banner banner banner
İfşa edilmiş fırıldaqçı
İfşa edilmiş fırıldaqçı
Оценить:
 Рейтинг: 0

İfşa edilmiş fırıldaqçı


– Bir vaxtlar bir kilsə vardı, hər gün oraya gedərdim; çünki aşiq olduğum qız axşamlar burada yarım saat diz çöküb ibadət edər, mən də ona rahatca tamaşa edərdim.

Bir gün bu qız kilsəyə gəlmədi; ibadət edənlərə narazı halda baxırdım ki, çəlimsiz bədənini döşəmənin üstünə uzatmış gənc bir adam gözümə sataşdı. Zaman-zaman bütün gücünü toplayaraq başını qaldırır və ah çəkərək onu daşların üzərinə sərilmiş əllərinin içinə qoyurdu.

Kilsədə yalnız bir neçə yaşlı qadın vardı; örtüklü başlarını tez-tez yana çevirib İbadətkara baxırdılar. Deyəsən, gənc adam onların diqqətini cəlb etdiyi üçün özünü xoşbəxt hiss edirdi, çünki ibadət zamanı hər dəfə cuşa gəlməzdən əvvəl gözlərini gəzdirir və ona baxan adamların çox olub-olmadığını yoxlayırdı.

Mənsə bunu yaxşı hərəkət hesab etmədim, kilsədən çıxar-çıxmaz gedib onunla danışmağa və nə üçün bu cür ibadət etdiyini soruşub öyrənməyə qərar verdim. Bəli, acıqlı idim, əsəbiləşmişdim, çünki sevgilim kilsəyə gəlməmişdi.

Lakin o ancaq yarım saatdan sonra ayağa qalxdı, canfəşanlıqla xaç vurdu və tənbəl addımlarla müqəddəs piyaləyə doğru yeridi. Mən qapı ilə suçiləyicinin arasında dayandım, söhbət etmədən ona yol verməməyi qərara almışdım. Danışmağı qətiləşdirdiyim zaman buna hazırlaşmaq üçün həmişə etdiyim kimi ağzımı büzdüm; sağ ayağımı irəli uzadıb bədənimin ağırlığını onun üstünə saldım, sol ayağımı isə barmaqlarımın ucu ilə yerə dayadım; yoxlamışdım, bu mənə mətinlik verirdi.

Bəlkə bu adam üzünü müqəddəs su ilə isladarkən mənə çəpəki baxmışdı, bəlkə də məni daha əvvəl görüb təşvişə düşmüşdü, çünki birdən-birə götürülüb özünü qapıdan çölə atdı. Şüşə qapı çırpılaraq örtüldü. Dərhal onun arxasınca qapıdan çıxdım, gözdən itmişdi, çünki yaxınlıqda bir neçə dar küçə vardı, üstəlik gəliş-gediş də çox idi.

Bu gənc adam bir neçə gün gözə dəymədi, amma qız yenə əvvəlki kimi kilsəyə gəlib ibadət edirdi. O, yaxalığında krujevalı naxışlar olan, – köynəyinin boynu krujevanın altında qalmışdı, – qara don geyinirdi; naxışların kənarlarından aşağı enən ipək parça yaxşı qatlanmış yaxalıqla birləşirdi. Qız gəldiyi üçün gənc adamı çoxdan unutmuşdum və hətta bir neçə gün sonra o yenə müntəzəm olaraq kilsəyə gəlib, adəti üzrə ibadət etməyə başladıqda da əvvəlcə diqqətimi çəkmədi. Amma həmişə mənim yanımdan keçəndə üzünü yana çevirib tələsə-tələsə yeriyirdi. Bəlkə, onu həmişə hərəkətdə olduğu zaman təsəvvür etdiyim üçün belə düşünürdüm; hətta yerindən tərpənməsə də, mənə elə gəlirdi ki, bu adam oğrun-oğrun yeriyir.

Bir gün tərəddüd içində olsam da, yenə kilsəyə getdim. Qızı orada tapmayıb, evə qayıtmaq istədim. Birdən gördüm ki, bu gənc adam yenə döşəməyə uzanıb ibadət edir. Əvvəlki vəziyyət yadıma düşdü və məndə maraq oyatdı.

Ayaqlarımın ucu ilə yeriyərək qapıya yaxınlaşdım; burada oturmuş kor dilənçiyə qəpik-quruş verib, onun yanında özümə yer eləyərək qapının açıq layının arxasında gizləndim. Burada bir saat oturub gözlədim, bəlkə də bu zaman üzümdən hiyləgərlik yağırdı, amma hər halda özümü yaxşı hiss edirdim. Lakin sonra bu İbadətkar üzündən burada qaxılıb qalmağın ağılsızlıq olduğunu düşündüm. Bununla belə, artıq üç saat idi ki, burada oturmuşdum; qanım qaraldı, çünki paltarımın üstünə hörümçəklər dırmanmışdı, üstəlik bərkdən nəfəs ala-ala kilsənin qaranlığından çıxanlara əyilib baxmaq məni lap əsəbiləşdirirdi.

Və bu an o da göründü. Ehtiyatla yeriyirdi, addım atmazdan əvvəl, barmaqlarının ucu ilə döşəməni yoxlayırdı.

Ayağa qalxdım, bir böyük addım ataraq onun yaxasından yapışdım.

– Axşamın xeyir, – deyə əlim yaxasında, onu pillələrdən aşağı itələyib, kilsənin qarşısındakı işıqlanmış sahəyə çıxardım.

Aşağı düşərkən titrək səslə mənə dedi:

– Axşamın xeyir, əziz ağam, lütfən bu itaətkar qulunuza hirslənməyin.

– Bəli, – dedim, – sizdən bəzi şeyləri soruşmaq istəyirəm, cənab, keçən dəfə sivişib aradan çıxdınız, bu günu bunu bacarmayacaqsınız.

– Siz mərhəmətlisiniz, ağam, buraxın, evə gedim. Mənə rəhm etmək olar, buna inanın.

– Yox, – deyə qışqırdım, səsim yaxınlıqdan keçən tramvayın gurultusuna qarışdı, – sizi buraxmayacağam! Bu cür əhvalatlar xoşuma gəlir. Siz mənim üçün xoşbəxtlik quşusunuz. Əslində, sizi yaxaladığıma görə özümü təbrik edə bilərəm.

Bu zaman o dedi:

– Ah, ilahi! Sizin rəhmli ürəyiniz, amma mərmər kimi soyuq beyniniz var. Mənə xoşbəxtlik quşu deyirsiniz, əlbəttə, siz xoşbəxt olmağa layiqsiniz! Mənim bədbəxtliyim kövrək, titrəyib-yırğalanan bir bədbəxtlikdir, əgər ona toxunsanız, sizin üstünüzə aşacaq. Gecəniz xeyrə qalsın, ağa.

– Yaxşı, – dedim və onun sağ əlindən tutdum, – əgər mənə cavab verməsəniz, elə burada, küçədə qışqırmağa başlayacağam. İş vaxtları qurtarmaqda olan bütün satıcı qızlar qaçıb tökülüşəcək, onları səbirsizliklə gözləyən sevgililəri də qaçıb gələcək, çünki elə biləcəklər ki, arabaya qoşulmuş at yıxılıb, ya da buna bənzər bir şey baş verib. Onda sizi camaata göstərəcəyəm.

Bu zaman o ağlamağa başladı və əllərimi bir-bir öpərək onları göz yaşları ilə islatdı.

– Öyrənmək istədiklərinizi sizə söyləyəcəyəm, amma o qarşıdakı küçəyə girsək, daha yaxşı olar.

Başımı tərpədərək razılaşdım və biz oraya yönəldik.

Fənərlərin bir-birindən xeyli aralı olaraq düzüldüyü küçənin alaqaranlığı ilə kifayətlənməyib, məni köhnə bir evin alçaq girişinə, taxta pilləkənin qarşısında asılmış içindən neft damcılayan bir fənərin altına apardı.

Burada cibindən dəsmal çıxarıb, pillənin üstünə sərərək dedi:

– Əyləşin, əziz ağam, suallarınızı belə daha rahat soruşa bilərsiniz, mənsə ayaq üstdə duracağam, çünki suallarınıza ayaq üstdə daha yaxşı cavab verə bilərəm. Ancaq mənə əzab verməyin.

Oturdum, gözlərimi qıyaraq ona baxıb dedim:

– Siz əməlli-başlı dəlisiniz, axmaqsınız! Kilsədə özünüzü necə aparırsınız! Gülüncdür, kilsədə sizə baxanların zəhləsini tökürsünüz, bu necə davranışdır! Sizin bu hərəkətinizi görən dindarlar nə düşünər!

O divara söykəndi, yalnız başı ilə sərbəst hərəkət edə bilirdi.

– Hirslənməyin… sizə dəxli olmayan bir məsələyə görə nə üçün hirslənirsiniz. Mən özüm pis davrandıqda əsəbiləşirəm, amma başqa biri özünü pis apararsa, buna yalnız sevinirəm. Buna görə də sizə desəm ki, ibadət etməkdə məqsədim insanların diqqətini cəlb etməkdir, əsəbiləşməyin.

– Nə danışırsınız! – deyə qışqırdım, səsim bu alçaq tavanlı giriş üçün çox yüksəkdən çıxmışdı; amma bundan sonra səsimi alçaltmaqdan da qorxdum. – Doğrudan da, siz nədən bəhs edirsiniz! Hə, sizi görəndən bəri nə halda olduğunuzu təxmin edirdim, ürəyimə dammışdı ki, siz özünüzdə deyilsiniz, bu bir növ quruda dəniz xəstəliyinə oxşayır. Əşyaların həqiqi adlarını unudur və sonra tələsə-tələsə onlara ağlınıza gələn təsadüfi adlar qoyursunuz, bu xəstəliyin xüsusiyyəti belədir. Təki tez olsun, təki tez olsun! Amma onlardan qaçan kimi adlarını yenə unudursunuz. Çöldəki qovaq ağacına “Babil qülləsi” deyirsiniz, çünki onun qovaq ağacı olduğunu bilmirsiniz, ya da bilmək istəmirsiniz, amma sonra bu ağac yenə də adsız halda öz yerində yırğalanır və bu dəfə siz onu “Sərxoş Nuh” adlandırırsınız.

Sözümü kəsərək dedi:

– Dediklərinizi anlamadığıma sevinirəm.

Həyəcanlanaraq, bir az çaşqın halda tez cavab verdim:

– Amma sevinməklə anladığınızı göstərirsiniz.

– Doğrudur, əziz ağam, amma sizin söylədikləriniz də çox qəribədir.

Əllərimi yuxarıdakı pillənin üstünə qoyub, arxaya söykəndim və güləşçilər üçün son xilas yolu olan və qarşı tərəfin hücumuna imkan verməyən bir pozada dedim:

– Gülünc çıxış yolu tapıbsınız: öz vəziyyətinizi başqalarına təklif edirsiniz.

Bundan sonra cürətləndi. Öz bədəninə bütövlük vermək üçün əllərini aşağı saldı və yüngül bir etiraz havası içində dedi:

– Yox, mən hamı ilə bu cür rəftar etmirəm, sizinlə də həmçinin, çünki bunu bacarmaram. Amma bacarsaydım, sevinərdim, çünki onda kilsədəki insanların diqqətini cəlb etməyə ehtiyac duymazdım. Bilirsiniz, nə üçün belə ibadət edirəm?

Bu sual məni çətin vəziyyətə saldı. Əlbəttə, bilmirdim və bilmək də istəmirdim. Əslində buraya gəlməyi də istəməmişdim, öz-özümə dedim, amma bu adam məni məcbur etdi ki, ona qulaq asım. Bunu bilmədiyimi demək üçün başımı yırğalamaq kifayət edərdi, amma başımı tərpədə bilmirdim.

Qarşımda dayanmış bu adam gülümsədi. Sonra büzüşüb dizləri üstdə oturdu və yuxulu səslə dedi:

– Elə bir vaxt olmayıb ki, mən sadəcə özümə güvənərək gördüyüm şeylərin həqiqi olduğuna inanım. Ətrafdakı hər şeyi o qədər zəif təsəvvür edirəm ki, sanki onların nə vaxtsa yaşadığını, indi isə yoxluğa qərq olduğunu düşünürəm. Əşyaları mənə göründükləri kimi deyil, olduqları kimi görmək istəyirəm; bu halda onlar, yəqin, gözəl və sakitdirlər. Belə olmalıdır, çünki başqa insanlar onları bu cür təsvir edirlər.

Nə qədər yorğun olduğumu, susmağımdan və üzümün bilaixtiyar səyriməsindən hiss edərək soruşdu:

– Başqa insanlar üçün belə olduğuna inanmırsınız?

Başımı tərpətməyi lazım bildim, lakin bacarmadım.

– Doğrudanmı, inanmırsınız? Ah, qulaq asın; balaca uşaq idim, günorta yeməyindən sonra bir az yatıb gözlərimi açdıqda, hələ yuxulu halda, anamın adi bir səslə eyvandan aşağı qışqırdığını eşitdim: “Nə edirsiniz, əzizim? Hava çox istidir, hə?!”. Bağçadan bir qadın cavab verdi: “Təbiətin qoynunda qəhvə içirəm”. O bunu düşünmədən və çox da aydın olmayan bir şəkildə dedi, sanki hər kəs onun bu cür cavab verəcəyini gözləməliymiş.

Elə bildim ki, mənə sual verirlər, buna görə də əlimi şalvarımın arxa cibinə saldım və özümü elə apardım ki, guya nə isə axtarıram. Amma heç bir şey axtarmırdım, sadəcə söhbətlə maraqlandığımı göstərmək üçün o andakı duruşumu dəyişmək istəmişdim. Mənə danışdığı hadisənin çox qəribə olduğunu və heç bir şey anlamadığımı dedim. Üstəlik onun həqiqiliyinə inanmadığımı, yəqin ki, müəyyən bir məqsəd üçün uydurulduğunu və bu səbəbdən mənim üçün anlaşılmaz olduğunu əlavə etdim. Sonra gözlərimi ağrıdığı üçün, yumdum.

– Nə yaxşı, siz də mənim kimi düşünürsünüz və öz xeyrini güdməyən bir insan olduğunuzdan, bunu demək üçün mənə yaxınlaşdınız. Axı, başımı dik tutub ağır addımlarla yerimədiyimə, əl ağacımla səkiyə vurmadığıma, hay-küylə yanımdan keçib gedən insanların paltarlarına sürtünmədiyimə görə, nə üçün utanmalıyam? Əksinə, uzanıb-qısalan kölgə kimi evlərin boyunca yüyürdüyüm, bəzən vitrin şüşələrində gözdən itdiyim üçün inadla şikayət etməyə haqqım yoxmu?

Görün, necə günlər keçirirəm! Niyə hər şey bu qədər bərbaddır; bəzən ortada heç bir səbəb yoxkən, hündür binalar yerlə bir olur. Dağıntıların üstünə çıxır, kimi görsəm soruşuram: “Axı, bu necə ola bilər? Bizim şəhərdə… Təzə bina… Düşünün bir… Bu gün beşincisidir bu”. Mənə heç kim cavab verə bilmir.