirəm ki, bunlar mənim imzam deyil.

Axı, bugünkünə nə ilə bənzəyir, bu? Söhbətin məqsədəuyğun alınması səndən asılı deyilmi? Hər şey səssiz-səmirsizdir. Səbr elə, əzizim! Axı, nəsə bir bəhanə tapa bilərsən. Deyə bilərsən ki: “Yuxum gəlir. Başım ağrıyır. Mən getdim”. Tez ol, cəld ol! Göstər özünü!.. Nə olub? Yoxa yenə əngəl var, maneələr var? Yadına nə düşür?.. Nəhəng səmaya qarşı Yer üzünün qalxanı kimi yüksələn bir yaylanı xatırlayıram. Onu dağdan görmüşdüm, oradan keçmək üçün yola düşmüş və nəğmə oxumağa başlamışdım”.

Dodaqlarım qupquru idi və sözümə baxmırdı; bu an dedim:

– Başqa cür yaşamaq olmazmı?

– Yox, – dedi, sual dolu təbəssümlə.

Mənimlə onun arasında olan və o vaxta qədər sanki yuxuda dayaq verib saxladığım hər şey uçub-dağılarkən: – Nə üçün axşamlar kilsədə dua edirsiniz? – deyə soruşdum.

– Yox, bu barədə danışmasaq yaxşı olmazmı? Heç kəs, tək yaşayırsa, axşamlar məsuliyyət daşımır. Çox şeydən qorxursan. Birdən cismanilik yox olub gedərsə, ya insanlar həqiqətən alatoranlıqda göründükləri kimidirsə? Əl ağacı olmadan yerimək mümkün olmazsa? Bəlkə, insanların baxışları altında cismanilik qazanmaq üçün doğrudan da kilsəyə gedib, ucadan dua etmək lazımdır?

O belə danışıb susduğu üçün cibimdən qırmızı dəsmalımı çıxarıb, belimi bükərək ağladım.

Ayağa qalxıb məni öpdü və dedi:

– Niyə ağlayırsan? Boyun ucadır, ucaboy xoşuma gəlir, uzun barmaqlarınızı istədiyiniz kimi hərəkət etdirirsiniz, niyə bunlara sevinmirsiniz? Sənə bir məsləhətim var, həmişə qollarına qara manjetlər tax… Yox… mən səni tərifləyirəm, sənsə yenə ağlayırsan? Axı, sən həyatın ağırlığını daşımağı bacaran adamsan.

Bax, biz əslində lazımsız olan müharibə maşınları düzəldirik, qüllələr, divarlar inşa edirik, ipək pərdələr hazırlayırıq. Vaxtımız olsaydı, bunların hamısına təəccüblənərdik. Və özümüzü boşluqda saxlaya bilirik, yıxılmırıq, yarasalardan çirkin olsaq da, uçmağa çalışırıq. Və gözəl bir gün heç kəs: “İlahi, bu gün nə gözəl bir gündür” deməyimizə mane ola bilməyəcək; çünki yer üzünə yerləşdikdən sonra, öz razılığımızla burada yaşamağa davam edirik.

Biz qardakı ağac kötükləri kimiyik. Onlar torpağın üzərinə qoyulmuş kimi görünür və adama elə gəlir ki, yüngül bir təkanla bu kötükləri yerindən tərpətmək olar. Amma yox, bu mümkün deyil, çünki onlar torpağa möhkəm bağlıdırlar. Amma hətta bu da yalnız zahirən belə görünür.

Düşüncələr ağlamağıma mane olurdu: “İndi gecədir, heç kəs bu an deyəcəyim sözlərə görə sabah məni qınaya bilməz, çünki bunları yuxuda da danışa bilərəm”.

Sonra dedim:

– Bəli, hamısı doğrudur, amma biz nədən danışırdıq? Göy üzündəki işıqlardan danışa bilməzdik axı, çünki binanın giriş qapısından içəri keçib dayanmışdıq. Yox… bu barədə də danışa bilərdik, əgər azad danışa biliriksə, heç bir hədəfə və həqiqətə can atmasaq da, bunu sadəcə zarafat və əylənmək üçün edirik. Siz bağçadakı qadının hekayətini mənə bir dəfə də danışa bilərsizmi? Nə füsunkar, nə ağıllı bir qadındır bu! Özümüzü onun kimi aparmalıyıq. O mənim çox xoşuma gəlir! Sizi görüb güdməyim də xoş bir təsadüfdür. Sizinlə söhbət etməkdən böyük zövq aldım. Bəlkə də indiyə qədər qəsdən öyrənmədiyim bəzi şeyləri sizdən eşitdim.

Razı görünürdü. İnsan bədəninə toxunduqda özümü həmişə pis hiss etsəm də, onu qucaqlamalı idim.

Sonra binanın giriş qapısından açıq havaya çıxdıq. Dostum bir neçə bulud parçasını üfləyib kənara itələdiyi üçün qarşımızda ulduzlu ənginlik açılmışdı. Dostum zorla yeriyirdi.

e) Gombulun ölümü

Hər şey birdən-birə hərəkətə gəlib, sürətlə uzaqlara çəkildi. Çayın suları yarğandan aşağı yönəldi, amma axıb getməməyə çalışdı, uçurumun çatlaq və çopur kənarında bir müddət ləpələndikdən sonra dumanlı damcı topası kimi dalğa-dalğa aşağı yuvarlandı.

Gombul daha danışa bilmirdi; suyun içində bilaixtiyar dövrə vuraraq, sürətlə axan uğultulu şəlalədə yoxa çıxdı.

Ömrümdə çox əyləncələr görmüş mən sahildə dayanıb buna baxırdım.

– Ağciyərlərimiz nə edə bilər ki! – deyə qışqırdım, – Tez-tez nəfəs alsanız, özünüz, öz içinizdəki zəhərdən boğulacaqsınız, yavaş nəfəs alsanız, tənəffüs üçün yararsız havadan, təlatümə gəlmiş nəsnələrdən boğulacaqsınız. Uyğun tempi axtarmağa başlasanız, elə bu axtarış üzündən həlak olacaqsınız.

Bu zaman çayın sahili hədsiz dərəcədə genişləndi, bununla belə, ovcumun içi ilə uzaqdan çox kiçik görünən yol işarəsinin dəmir lövhəsinə toxundum. Bunu anlaya bilmədim. Axı, boyum qısa idi və sanki həmişəkindən daha qısa görünürdü, buna görə də möhkəm silkələnən ağ giləmeyvəli kol məndən xeyli hündür idi. Gözümdən qaçmamışdı bu, çünki elə indicə kolun yanından keçmişdim.

Bununla belə yanılmışdım; çünki əllərim o qədər nəhəng idi ki, geniş bir ərazinin üstünə çökmüş yağış buludlarına bənzəyirdi; amma onlardan daha tələskən idi. Bilmirəm, onlar mənim zavallı başımı nə üçün əzmək istəyirdilər.

Axı, mənim başım qarışqa yumurtası boyda ancaq olardı, amma bir az zədələndiyi üçün tam yumru deyildi. Onu yazıq-yazıq fırlatmağa başladım, çünki gözlərimdəki ifadəni ayırd etmək mümkün deyildi; bu qədər kiçik idi gözlərim.

Amma ayaqlarım, bu əcaib ayaqlarım meşəli dağların üzərində dincəlir və kənd ovalıqlarına kölgə salırdı. Onlar böyüyürdülər, dayanmadan böyüyürdülər! Və heç bir ərazinin olmadığı boşluğa doğru uzanmağa başlamışdılar, uzunluqları isə mənim görmə həddimi çoxdan aşmışdı.

Amma yox, elə deyil… mən balacayam, hələlik boyum qısadır… və yuvarlanıram… yuvarlanıram… dağlarda qar uçqunuyam! Ey yoldan keçənlər, xahiş edirəm deyin, mənim boyum nə qədərdir; bu qollarımı, ayaqlarımı ölçün, nə olar…

III

– Axı, bu necə olur? – mənimlə qonaqlıqdan çıxıb, Laurenziberq dağına gedən cığırların birində sakitcə yanımda yeriyən tanışım dedi. – Bir dəqiqə ayaq saxlayın ki, bunu dərk edə bilim… Bilirsizmi, mən bir işi başa çatdırmalıyam. O qədər çətindir ki… doğrudur, aydın gecədir, amma hava soyuqdur, üstəlik bəzən adama elə gəlir ki, qəzəbli külək bu akasiya ağaclarının yerini dəyişdirir.

Bir az qarla bəzənmiş bağban evinin Ay işığındakı kölgəsi maili yola düşmüşdü. Qapının yanındakı skamyanı gördükdə əlimi qaldırıb göstərdim; çünki cəsarətim yox idi və məzəmmət ediləcəyimi gözləyirdim, buna görə də sol əlimi sinəmin üstünə qoydum.

Tanışım qəşəng geyiminə heyfi gəlmədən qəmgin halda skamyada oturdu, dirsəklərini budlarının üstünə qoyub, alnını barmaqlarının uclarına dayayaraq məni təəccübləndirdi.

– Bəli, indi bunları söyləyəcəyəm. Bilirsinizmi, mən nizamlı həyat sürürəm, həyatımda heç bir şeyə irad tutmaq mümkün deyil, hər şey öz qaydasında gedir. İçində olduğum mühitin çoxdan alışdığı bədbəxtlik, ətrafımın və özümün də məmnuniyyətlə baxıb gördüyümüz kimi, məndən də yan keçmədi və sonra bu ümumi xoşbəxtlik özünü çox gözlətmədi, bəzən mən özüm də dar çevrədə bu xoşbəxtlik haqqında danışdım. Bəli, indiyə qədər əsl məhəbbətlə heç kəsi sevməmişdim. Bəzən buna təəssüf edir, amma çətin vəziyyətə düşdükdə sevdiyimi söyləyərdim. Amma indi bunu deməyə məcburam: bəli, mən aşiq olmuşam və yəqin ki, eşqin həyəcanı içindəyəm. Mən ehtiraslı aşiqəm, əlbəttə, qızlar beləsini arzulayırlar. Amma əvvəldən məndə olan bu çatızmazlığın əlaqələrimə tamamilə şən və əyləncəli bir istiqamət verdiyini unuda bilərdimmi?