banner banner banner
İfşa edilmiş fırıldaqçı
İfşa edilmiş fırıldaqçı
Оценить:
 Рейтинг: 0

İfşa edilmiş fırıldaqçı


Çox vaxt insanlar küçədə yıxılıb, cansız halda yerdə qalır. Dükançılar ağzınacan malla dolu dükanlarının qapısını açaraq, cəld qaçıb gəlir, ölünü oradakı evlərdən birinə aparır, sonra qayıdaraq ağız və gözlərinin ətrafına çökmüş bir təbəssümlə boşboğazlıq edirlər: “Sabahınız xeyir!.. Hava buludludur… Yaylıqlar… yaxşı satılır… Hə, müharibədir”. Mən həmin evə sarı götürülürəm, barmaqlarımı bükərək əlimi bir neçə dəfə ürkəkcə qaldırıb-endirir, nəhayət, qapıçının kiçik pəncərəsini taqqıldadıram. “Salam, – gülümsəyərək deyirəm, – səhv etmirəmsə, bir az bundan əvvəl buraya bir ölü gətirdilər. Xahiş edirəm, onu göstərin mənə”. Qapıçı tərəddüd içində başını yırğaladıqda daha qətiyyətlə deyirəm: “Əzizim, mən gizli polisdənəm. Dərhal ölünü mənə göstərməlisiniz”. “Ölünü? – qapıçı bu dəfə incik halda soruşur. – Burada ölü-filan yoxdur. Gedin burdan”. Sağollaşıb yoluma davam edirəm.

Sonra böyük bir meydandan keçib getmək lazım olduqda, bunların hamısını unuduram. Bu işin çətinliyi məni tərəddüdə salır; və öz-özümə düşünürəm: “Belə böyük meydanları lovğalıqdan salırlarsa, bəs nə üçün meydanın içindən məhəccərli yollar çəkmirlər? Bu gün külək yenə cənub-qərbdən əsir. Hava təlatümə gəlir. Qüllənin sivri ucu kiçik dövrələr vurur. Bu izdihamı niyə sakitləşdirmirlər? Axı, bu nə səs-küydür! Bütün pəncərə şüşələri cingildəyir, küçə fənərlərinin dirəkləri bambuq ağacı kimi əyilib-düzəlir. Sütun üzərindəki Müqəddəs Məryəmin bürüncəyi dalğalanmağa başlayır, külək onu qoparıb atmaq istəyir. Doğrudanmı, bunu heç kəs görmür? Səki ilə getməli olan xanımlar və cənablar sanki havada üzürlər. Külək zəiflədikdə, onlar dayanıb bir-birilə bir neçə kəlmə danışır, təzim edərək salamlaşır, külək yenidən gücləndikdə isə, ona müqavimət göstərə bilməyib, hamısı eyni vaxtda ayaqlarını qaldırır. Əlləri ilə papaqlarını tuturlar ki, külək aparmasın; buna baxmayaraq, gözləri gülür, sanki hava çox gözəldir. Təkcə mən qorxuram. Mənə qarşı bu cür münasibətə etiraz edərək dedim:

– Bayaq ananız və bağçadakı qadın haqqında mənə danışdığınız hadisə, əslinə qalsa, maraqlı deyil. Belə hadisələri çox görmüşəm, çox eşitmişəm, hətta bəzilərində iştirak da etmişəm. Bu adi bir şeydir. Elə bilirsiniz ki, eyvanda olsam, mən də eyni sualı verə və o cavabı ala bilməzdim? Adi bir haldır!

Mən belə dedikcə, o çox xoşbəxt görünürdü. Qəşəng geyindiyimi və qalstukumu çox bəyəndiyini söylədi. Dərim də çox zərif imiş! Etiraflar sonradan inkar edildikdə, daha çox aşkarlıq qazanır.

c) İbadətkarın hekayəti

Sonra yanımda oturdu, çünki bir az qorxmuşdum, başımı yana əyərək ona yer verdim. Bununla belə onun da utancaq halda oturduğu, mənimlə öz arasında olan kiçik məsafəni qorumağa çalışdığı gözümdən qaçmadı. Çətinliklə danışırdı:

– Görün, necə günlər keçirirəm! Dünən axşam qonaq getmişdim. Fənərin işığından bir xanıma təzim edib dedim: “Qışa az qaldığını üçün sevinirəm”. Elə bu sözlər ağzımdan çıxmışdı ki, sağ ayağımın dizdən burxulduğunu hiss edib məyus oldum. Diz qapağım da bir az böyümüşdü. Buna görə də, oturdum və cümlələr arasındakı əlaqəni pozmamağa çalışaraq davam etdim: “Qışda insan az əziyyət çəkir, özünü daha sərbəst aparır, dediyi sözlərə görə təşviş keçirmir, elə deyilmi, xanım? Məncə, bu məsələdə haqlıyam”. Bu zaman sağ ayağım daha şiddətlə ağrımağa başlamışdı. Əvvəlcə mənə elə gəldi ki, dizim yerindən çıxıb, sonra diz qapağımı yavaş-yavaş ovxalayaraq, əlimlə sıxıb buraxaraq, ağrını bir az sakitləşdirdim. Bu zaman mənə yazığı gəldiyi üçün yanımda əyləşən qız sakitcə dedi:

– Yox, siz məni qətiyyən cəlb etmirsiniz, çünki…

– Dayanın, – məmnun və ümidli halda sözünü kəsdim, – xanım, mənimlə söhbət etmək üçün heç beşcə dəqiqə də vaxt sərf etməyəcəksiz, həm də xahiş edirəm, yeyə-yeyə danışın.

Əlimi uzadıb, bürünc bir mələyin yuxarı qaldırdığı meyvə qabından bir salxım üzüm götürdüm, salxımı bir az əlimdə tutub göy naxışlı boşqaba qoydum və incə bir hərəkətlə qıza verdim.

– Siz məni qətiyyən cəlb etmirsiniz, – o dedi, – danışdıqlarınızın hamısı darıxdırıcı və anlaşılmaz şeylərdir, üstəlik doğru da deyil. Məncə, cənab, – mənə nə üçün “xanım” dediyinizi bilmirəm, – məncə, həqiqət sizə çox ağır gəldiyi üçün ondan qaçırsınız.

İlahi, sevincimdən az qala atılıb-düşəcəkdim!

– Bəli, xanım, bəli, – az qala qışqıraraq dedim, – nə qədər haqlısınız! Xanım, insan gözləmədiyi halda birdən-birə başa düşüldüyünü gördükdə, bilirsiniz, nə qədər sevinir!

– Bəli, həqiqət sizin üçün çox ağır və yorucudur, cənab, bir halınıza baxın, görün nə gündəsiniz! Elə bil, başdan ayağa papiros kağızından eşilibsiniz, sarı papiros kağızından; siluetdən fərqiniz yoxdur, yerisəniz xışıldayacaqsınız. Buna görə də sizin davranışınız, ya da düşüncəniz məni maraqlandırmır; axı, otaqda yelçəkənin qarşısında dayansanız, o saat əyilib-büküləcəksiniz.

– Bunu anlamıram. Bax, burada, bu otaqda müxtəlif insanlar var. Onlar qollarını qaldırıb stulların arxasına qoyur, ya da pianoya söykənir, ya da qədəhi yavaş-yavaş dodaqlarına aparır, yaxud çəkinə-çəkinə qonşu otağa keçir və qaranlıqda sağ çiyinlərini bir şkafa çırpıb əzdikdən sonra açıq pəncərə qarşısında dərindən nəfəs alaraq düşünürlər: “Bax, o axşam ulduzu Veneradır. Mənsə burada qonaqların arasındayam. Əgər burada bir əlaqə varsa, mən bunu anlamıram. Hətta burada bir əlaqə olub-olmadığını da bilmirəm”. Və baxın, xanım, tərəddüd içində olduqları üçün belə qətiyyətsiz, hətta gülünc davranan bu insanlar arasında özü haqqında aydın bir fikir eşitməyə layiq olan yalnız mənəm sanki. Bu sözlər xoşagəlimli olsun deyə, siz onları zarafatla deyirsiniz; necə ki, tamamilə yanmış bir evdən ən azı əsas divarlar sağ qalırsa, siz də istəyirsiniz ki, söylədiyiniz sözlərdən nə isə yadda qalsın. Baxışlar burada heç bir maneə ilə qarşılaşmır, böyük pəncərə boşluqlarından gündüzlər göy üzündə buludlar, gecələr isə ulduzlar görünür. Buna təşəkkür üçün sizə xəbər verim ki, gün gələcək, yaşamaq istəyən bütün insanlar mənim kimi görünəcək; siz dediyiniz kimi, sarı papiros kağızından eşilmiş siluetlərə bənzəyəcək və yeriyəndə xışıldayacaqlar. İndikindən fərqli olmayacaqlar, amma dediyim kimi görünəcəklər. Hətta siz də əzizim…

Birdən gördüm ki, qız mənim yanımda oturmayıb. Yəqin, dediyi son sözlərdən sonra çıxıb getmişdi, çünki indi məndən xeyli uzaqda bir pəncərənin qarşısında dayanmışdı; ağ və hündür yaxalıqlı üç gənc onu əhatəyə alıb gülə-gülə nə isə danışırdı.

Sonra məmnuniyyətlə bir qədəh şərab içib, pianoçuya yaxınlaşdım. O təklikdə oturub, başını yırğalaya-yırğalaya qəmli bir musiqi çalırdı. Qorxmasın deyə, ehtiyatla qulağına tərəf əyilib, musiqinin ahənginə uyaraq sakitcə dedim:

– Lütf edin, möhtərəm ağa, icazə verin, mən də bir az çalım, axı xoşbəxt olmaq istəyirəm.

Sözlərimə qulaq asmadığı üçün bir müddət nə edəcəyimi bilmədən çaşqın halda dayandım; sonra utancaqlığıma qalib gələrək, bir-bir qonaqların yanına gedib bilaixtiyar dedim:

– Bu gün mən piano çalacağam. Bəli.

Deyəsən, hamı bilirdi ki, piano çalmağı bacarmıram, amma söhbətlərinin bu cür xoşluqla kəsilməsinə görə nəzakətlə gülümsəyirdilər. Lakin pianoçuya ucadan səsləndikdə bütün diqqətləri mənə yönəldi:

– Lütf edin, möhtərəm ağa, icazə verin, mən də bir az çalım, axı xoşbəxt olmaq istəyirəm. Bu mənə zəfər qazandıracaq.

Pianoçu məni dinləsə də, oturduğu qəhvəyi rəngli skamyadan qalxmadı, üstəlik deyəsən məni anlamamışdı; köks ötürüb uzun barmaqlarıyla üzünü örtdü.

Ona yazığım gəldi və könlünü alıb, piano çalmağa davam etməsini demək istəyirdim ki, evin xanımı bir dəstə qonaqla bizə yaxınlaşdı.

– Bu gülməli fikirdir, – dedilər və sanki ağlasığmaz bir iş görmək istəyirmişəm kimi bərkdən güldülər.

Qız da yaxına gəldi və mənə istehza ilə baxıb dedi:

– Xanım, qoyun çalsın. Bəlkə bizi əyləndirmək istəyir. Əslində bu tərifəlayiq hərəkətdir. Xahiş edirəm, xanım.

Bunu hamı bəyəndi; bərkdən sevindilər, çünki onlar da mənim kimi bu sözlərin istehza ilə deyildiyini düşünürdülər. Yalnız pianoçunun səsi çıxmırdı; o başını aşağı əymişdi və sol əlinin şəhadət barmağını, qumların üstündə nə isə cızırmış kimi, oturduğu skamyanın üstündə gəzdirirdi. Titrəməyə başlamışdım və bunu biruzə verməmək üçün əllərimi şalvarımın ciblərinə soxdum. Aydın danışa bilmirdim, bütün sifətim ağlamağa hazır vəziyyətdə idi. Buna görə də sözlərimi elə seçməliydim ki, ağlamaq istəyirmişəm fikri məni dinləyənlərə gülünc görünsün.

– Xanım, – dedim, – mən indi pianoda çalmalıyam, çünki…

Səbəbini unutmuşdum, buna görə də dərhal pianonun arxasına keçib oturdum. Bu zaman öz vəziyyətimi yenidən anladım. Pianoçu ayağa qalxaraq incə bir hərəkətlə skamyanın üstündən adladı, çünki onun yolunu kəsmişdim.

– Xahiş edirəm, işıqları söndürün, mən yalnız qaranlıqda piano çalmağı bacarıram.

Dikəldim. Bu zaman iki cənab skamyadan yapışıb, fit çalaraq və məni sağa-sola yırğalayaraq, pianodan çox uzağa, yemək masasının yanına apardı.

Hamı bu hərəkəti bəyənmişdi, qız isə dedi:

– Gördünüzmü, xanım, çox gözəl çaldı. Mən bunu bilirdim, siz isə qorxurdunuz.

Anlamışdım; bacardığım kimi təzim edib, təşəkkür etdim.

Limonad süzdülər və qırmızı dodaqlı bir qız stəkanı götürüb, limonadı mənə içirtdi. Ev sahibəsi gümüş boşqabda qaymaqlı qoğal verdi və dümağ don geymiş bir qız qoğalı ağzıma qoydu. Gur və sarı saçlı gombul bir qız isə başımın üstündə üzüm salxımı tutmuşdu; mənə yalnız üzüm gilələrini qoparmaq qalmışdı, amma qız gözlərimin düz içinə baxırdı.

Mənimlə belə yaxşı davrandıqları üçün yenidən pianoya tərəf yönəlmək istəyərkən, əlbir olub mənə olmağa çalışdıqda, şübhəsiz ki, təəccübləndim.

– Yetər, bu qədər bəsdir, – bu vaxta qədər görmədiyim ev sahibi dedi. Sonra dərhal otaqdan çıxıb, qəribə bir silindr papaq və qəhvəyi rəngli güllü paltoyla geri qayıtdı. – Alın paltarlarınızı!

Doğrudur, bunlar mənim paltarlarım deyildi, amma onu yenidən zəhmətə salmaq istəmədim. Ev sahibi paltonu mənə özü geyindirdi; palto düz əynimə idi, arıq bədənimə kip oturmuşdu. Gülərüz bir qadın əyilib paltomun düymələrini bir-bir bağladı.

– Salamat qalın, – ev sahibəsi dedi, – tez-tez gəlin, çox ara verməyin. Bilirsiniz, həmişə gözümüzün üstündə yeriniz var.

Bu zaman orada olanların hamısı təzim etdi, sanki belə lazım idi. Mən də əyilib təzim etmək istədim, amma palto çox dar olduğu üçün bacarmadım. Buna görə də papağımı götürüb, yəqin ki, çox yöndəmsiz halda qapıdan çıxdım.

Lakin ürkək addımlarla qapıdan çıxar-çıxmaz Ayı və ulduzlarıyla, böyük qübbəli göy üzü, bələdiyyə sarayi, Məryəm sütunu və kilsəsiylə Dəyirmi meydan bir anda üstümə çökdü.

Sakitcə kölgədən kənara çəkilib, ay işığına çıxdım; paltomun düymələrini açıb, isindim; sonra əlimi qaldırıb gecənin uğultusunu susdurdum və düşünməyə başladım.

“Nə üçün elə görünməyə çalışırsınız ki, guya həqiqətən varsınız? Məni inandırmaq istəyirsiniz ki, yaşıl səki üzərində gülünc vəziyyət dayanmış mən əslində mövcud deyiləm? Amma sənin həqiqətən mövcud olduğun dövrlər çoxdan arxada qalıb, ey səma; Dəyirmi meydan, sənsə heç vaxt həqiqətdə var olmayıbsan.

Doğrudur, sizin hələ də mənim üzərimdə üstünlüyünüz var, amma yalnız sizi rahat buraxdığım zaman.

Ay, Allaha şükür ki, sən artıq ay deyilsən, amma bir vaxtlar ay dedikləri üçün səni ay adlandırmağım, bəlkə də mənim tərəfimdən diqqətsizlikdir. Sənə “qəribə rəngli kağız fənər” dedikdə niyə əvvəlki kimi lovğalanmırsan? “Məryəm Ana sütunu” desəm, nə üçün geri çəkilirsən? Ey Məryəm Ana sütunu, sənə isə “sarı işıq saçan Ay” dedikdə niyə əvvəlki təhdidkar duruşunda əsər-əlamət də qalmır?

Mənə elə gəlir ki, sizin haqqınızda düşünmək xeyrinizə deyil, çünki cəsarət və sağlamlığınızı itirirsiniz.

İlahi, düşünən adam sərxoşdan dərs alsaydı, bu nə faydalı olardı!

Niyə hər yan səssizliyə qərq olub, görəsən? Yəqin, külək dayanıb. Və çox vaxt sanki kiçik təkərlər üzərində meydanda oyan-buyana gedən daxmalar indi yerə mıxlanmış kimi səssiz-səmirsiz dayanıb… Başqa vaxt onları yerdən ayırdan incə və qara xətt indi qətiyyən seçilmir”.

Bunları ağlımdan keçirmişdim ki, qaçmağa başladım. Maneə ilə qarşılaşmadan böyük meydanın ətrafına üç dəfə dolandım və heç bir sərxoşa rast gəlmədiyim üçün sürətimi azaltmadan və yorğunluq hiss etmədən Karl küçəsinə sarı götürüldüm. Çox vaxt məndən qısa olan kölgəm sanki evlərlə səki arasındakı çuxurla irəliləyirək, divar boyunca mənimlə yanaşı qaçdı.